Məhkəmə qərarları › İş №e-2(007)-48/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-48/2024

15.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-48/2024 15.02.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndəh oğlunun, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nə əsasən sonuncuya debet (MasterCard) kart verilib. Cavabdeh tərəfindən müqavilə əsasında yaradılmış **********639152002 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin hesaba mədaxil edilən 5540 EUR (avro) vəsait kart balansında iki dəfə əks olunub. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq artıq vəsaitin geri qaytarılması istiqamətində işlər görülüb, lakin qeyd olunan artıq göstərilən vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından (artıq köçürülən vəsait də, istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmayıb. Həmin vəsaitin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda banka 5537,74 EUR (avro) məbləğində əsas, 4689,99 EUR (avro) məbləğində faiz olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində borcu yaranıb. İddiaçı ASC-də xx.xx.2022-xx.xx.2022-ci il tarixləri əhatə edən “Kompleks bank xidmətləri üzrə əməliyyatlara (kart hesablarına) nəzarət prosesinin” auditi keçirilib, keçirilmiş audit zamanı yuxarıda qeyd edilən fakt, yəni banka məxsus 5537,74 EUR (avro) məbləğində pul vəsaitinin əvəzsiz olaraq mənimsənilməsi aşkar edilib və bu barədə xx.xx.2022-ci il tarixli Audit müşahidə sənədi tərtib edilib. xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin 5.15.4-cü bəndinə əsasən yaranmış “Texniki overdrafta”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərini faizləri ilə birlikdə geri tələb etmək hüququ vardır. Həmin müqavilənin 3.4.5-ci maddəsinə əsasən müştəri yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır. Bildirirlər ki, xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi” və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalıb. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş qaydada 145 manat məbləğində dövlət rüsumu ödənilib. Qeyd edilənlərə əsasən Cavabdeh əsassız varlanmaya görə 5537,74 EUR (avro) məbləğində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin, həmçinin 145 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin 2.25-ci maddəsinə əsasən, ödəniş və (və ya) əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Həmin Müqavilənin 3.1.4-cü maddəsinə əsasən, hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur. Həmin Müqavilənin 3.3.3-cü maddəsinə əsasən, Bankın Müştərinin hesabına səhvən daxil olmuş məbləğləri Müştərinin hesabında bloklaşdırmaq və həmin məbləğlər Müştəri tərəfindən 3 (üç) iş günü ərzində könüllü geri qaytarılmazsa, onun hesabından silmək hüququ vardır. Həmin Müqavilənin 3.3.5-ci maddəsinə əsasən, X5rşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış öhdəliyi (kredit, ipoteka, girov və s.) yarandıqda, həmin borcu Müştərinin bank hesabından öz mülahizəsinə görə mübahisəsiz qaydada silmək hüququ vardır. Həmin Müqavilənin 3.3.8ci maddəsinə əsasən, Bankın əmənat məbləğinin əldə olunma mənbəyi barədə şübhə yarandıqda həmin vəsaitin mənbəyini müəyyən etmək üçün əlavə təsdiqləyici sənədləri tələb etmək hüququ vardır. Həmin Müqavilənin 3.4.3-cü maddəsinə əsasən, Hesab üzrə əməliyyatları öz hesabındakı qalıq həddində aparmaq Müştərinin vəzifələrindən biridir. İddia ərizəsinə görə, hazırki işdə qeyd edilən tələb əsassız varlanmadan yaranıb. Əsassız varlanma zamanı isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Azərbaycan Respublikası MM-in 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İddiaçı öz hüququnun pozulduğunu iddia etdiyi gündən xx.xx.2020-ci il tarixdən bilmişdir və ya bilməli idi. Göründüyü kimi, iddiaçı ona qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” tələbinə dair iddiasını tam olaraq 2 il keçdikdən sonra irəli sürmüşdür. Bu da mülki qanunvericilikdə nəzərdə tutulmuş müvafiq iddia müddətindən (2 il) bir neçə ay çoxdur. Lakin iddiaçı iddia müddətinin üzürlü səbəbdən ötürülməsini təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib və iddiaçının bu barədə dəlilləri yalnız heç bir əsası olmayan və heç bir sübutla təsdiq edilməyən subyektiv mülahizələrdən ibarət olub. Hesab edir ki, müvafiq iddianı irəli sürmək üçün qanunla müəyyən edilmiş müddət heç bir üzürlü səbəb olmadan ötürüldüyünə və ötürülmüş müddətin üzürlü hesab edilməsi üçün heç bir mötəbər sübut təqdim edilmədiyinə görə bəhs edilən mülki iş üzrə iddiaçının cavabdehə qarşı müvafiq iddiasına iddia müddəti tətbiq edilməklə həmin iddia rədd edilməlidir. Yuxarıda qeyd edilənlər iddiaçının ona qarşı irəli sürdüyü pul tələbinə dair iddiasının qanunsuz və əsassız olduğunu təsdiq edir və buna görə də, həmin iddianın məhkəmə tərəfindən tam olaraq rədd edilməli olduğuna əsas verir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil xx.xx.2023-cü il tarixdə etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, iddiaçı öz iddia ərizəsində kəskin ziddiyyətə yol vermiş, həm texniki xətaya, həm də texniki overdrafta istinad edib. Halbuki, texniki xəta ilə texniki overdraft tam fərqli anlayışlardır. İddiaçı ilk növbədə qeyd edilən tarixdə məhz iddiaçının istinad etdiyi bank əməliyyatının həyata keçirilməsi zamanı ondan asılı olmayan səbəblər üzündən texnika xətanın baş verdiyini mötəbər sübutların məcmusu əsasında sübut etməli, texniki xətanın nədən ibarət olduğunu, hansı səbəbdən yarandığını və texniki xətanın baş verməsində təqsir vardırsa, həmin xətanın baş verməsində kimin təqsirli olduğunu izah etməyib, əsaslandırmayıb və sübuta yetirməyib. İddiaçı cavabdehin kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən həmin hesaba mədaxil edilən 5540 EUR (avro) vəsait kart balansında iki dəfə əks olunmasına istinad edib. İddiaçı ilk növbədə cavabdehə məxsus hesaba qeyd edilən tarixdə ikinci dəfə 5540 EUR (avro) məbləğində pul vəsaitinin məhz bank tərəfindən, özü də məhz banka məxsus olan pulun mədaxil edilməsini mübahisə doğurmayan mötəbər sübutların məcmusu əsasında sübuta yetirməlidir. Lakin iş materiallarında belə bir sübut yoxdur. İddiaçı cavabdehə məxsus hesaba 30 iyun 2020-ci il tarixdə konkret olaraq saat neçədə, kimlər tərəfindən, hansı sənədlər əsasında, hansı məbləğdə pul mədaxil edilməsi barədə sübutları məhkəməyə təqdim etməyib. Eyni zamanda iddiaçı məhkəməyə iddiaçının məhz iddia etdiyi pulun cavabdeh tərəfindən nağdlaşdırılmasını (istifadə olunmasını) təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməyib. İddiaçı cavabdehin kart hesabına xx.xx.2020-ci il tarixində kim tərəfindən, hansı qaydada və hansı məqsədlə (pulun köçürülməsinin təyinatı), hansı sənədlər əsasında 5540 EUR (avro) mədaxil edildiyini, həmin pul köçürmə əməliyyatında bankın hansı əməkdaşlarının iştirak etdiyini, iddia edilən texniki səhvin nə üçün dərhal və ya həmin gün və ya mümkün olan ən qısa müddət daxilində deyil, tam 2 ildən artıq müddət keçdikdən müəyyən edilməsinin və iddia edilən texniki səhv nəticəsində köçürülmüş pulun nə üçün dərhal və ya həmin gün və ya mümkün olan ən qısa müddət daxilində tələb edilməməsinin və qeyd edilən müddətlərdə bu istiqamətdə təxirəsalınmaz zəruri tədbirlər görülməməsinin səbəbləri nəinki izah edilməyib və əsaslandırmayıb və sübuta yetirilməyib, ümumiyyətlə bu barədə hər hansı bir dəlil irəli sürülməyib. Halbuki, hər kəsə məlumdur ki, bank müştəriyə hər hansı bir, hətta ən kiçik məbləğdə kredit verərkən və ya hər hansı bir məbləğdə bank əməliyyatı həyata keçirərkən bankın bir neçə əməkdaşı ən diqqətli şəkildə bir neçə dəfə yoxlamaqla və sənədlərə imza atdırmaqla pulu verir. Necə ola bilər ki, 5540 EUR (avro) kimi ciddi məbləğdə guya texniki xəta səbəbindən bankın pulu başqa şəxsə verilir, bank bundan tam 2 il keçdikdən sonra xəbər tutur və ya tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin 3.3.3-cü maddəsinə əsasən, nə üçün həmin pulu 3 gün müddətində bloklaşdırmaq və silmək hüququ olduğu halda bloklaşdırmır və silmir, 2 il keçdikdən sonra tələb edir? Halbuki, hər kəsə məlumdur ki, bankda hər gün iş başa çatdıqdan müxtəlif üsullarla qaydada hər gün mədaxil və ya məxaric olunan pulların məbləği tutuşdurulmaqla diqqətli şəkildə yoxlanılır və hər gün haqq hesab edilir və hesabatlar hazırlanır. Necə ola bilər ki, texniki xəta səbəbindən bank müştəriyə kifayət qədər ciddi bir məbləğdə artıq pul ödəsin, yüzlərlə günlük, həftəlik, onlarla aylıq, ən azı iki dəfə bank tərəfindən mədaxil və məxaric olunan pullara dair bir neçə mərhələdən keçən illik hesabatlar tərtib olunsun və ən azından bir neçə dəfə daxili audit xidmətləri həyata keçirilsin, lakin bankın iddia edilən pulun texnika xəta üzündən müştərinin hesabına keçirilməsindən 2 il müddətində məlumatı olmasın? Buna heç bir normal insan inanmaz. Onlar hesab edir ki, həmin pulun bankın öz işçiləri və ya kənar şəxslər tərəfindən qanunsuz üsullarla (sistemə müdaxilə edilməklə və sair) ələ keçirilməsi ehtimalı çoxdur. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdeh iddiaçıdan hər hansı bir məbləğdə kredit istəmədiyinə görə iddiaçıdan hər hansı bir məbləğdə kredit götürməyib, yəni, iddiaçı cavabdehə hər hansı bir məbləğdə kredit verməyib. Cavabdeh yalnız öz depozit hesabında olan, iddiaçıya heç bir aidiyyəti olmayan puldan istifadə edib. O, hesabındakı qalıq pul məbləğindən əlavə olaraq hər hansı bir məbləğdə bankdan pul istəməyib və buna hər hansı bir cəhd (təklif və ya sorğu) etməyib. Deməli, texniki overdraft mövcud olmayıbsa faizlər də tələb edilə bilməz. Faizlər yalnız o halda tələb edilə bilərdi ki, müştəri hesabındakı qalıq məbləğindən artıq pul istifadə edir, bunu dərk və arzu edir və buna görə 42 faiz pul ödəməyi öhdəsinə götürür. Lakin cavabdehin məhkəməyə cəlb edildiyi tarixədək bundan heç bir məlumatı və xəbəri olmayb. Texniki overdraftın mövcud olması üçün onun tərəfindən heç bir hərəkət, təklif və ya sorğu verilməyib. İddiaçının səhvi və təqsirli hərəkətləri, texniki xəta və ya digər obyektiv səbəblər üzündən baş vermiş hallara görə ondan hər hansı bir məbləğdə faiz tələb edilə və tutula bilməz, çünki həmin halın baş verməsində onun heç bir təqsiri yoxdur, iddiaçının istinad etdiyi haldan cavabdeh yalnız 2 il keçdikdən sonra məhkəməyə verilən zaman məlumatı olub. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin 2.25-ci maddəsinə əsasən, ödəniş və (və ya) əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Həmin müqavilənin 3.1.4-cü maddəsinə əsasən, hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur. Həmin Müqavilənin 3.3.3-cü maddəsinə əsasən, Bankın Müştərinin hesabına səhvən daxil olmuş məbləğləri Müştərinin hesabında bloklaşdırmaq və həmin məbləğlər Müştəri tərəfindən 3 (üç) iş günü ərzində könüllü geri qaytarılmazsa, onun hesabından silmək hüququ vardır. Həmin Müqavilənin 3.3.5-ci maddəsinə əsasən, X5rşısında bu və ya digər müqavilə üzrə hər hansı bir icra olunmamış öhdəliyi (kredit, ipoteka, girov və s.) yarandıqda, həmin borcu Müştərinin bank hesabından öz mülahizəsinə görə mübahisəsiz qaydada silmək hüququ vardır. Həmin Müqavilənin 3.3.8-ci maddəsinə əsasən, Bankın əmənat məbləğinin əldə olunma mənbəyi barədə şübhə yarandıqda həmin vəsaitin mənbəyini müəyyən etmək üçün əlavə təsdiqləyici sənədləri tələb etmək hüququ vardır. Həmin Müqavilənin 3.4.3-cü maddəsinə əsasən, hesab üzrə əməliyyatları öz hesabındakı qalıq həddində aparmaq Müştərinin vəzifələrindən biridir. Hesab edir ki, iddiaçı ilk növbədə onun kart hesabına xx.xx.2020-ci il tarixində kim tərəfindən, hansı qaydada və hansı məqsədlə (pulun köçürülməsinin təyinatı), hansı sənədlər əsasında 5540 EUR (avro) mədaxil edildiyi, həmin pul köçürmə əməliyyatında bankın hansı əməkdaşlarının iştirak etdiyi barədə mötəbər sübutları məhkəməyə təqdim etməli və qeyd edilən pul köçürmə əməliyyatında iştirak edən bank əməkdaşlarının məhkəmədə şahid qismində iştrakını təmin etməlidir. Qeyd edilənlərə əsasən iddianın tam rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndəh oğlu iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, bank “Texniki Overdraft”ı audit yoxlaması zamanı, yəni 2022-ci il tarixdə müəyyən edib. Ekspert qarşısında “Texniki Overdraft”la bağlı sual qoyulmayıb, ekspert ancaq əsas və faiz borcu müəyyən etməli idi. Gün ərzində banka milyonlarla pul daxil olur, heç kim onun hesabatını aparmır. Bu səbəbdən baş vermiş texniki xətanı dərhal müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib etirazın dəlillərinə uyğun izahat verərək bildirdi ki, əgər cavabdehin hesabına ikinci dəfə daxil edilən məbləğ texniki xətadırsa, onda müəyyən edilməlidir ki, texniki xəta hansı səbəbdən baş verib. Həmin məbləğ başqa şəxs tərəfindən də mədaxil edilə bilər. Bank saxta sənəd təqdim edib. İkinci dəfə hesaba mədaxil edilən vəsaitin banka məxsus olduğu müəyyən edilməyib. Həmçinin, bank mübahisələndirilən halın baş verməsindən iki ildən artıq müddət sonra məhkəmədə iddia qaldırıb. Mütəxəssis də qeyd etdi ki, bankın özündən müvafiq çıxarışlar əldə edilib, artıq 3-cü aydan banka bu hal məlum idi. Məhkəmə tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını xahiş edir. Həmçinin, cavabdehin hesabında iki dəfə eyni məbləğin əks olunması halının “Texniki Overdraft” və texniki xəta olmasını iddiaçı tərəf sübut etməli olsa da, bunu sübut edə bilməmişdir. Həmçinin, bank həmin pulun onlara məxsus olduğunu da sübut edə bilməyib, onlar hesab edir ki, həmin pul cavabdehə məxsus olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının mütəxəssisi X6 izahat verərək bildirdi ki, tərəflər arasında Kompleks bank xidməti müqaviləsi bağlanılıb. xx.xx.2020-ci il tarixdə iki dəfə 5540 EUR (avro) məbləği daxil olmuş, nəticədə cavabdehin bank hesabına 5540 EUR (avro) məbləği artıq daxil olmuşdur. İl üzrə 360 gün, ay üzrə 30 gün olmaqla, xx.xx.2023-cü il tarixədək 7390,28 EUR (avro) faiz borcu hesablayıb. Faiz borcunu müqavilənin müvafiq bəndinə uyğun müəyyən edib. xx.xx.2020-ci il tarixdə cavabdehin bank hesabına bir dəfə pul daxil edilsə də, həmin pul iki dəfə əks olunub. Belə ki, bankın Nərimanov filialında kassadan cəmi bir dəfə 5540 EUR (avro) mədaxil edilib. Bundan yarım saat sonra isə həmin məbləğ yenidən Azəricard prosessinq mərkəzinə göndərilib. Cavabdeh tərəfin ikinci dəfə mədaxil olan məbləğin başqa şəxs tərəfindən köçürülməsi barədə göstərdiyi ilə bağlı qeyd edir ki, ikinci dəfə daxil olan məbləğ başqa şəxs tərəfindən cavabdehin kartına daxil olsa belə, həmin məbləğ bankın əməliyyat sistemi vasitəsi ilə mədaxil edilir. Lakin hazırkı iş üzrə həmin məbləğ bankda bir dəfə əks olunub. Ona verilən hər bir sənəd bankın məsul işçisi tərəfindən imzalanıb və möhür vurulub. O, saxta sənədlər əsasında deyil, təsdiqlənmiş sənədlər əsasında rəy tərtib edib. xx.xx.2020-ci il tarixdə banka “Texniki Overdraft” məlum olub, iş materiallarında olan 767 vərəqlik çıxarışlarla bu müəyyən edilib. Audit iki və ya üç ildən sonra da yoxlama apara bilər. Lakin hazırkı məsələyə, yəni texniki xətanın müəyyən edilməsinə onlayn rejimdə bankın əməliyyat sistemində plastik kartlar nəzarət edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X2 izahat verərək bildirdi ki, mütəxəssis rəyi ilə tanış olandan sonra müəyyən etdi ki, cavabdehin hesabına xx.xx.2020-ci il tarixdə iki dəfə 5540 EUR (avro) məbləğinin daxil edilməsi “Texniki Overdraft” deyil. Tərəflər arasında bağlanmış müqavilənin 2.25 və 3.1.4-cü bəndlərinə əsasən “Texniki Overdraft” ödəniş və\və ya əməliyyatlar üzrə məbləğdən hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış borcdur. Hesabdakı vəsaitdən artıq vəsaitinin istifadə edilməsi (limitin aşılması) “Texniki Overdraft” hesab olunur (bu bənd Debet kartlarına aiddir, kredit kartındakı vəsaitinin istifadə qaydaları müştəri ilə bank arasında bağlanmış müvafiq müqavilə ilə tənzimlənir). O, hesabdan çıxarışa baxdıqda aydın olub ki, həmin pul vəsaitləri hesabda mövcud olub. Cavabdeh plastik kartı bankomata daxil edərkən həmin məbləğ mövcud olub. Həmin məbləğin yaranması səbəbi isə başqa haldır, “Texniki Overdraft” deyil. Əgər cavabdeh hesabındakı məbləğdən artıq məbləğ istifadə etsə idi, onda artıq istifadə edilən məbləğ “Texniki Overdraft” hesab olunardı. İş materialları ilə aydın olur ki, eyni tarixdə cavabdehin hesabına ikinci dəfə eyni məbləğ daxil olub. Həmin məbləğ “Texniki Overdraft” yox, hesabda səhvən oturmuş pul vəsaitidir. Azəricardın məbləğindən də görünür ki, məbləğlər fərqli mənbədən daxil olub, bu bankın xətasıdır ki, eyni məbləği iki dəfə vətəndaşın hesabına köçürüb və vətəndaş həmin məbləği istifadə edib. Həmin məbləğ texniki xəta nəticəsində daxil edildiyindən faiz hesablanmır. Faiz borcunun hesablanmaması ilə bağlı mövqeyini əsaslandırmaq üçün həmin məbləğin “Texniki Overdraft” olmadığını əsaslandırmalı idi, bu səbəbdən görtərilən məzmunda rəy tərtib edib. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyib iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nin surətindən görünür ki, bu müqavilə çərçivəsində bank müştəriyə onun ərizəsi əsasına müqavilədə göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açır. “Texniki Overdraft” ödəniş və/və ya əməliyyatlar üzrə məbləğdən hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur (2.25). Hesabdakı vəsaitdən artıq vəsaitinin istifadə edilməsi (limitin aşılması) “Texniki Overdraft” hesab olunur (bu bənd Debet kartlarına aiddir, kredit kartındakı vəsaitinin istifadə qaydaları müştəri ilə bank arasında bağlanmış müvafiq müqavilə ilə tənzimlənir) (3.1.4). Yaranmış “Texniki Overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarılır (3.4.5). - xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh hesabına 5540 EUR (avro) pul mədaxil edilmişdir. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixdə tərtib edilmiş X7 surətindən görünür ki, Bankda plastik kart hesablan üzrə yaranmış overdraft məbləğlərinin auditi zamanı 10000 AZN məbləğindən yuxarı məbləğdə overdraftlar üzrə audit aparılmışdır. Nəticədə Azadlıq filialında xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsinə əsasən açılmış **********639152002 saylı (debet (MasterCard)) kart hesabı üzrə (kart və hesab sahibi - Cavabdeh) xx.xx.2020-ci il tarixində həmin kart hesabına mədaxil edilən 5540 EUR (avro) vəsaitin, yaranan texniki xəta - yeni Bank proqram təminatına keçid səbəbindən kart balansında iki dəfə əks olunması və Banka məxsus həmin 5540 EUR (avro) pul vəsaitinin qeyd olunan hesabdan əvəzsiz olaraq istifadə olunması müəyyən edilmişdir. Audit dövrü: xx.xx.2022-xx.xx.2022. - İddiaçı ASC-nin Cavabdeh məxsus **********639152002 saylı (debet (MasterCard)) kart hesabından xx.xx.2019-xx.xx.2022-ci il tarixləri üzrə çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixdə hesaba 3000 EUR, 5540 EUR və 5540 EUR mədaxil olmuşdur. - Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərinin və penyanın hesablanması haqqında xx.xx.2022-ci il tarixli arayışının surətindən görünür ki, overdraft nəticəsində yaranan borc 5537,74 EUR, iddia qaldırılan günə faiz borcunun məbləği 4689,99 EUR, borc üzrə iddia tələbinin cəmi məbləği 10227,73 EUR-dur. - İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka borcun 3 Bank iş günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müqaciət olunacağı barədə xəbərdar olunmuşdur. - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 08-01/108 saylı məlumatından görünür ki, xx.xx.2020-ci il tarixində günün əvvəlinə **********639152002 (5474***535881) kart hesabındakı qalıq 1025,14 EUR (avro) təşkil etmişdir. Həmin gün hesaba cədvəldə əksini tapan 3 mədaxil əməliyyatı (3000 Avro (saat 10:03), 5540 Avro (saat 10:59) və 5540 Avro (saat 11:33)) bank tərəfindən həyata keçirilmiş və onlardan ikisi ödəniş faylından yüklənmiş, üçüncüsü isə UFX sorğusu vasitəsilə həyata keçirilmişdir. - Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/8341 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatlar əsasında müəyyən olunur ki, İddiaçı ASC-nin proqram təminatının texniki xətası nəticəsində Cavabdeh **********639152002 saylı hesabına xx.xx.2020-ci il tarixdə iki dəfə 5540 EUR (avro) məbləğində pul vəsaitləri mədaxil olmuş və istifadə edilmişdir, bu əməliyyat “texniki overdraft” hesab olunmadığından faiz borcu hesablanmır və Cavabdeh İddiaçı ASC qarşısında yaranmış borcu 5540 EUR (avro) təşkil edir. - Azərbaycan Respublikası Mərkəzi Bankının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarışda və İddiaçı ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2020-ci il tarixdə cavabdehin hesabına 2 halda eyni məbləğdə 5540 evro mədaxillər olmuşdur. İddiaçı ASC-nin Bank kartları departamentinin verdiyi arayışa əsasən Bankın plastik müştərisi Cavabdeh (CİF- 7639752; **********639152002 (GNİ 77-7639752-7; saylı kart hesabına xx.xx.2020 tarixdə saat 10:59:08 Ağa Neymətulla şöbəsində (indiki Nərimanov filialı) kassadan cəmi 1 dəfə 5540 evro mədaxil edilib və 10:59:08 saatda cavabdehin kart balansında vəsait aktiv olub. Bununla belə yaranan texniki xəta səbəbindən 5540 evro məbləğində vəsait təkrarən xx.xx.2020 tarixdə saat 11:33:40-da təkrarən Azericard prosessinq mərkəzinə göndərilmişdir və cavabdehin kartın hesabında öz əksini tapmışdır (bu texnki prosesdir, filialın kassasına vəsait bir dəfə mədaxil olunub). Nəticədə müştəri öz vəsaitindən əlavə onun kartına artıq mədaxil edilən 5540 evro məbləğini elə həmin tarixdə də istifadə etmişdir. xx.xx.2020 tarixdə yuxarıda qeyd olunan səhv mədaxil məbləği aşkarlanmış və artıq köçürülən vəsait müştərinin kart hesabından silinərək geri qaytarılmış və nəticədə müştərinin kart hesabında overdraft borcu yaranmışdır (arayış rəyə əlavə olunur). İddiaçı ASC Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, 639152 saylı kompleks bank xidməti müqaviləsinin 3.4.5-ci bəndinin tələblərini (hesabda yaranan texniki overdrafta görə pul vəsaitlərinə bankın tələbləri olarsa hesablanmış faizləri ilə birlikdə illik 42% olmaqla müştəri geri qaytarmalıdır) əsas götürərək xx.xx.2020 tarixdən etibarən yaranmış texniki borca görə faiz hesablamağa başlamışdır. İddiaçı ASC-dən təsdiq olunmuş formada təqdim olunan bank hesablarından çıxarışlara əsasən xx.xx.2023-ci il tarixə Cavabdeh 5537,74 evro əsas borcu, 7390,28 evro məbləğində faiz borcu mövcuddur. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı ASC-nin müştərisi Cavabdeh (CİF - 1639152) **********639152002 (GNİ 11-1639152-1) saylı kart hesabına xx.xx.2020 tarixdə, saat 10:59:08 Ağa Neymətulla şöbəsində (indiki Nərimanov filialı) kassadan 5540 EUR mədaxil edilib və 10:59:08 saatda kart balansında vəsait aktiv olub. Yaranan texniki xəta səbəbindən 5540 EUR məbləğində vəsait xx.xx.2020 tarixdə saat 1 l:33:40-da təkrarən Azericard prosessinq mərkəzinə göndərilmişdir və kartın balansında öz əksini tapmışdır (bu texnki prosesdir, filialın kassasından vəsait bir dəfə mədaxil olunub). Nəticədə müştəri öz vəsaitindən əlavə, onun kartına artıq mədaxil edilən 5540 EUR məbləğini helə həmin tarixdə istifadə etmişdir. xx.xx.2020 tarixdə yuxarıda qeyd olunan səhv mədaxil məbləği aşkarlanmış və artıq köçürülən vəsait müştəri hesabından silinərək geri qaytarılmışdır. Nəticədə müştərinin kart hesabında overdraft borcu yaranmışdır. xx.xx.2020 tarixdən etibarən yaranmış borca faiz hesablanmağa başlanmışdır. - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 145 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli 639152 saylı “Kompleks bank xidməti müqaviləsi”nə əsasən bu müqavilə çərçivəsində bank müştəriyə onun ərizəsi əsasına müqavilədə göstərilən şərtlərlə bank əməliyyatlarının aparılması üçün bank hesabı açıb. Həmin müqavilə əsasənda yaradılmış və Cavabdeh məxsus olan **********639152002 saylı kart hesabına xx.xx.2020-ci il tarixində yaranan texniki xəta səbəbindən mədaxil edilən 5540 EUR (avro) vəsait kart balansında iki dəfə əks olunub. Qeyd olunan artıq göstərilən vəsait cavabdeh tərəfindən nağdlaşdırıldığından həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Hazırda iddiaçı cavabdehin banka məxsus olan vəsait hesabına əsassız olaraq varlandığını iddia edərək, Cavabdeh əsassız varlanmaya görə 5537,74 EUR (avro) məblığində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin, həmçinin 145 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Belə ki, hazırkı iddia tələbi üzrə cavabdeh tərəfindən mübahisələndirilən əsas hal məhz sözügedən tələb üzrə iddia müddətinin keçməsidir. Bu baxımdan, məhkəmə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağıdakıları qeyd edir. Pozulmuş hüquqların müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Bu qayda bir sıra məqsəd və funksiyalara xidmət edir. Belə ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını daha da intizamlı etmək, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Bu hüquqi müdafiə vasitəsi həmçinin, məhkəmələri aradan uzun müddət keçmiş olan köhnə məsələlərlə bağlı hüquqi ixtilaflarla məşğul olmaqdan, borcluları öhdəliklərin icrasına dair sübutları əbədi olaraq saxlamaq məcburiyyətindən azad etmək məqsədinə xidmət edir. Yəni, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Bundan əlavə, iddia müddəti, tələbin aradan uzun bir müddət keçməsinə baxmayaraq istifadə edilməməsi, öhdəliyin ya daha əvvəl icra edilməsini, ya da ümumiyyətlə belə öhdəliyin meydana gəlmədiyini ehtimal verməyə haqlı bir əsas yaradır, habelə öz tələb hüququna qarşı uzun müddət laqeyd qalan kreditorun hüququnun qorunmağa daha az layiq olduğu mülahizəsinə əsaslanır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərilmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı, məhkəmə iclasında dindirilmiş mütəxəssis və ekspertin izahatları, iş materiallarında olan rəylərlə xx.xx.2020-ci il tarixdə cavabdehə məxsus kart hesabında 5540 EUR (avro) məbləğinin iki dəfə əks olunması, xx.xx.2020-ci il saat 11:33-də cavabdehin hesabına baş vermiş texniki xəta nəticəsində ikinci dəfə 5540 EUR (avro) məbləğinin mədaxil edilməsi müəyyən edilmişdir. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Belə ki, MM-in 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli X4 görünür ki, bank xx.xx.2020-ci il tarixində kart hesabına mədaxil edilən 5540 EUR (avro) vəsaitin, yaranan texniki xəta, yeni Bank proqram təminatına keçid səbəbindən kart balansında iki dəfə əks olunması və Banka məxsus həmin 5540 EUR (avro) pul vəsaitinin qeyd olunan hesabdan əvəzsiz olaraq istifadə olunması müəyyən edilmişdir. Bundan sonra isə məhkəmə tərəfindən cavabdehin əsas və faiz borcunun müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikasının Mərkəzi Bankınının mütəxəssisi tərəfindən araşdırma aparılarkən müəyyən edilmişdir ki, bank texniki xəta haqqında məhz xx.xx.2020-ci il tarixdən məlumatlı olmuş, xx.xx.2020-ci il tarixdən isə yaranmış borca görə faiz hesablamağa başlamışdır. Bununla bağlı Bankın özü tərəfindən xx.xx.2023-cü il tarixli arayış da təqdim edilmişdir. Belə ki, bankın 5540 EUR (avro) məbləğini ona bu hal məlum olduğu vaxtdan ən geci iki il ərzində qaytarmaq hüququ var idi. Məhkəmədə iddia qaldıran zaman bank texniki xəta haqqında bağlı məlumatı 2022-ci ildə aparılmış audit yoxlaması zamanı əldə etdiyini qeyd etsə də, məhkəmə mühasibatlıq ekspetizası keçirilən zaman Azərbaycan Respublikasının Mərkəzi Bankınının mütəxəssisi tərəfindən bankın texniki xəta haqqında xx.xx.2020-ci il tarixdən məlumatlı olması müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 377.1-ci və 377.2-cü maddələrinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, digər səbəblərdən yaranmış əsassız varlanma hallarında (məsələn, bankın yanlışlıqla şəxsin hesabına pul vəsaiti köçürməsi) isə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, iddiaçıya xx.xx.2020-ci il tarixdə baş vermiş texniki xəta nəticəsində banka məxsus olan vəsaitin cavabdehə məxsus kart hesabına mədaxil edilməsi xx.xx.2020-ci il tarixdən məlum olmuş, iddiaçı isə hazırkı iddia tələbi ilə ilk dəfə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə mülki iş MPM-in 259.0.7-ci maddəsinə əsasən baxılmamış saxlanılmış, bundan sonra iddiaçı xx.xx.2022-ci il tarixdə yenidən ümumi qaydada məhkəməyə müraciət etmişdir. Yəni iddiaçı qanunvericiliklə müəyyən edilmiş iki illik müddəti ötürdüyündən əsassız varlanma obyektini qaytarmaq hüququ qüvvədən düşmüşdür. Göstərilən xüsusatlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı mövcud iddia tələbi üzrə qanunla müəyyən edilmiş iddia müddəti ötürdüyündən, iddia təmin edilə bilməz. Ona görə ki, iddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Buna görə də, iş üzrə aktiv tərəf olub tələb etmək hüququna malik olan iddiaçı mövcud tələb hüququna istənilən zaman daxilində deyil, məhdud zaman daxilində, yəni qanunla müəyyən edilmiş iki illik iddia müddəti daxilində mövcud tələb hüququna malik olmuşdur. Bu baxımdan, məhkəmə, iddiaçının tələbi üzrə iddia müddətinin keçdiyini nəzərə alaraq hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “əsassız varlanma nəticəsində yaranmış borcun qaytarılması” qarşı “cavabdehdən əsassız varlanmaya görə 5537,74 EUR (avro) məblığində əsas borcun tutularaq iddiaçıya ödənilməsi” tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 376-cı maddəsinə əsasən, həmin Məcəllənin 375.2-ci maddəsinin tətbiqi nəticəsində əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər üzrə də iddia müddəti keçmiş hesab edilir. Məhkəmə iddia tələbinin “cavabdehdən əsassız varlanmaya görə 4689,99 Avro məbləğində faiz borcunun tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb əsassız varlanmaya görə əsas borcun ödənilməsi tələbindən törəmə tələbdir. İddianın ilk hissəsi iddia müddətinin keçməsi səbəbi ilə təmin edilməyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən əsassız varlanmaya görə 5537,74 EUR (avro) məblığində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı ASC tərəfindən 145 manat dövlət rüsumu ödənilmişdir. Bundan əlavə, işdə olan xx.xx.2023-ci il tarixli 99/8341 saylı ekspert rəyindən aydın olur ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil etmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən təmin edilmədiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 145 manat dövlət rüsumu özünə aid edilməli, keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 50 manat iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “cavabdehdən əsassız varlanmaya görə 5537,74 EUR (avro) məblığində əsas borc və 4689,99 EUR (avro) məbləğində faiz borcu olmaqla, cəmi 10227,73 EUR (avro) məbləğində pul vəsatinin tutularaq iddiaçıya ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, X1, Kod 210005, Müxbir hesab AZ41NABZ********************, S.F.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar