Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-547/2024 11.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdehlər Babaşova (Talıbova) Könül Vaqif qızı və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbi) Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Babaşova (Talıbova) Könül Vaqif qızının iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər Babaşova (Talıbova) Könül Vaqif qızı və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :
1. İddiaçı MMC-nin cavabdehlər Babaşova (Talıbova) Könül Vaqif qızı və Cavabdeh2 qarşı “göstərilmiş tibbi xidmətə görə yaranmış borcun qaytarılması” tələbinə dair iddia ərizəsi və iddia tələbinin dəqiqləşməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 21402.09 manat, 21402.09 manat pulun Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 1926 manat, ödənilmiş dövlət rüsumu əvəzi qismində 155 (yüz əlli beş) manat olmaqla, ümumilikdə 23483.09 manat pul vəsaitinin cavabdehlərdən tutularaq İddiaçı MMC “Hospital”-a ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 20 iyun 2022-ci il tarixində İddiaçı MMC “Hospital”-a müraciət etmişdir. Həmin müqaviləyə əsasən həyat yoldaşı Cavabdeh1 (stasionar şəraitdə reanimasiya yatışı) tibbi xidmətlər göstərilmişdir. Tərəflərin qarşılıqlı razılığına və Müqavilənin 3.3-cü maddəsinin tələblərinə görə pasiyentə göstəriləcək xidmətlərə dair hesablanan məbləğ tibbi yardımın göstərilməsindən əvvəl nəğd qaydada və ya köçürmə yolu ilə həyata keçirilməli idi. Qeyd etmək lazımdır ki, imzalanmış “Tibbi Xidmət Müqaviləsi”nə əsasən cavabdeh göstərilmiş tibbi xidmətə görə hesablanmış məbləği İddiaçı MMC “Hospital”-ın xəzinədarlığına ödəməli idi. Beləliklə xx.xx.2022-xx.xx.2022-ci il tarixlər aralığında xəstə Cavabdeh1 İddiaçı MMC “Hospital”-da tibbi xidmət göstərilmiş və göstərilmiş tibbi xidmətin ümumi məbləği 22401.18 manat (iyirmi iki min dörd yüz bir manat, on səkkiz qəpik) təşkil etmişdir ki, lakin göstərilən bu məbləğdən 999.08 manat (doqquz yüz doxsan doqquz manat, səkkiz qəpik) məbləğində ödəniş olunmuşdur. Geri qalan 21402.09 manat (iyirmi bir min dörd yüz iki manat, doqquz qəpik) borc məbləği xəbərdarlıqlara baxmayaraq bu günə qədər ödənilməmişdir. Bundan başqa, Bona dea Beynəlxalq Hospital son texnologiyanın tələblərinə cavab verən tibbi avadanlıqlarla və yüksək peşəkarlığı olan kadrlarla təchiz olunmuş tam təsərrüfat hesablı, özünü maliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən tibb müəssisəsidir. Xəstəxana dövlət büdcəsindən maliyyələşmir və göstərilən tibbi xidmətlər xəstəxanaya ödənilən vəsaitlər hesabına təmin edilir. X1 vergi ödəyicisidir və xəstəxanaya ödənilən hər xidmətin qarşılığı olan məbləğ üzərindən dövlət büdcəsinə Azərbaycan Respublikası Qanunvericiliyində nəzərdə tutulmuş vergilər (ƏDV və mənfəət vergisi) ödənilir. Göstərilən tibbi yardımın qarşılığı olan məbləğin xəstə və xəstə yaxınları tərəfindən vaxtında ödənilməməsi göstərilmiş həmin xidmətlərə görə hesablanmış və dövlət büdcəsinə ödənilməli olan vergi məbləğlərinin ödənişinin xəstəxana tərəfindən də gecikdirilməsinə səbəbiyyət verir. Qeyd olunan hal xəstəxananı əlverişsiz nəticə ilə üz-üzə qoyur və göstərilən tibbi xidmətlərin operativliyinin ləngiməsinə səbəb olur. Xanıma göstərilmiş tibbi xidmətlər hospitalda mövcud “Qiymət Cədvəli” əsasında qiymətləndirilmişdir və şəffaf şəkildə fakturalarda əks etdirilərək xəstə yaxınlarına təqdim olunmuşdur. Xəstə ilə aralarında bağlanan 20 iyun 2022-ci il tarixli “Tibbi Xidmət Müqaviləsi”nin 3-cü maddəsinə əsasən “Xəstəxana” müvafiq tibbi xidməti həyata keçirir, “Xəstə” və ya “Xəstə Yaxını” isə göstərilən tibbi xidmətə görə “Qiymət Cədvəli”nə əsasən fakturada müəyyənləşdirilən məbləği ödəyir və tərəflər aşağıdakı məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər. Həmçinin qeyd olunduğu kimi “Tibbi Xidmət Müqaviləsi”nin 3.2-ci maddəsinə əsasən, əməliyyat əsnasında və ya sonrasında istifadə edilən protez, implant, stent balon, qreft kimi xüsusi tibbi sərflər, qan, xüsusi dərman və preparatlar paketə daxil deyildir və xəstəxana tərəfindən təmin olunduğu hallarda xəstə və ya xəstə yaxını tərəfindən 3.1-də göstərilən qiymətlərə əlavə olaraq xəstəxana hesabına ödənilir. Yuxarıda göstərilənlərə əsasən İddiaçı MMC “Hospital”ilə cavabdeh arasında əqd bağlanmışdır. Tərəflərin iradə ifadəsi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə səbəb olmuşdur. Cavabdeh2 həyat yoldaşı Cavabdeh1 göstərilən tibbi xidmətin qiyməti barədə tam məlumatlı olaraq, əqdi bağlamaq iradəsini öz rəftarları ilə məlum etmiş və göstərilmiş tibbi xidmətə görə yaranan borc məbləğini İddiaçı MMC “Hospital-”a ödəməyi öhdələrinə götürmüşdürlər. Nəzərə alsaq ki, mülki hüquq münasibətləri münasibətə daxil olan subyektlərin hüquq və vəzifələrindən ibarətdir, o zaman aydın olur ki, İddiaçı MMC “Hospital” üzərinə düşən vəzifəni (öhdəliyi) tam həcmdə yerinə yetirmişdir. Belə ki, İddiaçı MMC “Hospital” tibb müəssisəsi kimi sözü gedən əqddə tibbi yardımın icrasını üzərinə bir öhdəlik kimi götürmüş və həmin öhdəliyi icra etmişdir. Ancaq cavabdeh Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə əsasən göstərilmiş tibbi xidmətə görə müəyyənləşdirilmiş məbləği ödəməyərək üzərinə götürdüyü öhdəliyi icra etməmişdirlər. Yuxarıda göstərilənlərdən müəyyən olunur ki, cavabdeh İddiaçı MMC “Hospital” qarşısında öhdəlik daşıyaraq, 21402.09 manat (iyirmi bir min dörd iki manat, doqquz qəpik) manat məbləğində pulu ödəməyə borcludur.
İş materialları :
3. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilədən görünür ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirməyi, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəməyi və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq etməyi öhdəsinə götürmüşlər.
4. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli “Xidmət Çıxarış”-dan görünür ki, Cavabdeh1 göstərilən tibbi xidmətlərə dair 22401,18 manat ödəniş həyata keçirilməlidir.
5. İş materaillarına əlavə edilmiş epikrizlərdən görünür ki, xəstə xx.xx.2022-ci ildə perkutan drendən hemorragik komponentli möhtəviyyatın gəlməsi şikayəti ilə xəstəxanaya gəlib, xəstə xx.xx.2022-ci ildə “Canlı donorlu qaraciyər transplantasiya” əməliyyatı olub və xx.xx.2022-ci il tarixdə yaxşılaşma ilə ambulator müalicə üçün evə yazılmışdır.
6. İddiaçı xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh, göstərilən tibbi xidmətlərin qarşılığı olaraq hesablanmış 21402,09 manat borcun xx.xx.2023-cü il tarixədək ödənilməsi, əks halda borcun qaytarılması tələbi ilə məhkəməyə müraciət olunacağı ilə bağlı iddiaçı tərəfindən xəbərdar olunmuşdur;
7. İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli faktura xidmət siyasından görünür ki, Cavabdeh1 göstərilən tibbi xidmətlərə görə İddiaçı MMC-yə cəmi 21402.08 manat ödəniş həyata keçirməlidir.
8. xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 155 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin yaxınları xəstəni aparmaq istəmişlər, lakin xəstəxana xəstənin müalicəsini davam etdirərək onu həyata qaytarmışdır.
10. Məhkəmə iclasında iştirak edən cavabdeh Talıbova (Babaşova) Könül Vaqif qızı iddia tələbini qəbul edərək əlavə olaraq izahatında bildirmişdir ki, onun əməliyyatı X2 tərəfindən qarşılanmışdır. Əməliyyat olduqdan sonra hər həftə müayinə üçün xəstəxanaya getmişdir. 2022-ci ilin sentyabr ayında müayinə üçün xəstəxanaya getdikdə vəziyyəti pisləşmiş, komaya düşmüş və 13 gün koma vəziyyətində qalmışdır. Komada olduğu müddətdə Cavabdeh2 onunla birlikdə xəstəxanada qalmışdır. Komada olduqda vəziyyəti ağır olduğu üçün onun yaxınları xəstəxanaya bildirmişlər ki, onu versinlər aparsınlar, lakin xəstəxana onun müalicəsini davam etdirərək onu həyata qaytarmışdır. Xəstəxanadan çıxdıqda borcu olduğunu ona bildirmişlər. O, xəstəxanaya bildirmişdir ki, onu xəstəxanada nə qədər saxlasalar da onun ödəniş etməyə imkanı yoxdur. Həmçinin bildirmişdir ki, borcu olduğunu qəbul etsədə ödəniş etməyə imkanı yoxdur.
11. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərda edilmiş Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırlıq iclasında (xx.xx.2024-cü il tarixli) iştirak edən Cavabdeh2 iddia tələbini qəbul edərək əlavə olaraq izahatında bildirmişdir ki, xəstəxanadan çıxdıqda 31000 manat borc olduğunu bildirmişlər. Sonra isə hörmət etdilər 21 000 manat borc qaldı.
İşin faktiki halı :
12. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli Tibbi Baxım və Müalicəyə dair müqavilə üzrə Cavabdeh1 göstərilən tibbi xidmətə görə cavabdehlərin iddiaçı qarşısında borcunun yaranması işin mübahisəsiz halıdır.
Məhkəmə baxışının hədləri:
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Tətbiq edilən hüquq :
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi :
385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
Məhkəmənin mövqeyi :
16. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.
17. İşin faktiki hallarından görünür ki tərəflər arasında müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli “Tibbi Baxım və Müalicəyə dair” müqavilənin 1-ci bəndində nəzərdə tutulmuşdur ki, xəstəxana müvafiq tibbi xidməti həyata keçirir, xəstə və/və ya xəstə yaxını isə göstərilən tibbi xidmətə görə Qiymət Cədvəlinə əsasən fakturada müəyyənləşdirilmiş məbləği ödəyirlər və tərəflər müqavilədə göstərilən məlumatlardan xəbərdar olduqlarını təsdiq edirlər.
18. Müqavilənin 2.2.12-ci bəndində nəzərdə tutulmuşdur ki, xəstə və ya xəstə yaxını, hazırki müqavilə ilə nəzərdə tutulmayan xidmətlərdən əlavə-yanaşı xidmətlərin götərilməsi, fəsad çıxması, proqramda nəzərdə tutulan yatış günündən əlavə yatış və əlavə tibbi zəruriyyətli cərrahi müdaxilə hallarında göstəriləcək xidmətlərin qarşılığı olaraq fakturada müəyyənləşdiriləcək məbləği müqavilənin 3.1-ci maddəsində göstəriləndən əlavə olaraq ödəməyi öhdəsinə götürmüşdür.
19. İddiaçı MMC tərəfindən cavabdeh Talıbova (Babaşova) Könül Vaqif qızına tibbi xidmətlərin göstərilməsi və göstərilən tibbi xidmətlərə görə iddiaçı qarşısında borcun yaranması işin məhkəmə tərəfindən tədqiq edilən halları ilə və cavabdehlərin etiraf etməsi ilə müəyyən edildiyindən İddiaçı MMC hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
20. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
21. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, cavabdehlərin iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur və buna görə cavabdehlərin iddianı etirafı qəbul olunmalıdır.
22. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən qeyd edir ki, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
23. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh2 və Talıbova (Babaşova) Könül Vaqif qızının müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməməsi işin məhkəmə tərəfindən tədqiq edilmiş halları ilə müəyyən edildiyindən İddiaçı MMC-nin 21402.09 manat borcun ödənilməsinə dair iddia tələbi təmin edilməlidir.
24. Məhkəmə İddiaçı MMC-nin ona məxsus pul vəsaitini Talıbova (Babaşova) Könül Vaqif qızı və Cavabdeh2 tərəfindən uzun müddət qanunsuz saxlanılması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyənləşdirdiyi bank uçot dərəcəsi ilə hesablanmış illik 9% olmaqla bir il üçün 1926 manat pul vəsaitinin cavabdehlər Talıbova (Babaşova) Könül Vaqif qızı və Cavabdeh2 tutulması tələbi ilə əlaqədar qeyd edir ki, iddia tələbi həmin hissədə əsassız olduğundan təmin edilməməlidir.
36. Belə ki, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı MMC cavabdehlərdən 1926 manat pul vəsaitinin tutulması tələbini Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsinə əsasən cavabdeh tərəfindən ona məxsus pul vəsaitinin qanunsuz saxlanılmaqla ondan faydalanmaqla əsaslandırmışdır.
37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında qeyd edilir ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur.
38. Məhkəmə Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqedən çıxış edərək qeyd edir ki, İddiaçı MMC ona məxsus pul vəsaitinin Cavabdeh2 və Talıbova (Babaşova) Könül Vaqif qızı tərəfindən uzun müddət əsassız saxlanılması nəticəsində cavabdehin həmin pul vəsaitindən gəlir, fayda əldə etməsini sübut edə bilməmişdir.
Məhkəmə xərcləri :
39. İddiaçı MMC ödənilmiş 155 manat dövlət rüsumunun əvəzinin cavabdehlər Talıbova (Babaşova) Könül Vaqif qızı və Cavabdeh2 tutulmasını tələb etmişdir.
40. Məhkəmə qeyd edir ki, iddia tələbi qismən təmin edildiyi üçün Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 155 manat pul vəsaiti cavabdehlər Cavabdeh2 və Talıbova (Babaşova) Könül Vaqif qızından müştərək qaydada tutularaq İddiaçı MMC-nin hesabına köçürülməlidir.
Nəticə :
34. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hüquqi qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdehlər Cavabdeh2 və Babaşova (Talıbova) Könül Vaqif qızından müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 21402.09 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 155 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Babaşova (Talıbova) Könül Vaqif qızından müştərək qaydada göstərilmiş tibbi xidmətin qarşılığı olan 21402.09 manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 155 manat pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddiaçı MMC-nin iddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva