Məhkəmə qərarları › İş №e-2(007)-532/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-532/2025

12.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-532/2025 12.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X37 Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti cəlb edilməklə, Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı həmin müəssisədə “kiçik əməliyyatçı” vəzifəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı öz əmək funksiyalarının icrasında müsbət mənada fərqləndiyi üçün müəssisə rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixindən “gömrük üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir. İddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vaxtlı-vaxtında və lazımi qaydada, yəni vicdanla, layiqincə, məsuliyyətlə icra etmiş, nümunəvi işçi kimi kollektivdə tanınıb. Həmçinin, əmək fəaliyyəti dövründə cavabdeh tərəfindən iddiaçı barəsində əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehi verilməmişdir. Lakin, yuxarıda qeyd edilən işin hallarına baxmayaraq, cavabdeh "xxxx" MMC xx.xx.2024-cü il tarixli 24/09/02T saylı əmri ilə iddiaçı ilə mövcud olmuş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Məlumat üçün bildiririk ki, tərəflər arasında mövcud olmuş əmək-hüquq münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, bugünədək son haqq-hesabın iddiaçıya verilməsi təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Eyni zamanda bildirir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 24/09/02T saylı əmri aşağıda qeyd edilənlər baxımından əsassızdır və ləğv edilməlidir: Əmək qanunvericiliyin tələblərinə görə cavabdeh iddiaçı barəsində intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahatın verilməsini tələb etməmişdir. Halbuki, AR Əmək Məcəlləsinin 187.1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Beləliklə, əmək funksiyalarının pozulması ilə bağlı cavabdeh tərəfindən iddiaçıdan izahatın verilməsi tələb edilməmiş, tələb edildiyi təqdirdə isə izahatın verilməsindən imtina barədə zəruri sənəd tərtib edilməmişdir. İddiaçının işdən azad olunmağının əsası kimi AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş, yəni işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulması göstərilmişdir. Əfsuslar olsun ki, iddiaçının konkret olaraq hansı əmək vəzifələrindən irəli gələn öhdəliklərinin pozulması qeyd edilməmişdir. Eyni zamanda bildiririk ki, iddiaçının “gömrük üzrə mütəxəssis” vəzifəsi üzrə əmək funksiyalarının yerinə yetirilməsi zamanı konkret olaraq iddiaçının üzərinə qoyulmuş öhdəliklər barədə vəzifə təlimatı təsdiq edilməmiş və iddiaçı tərəfindən imzalanmamışdır. Belə olan halda, cavabdeh işdənçıxarılma əmrini tərtib edərkən sözsüz ki, iddaçı tərəfindən məhz hansı əmək funksiyalarının pozulmasını əsaslandıra bilməzdir. Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin maddənin 3-cü bəndinə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Lakin, əmrdə konkret olaraq əsaslandırma həyata keçirilməmiş, yol verilmiş pozuntuların nədən ibarət olması göstərilməmişdir. Həmçinin, iddiaçının əmək funksiyalarından irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi sübuta yetirilməmişdir. Cavabdeh Əmək Məcəlləsinin 186-maddəsiııin normalarını əsas tutaraq, iddiaçı barəsində intizam tənbehi verərkən, həmin maddənin 3cü hissəsinin tələblərini nəzərə almamışdır. Belə ki, həmin maddəyə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Lakin, cavabdeh iddiaçının müəssisədə işlədiyi müddət ərzində daim öz əmək funksiyalarını qüsursuz və yüksək peşəkarlıqla həyata keçirdiyini, əmək fəaliyyəti dövründə ona heç bir intizam tənbehinin verilmədiyini nəzərə almamış və əsassız olaraq iddiaçı barəsində ən ağır intizam tənbehini tətbiq etmişdir. Əlavə olaraq bildirir ki, əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununda tərəflər arasında mövcud olmuş əmək-hüquq münasibətlərinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd edilməmişdir. Halbuki, AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsində qeyd edilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azaddlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunun ödənilməsindən azaddır. Mübahisənin məhkəməyədək həlli məqsədilə mediasiya prosesində iştirak etsə də, aralarında razılıq əldə edilməmişdir. Göstərilənlərə əsasən, cavabdehin xx.xx.2024-cü il tarixli 24/09/02T saylı işdən çıxarılma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi və vəkil xidmətinə çəkilmiş 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil2 “iddia ərizəsinə etiraz” təqdim edərək göstərmişdir ki, iş üzrə iddiaçı X15 cavabdeh "xxxx" MMCyə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə pul tələbi” ilə məhkəməyə müraciət edərək iddia qaldırmışdır. Tərəf xeyrinə qətnamə qəbul edilməsini xahiş edir və iddiasını onunla əsaslandırmışdır ki, “iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinə dair cavabdeh "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 24/09/02T saylı əmri əsassızdır və ləğv edilməlidir”. İddia ərizəsini qəbul etmir və əsassız olduğundan rədd olunmasını istəyirik. İddia ərizəsində göstərilənlər işin faktiki hallarını əks etdirmir, sübutların təhrifinə yol verilmişdir. İddia ərizəsinin məzmunu ilə razılaşmır və AR MPM-nin 154.1-ci maddəsini rəhbər tutaraq ona dair öz etirazını bildirir. Belə ki, GİANTİ LOGİSTİGS Azerbaijan” MMC Respublikada vergi ödəyicisi olmaqla fəaliyyətini Azərbaycan Qanunvericiliyinin tələbləri çərçivəsində qurmuş hüquqi şəxsdir və xüsusi qeydə alınmış lisenziya (kod) ilə beynəlxalq daşımaçılıq, gömrük rəsmiləşdirilməsi işlərini həyata keçirərək nəqliyyat logistikası işi ilə məşğuldur. Cəmiyyət Azərbaycan nəqliyyat-logistika bazarında özünə xüsusi yer əldə edə bilmiş, müəyyən sayda müştəri kontingenti yaratmışdır. Müəssisədə onlarla işçi çalışır və "xxxx" MMC ilə iddiaçı arasında həqiqətən müddətli əmək müqaviləsinə əsasən onunla əmək münasibətlərinə başlanılmış və xx.xx.2023-cü il tarixli 23/08/05H saylı əmrlə, aylıq 555.43 AZN əmək haqqı ilə kiçik əməliyyatçı vəzifəsinə qəbul olunmuşdur. Sonradan vəzifəsinə irəli çəkilərək xx.xx.2024-cü il tarixli 24/05/1B saylı əmrlə “Gömrük üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir. Bununla da hüquqi şəxsin əsas və vacib sahələri ona etibar və həvalə edilmişdir. Sonradan işində müəyyən olunmuş mənafe pozuntusu və informasiya sızması şübhəsi ilə daxili araşdırma aparılmış və müəyyən edilmişdir ki, İddiaçı özünə gəlir mənbəyi qismində yaratmış olduğu yeni hüquqi şəxsin fəaliyyətini genişləndirmək üçün cəmiyyətin fəaliyyət strategiyası və nizamnamə məqsədlərinə uyğun olmayan mövqedə durmaqla kommersiya məlumatlarını digər mənbələrə ötürmüşdür. Belə ki, Cavabdehn Kommersiya işləri üzrə direktoru X16, əməliyyat şöbəsinin rəhbəri X17, əməliyyat şöbəsinin kordinatoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli akt ilə müəyyən olunmuşdur ki, əməkdaşların komputerinə baxış keçirilən zaman Cəmiyyətin İnzibati Bölməsinin “Gömrük üzrə mütəxəssisi” İddiaçı keçmiş əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə whatsapp yazışmalarında Səbinə Seyidəliyeva və Ayşən Əliyevaya Cavabdeh MMC-yə aid olan işlə əlaqəli məlumatlar ötürülmüşdür. Hətta İddiaçı öz fəaliyyətini qurması və kommersiya maraqlarının təmin edilməsi üçün “PROPERT TRANSPORT MMC” adlı hüquqi şəxs yatardığı və ayrıca logistika işləri gördüyü də yazıaşmalarda müəyyənləşmişdir. (bu fakt müvafiq səs yazısında Sadıxzadənin dilindən təsdiqlənmişdir) İddiaçı bu barədə izahat yazmaq xahiş edilsə də o, izahat yazmaqdan boyun qaçırmış, şirkətə dair məlumatların ötürüldüyü haqda İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyini bildirmişdir. Araşdırma zamanı Ayşən Əliyeva və İddiaçı arasında olan whatsapp yazışmasında X24 Sadıxzadəyə yeni şirkətin yaradıldığı üçün və işlərin başlanması ilə əlaqədər təbrik etdiyi müəyyən olunmuş, yeni şirkətin İddiaçı qohumunun adına yaradılması və bu şirkətin işlərində sözügedən şəxslərin (həmin zaman cəmiyyətin işçiləri idilər) də əməkdaşlıq etdiyi təsdiqlənmişdir. Ondan bu barədə də yazılı izahat tələb olunmasına baxmayaraq İddiaçı şifahi olaraq faktı təsdiqləmiş, yazılı izahat verməmişdir. Bundan sonra "xxxx" MMC xx.xx.2024-cü il tarixli, 24/09/02T saylı əmri ilə iddiaçı ilə mövcud olmuş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-cimaddəsinin “ç” bəndi ilə xitam vermişdir. Hazırkı vəziyyətədə də işəgötürən işçinin yuxarıda qeyd olunan pozuntulara yol verməsini müəyyən edərək qanunun ona verdiyi təşəbbüs hüqundan istifadə etmiş və hüquqi şəxsin mənafeyinə zidd fəaliyyət müəyyən edilən işçi ilə yollarını ayırmışdır. İşə götürən işçi ilə bağladığı əmək müqaviləsinin məzmununda qeyd olunan qayda və tələblərə əməl olunması və işçinin dürüst mövqedə olması tələbinin irəli sürülməsi hüququna malikdir. Bunu qanun ilə yanaşı tərəflər arasında bağlanmış müqavilə də tələb edir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinin 10-cu, 12-ci və 14-cü bəndininin məzmununda qeyd olunur ki, “10.1 “İşçi” “İşəgötürənin” kommmersiya sirrinin, yeni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı “İşəgötürənin” razılığı olmadan açıqlanması “İşəgötürənin” habelə onun təsisçilərinin, törəmə və asılı cəmiyyətlərinin, müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar “Kommersiya sirri” şifri ilə ifadə edilid- edilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Müqvilədə nəzərdə tutulan məsuliyyəti daşıyır. 10.2 işçi kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan işəgötürənin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. 12.1 X38nin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal və kommersiya maraqlarına ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi, habelə mənəvi məsuliyyət dşımalıdır. Daha sonra müqavilənin 14.1-ci bəndində qeyd olunur ki, bu X33 Məcəlləsinin 68,69, 70, 72, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər. 14.2.4 İşçinin əmək vəzifələrini kobud şəkildə pozduğu, vəzifələrinin yerinə yetirmədiyi və hərəkətsizliyə yol verdiyi təqdirdə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, İşəgötürənin əmlakına zərər vuduğu, məhv etdiyi və ya oğurladığı, həmçinin işəgötürən haqqında məxfi məlumatın hər hansı digər tərəflərə açıqladığı və ya cinayət törətdiyi hallarda işəgötürən hər hansı bildiriş təqdim etmədən bu Müqaviləyə xitam verə bilər. 14.2.5 İşəgötürənin İşçinin yuxarıda göstərilən vəzifələrinin yerinə yetirilib-yetirilmədiyini müəyyən etmək hüququ vardır.” Beləliklə də cavabdeh tərəfin fəliyyətində iddiaçıya münasibətdə qanunun tələblərinin pozulması halı yoxdur və əmək müqaviləsi əsasında işləməli olan işçinin (iddiaçının) özünə rəsmi qeydə alınmış kommersiya subyekti yaradaraq gəlir əldə etmək, sahibkarlıq fəaliyyəti göstərmək və bu yolda da cəmiyyətin müştəri bazasından istifadə etmək kimi gizlin , qanunsuz davranması əsasında materiallar üzrə fakt təsdiqləndiyindən əmək münasibətlərinə xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülki qanunvericiliyin əsas prinsiplərini özündə ehtiva edən 6-cı maddəsində mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, müqavilə azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması və pozulmuş hüquqların bərpasının təmin edilməsi və məhkəmə müdafiəsi kimi müddəaları təsbit olunmuşdur. Həmin maddədə qeyd olunur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1 maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki münasibətlərdə riayət edilməsi zəruri olan mühüm qaydalardan biri də, dürüstlük qaydasıdır. Bir hüquqdan dürüstlük qaydasına zidd şəkildə istifadə edilməsi hüquqdan sui-istifadə sayılır ki, hüquq sistemi hüquqdan açıqca suiistifadə edilməsini qorumur. Dürüstlük qaydası hər bir şəxsdən dürüst bir insan olaraq gözlənilən davranışı ifadə edir; bir davranışın bu xarakterdə olub-olmadığı isə cəmiyyətdə mövcud olan əxlaqi ölçülərə, qəbul edilmiş adətlərə, hüquqları yaradan münasibətlərin məqsədinə görə təyin edilir. Dürüstlük qaydası və hüquqdan sui-istifadə qadağası haqqa və ədalətə, əxlaq anlayışına, həyat ehtiyaclarına uyğun gəlməyən nəticələrin qarşısını alan ümumi bir hüquq qaydası, bir təməl hüquq prinsipidir. Mövcud işdə iddiaçı tərəf qəti dürüst mövqedə deyildir və çalışdığı müəssisədə “yediyi çörəyə xəyanət edərək” gizlin yaratdığı ayrıca hüquqi şəxsin mənafeyinə utğun fəaliyyəti həyata keçirmiş və bununla da cəmiyyətin maraq və mənafeyinə zidd davranmışdır. Hazırkı işdə qarşı tərəf vicdansız davranmaqla olmayan dəlillər gətirərək həqiqəti deməkdən yayınmaqdadır. “N.Babayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 fevral 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” AR Konstitusiya Məhkəməsinin 28.12.2-022-ci il tarixli Qərarının məzmununa əsasən “Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı hüquqi mövgeyi ondan ibarətdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli Qərarı).” Mövcud mübahisəli işdə də iddiaçının ziddiyyətli mövqeyi aşkar ortadadır və diqqət olunası hallar mövcuddur. Onlar qeyd olunanlarla bağlı sübutları toplayıb məhkəməyə təqdim edir və haqlı olduqlarına əmindirlər. Bu sübutlar şahid ifadəsi, aktlar, məlumat, səs yazısı və whatsapp yazışmalarından çıxarışlardır. AR MPM- nin 14, 77.1-ci maddələrinin məzmununda qeyd olunur ki, məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 8-ci maddəsinin məzmununa əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Mülki Məcəllənin 16, 17 və 18-ci maddələrində qeyd olunur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 50-ci maddəsinin məzmununda qeyd olunur ki, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Hazırda iddiaçı məhkəməyə müraciət edə bilmək hüququndan sui-istifadə edərək əsassız tələb irəli sürmüşdür. İddia tamamilə əsassızdır və təmin oluna bilməz. Ona görə də, hazırkı iddia sübut edilən mötəbər əsaslara malik deyildir və rədd olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib əlavə olaraq izahatlarında göstərmişdir ki, məhkəməyə təqdim edilmiş səs yazısı ona aiddir. Fərzəli müəllim onun atasının dostudur. Bu məsələ onlara da qaranlıq qaldığı üçün səs göndərmişdir. Onun dayısı qızının şirkəti olmuşdur. Onun isə həmin şirkətdə payı yoxdur. Vergi orqanından da bu barədə cavab gəlmişdir. Dayısı qızı öz adına şirkət açımış və fəaliyyət göstərmişdir. O, işdən çıxıb, dayısıqızına köməklik göstərmişdir. Həmin şirkət logistika şirkəti olmuşdur. Azərbaycan qanunvericiliyi ona icazə verir və əgər şirkət ona “get” desə idi, o, ərizə yazaraq rahatlıqla işdən çıxardı. Ayşən xanım isə Socar-da işləmişdir. Göstərdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib əlavə olaraq izahatlarında göstərdi ki, cavabdeh ilə iddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı həmin müəssisədə “kiçik əməliyyatçı” vəzifəsinə qəbul edilmişdir. Bundan sonra iddiaçı öz əmək funksiyalarını vaxtlı-vaxtında və lazımi qaydada icra etdiyi üçün müəssisə rəhbərliyi tərəfindən xx.xx.2024-cü il tarixindən “gömrük üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir. Baxmayaraq ki, iddiaçı işlədiyi müddətdə daim öz əmək funksiyalarını vaxtlı-vaxtında və lazımi qaydada, yəni vicdanla, layiqincə, məsuliyyətlə icra etmiş, cavabdeh xx.xx.2024-cü il tarixdə iddiaçı ilə mövcud olmuş əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermişdir. Tərəflər arasında mövcud olmuş əmək-hüquq münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verilməsinə baxmayaraq, bugünədək son haqq-hesabın iddiaçıya verilməsi təmin edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.4-cü maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. Cavabdeh iddiaçı barəsində intizam tənbehi verməmişdən əvvəl ondan yazılı izahatın verilməsini tələb etməmişdir. Halbuki, AR Əmək Məcəlləsinin 187.1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Beləliklə, əmək funksiyalarının pozulması ilə bağlı cavabdeh tərəfindən iddiaçıdan izahatın verilməsi tələb edilməmiş, tələb edildiyi təqdirdə isə izahatın verilməsindən imtina barədə zəruri sənəd tərtib edilməmişdir. Əmək Məcəlləsinin 71 -ci maddəsinin 2-ci hissəsində göstərilir ki, 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilərkən, Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Əmrə yalnızca qanunvericiliyin müddəası köçürülüb, konkret olaraq hansı əmək funksiyasını yerinə yetirmədiyi göstərilməmişdir. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İddiaçının 24 yaşı var, cavan kadrdır, işəgötürən 70-ci maddənin “ç” bəndi ilə xitam verərkən onun gələcəyini nəzərə almamışdır. Əlavə olaraq əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin məzmununda tərəflər arasında mövcud olmuş əmək-hüquq münasibətlərinə xitam verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər qeyd edilməmişdir. AR Əmək Məcəlləsinin 84-cü maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsızdır. Konstitusiya Məhkəməsinin Əmək Məcəlləsinin 294 və 296-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsi barədə qərarda qeyd olunur ki, işəgötürən iqtisadi cəhətdən güclü olduğu üçün səlahiyyətlərindən sui-istifadə etməməlidir. İddiaçının ali təhsilli olub-olmamasının işin hallarına aidiyyatı yoxdur .Sahə üzrə ixtisaslaşmasa idi, cavabdehin əmri ilə xx.xx.2024-cü ildə gömrük üzrə mütəxəssis vəzifəsinə keçirilməzdi. İddiaçı heç bir əsas olmadan işdən çıxarılıb. Əgər əsas olsa idi, əmrdə göstərilərdi. İddiaçı ona heç bir hüquqi əsas olmadan işdən çıxarıldığını demişdir, guya kommersiya sirrini yaydığı üçün işdən çıxarılmışdır. Əmrin təsviri əsaslandırıcı hissəsində hansı intizam xətasını törətməsi konkret olaraq qeyd olunmalıdır. Cavabdeh tərəf Aydın Sadıqzadənin ali təhsilli olmadığını bildirsə də, o, ADNSU-nun neft-qaz mühəndisliyi ixtisasını bitirmişdir. Diplomunu məhkəməyə təqdim etmişdir. Qarşı tərəfin sübut kimi əlavə etdiyi stenoqrama mötəbər sübut sayılmamalıdır. Stenoqram mütəxəssis tərəfindən verilməlidir. Eyni zamanda mülki prosesual məcəllənin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. Qarşı tərəf özü demişdir ki, səs yazısını onlara üçüncü tərəf ötürüb. Hüquqlarını müdafiə etdiyi şəxsin iradə ifadəsi olmadan səs yazısı yayılmışdır. Eyni zamanda Konstitusiya Məhkəməsinin 12 aprel 2021-ci il tarixli qərarı vardır ki, Əsədovanın Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarın konstitusiyaya və qanunlara uyğunluğuna dair formalaşdırdığı mövqeyə görə orada konkret olaraq qeyd olunub ki, hüquq doktrinasında konkret olaraq sübutların əldə olunması və istifadə olunması anlayışı mövcuddur. Konkret olaraq orada qeyd olunur ki, əgər tərəflər hər hansı bir əqd münasibətlərində olduğu təqdirdə, onlar bir-birilərinə hər hansı bir məlumat ötürdüyü təqdirdə onlar sübut kimi istifadə oluna bilər. Şəxsi toxunulmazlıq hüququn pozulduğuna görə səs yazısı sübut kimi qəbul oluna bilməz. Əmək Məcəlləsinin 9-cu maddəsində işçinin hüquqları öz əksini tapır-iş vaxtında və ya iş vaxtından sonra qazanc əldə etmək məqsədi ilə qanunvericiliklə qadağan edilməyən, habelə əmək müqaviləsi üzrə tərəflərin öhdəliklərinə xələl gətirməyən fəaliyyətlə məşğul olmaq. İddiaçıya qanunvericilik məhdudiyyət qoyamışdır ki, hardasa işləyən zaman hüquqi şəxs təsis etsin, kommersiya marağı olsun. Kommersiya sirrinin yayılması ilə bağlı sübut təqdim olunmamışdır. Bütün sübutlar məhkəmədə tədqiq olunmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin (Ç) bəndi ilə xitam verilirsə, əmrin məzmunu əsaslandırılmalıdır. Əmrə baxdıqda görərik ki, əsaslandırılmayıb, formal sözlərdir. Yəni Əmək Məcəlləsinin 70-ci və 72-ci maddəsinin tələbləri kobud şəkildə pozulub. Bundan başqa əmrə xitam verilməsi üçün Əmək Məcəlləsinin 84.3-cü maddəsi deyir ki, əmrin zəruriliyi əsaslandırılmalıdır. Eyni zamanda əmək müqaviləsinə xitam verilməsi üçün, həmin sənədlər əmrdə qeyd olunmalıdır. Əmrə heç bir rəsmi sənəd əlavə olunmamışdır. Bu da əmək qanunvericiliyinin tələblərinə əsasən bilavasitə əmrin etibarsızlığı üçün əsasdır. Məhkəməyə təqdim olunan bütun sübutlar, səs yazısı şəxsin şəxsi toxunulmazlıq hüquqlarını pozmaqla əldə olunmuşdur. Səs yazısı qarşı tərəfə ötürülməmişdir, başqa şəxsə göndərilmişdir. MPM-nin 76.3-cü maddəsinə əsasən qanunu pozmaqla əldə olunan sübutlar istifadə edilə bilməz. Konstitusiya Məhkəməsinin 2021-ci il tarixli qərarında qanunu pozmaqla əldə olunmuş sübutlar göstərilmişdir. Şəxsin ailə və həyatı sirri toxunulmazlığı hüququnu pozmaqla əldə olunmuş bütün sübutlar əsassızdır. Ayşən 31 may tarixində işdən çıxıb, avqustda onun şəxsi nömrəsində olan whatsapp yazışmalarına onun razılığı olmadan müdaxilə olunub. Bu da cinayət tərkibi yaradır. Əmək Məcəlləsinin 186-cı maddəsində göstərilir ki, şəxsin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, intizam xətasının xarakterini nəzərə alaraq daha yüngül cəza verilməli, ondan sonra daha ağır cəza seçilməlidir. Baxmayaraq ki, qanunu pozmaqla əldə olunmuş sübutlar təqdim olunub lakin qarşı tərəf hansı kommersiya sirrinin yayılmasını sübut edə bilmədi. O, xx.xx.2023-cü ildə kiçik əməliyyatçı vəzifəsinə ondan qısa müddət sonra xx.xx.2024-cü il tarixində gömrük üzrə mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Vəzifə təlimatına uyğun olaraq gömrük üzrə rəsmiləşdirmə işləri ilə məşğul olmuşdur. Müştəri bazasına çıxışı olmamışdır. Ona görə o, müştəri bazasını heç kimə ötürə bilməz. Səbinə və Ayşənin arasında olan yazışmanın isə Aydına aidiyyəti ola bilməz. Qanunsuz əldə olunmuş sübutların təqdim olunması, aktın sonradan tərtib edilərək sənəd saxtalaşdırılmasını nəzərə alaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib, etirazın dəlillərini müdafiə edib, əlavə olaraq izahatında göstərmişdir ki, onlar mediasiya prosesində iddiaçıdan niyə onu işdən çıxartdıqlarını soruşduqda əvvəl etiraz etsə də, sonradan əmiqızısının adına müəssisə açdığını etiraf etmişdir. Cavabdeh MMC logistika şirkətidir, beynəlxalq daşımaçılıqla məşğul olur. Ölkə daxili, xarici ölkələrdən mal alırlar, mal gətirirlər. İddiaçıya həvalə olunan sahə gömrükdə sənədləşmə, malların daşınmasıdır, bu halda artıq müştərilərlə tənışlıq yaranır. Heç bir ali təhsili olmadan gənc kadrı işə götürüblər. O həvəslənərək, oradakı iki xanımla müəssisə yaradaraq informasiyanı ötürməyə başlamışdır. Həmin xanımlar özləri vaxtında ərizə yazaraq çıxıb getmişlər. İddiaçı öz whatsapp profilini komputerində açıq qoymuş, digər şəxlərlə olan yazışmalarını görmüşlər. Bu barədə X18 rəhbərliyə məlumat vermişdir. İddiaçı özünə "xxxx" MMC adında müəssisə yaratmışdır və onların müştərilərini ora yönəltmişdir. İddiaçı öncə inkar etsə də, sonradan bildirir ki, öz maraqları var və bunun şirkətin işlərinə aidiyyatı yoxdur. Ona izahat yazmağı təklif etmişlər, lakin o imtina etmişdir. Mediasiyada ona gənc olduğunu və gələcək həyatının olduğunu, onun işinin sülhlə həll olunmasına çalışacağını bildirmişlər, lakin o, aqresiv şəkildə cavab vermişdir. Onun işdən çıxarılmasının səbəbi sırf bu hal ilə bağlıdır. Onu işə düzəldən şəxsə göndərdiyi səsdə gileylənərək heçnə etmədiyini, kommersiya maraqları olduğunu bildirmişdir. Həmin səs yazısını mediyasida ona təqdim edilən zaman o, mediatorun yanında etiraf etmişdir. O da, ona kömək edəcəyimi bildirmişdir. O da, dekabr ayına qədər olan əmək haqqını, əlavə hər aya görə 500 manat bonusunu və son haqq hesabınının verilməsini, əmək kitabçasının düzəldilməsini istədi. Onlar isə bu şərtləri qəbul etməmişlər. Hüquq mühafizə orqanlarına müraciət etməyə ehtiyac duymamışlar, ona dərs olması üçün 70-ci maddənin (ç) bəndi ilə işdən çıxartmışlar. Həmin şəxsin işdən azad olunması barədə əmr ona təqdim olunmuşdur, əgər olunmasa idi, o, mediasiyaya gedə bilməzdi. Son haqq-hesabın köçürülməsi deyiləndə, o 500 manat əlavə bonus və dekabr ayına kimi olan əmək haqqının verilməsini istəmişdir. Çünki əmək müqaviləsi dekabr ayında bitir. Məhkəmə nə qərar verərsə ona uyğun hesablayıb ödəyəcəklərini demişlər. Pul hesabda durur, onlar həmin pulu mənimsəməmişlər. Səs yazısını o özü göndərmişdir. Qanunsuz yolla əldə etməmişlər. Orada bütün işçilərin komputerleri açıqdı. O da Whatsapp profilini komputerde açıq qoymuşdur. Müəssisənin istehsal prosesinin sirrini yaymışdır. Digər şirkətlərlə əlaqəyə girmişdir ki, bu malı o, daha uyğun qiymətə gətirəcəkdir. Əmək Müqaviləsinin 10,12, 14-cü bəndlərində kommersiya sirri ilə bağlı müddəalar öz əksini tapıb. Üzərinə düşən məsuliyyətlər qeyd olunub. Onun konkret hansı müştərini aparması barədə məlumat yoxdur. Bu işin üstü açılandan sonra o Whatsapp yazışmalarını silmişdir. Onlar heç vaxt deməmişlər ki, şəxs ali təhsilli deyil. O adamın nə savadına, təhsilinə, nə də qabiliyyətinə şübhələri yoxdur. Onlar bu haqda mövzu açmamışlar. X22 bitirməyi hələ onların müəssisəsinin profilinə uyğun olması demək deyil. Fərzəli müəllim Aydını işə götürmək üçün rəhbərliyə xahiş etmişdir. Fərzəli müəllim də bu məsələdən sonra Aydından nə baş verdiyini soruşmuşdur. Aydın da Fərzəli müəllimə səs ataraq baş verənləri danışmışdır. Fərzəli müəllim də, o səsi rəhbərliyə göndərərək bildirmişdir ki, Aydın başqa arqument gətirir. İmkan varsa, öz ərizəsi ilə işdən çıxarsınlar. Onlar kiminsə Whatsapp yazışmalarına müdaxilə etməmişlər. O da həmin səs yazısını rus dilindən Azərbaycan dilinə tərcümə edərək iş materiallarına əlavə etmişdir. Əmək müqaviləsinin 10.1-ci maddəsində aşkar yazılmışdır ki, tərəf imzaladığı əmək müqaviləsinə görə öhdəlik götürmüşdür ki, kommesiya sirrini yəni istehsal, texnologiya, maliyyə, idarəetmə və başqa fəaliyyətlə bağlı işə götürənin maraqlarının ziddinə davranmamalıdır. Müəssisənin daşınma xərclərinin qiymətini ötürür, bunu başqa heç kim bilməməlidir. Əmrin məzmunu məhkəməyə təqdim olunmuşdur. Əmək Məcəlləsinin 70-ci maddəsinin (ç) bəndini qeyd edib 72-ci maddənin məzmununa əsasən işdən azad ediblər. Müəssisənin maraqlarının digər şəxslərə ötürülməsi və kommersiya sirrini yaydığına görə çıxarılmışdır. Bir başa öz fəaliyyəti ilə bağlıdır. Bu adam daşımaçılıqla əlaqədar müəssisələrə iş ötürür və malın bir ölkədən digərinə daşınmasına müştəri tapır. Bu işi görə-görə öz əmisiqızı adına firma açır və Ayşən adlı qadınla əlbir informasiyanı ötürür. Hər hansı gəlir barədə danışıqların aparılması elə kommersiya marağıdır. Təqdim olunmuş iddia ərizəsi işin faktiki hallarını əks etdirmir. İşin faktiki halı budur ki, iddiaçı öz işlədiyi yerə, çörək yediyi müəssisəyə xəyanət etmişdir. Əmək müqaviləsinin 10-cu bəndində deyir ki, işçi işəgötürənin kommersiya sirrini yaymamalıdır. Logistika şirkəti müxtəlif sahibkarlarla işləyir. Orada sirri ötürmək 2 vur 2-dir. Şahid işdən çıxıb. İşdən çıxdıqdan sonra əmrin əleyhinə demişdir ki, əmr qanunsuzdur. Onların gətirdiyi şahid də işdən çıxmışdır, özünə yeni logistika müəssisəsi yaratmışdır. Amma şirkətin əleyhinə danışmamışdır, olan hadisələri danışmışdır. İddiaçının şahidi əgər əmri imzalamaq istəmirdisə, bu barədə yazılı akt tərtib edib əmrə əlavə edərdi. Səs yazısında deyilir ki, kommersiya marağı var, 50/50-yə işləyir, müəssisə əmisi qızının adına yaradılmışdır. Ayşən və digər xanım da şirkətdə işləmişlər, onların işinin üstü açılıb və demişlər ki, öz ərizələrini yazıb işdən çıxsınlar. Malın yolda daşınması, gömrük işləri barədə müqavilə bağlayıb qarşılığında pul alırlar. Əgər marağı yoxdursa, niyə whatsappda adını Aydın Property qoymuşdur? Bu müəssisənin mülkiyyətində olan komputerdir. Həmin komputerlərdə olan hər cür yazışma çatımlılıq baxımından açıqdır. Yəni orada heç bir sirr ola bilməz. Şəxs işdən çıxanda onu silə bilərdi. Onlar gedib onun evindən oğurlayıb yazışmalarına baxmamışlar. Həmin əmr imzalanmışdır, imzalanan dövrdə etibarlı olmuşdur. Həmin şəxs gəlib indi inkar etsə belə, həmin vaxt yazılı etirazını bildirməmişdir. O da istəməzdi ki, əmək kitabçasına bu maddə düşsün, çox çalışmışdır amma alınmamışdır. Çünki iddiaçı çox şərtlər qoymuşdur. Əmək müqaviləsinin bitməsinə üç ay qalırmışdır. Fərzəli bəy danışmışdır, öz ərizəsi ilə xitam veriləcəkdi. Lakin o, şərt qoydu ki, rəhbərlik özü ona zəng etsin. Göstərdiklərinin nəzərə alınmasını və iddia ərizəsi əsassız olduğundan rədd olunmasını xahiş etdi. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, Aydını köhnə iş yerindən tanıyır. O, işə öncə maliyyə meneceri kimi başlamış, sonra direktor olmadığına, MMC direktorsuz fəaliyyət göstərə bilmədiyinə görə direktor vəzifəsinə keçmişdir. xx.xx.2024-cü il tarixə qədər həmin müəssisədə işləmişdir. 2022-ci ilin avqust ayında işə başlamışdır. Müqavilənin müddəti bitdiyi üçün işdən çıxmışdır. Həm maliyyəçi, həm direktor olaraq, həm də kadrlar tərəfdən məlumatlı olduğuna görə deyə bilər ki, Aydının maddə ilə işdən çıxarılması qanunsuz olmuşdur. O, qanuni təmsilçi olmamışdır, işdən o, çıxarmamışdır. Amma ona demişlər ki, belə olmalıdı, ona görə imza atmışdır. Deyilənə görə Aydın kommersiya sirrini yaymışdır. Mən gördüklərimə görə heç bir sirr yaymamışdır. Əsaslandırdılar ki, onların şirkətinin müştəriləri ilə işləmişdir, amma o, bilir ki, işləməmişdir. Çünki onların müştərilərlə işləməsi üçün Aydının o qədər pulu yox idi. Aydının o qədər pulu yoxdur ki, 30-60-90 gün kredit limiti ayırsın. Eyni ofisdə olsalar da, onun komputerləri yoxlamaqlarından xəbəri olmamışdır. İşçi işdən çıxdıqdan sonra qanunsuz olaraq onun şəxsi whatsapp vebini oxumuşlar. Qanuni təmsilçi Gürcüstan vətəndaşı Georgi idi. O Gürcüstanda yaşayır, oradan idarə edirdi, direktor vəzifəsində olduğuna görə isə o, imza atmışdır. Onlar nə isə deməsələr, o edə bilməz. Ona birinci qanuni təmsilçi Georgi Maxatatse yazmışdır ki, Aydın maddə ilə işdən çıxarılsın. Ona maddələri göndərməsini, özünün Aydının hansı maddə ilə işdən çıxarılacağını deyəcəyini bildirmişdir. O zaman başa düşüb sual vermiş və hadisədən məlumatlı olmuşdur. İşə gedib-gəlmək saatlarına o, baxmamışdır. Onun işlədiyi dövrdə heç bir tənbeh tətbiq olunmamışdır. O, 2 il həmin şirkətdə işləmişdir. Aydın bir dəfə stajor kimi, sonra işçi kimi gəlmişdir. Heç vaxt nizam-intizam qaydalarını pozmamışdır. Hesab edir ki, yaxşı işçi olmuşdur. Əmək müqaviləsinə xitam verilməmişdən öncə Aydından heç bir izahat tələb olunmamışdır. O, maddə ilə işdən çxarılmasına razı olmamışdır, narazılığını bildirmişdir. Ondan əmrə imza atmağı, əsaslandırmağı tələb olunanda o, qarşı çıxmışdır. İmza atmışdır, amma demişdir ki, bundan sonrakı hadisələrə o, müdaxilə etməyəcək. Çünki qanunsuz və ədalətsiz olduğunu düşünmüşdür. İşlədiyi dövrdə yaxşı işçi olmuşdur, tənbeh veriləcək işçi olmamışdır. Onu təkid etmişlər ki, işdən çıxarılacaq. Şifahi formada belə xəbərdarlıq olmamışdır. Maliyyə tərəfdən də onun işinə baxanda həmişə qəpiyinə qədər düz olmuşdur. Həmin akt 30 avqust tarixində tərtib olunmamışdır, faktiki olaraq noyabr ayında tərtib olunmuşdur. Möhür ona olmuşdur, çox gümanki qarşı olduğu üçün ondan istəməmişlər. Ona görə akt möhürsüzdür. Aktı noyabr ayında imzalamışlar. O, bilir ki, Məlikağa bu məlumatı Georgiyə telefonla bildirmişdir. İşçilərdə kooperativ nömrə olmuşdur. Ayşən xanım may ayında işdən çıxarılmışdır. 31 avqustda öyrənmişdir ki, whatsappa daxil olunmuşdur. O özü çalışmışdır ki, bu iş daha uyğun şəkildə aparılsın. O, Georgi ilə danışanda demişdir ki, Aydın çox cavandır, Georgi əsəbi olsa da, Aydın öz xahişi ilə işdən çıxarılsın. Çünki bundan əvvəl də hamını öz xahişi ilə çıxarmışdılar. Aydın da bununla razılaşmışdı. Çünki faktiki olaraq müdiriyyət Aydını işdən çıxarmaq istəmişdir. Çünki onlar hesab edirdilər ki, Aydın kommersiya sirrini yaymışdır. Onsuz da onlar işdən çıxarmaq istəyirdilər. Ona görə demişdir ki, öz ərizəsi ilə çıxarsınlar, amma razılaşmadılar. O, şirkətə qarşı heç cür aqresiv deyildir. Hələ direktor tapa bilmədikləri üçün onda xahiş etmişdilər. Onun maaşını onlar vermişdirlər, ondan tələb etmişlər deyə imza atmışdır. Zəng vurub danışmışdır, whatsappda yazışma olmuşdur. Bildirmişdir ki, Azərbaycan qanunvericiliyinə görə ən azı 2 dəfə yazılı xəbərdarlıq edilməlidir. Etiraz etmişdir, amma sonda məcbur imza atmışdır. Ofisdə Məlikağa bəy ayrı oturmuşdur, o, kollektivin içində oturmuşdur. Komputerlər polkalarda yerləşmişdir, şirkətin mülkiyyətində idi və hamının çıxışı olmuşdur. İşlə bağlı komputerlər olsa da, şəxsi nələrsə olmuşdur. Şəxsi whatsapp nömrələrini rahat olmaq üçün orada açmışlar. O, işdən çıxanda whatsapp vebi silmişdir. Kiminsə whatsapp proqramına daxil olmaq qanunsuzdur, çünki şəxsi məlumatdır, etik cəhətdən düzgün deyil. O, işlədiyi müddətdə (2022-ci ilin avqust ayından 2024-cü ilin noyabr ayına qədər) heçkəsə sözlü və ya yazılı mükafat verilməmişdir. Sadəcə gördükləri işə görə əlavə bonus verilmişdir. Çünki aktı onun gözümün qabağında tərtib etmişlər. Həvva xanım Azərbaycan dilinə tərcümə etmək üçün bəzi sözləri məndən soruşmuşdur. O, formal rəhbər olmuşdur, aktın tərtib olunmasına maneə ola bilməzdi. Fərzəli müəllim deyə birini tanımır. Səs yazısı barədə məlumatlı deyil. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Cavabdeh tərəfin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, o, hazırda işləmir. Amma əvvəl X11 MMC-də kommersiya direktoru olmuşdur. O, şirkətdə hər bir şeyə cavabdeh olmuşdur. Öz istəyi ilə dekabr ayında işdən çıxmışdır. Özünə başqa iş açmışdır. Hüquqi olaraq Fidan xanım direktor idi, amma maliyyəyə baxmışdır. Aydın əməliyyat üzrə rəhbərin tabeçiliyində olmuşdur. Yeni əməkdaş işə daxil olanda ona komputer verilmişdir. O zaman whatsappda yazışmalar görmüşlər. Şirkət təsis sənədləri, məlumatlar ötürülmüşdür. Şəkillərdə əks olunmuşdur. Onun iştirakı ilə çap olunmuşdur. Rəhbərliyə o, məlumat vermişdir. Belə qərara alınmışdır ki, kommersiya sirri olduğu üçün işdən çıxarılmalıdır. Komputerdə yazışmalar aşkarlanmışdır. Ona təqdim olunmuşdur, o da öz növbəsində baş ofisə bildirmişdir. Müqavilə, təsis sənədləri, müştəri bazası, əlaqə nömrələrini bir-birlərinə göndərmişlər. Ümumilikdə 3 nəfər yazışmışlar. Onlar özləri işdən çıxmışlar. Olan mesajların hamısı orada olmuşdur, silinib silinmədiyini bilmir. Aydın yazılı izahat yazmamışdır, imtina etmişdir. Belə birşey olmadığını demişdir. Bu məsələlərə görə maddi ziyan dəymişdir. Sənədləri vaxtında sərhədə çatdırmamışdır. Buna görə hər maşına iki min manat cərimə olunmuşlar. Onlar heç bunu deməmişlər. Aydın heç bir sənədə imza atmamışdır. Fidan xanımın Aydını öz imzası ilə işdən çıxmağına çalışması kimi birşey olmamışdır. Fidan xanım hər bir məlumatı bilmişdir. Sənədlər yığılıb imzalanmışdır. Dəqiq tarix bilmir, lakin yazılıb sonra komputerləşdirilmişdir. Tarix aktda yazılan tarix olmuşdur. Fərzəli müəllimi tanımır. O səs ona baş ofisdən göndərilmişdir. Artıq kontakda deyildilər deyə Aydından nə isə soruşmamışdır. Bu işə bağlı Aydından izahat verməsi tələb olunmuşdur. Fidan İbrahimova, Nəsibova, bütün işçilər orada olmuşdur. Whatsapp yazışmaları komputerdə olmuşdur. Fidan Nəsibova və Həvva xanım tapıb ona demişlər. Telefonda ola bilər, amma komputerdə olanlar şəxsi yazışmalar olmamışdır. Siyahı excel faylda olmuşdur. Ayşən və Səbinə ilə məlumat ötürmüşlər. Ayşənə faiz vermişdir. Yazışmalarda excel var idi, whatsapp sonradan bağlanmışdır. Möhür səlahiyyəti onda deyil, Fidan xanımda olmuş, o da imtina etmişdir. O da, skan edib məlumatı göndərmişdir. Onlarda qeydiyyat jurnalı olmamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 23/08/05H saylı əmək müqaviləsindən görünür ki, Əmək Müqaviləsində nəzərdə tutulan şərtlərə əsasən X23 əməliyatçı vəzifəsinə işə götürür və İşçi İşəgötürənin işini qəbul edir. X38, tərəflərin qarşılıqlı razılığına əsasən 28 Avqust 2023-cü il tarixindən 27 Avqust 2024-cü il tarixinədək bağlanmışdır. İşçi 28 Avqust 2023-cü il tarixindən işə başlayır. Əmək müqaviləsinin: 3.1-ci maddəsinə əsasən, işçinin əmək funksiyaların tam siyahısı X38nə əlavə edilmiş və onun tərkib hissəsi olan "Vəzifə Təlimatı” adlı Əlavə 1-də göstərilib; 3.3-cü maddəsinə əsasən, işçi əmək münasibətləri şərtlərinə müəyyən edilən İşəgötürənin Siyasət və Qaydalarının ("Qaydalar') tətbiq olunması ilə razılaşır və bunu təsdiq edir. İşçiyə həmin Qaydalarla tanış olmaq imkanı yaradılmalıdır. İşçi təsdiq edir ki, bu müqaviləni imzaladıqda o, müqavilənin imzalanma tarixinə qüvvədə olan Qaydalarla tanış olmuş və başa düşmüşdür; 3.4-cü maddəsinə əsasən, işçi bu müqavilənin ayrılmaz hissəsini təşkil edən Əmək Funksiyalarında nəzərdə tutulmuş bütün öhdəlik və vəzifələrin və işçi ilə işəgötürən arasında razılaşdırılmış digər vəzifəələrin icrası üçün məsuliyyət daşıyır; 3.5-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri Rəhbərlik tərəfindən müəyyən edilir. İşçi öz vəzifələrini Əmək Məcəlləsinin 10cu Maddəsinə, X38nə, işəgötürənin daxili siyasətinə və nizam-intizam qaydalarına uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə aşağıdakılar daxil olacaq və bunlarla məhdudlaşmayacaq: İşəgötürənin, onun müştərilərinin və biznes tərəfdaşlarının fəaliyyətinə aid olan məlumatları məxfi saxlamaq və ona məxsus olan sənədlərin və iş kağızlarının (kompüterdə saxlanılan məlumat daxil olmaqla) qorunmasını təmin etmək; Müştərilər, biznes tərəfdaşları və dövlət orqanlarının işçiləri ilə münasibətlərdə məsuliyyətlə və etik davranmaq; İşəgötürən tərəfindən müəyyən şirkət və SƏTƏM Qaydalarına əməl etmək; İşdə hər hansı ciddi səhv və ya nöqsanın baş verməsindən və ya əməyin təhlükəsizliyinə hər hansı maneədən xəbərdar olduqdan dərhal sonra, İşçinin birbaşa rəhbərini/nəzarətçisini (Birbaşa menecer) xəbərdar etmək və ya işi öz səlahiyyətləri daxilində təhlükəsiz istiqamətə yönləndirmək; İşəgötürənin fəaliyyəti ilə əlaqədar etik normalara zidd olan hər hansı bir təklif barədə İşəgötürənə məlumat vermək; 3.6-cı maddəsinə əsasən, işçi aşağıdakılara əməl etməklə işəgötürənin maraqlarına uyğun olaraq hərəkət etməyə çalışmalıdır: İşəgötürənin yazılı icazəsi olmadan iş vaxtında heç bir digər əmək fəaliyyəti ilə məşğul olmamaq; İşəgötürənin itki və ya zərər riskinin azaldılması istiqamətində hərəkət etmək; 4.1-ci maddəsinə əsasən, işəgötürən işçiyə hər 30-na kimi (ayın 30-u daxil olmaqla) əvvəlki ayda tamamlanmış iş üzrə aylıq əmək haqqını (bundan sonra “Əmək Haqqı" adlanacaq) bank köçürməsi ilə işçinin bank hesabına köçürəcək. Vergilər, sosial müdafiə ayırmaları və digər müvafiq icbari ödənişlər daxil olmaqla əmək haqqı xx.xx.2024-cü il tarixindən 1126.86 AZN (bir min yüz iyirmi altı manat, səksən altı qəpik) məbləğində ödəniləcək. İşəgötürən hər ay işçinin əmək haqqını bütün vergilər, sosial müdafiə ayırmaları və digər müvafiq icbari ödənişləri tutulduqdan sonra ödəyir; 5.1ci maddəsinə əsasən, işçinin iş həftəsi işəgötürənin siyasətinə uyğun olaraq müəyyən edilir. İşçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İş şərtlərinin tələblərinə uyğun olaraq iş vaxtı müvafiq qanunvericiliyin icazə verdiyi çərçivədə dəyişdirilə bilər. Bu halda işçinin iş saatlarının dəqiq sayı növbə cədvəli və iş tabelləri əsasında tənzimlənir; 5.2-ci maddəsinə əsasən, iş saatı 09:00-da başlayır, 18:00-da bitir. Nahar vaxtı saat 13:00-dan saat 14:00-dəkdir. 5.3-cü maddəsinə əsasən, istirahət günləri hər həftənin şənbə və bazar günləridir; 6.2-ci maddəsinə əsasən, işçinin iş ilini xx.xx.2023xx.xx.2024-cü il tarixlərdən ibarət dövr əhatə edir; 10.1-ci maddəsinə əsasən, “İşçi” “İşəgötürən”in kommersiya sirrinin, yəni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, «İşəgotürən»nin razılığı olmadan açıqlanması «İşəgötürən»in, habelə onun təsisçilərinin, törəmə və asılı cəmiyyətlərinin, müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar «Kommersiya sirri» şifri ilə ifadə edilib-edilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulan məsuliyyəti daşıyır. 10.2-ci maddəsinə əsasən, işçi kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan İşəgötürənin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. 14.2.4-ci maddəsinə əsasən, işçinin əmək vəzifələrini kobud şəkildə pozduğu, vəzifələrinin yerinə yetirmədiyi və hərəkətsizliyə yol verdiyi təqdirdə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, İşəgötürənin əmlakına zərər vuduğu, məhv etdiyi və ya oğurladığı, həmçinin işəgötürən haqqında məxfi məlumatın hər hansı digər tərəflərə açıqladığı və ya cinayət törətdiyi hallarda işəgötürən hər hansı bildiriş təqdim etmədən bu Müqaviləyə xitam verə bilər. -Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də “gömrük, broker- gömrük üzrə mütəxəssis” vəzifəsində, aylıq 1126.86 manat əmək haqqı ödənilməklə, müddətli əmək müqaviləsi əsasında çalışmışdır. -xx.xx.2024-cü il tarixli Cavabdeh MMC-nin məlumatından görünür ki, cəmiyyətin kommersiya işləri üzrə direktoru X16 tərəfindən xx.xx.2024-cü il tarixdə cəmiyyətin inzibati bölməsinin “Gömrük üzrə mütəxəssisi” X1 əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə whatsapp yazışmaları müəyyən edilmişdir. X16 MMC-nin qanuni təmsilçisinə bildirmişdir ki: “Həmin yazışmalarda aşkar görünür ki, Aydın firmanın maraqlarına toxuna biləcək işlərlə əlaqədar başqa firmaya məlumatlar ötürmüşdür və özünə yeni MMC yaradaraq oradan gəlir əldə etməklə məşğuldur. Firmanın əməliyyat şöbəsinin rəhbəri X17 və əməliyyat şöbəsinin koordinatoru X3 iştirakı ilə İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyi bildirildi. Bu məsələ ilə bağlı izahat yazması xahiş edilsə də, İddiaçı izahat yazmaqdan imtina etdi və faktla bağlı şifahi fikirlərini bildirməsi ilə kifayətləndiyi göstərdi. Buna görə akt tərtib olundu və fakt rəsmiləşdirildi.” -Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 24/09/02T nömrəli əmrin surətindən görünür ki, “inzibati” bölməsində “Gömrük üzrə mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 23 gün məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkil hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. -xx.xx.2024-cü il tarixli aktdan görünür ki, adları aşağıda qeyd olunan şəxslər, Cavabdehn Kommersiya işləri üzrə direktoru X16, əməliyyat şöbəsinin rəhbəri X17, əməliyyat şöbəsinin koordinatoru X4 hazırkı aktla təsdiq etmişlər ki, əməkdaşların komputerinə baxış keçirilən zaman Cəmiyyətin İnzibati Bölməsinin "Gömrük üzrə mütəxəssisi" X2 əməkdaşlar Səbinə Seyidəliyeva və Ayşən Əliyeva ilə votsap yazışmalarında X13 Əliyevaya "X11" MMC-yə aid olan məxfi məlumatlarının ötürüldüyü müəyyən edilmişdir. İddiaçı izahat yazmaq barədə məlumat verilsədə, izahat yazmaqdan boyun qaçırmışdır. Bu şirkətə dair məxfi məlumatların ötürüldüyü haqda İddiaçı soruşulduqda bu faylların onun özü tərəfindən şəxsi işləri üçün göndərildiyi bildirilmişdir. Bundan əlavə Ayşən Əliyeva və İddiaçı arasında olan whatsapp yazışmasında X24 Sadıxzadəyə yeni şirkətin yaradıldığı üçün və işlərin başlanması ilə əlaqədər təbrik etdiyi müəyyən edilmişdir. İddiaçı alınan şifahi məlumat əsasında müəyyən edilmişdir ki, yeni şirkət İddiaçı qohumunun adına yaradılıb və bu şirkətin işlərində sözügedən şəxslərin (həmin zaman cəmiyyətin işçiləri) də əməkdaşlıq etdiyi təsdiqlənmişdir. Bu barədə akt tərtib olunaraq X16, X17, X4 tərəfindən imzalanmışdır. -6 yanvar 2025-ci il tarixli, 3-21-2-2-1/2-92/2025 saylı məlumatdan görünür ki, "xxxx" MMC-nin VÖEN: **********, təsisçisi 10 manat, 1 pay hüququ ilə X10r. - İddiaçı səs yazısı saxlanılan mikro kartdakı qeydin stenoqramından görünür ki, “(qeyd: mikrokart və səs yazısı əlavə sübut qismində məhkəməyə təqdim olumuş və elektron kabinetə yeləşdirilmişdir.) Fərzəli müəllm salam necəsiz.!? Fərzəli müəllim mən GİANTİ ilə bağlı vəziyyət üçün narahat edirəm. Dəqiq və açıq Sizə deyəcəyəm.... belə alındı... 29 avqust axşam çağı işdən sonra Ceorgi Maxatadze mənə zəng edib dedi ki, “sən artıq azad olunmusan, sabahdan işə gəlməyə bilərsən, sənin özünün özünə məxsus kompaniyan var, daha doğrusu o əmin qızının adınadır və sən orda işləyirsən və sən bizim müştəriləri oğurlayırsan və s...” Mən Georgiyə dedim ki, “bəli bu mənim əmim qızının şirkətidir, və mən orda 50-50 yə işləyirəm. Orda mənim kommersiya maraqım var və tam da buna görə əmim qızına kömək edirəm və s...” Amma o mənə inanmadı məni dinləmədi, sabahı mən vəziyyəti araşdırmaq üçün işə gedəndə belə aydın oldu ki, bu informasiyanı bizim ofisdən Məlik adlı şəxs təqdim etmişdir. Məlik Əliyev ...Mən də həmin şəxsdən soruşdum ki, hansı səbəbdən bunu etmişdir. O, öz sözlərini əsaslandıra bilmədi və əsassız məntiqi yanaşmalarda dayandı və fakta görə heç nəyi əsaslandıra bilmədi. Mən Məlikə dedim ki, bu dediklərin əsassızdır.. Çıx zəng et Georgiyə və de ki, məni maddə ilə azad edə bilməz, və o mənə kompensasiya verməlidir. Həmin vaxt onlar Georgiylə danışdılar. Georgi Maxatadze bildirdi ki, maddə ilə azad edin və kompensasiya verməyin. Mənim üçün heç bir fərqi yoxdur ..olsun. Amma mən 4-cü gün işin sonunda COP-a gedəndə icazə sənədləri evdə qalmışdı, ona görə dedim ki, qoy mənlə əlaqəyə çıxsın çünki başqa cür mənlə əlaqəyə çıxmırdı və Georgi eşidəndə ki, razılıqlar məndədir və həmin an Georgi mənə zəng etdi ki, dəqiqləşdirsin ki, bu razılıqlar hardadır.Məndə bildirdim ki, razılıqlar məndədir, bəs mənim kompensasiyam hardadır ədalət hardadır.O dedi ki, bu onu maraqlandımır bu məsələni başqa cür yolla, yəni istəsə GİANTİ məhkəməyə vermək yolu ilə həll edə bilər, mən dedim ki, yaxşı. Məndə olan 6 ədəd razılıqları bizim mühasibə verdim... Fidan İbrahimovaya. 2 razılıq isə evdə idi. Mən sadəcə olaraq anlaya bilmədim. Georgi telefonu həmən söndürərək Davidə narazılıq etməyə getdi və sonradan David də Sizə mənim barəmdə şikayətləndi və böyük qardaş Elxana zəng etdi ...yəni Elxan müəllimə gileylənməyə başladı. Daha bilmirəm belə alındı ki, Siz söylədiz ki, biz Davidlə danışmışıq 1 -ci gün gedərsən öz ərizənlə işdən çıxarsan məsələ bitər. Mən getdim xüsusi razılıqları əməkdaşlara verdim, sonradan 1-ci gün iş vaxtı başlayanda mən günün 2-ci yarısı GİANTİyə getməyi planlaşdırırdım və öz ərizəmlə işdən çıxmağa hazırlaşırdım. İlk olaraq Anna mənə yazdı bildirdi ki, çox təəsüf edirəm və s. səndə bir neçə fayllar var onu təhfil verməlisən və sonrada işdən azad olmalısan. Məndə eşitdim və dedim yaxşı sonradan mənim menecerim mənə zəng etdi, menecerimə qədər bizim yeni əməkdaşımız zəng etdi və dedi ki, bura gəlməlisən və s. Mən də dedim ki, həmin uşaqlar qoy mənə özləri zəng etsinlər, mənim nömrəm olarda var, özləri zəng edib özləri xahiş etsin ki, mən işə gəlim ,Onlar zəng edib xahiş etdilər ki, zəhmət olmasa gəl və mənimlə mədəni danışdılar. Dedim ki, yaxşı mənim heç bir etirazım və narahatçılığım yoxdur o adamlarla müzakirə edilməli mövzum yoxdur. Mən gəldim çox mədəni surətdə onlarla danışdım öz işimi təhvil verdim mədəni və sakit, artıq söz demədən davrandım, artıq onlarla heç bir məsələ həll etmək fikrim yoxuydu, mən düşündüm ki, böyüklər hər şeyi artıq həll ediblər. Sonra mühasib işin sonunda gəldi saat 6-da və mənim əmək kitabçamı verdi və mən gördüm ki, orda yazılıb ki, Aydın Sadıqzadə maddə ilə azad olunmuşdur. Mən bilmirdim nə edim dönüb çıxıb getdim. Orada nəyisə aydınlaşdırmağa lüzum qalmamışdı, vəziyyət bu cür alınmışdı. Sonra mən Sizə dedim və indi səs yazısı atıram ki, olanlardan məlumatınız olsun (SON)” -MŞB/10/2024-00629 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, iddiaçı və cavabdeh ilkin mediasiya sessiyasında iştirak etsələr də, proses davam etdirilə bilməmişdir. Mediasiya xərci qismində 60 manat pul vəsaiti iddiaçı X19 tərəfindən ödənilmişdir. -8893 saylı qəbzin surətindən görünür ki, iddiaçı hüquqi xidmətin göstərilməsi üçün Fides Vəkil Bürosunun hesabına 300 manat pul vəsaiti köçürmüşdür. xx.xx.2024-cü il tarixli, "xxxx" ASC tərəfindən verilmiş İddiaçı hesab üzrə dövriyyə məlumatları, whatsapp proqramı vasitəsilə aparılan yazışmaların ekran rəsimləri və səs yazısını özündə əks etdirən elektron link iş materiallarına əlavə edilmişdir. Beləliklə, işdə olan sübutlarla təsdiq olunur ki, xx.xx.2024-cü il tarixli, 23/08/05H saylı əmək müqaviləsi ilə İddiaçı Cavabdeh MMC-yə “Kiçik əməliyatçı” vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi ilə müəyyən edilir ki, İddiaçı Cavabdeh MMC-də “gömrük, brokergömrük üzrə mütəxəssis” vəzifəsinə keçirilmiş, aylıq 1126.86 manat əmək haqqı alaraq, müddətli əmək müqaviləsi əsasında çalışmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 24/09/02T nömrəli əmr ilə “inzibati” bölməsində “Gömrük üzrə mütəxəssis” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000300 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 “ç” işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinə qədər istifadə edilməmiş 23 gün məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkil hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilmişdir. Hazırda isə iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehin xx.xx.2024-cü il tarixli 24/09/02T saylı işdən çıxarılma əmrinin ləğv edilməsi, iddiaçının işə bərpa edilməsi, məcburi iş buraxılmasına görə əmək haqqının ödənilməsi və vəkil xidmətinə çəkilmiş 300 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etməkdən ibarətdir. Məhkəmə qeyd edir ki, işçinin əmək funksiyası dedikdə, əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya görməli olduğu xidmətlərin dairəsi başa düşülür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 72-ci maddəsinə əsasən, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə əsasən, əmək müqaviləsinə xitam verilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda aşağıdakı məlumatlar göstərilir: işəgötürən dövlət orqanı (qurumu), hüquqi şəxs və ya xarici hüquqi şəxsin filialı, nümayəndəliyi olduqda adı, işəgötürən funksiyasını həyata keçirən vəzifəli şəxsin vəzifəsi, soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, işəgötürən fiziki şəxs olduqda soyadı və adı, faktiki fəaliyyət göstərdiyi ünvanı, əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi; işçinin adı, atasının adı və soyadı; əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; əmək müqaviləsinə xitam verilməsinin əsası; həmin əsasla əmək müqaviləsinə xitam verilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; əmək müqaviləsinə xitam verilən gün, ay və il; əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı MMC-də “Kiçik əməliyatçı” vəzifəsinə işə qəbul edilmiş, daha sonra “gömrük, broker-gömrük üzrə mütəxəssis” vəzifəsinə keçirilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Bu tərəflər arasında bağlanmış əmək müqaviləsinin 14-cü maddəsində də öz əksini tapmışdır Məhkəmə İddiaçı iddia tələbinin “əmrin ləğvi, işə bərpa” hissəsini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, İddiaçı əmək vəzifələrini kobud şəkildə pozmuş, işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi ilə nəzərdə tutulan qaydalara riayət etməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, o, öz qohumunun təsisçi olduğu logistika şirkətinin işlərində iştirak etmiş, əmək müqaviləsi üzrə işə qəbul edildiyi Cavabdeh MMC-nin qanunla qorunan mənafeyinə uyğun olmayan hərəkətlər etmişdir. MMC rəhbərliyi üçün ümumi şəkildə əlçatan olan komputerlərdə mövcud olan “whatsapp” proqramında aparılan yazışmalar vasitəsi ilə şirkətin rəhbərliyi tərəfindən bu hal aşkarlanmış və və xx.xx.2024-cü il tarixli, 24/09/02T nömrəli əmrilə haqlı olaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən onunla əmək müqaviləsinə xitam verilmişdir. Tərəflər arasında bağlanılmış Əmək müqaviləsinin: 3.5-ci maddəsinə əsasən, işçinin vəzifə və öhdəlikləri Rəhbərlik tərəfindən müəyyən edilir. İşçi öz vəzifələrini Əmək Məcəlləsinin 10-cu Maddəsinə, X38nə, işəgötürənin daxili siyasətinə və nizam-intizam qaydalarına uyğun olaraq vaxtında və keyfiyyətlə yerinə yetirilməsi üçün çalışmalıdır. Bu vəzifə və öhdəliklərə aşağıdakılar daxil olacaq və bunlarla məhdudlaşmayacaq: İşəgötürənin, onun müştərilərinin və biznes tərəfdaşlarının fəaliyyətinə aid olan məlumatları məxfi saxlamaq və ona məxsus olan sənədlərin və iş kağızlarının (kompüterdə saxlanılan məlumat daxil olmaqla) qorunmasını təmin etmək; Müştərilər, biznes tərəfdaşları və dövlət orqanlarının işçiləri ilə münasibətlərdə məsuliyyətlə və etik davranmaq; İşəgötürən tərəfindən müəyyən şirkət və SƏTƏM Qaydalarına əməl etmək; İşdə hər hansı ciddi səhv və ya nöqsanın baş verməsindən və ya əməyin təhlükəsizliyinə hər hansı maneədən xəbərdar olduqdan dərhal sonra, İşçinin birbaşa rəhbərini/nəzarətçisini (Birbaşa menecer) xəbərdar etmək və ya işi öz səlahiyyətləri daxilində təhlükəsiz istiqamətə yönləndirmək; İşəgötürənin fəaliyyəti ilə əlaqədar etik normalara zidd olan hər hansı bir təklif barədə İşəgötürənə məlumat vermək; 10.1-ci maddəsinə əsasən, “İşçi” “İşəgötürən”in kommersiya sirrinin, yəni istehsal, texnoloji, idarəetmə, maliyyə və başqa fəaliyyəti ilə bağlı, «İşəgotürən»nin razılığı olmadan açıqlanması «İşəgötürən»in, habelə onun təsisçilərinin, törəmə və asılı cəmiyyətlərinin, müqavilə üzrə tərəfdaşlarının, müştərilərinin qanuni maraqlarına ziyan vura bilən elektron və ya kağız formada məlumatların, məlumatlar «Kommersiya sirri» şifri ilə ifadə edilibedilməməsindən asılı olmayaraq, qorunmasına cavabdehdir və bu sirləri yaymağa görə qanunvericilikdə və bu Müqavilədə nəzərdə tutulan məsuliyyəti daşıyır. 10.2-ci maddəsinə əsasən, işçi kommersiya sirrindən yalnız bu müqavilə ilə müəyyənləşdirilən əmək funksiyasının icrası üçün istifadə edir və bu məlumatlardan İşəgötürənin razılığı olmadan şəxsi və sair məqsədlər üçün istifadə edə bilməz. 14.2.4-ci maddəsinə əsasən, işçinin əmək vəzifələrini kobud şəkildə pozduğu, vəzifələrinin yerinə yetirmədiyi və hərəkətsizliyə yol verdiyi təqdirdə, o cümlədən, lakin bunlarla məhdudlaşmayaraq, İşəgötürənin əmlakına zərər vuduğu, məhv etdiyi və ya oğurladığı, həmçinin işəgötürən haqqında məxfi məlumatın hər hansı digər tərəflərə açıqladığı və ya cinayət törətdiyi hallarda işəgötürən hər hansı bildiriş təqdim etmədən bu Müqaviləyə xitam verə bilər. İddiaçının məhkəmə iclasında verdiyi ifadəsindən aydın olur ki, iddiaçı dayısı qızının öz adına şirkət açdığını, həmin şirkətin logistika şirkəti kimi fəaliyyət göstərdiyini və özünün işdən çıxdıqdan sonra dayısıqızına köməklik göstərdiyini, bu hərəkətinin Azərbaycan qanunvericiliyi ilə ona qadağan edilmədiyini bildirmiş, bununla öz hərəkətlərinə haqq qazandırmağa çalışmışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, İddiaçı dayısı qızı olduğu qeyd edilən X6 təsisçisi olduğu, logistika fəaliyyəti ilə məşğul olan "xxxx" MMC (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır və bu tarix məhz İddiaçı Cavabdeh MMC-də işə qəbul edildiyi, 28 Avqust 2023-cü il tarixdən sonrakı dövrə təsadüf etmişdir. Həmçinin Cavabdeh MMC-nin rəhbərliyi üçün ümumi qaydada əlçatan olan komputerdə əks olunan whatsapp proqramında aparılmış yazışmalardan görünür ki, İddiaçı proqramdakı adı məhz dayısı qızına məxsus şirkətin adına uyğun şəkildə “X26” kimi qeyd edilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X5 verdiyi ifadə ilə müəyyən edilir ki, MMC-nin rəhbəri Georgi Aydının şirkətin kommersiya sirrini yaydığını hesab etdiyi üçün ona əsəbi olmuş və onu işdən çıxarmaq istəmiş, X14 isə İddiaçı “öz xahişi ilə işdən çıxarılması”nı rəhbərə bildirmiş, X20 da bununla razılaşmış, lakin rəhbərlik etiraz etmişdir. Həmçinin məhkəmə iclasında dindirilmiş şahid X7 verdiyi ifadə ilə müəyyən edilmişdir ki, şirkətə daxil olan yeni əməkdaşa komputer verilən zaman whatsapp proqramında əks olunan yazışmalarda İddiaçı daxil olmaqla 3 nəfərin, şirkətə məxsus olan təsis sənədlərinin, məlumatların, kommersiya sirrinin ötürülməsi aşkar edilmiş, o da bu barədə baş ofisə məlumat vermişdir. Digər iki işçi özləri ərizə yazaraq işdən çıxmışlar. İddiaçı isə izahat yazmaqdan imtina etmişdir. Bundan başqa iddiaçı əmrin ləğv edilməsi və işə bərpa edilmə tələbini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən verilmiş əmr əsaslandırılmamış və yalnız qanunverciliyin müvafiq maddəsinə istinad edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının əmrin ləğv edilməsi üçün əsas kimi göstərdiyi hal sözügedən əmrin ləğv edilməsinə səbəb olmayacaqdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində qeyd edilmişdir ki, bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Göründüyü kimi həmin maddədə sadalananlardan hər hansı birinin əmrdə əks olunmaması halında həmin əmrin məhkəmə tərəfindən etibarsız hesab edilməsi ilə bağlı norma dispozitiv normadır. Belə ki, əmrdə yuxarıda göstərilən çatışmazlığın olması hələ həmin əmrin birmənalı olaraq məhkəmə tərəfindən etibarsız sayılmasına dəlalət etmir. Beləliklə, işəgötürən Cavabdeh MMC ilə İddiaçı arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş cavabdeh qəbul edilmiş əmrin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb “əmrin ləğvi və işə bərpa” tələbindən törəmə tələbdir, “əmrin ləğvi və işə bərpa” hissəsində iddia tələbinin əsassız olduğundan təmin edilməməsi nəzərə alınmaqla, iddiaçının hazırkı hissədə tələbi də təmin edilə bilməz. Belə olan halda, iddianın həmin hissədə də təmin edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X21 Xidməti Bakı şəhər İdarəsi cəlb edilməklə “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar