Məhkəmə qərarları › İş №e-2(007)-541/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-541/2024

29.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-541/2024 29.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahir oğluna qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zahir oğluna qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 06 aprel 2023-cü il tarixində İddiaçı MMC “Hospital”-a müraciət etmişdir. Həmin müqaviləyə əsasən həyat yoldaşı Cavabdeh1 (yenidoğulmuş övladına) tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və Müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nəğd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli idi. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC “Hospital”-ın xəzinədarlığına ödəməli idi. Beləliklə xəstə Cavabdeh1 (yenidoğulmuş övladına) İddiaçı MMC “Hospital”-da tibbi xidmət göstərilmiş tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 1618,90 (bir min altı yüz on səkkiz manat doxsan qəpik) manat borc məbləği tərəflərindən edilən xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Bundan başqa, İddiaçı Beynəlxalq Hospital son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərdikləri tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. İddiaçı Beynəlxalq Hospital vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəbiyyət verir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Göstərilmiş tibbi xidmətlər hospitalda mövcud “Qiymət Cədvəli” əsasında qiymətləndirilmişdir və şəffaf şəkildə fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunmuşdur. Xəstə ilə aralarında bağlanan 06 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC “Hospital” ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 (yeni doğulmuş övladına) göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC “Hospital”-a ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC “Hospital” üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC “Hospital” tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC “Hospital” qarşısında öhdəlik daşıyaraq, 1618,90 (bir min altı yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pulu ödəməyə borcludur. Göstərilənlərə əsasən, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 1618,90 (bir min altı yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində pulun, 1618,90 (bir min altı yüz on səkkiz manat doxsan qəpik) AZN Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 145 (yüz qırx beş) AZN, ödənilmiş 38 (otuz səkkiz) manat dövlət rüsumunun, ümumilikdə 1801,90 (bir min səkkiz yüz yetmiş bir manat otuz altı qəpik) AZN cavabdehlərdən tutularaq İddiaçı MMC “Hospital”-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş İddiaçı MMC-nin nümayəndəsi-vəkili Vəkil iddia tələbini müdafiə edib izahatında bildirmişdir ki, tərəflər arasında tibbi xidmətlərin göstərilməsi üçün müqavilə bağlanmışdır. Cavabdehin 1618,90 manat borc məbləği xəbərdarlıqlarına baxmayaraq ödənilməmişdir. Müəssisə təxirəsalınmaz hallarda ödənişi əvvəlcədən almadan xidmət göstərir. Hospitala gələndə xanıma təcili tibbi yardım göstərilməli idi. İddianın təmin edilməsini xahiş etmişdir. xx.xx.2024-cü ildə iddiaçının nümayəndəsi-vəkili Vəkil elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılaraq, iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini mülki işin materialları ilə birlikdə araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli “Tibbi Xidmət” müqaviləsindən görünür ki, “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. - İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli “Xidmət Çıxarışı”ndan və faktura xidmət siyasından görünür ki, Miran İbrahimoğluna göstərilən tibbi xidmətlərə dair 1618,90 manat ödəniş həyata keçirilməlidir. - Epikrizdən görünür ki, xəstə xx.xx.2023-cü il tarixdə xəstəxanaya gəlib, xx.xx.2023cü il tarixdə yaxşılaşma ilə ambulator müalicə üçün evə yazılmışdır. - İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh2, göstərilən tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 1618,90 manat borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur; - xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 38 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh2 06 aprel 2023-cü il tarixində İddiaçı MMC “Hospital”-a müraciət etmiş, tərəflər arasında tibbi xidmət müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən həyat yoldaşı Cavabdeh1 (yenidoğulmuş övladına) tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və Müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nəğd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli olmuşdur. “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC “Hospital”-ın xəzinədarlığına ödəməli idi. Cavabdeh1 (yenidoğulmuş övladına) İddiaçı MMC “Hospital”-da tibbi xidmət göstərilmiş tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 1618,90 manat borc məbləği iddiaçı tərəfindən edilən xəbərdarlıqlara baxmayaraq ödənilməmişdir. 06 aprel 2023-cü il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və/və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Hazırda iddiaçı qeyd olunan məbləğin cavabdehlər tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qeyd edilənlərlə müəyyən olundu ki, cavabdehlər iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli tibbi xidmət müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyə əməl edib xidmət haqqı və bununla bağlı iddiaçının tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdehlər öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlərin müqavilə üzrə öhdəliyi icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı MMC-nin 1618,90 manat borcun ödənilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh olunmasına dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının cavabdehdən gecikdirilmiş vaxt üçün 145 manat faiz tələbi qismən təmin edilməli, gecikdirilmiş vaxt üçün illik 5%-lə 80.94 manat məbləğində pul vəsaiti cavabdehlərdən tutulmalı, iddia həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 1618,90 manat, Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5% olmaqla 80,94 manat, ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 1618,90 manat, Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 5% olmaqla 80,94 manat və ödənilmiş 38 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar