Məhkəmə qərarları › İş №e-2(007)-580/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-580/2022

21.02.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-580/2022 21.02.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsəova Vəfa Oruc qızının katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək münasibətləri üzrə mübahisələr” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən işdənçıxarma müavinətinin və həmin məbləği gecikdirdiyi hər gün üçün hesablanmış 1 faiz məbləğində dəbbə pulunun və 50 manat məbləğində mediasiyaya ödənilmiş pulun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh MMC arasında 26.07.2008-ci il tarixdə əmək müqaviləsi bağlanaraq, həmin ildən müxtəlif vəzifələrdə işləmiş və sonuncu dəfə o, Logistika Departamenti Ticari mal anbarı Uçot əməliyyatları bölməsinin Qaytarma əməliyyatları üzrə aparıcı mütəxəssisi işləmişdir. Cavabdeh MMC ona 13.01.2021-ci il tarixli, İR-342975 saylı xəbərdarlıq məktubu göndərmiş və həmin məktub 17.01.2021-ci il tarixdə ona təqdim olunmuşdur. Həmin xəbərdarlıq məktubunda işlədiyi ştatın ixtisar olunması ilə qanunvericilikdə nəzərdə tutulmuş 9 həftəlik xəbərdarlıq müddəti ərzində əmək haqqısı saxlanılmaqla, hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyamın icrasından azad edilməyi barədə xəbərdarlıq olunmuşdur. Məktubda daha sonra Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, 9 həftəlik xəbərdarlıq müddətini gözləmədən yazılı razılığı əsasında orta əmək haqqının 2 misli birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi də qeyd edilmişdir. 9 həftəlik xəbərdalıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verilməsi barədə cavabdehlə aralarında razılıq olmamış və o, 9 həftəlik (17.01.2021-ci il tarixdən 17.03.2021-ci il tarixinədək) xəbərdarlıq müddətində əmək haqqısı saxlanılmaqla iş yerinə getmişdir. 17.03.2021-ci il tarixdə iş yerinə getdikdə ona işdən azad olunduğunu və artıq iş yerinə gəlməməyi bildirilmişdir. Lakin ona həmin gün işdən azad olunmağı barədə əmrin surəti, əmək kitabçası, son haq-hesab və işdənçıxarma müavinəti verilməmişdir. O, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu barədə müraciət etdikdən sonra onun əmək kitabçası və son haq-hesabı (əmək haqqının son iş gününə kimi qalan hissəsi) verilsə də, işdənçıxarma müavinəti verilməmişdir. Qanunvericiliyin tələbinə uyğun olaraq hüquqlarının bərpa olunması üçün Mediasiya şurasına müraciət etmiş, Mediasiya şurasında hüquqları bərpa olunmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə əlaqə saxlayaraq, işdənçıxma müavinətinin verilməsini bir daha xahiş etsə də, onlar bildirmişdir ki, 9 həftəlik xəbərdarlıq müddətində işə gəldiyi üçün həmin müddətdə ödənilmiş əmək haqqı müavinət məbləği idi. Bunu əsas tuturaq ona müavinətin ödənildiyini bildirmişdirlər. Halbuki qanunvericiliyin tələbinə görə o, 9 həftəlik xəbərdarlıq müddətində heç bir əmək funksiyası həyata keçirmədən, müavinətini alıb, işdən azad oluna bilərdi. Lakin o, 9 həftəlik xəbərdarlıq müddətində iş yerinə gedib əmək funksiyalarını həyat keçirərək, əmək haqqı almışdır və xəbərdarlıq müddəti bitdikdən sonra işdən azad olunarkən ona 77-ci maddənin 3-cü bəndinin tələbinə uyğun olaraq müavinət hesablanmalı və verilməli idi. Yəni, işləməyib bir dəfəlik alacağı pulu, 9 həftə işləyib almış kimi ona yalnış fikirlər deyirlər. Qanunvericilikdə belə bir gülünc tələb olması mümkün deyildir. Qanunvericiliyin tələbində xəbərdarlıq müddətində aldığı əmək haqqının müavinətlə əvəz olunması kimi tələb yoxdur. Belə olduğu halda o, 9 həftə hər gün 8 saat işləyib müavinət almaqdansa, həmin günləri işləməyib müavinəti birdəfəlik alaraq işdən azad olunardı. İşləmişdirsə əmək haqqı alıb və işdən azad olunarkən də müavinətini almalı idi. Ona təqdim edilmiş xəbərdarlıq məktubunda da əmək haqqı deyil, 9 həftəlik xəbərdarlıq müddətində işə getdiyi halda müavinət alacağı bildirilməmiş, əksinə həmin müddətdə əmək haqqı saxlanılmaqla əmək funksiyasını icra etmək hüququ olduğu, yazılı razılığı olduğu halda isə müddəti gözləmədən müqaviləyə xitam verərək müavinət ala biləcəyi bildirilmişdir. Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil məhkəməyə etiraz təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında 26.07.2008-ci il tarixdə əmək müqaviləsi bağlanmış və uçotçu kimi işə götürülmüşdür. 17.03.2021-ci il tarixində qanunvericiliyin tələbləri gözlənilməklə onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxan gün ona ödənilməli son haqq-hesab məbləği hesablanmış və ödəniş edilmişdir. İxtisar ilə bağlı işdənçıxma müavinətinin ödənişi işə bank hesablarında yaranan problem ilə əlaqədar olaraq, qanunvericiliyin tələblərinə əsasən işçi işdən çıxarkən ona çatacaq bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün işçiyə verilməli olduğundan nağd olaraq kassadan verilmişdir. Son haqq-hesab olaraq qalıq məzuniyyət üçün kompensasiya, iş günlərinə mütənasib əmək haqqı və işdən çıxma müavinəti ödənilmişdir. İddiaçının iddia tələbi işdənçıxma müavinətinin ödənilməsi və həmin məbləğin gecikdirdiyi hər gün üçün 1%-i həcmində dəbbə pulunun ödənilməsidir. Yuxarıda qeyd edilən məlumatlara və tələb edilən məbləğin ödənilməsini təsdiq edən sənəddən göründüyü kimi iddiaçının iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, məbləğin ödənilməsini təsdiq edən kassa məxaric qəbzində İddiaçı həmin məbləği alması barədə imzası mövcuddur. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddianı qəbul etmədiyini bildirdi və məhkəməyə təqdim etdiyi etirazın məzmununa uyğun izahat verərərk iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, Cavabdeh MMC ilə cavabdeh arasında 25.07.2008-ci ildən əmək müqaviləsi bağlanmış və uçotçu kimi işə götürülmüş, 17.03.2021-ci il tarixdə qanunvericiliyin tələblərinə uyğun cavabdehlə şirkət arasında bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən çıxan gün ona ödənilməli son haqq-hesab məbləği hesablanmış və ödəniş edilmişdir. İddiaçıya son haqq-hesab olaraq qalıq məzuniyyət üçün kompensasiya, iş günlərinə mütənasib əmək haqqı və işdən çıxma müavinəti ödənilmişdir. İddiaçının aylıq əmək haqqı 338-350 manat olmuş, əlavə mükafatlarda verilmiş və iddiaçıya verilmiş mükafatlarda nəzərə alınmaqla son haqq-hesab hesablanmış və verilmişdir. Bank hesabından 1271 manat və kassadan 776 manat iddiaçıya pul ödənilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbini Mingəçevir şəhərində yaşaması, yolun uzaq olması ilə əlaqələndirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bundan əlavə 21.02.2022-ci il tarixdə onunla telefon əlaqəsi saxlanılmış, tərəfindən işə yeni düzəldiyi üçün işdən icazə ala bilmədiyini, yolun uzaqda olduğunu və məhkəmə iclasına gələ bilməyəcəyini qeyd etmiş və işə baxılmasını xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 09.06.2021-ci il tarixli 17.03.2021-ci il tarixli, 66/K nömrəli Əmrdən çıxarışdan görünür ki, İddiaçı Cavabdeh MMC-nin Logistika Departamenti Ticari mal anbarı Uçot əməliyyatları bölməsinin Qaytarma əməliyyatları üzrə aparıcı mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17.03.2021ci il tarixdə xitam verilməsi, İddiaçı 25.07.2008-ci il tarixdən 17.03.2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 25 təqvim günü pul əvəzi və cari ay üzrə işlədiyi günlərin əmək haqqısının ödənilməsi, Əmək Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş “orta əmək haqqından az olmamaqla işdənçıxma müavinəti”, Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələblərinə uyğun olaraq 9 təqvim həftəsi xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqının 2 mislinin ödənilməsi nəzərdə tutulmuşdur. - 25.07.2008-ci il tarixli Əmək Müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh MMC-də uçotçu olaraq işə düzəlmiş, müqavilə müddətsiz bağlanmışdır. - ******* nömrəli Əmək Kitabçasının surətindən görünür ki, İddiaçı 25.07.2008-ci il tarixdə işə düzəlmiş, 17.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuşdur. Əmək kitabçası 25.07.2008-ci il tarixdə doldurulmuşdur. İddiaçı əmək kitabçasını 06.04.2021-ci il tarixdə təhvil almışdır. - 17.03.2021-ci il tarixli, **********0387 nömrəli kassa məxaric orderindən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən 1271 manat məbləğində ödəniş edilmiş, İddiaçı orderə imza çəkərək vəsaiti təhvil almışdır. - Cavabdeh MMC tərəfindən hazırlanmış “2021-ci ilin mart ayı üçün hesablanmış əmək haqqı cədvəli”ndən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən 13 günlük əmək haqqı olaraq 349.76 manat, işdənçıxma müavinəti olaraq 1271 manat və məzuniyyət pulu olaraq 464.65 manat olmaqla, ümumilikdə 2005,74 manat ödəniş edilmişdir. - 07.05.2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı hesabına 776,73 manat ödəniş olunmuşdur. - Cavabdeh MMC-nin arayışından görünür ki, İddiaçı 2020-ci ilin mart ayından 2021-ci il fevral ayına kimi cəmi 5639,58 manat ödənilməsi nəzərdə tutulmuşdur. - Cavabdeh MMC tərəfindən İddiaçı ünvanlanmış 13.01.2021-ci il tarixli, İR-342975 saylı xəbərdarlıq məktubundan görünür ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilməsi zərurəti yaranması, Əmək Məcəlləsinin 77-ci maddəsinin 1 hissəsinə əsasən, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə uyğun müəyyən olunan əmək stajından asılı olaraq 9 həftəlik xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqısı saxlanılmaqla, iş axtarmağa imkan yaradılması məqsədi ilə o, bir iş günü əmək funksiyamın icrasından azad ediləcəyi, Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, xəbərdarlıq müddətini gözləmədən yazılı razılığı əsasında orta əmək haqqının 2 misli birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi ilə bağlı xəbərdar edilmiş və tutduğu vəzifəyə bərabər, ixtisası üzrə mülkiyyətlərində vakant vəzifə mövcud olmadığı üçün ona təklif edə bilmədikləri, gələcəkdə ehtiyac yaranarsa ona məlumat veriləcəyi qeyd edilmişdir. - 09.12.2021-ci il tarixli 2021-001618 nömrəli “X1 İştirak Edilməməsi barədə” Arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sesiyasında iştirak etmiş, lakin tərəflər X1n sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Veysəloğlu” MMC ilə İddiaçı arasında 26.07.2008-ci il tarixdə əmək müqaviləsi bağlanmış, həmin ildən müxtəlif vəzifələrdə işləmiş və sonuncu dəfə o, Logistika Departamenti Ticari mal anbarı Uçot əməliyyatları bölməsinin Qaytarma əməliyyatları üzrə aparıcı mütəxəssisi işləmişdir. Cavabdeh MMC ona 13.01.2021-ci il tarixli, İR-342975 saylı xəbərdarlıq məktubu göndərmiş və həmin məktubda işlədiyi ştatın ixtisar olunması ilə qanunvericilikdə nəzərdə tutulmuş 9 həftəlik xəbərdarlıq müddəti ərzində əmək haqqısı saxlanılmaqla, hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyamın icrasından azad edilməyi barədə ona xəbərdarlıq olunmuşdur. Məktubda daha sonra Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü bəndinə əsasən, 9 həftəlik xəbərdarlıq müddətini gözləmədən yazılı razılığı əsasında orta əmək haqqının 2 misli birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi də qeyd edilmişdir. ******* nömrəli Əmək Kitabçasından görünür ki, 17.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuş və İddiaçı əmək kitabçasını 06.04.2021-ci il tarixdə təhvil almışdır. 17.03.2021-ci il tarixli, 66/K nömrəli Əmrdən çıxarışa əsasən, İddiaçı Cavabdeh MMC-nin Logistika Departamenti Ticari mal anbarı Uçot əməliyyatları bölməsinin Qaytarma əməliyyatları üzrə aparıcı mütəxəssisi ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən 17.03.2021-ci il tarixdə xitam verilməsi, İddiaçı 25.07.2008-ci il tarixdən 17.03.2021-ci il tarixədək olan iş dövrü üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 25 təqvim günü pul əvəzi və cari ay üzrə işlədiyi günlərin əmək haqqısının ödənilməsi, Əmək Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş “orta əmək haqqından az olmamaqla işdənçıxma müavinəti”, Əmək Məcəlləsinin 77.3-cü maddəsinin tələblərinə uyğun olaraq 9 təqvim həftəsi xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqının 2 mislinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC tərəfindən hazırlanmış “2021-ci ilin mart ayı üçün hesablanmış əmək haqqı cədvəli”ndən görünür ki, İddiaçı Cavabdeh MMC tərəfindən 13 günlük əmək haqqı olaraq 349,76 manat, işdənçıxma müavinəti olaraq 1271 manat və məzuniyyət pulu olaraq 464,65 manat olmaqla, ümumilikdə 2005,74 manat ödəniş edilmişdir. 07.05.2021-ci il tarixli qəbzə əsasən isə İddiaçı hesabına 776,73 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi müddətində rəsmi xəbərdar edilməlidir. 77.2-ci maddəsinə əsasən xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.3-cü maddəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq on ildən çox əmək stajı olduqda- orta aylıq əmək haqqının azı iki misli miqdarında məbləğdə işdənçıxarma müavinəti ödənilir. 77.4-cü maddəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Məhkəmə İddiaçı “Veysəloğlu MMC-dən işdənçıxarma müavinətinin və həmin məbləği gecikdirdiyi hər gün üçün hesablanmış 1 faiz məbləğində dəbbə pulunun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” tələbi ilə bağlı bildirir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi cavabdeh təşkilat tərəfindən əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə əsasən onunla 26.07.2008-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanılmış, o cavabdeh təşkilatda müxtəlif vəzifələrdə işləmiş, Cavabdeh MMC tərəfindən 13.01.2021-ci il tarixli, İR-342975 saylı xəbərdarlıq məktubu göndərmiş və həmin məktubda işlədiyi ştatın ixtisar olunması ilə qanunvericilikdə nəzərdə tutulmuş 9 həftəlik xəbərdarlıq müddəti ərzində əmək haqqısı saxlanılmaqla, hər iş həftəsində iş axtarmağa imkan yaradılması məqsədi ilə bir iş günü əmək funksiyamın icrasından azad edilməyi barədə xəbərdarlıq olunmuşdur. Məktubda daha sonra 9 həftəlik xəbərdarlıq müddətini gözləmədən yazılı razılığı əsasında orta əmək haqqının 2 misli birdəfəyə ödənilməklə əmək müqaviləsinə xitam verilə biləcəyi də qeyd edilmişdir. Buna baxmayaraq, idddiaçı həmin müddət ərzində işə gəlməyə davam etmişdir. Daha sonra İddiaçı 17.03.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən işdən azad olunmuş, bu barədə 17.03.2021-ci il tarixdə müvafiq elektron bildiriş qeydə alınmışdır. 17.03.2021-ci il tarixli, 66/K nömrəli Əmrdən çıxarış ilə İddiaçı Əmək Məcəlləsinin 77.3-cü maddəsində nəzərdə tutulmuş “orta əmək haqqından az olmamaqla işdənçıxma müavinəti” və həmin maddəyə uyğun olaraq 9 təqvim həftəsi xəbərdarlıq müddəti ərzində orta aylıq əmək haqının 2 mislinin ödənilməsi nəzərdə tutulmuşdur. Cavabdeh MMC tərəfindən hazırlanmış “2021-ci ilin mart ayı üçün hesablanmış əmək haqqı cədvəli”nə və 07.05.2021-ci il tarixli qəbzə əsasən İddiaçı Cavabdeh MMC tərəfindən son haqq-hesab olaraq qalıq məzuniyyət üçün kompensasiya pulu olaraq 464,65 manat, iş günlərinə mütənasib əmək haqqı olaraq 349,76 manat və işdən çıxma müavinəti olaraq 1271 manat və kassadan 776,73 manat ödəniş olunmuşdur. İddiaçı əmək kitabçasını 06.04.2021-ci il tarixdə təhvil almışdır. Göründüyü kimi işdənçıxarma müavinəti cavabdeh təşkilat tərəfindən vaxtında ödənilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “Cavabdeh MMC-dən işdənçıxarma müavinətinin və həmin məbləği gecikdirdiyi hər gün üçün hesablanmış 1 faiz məbləğində dəbbə pulunun və 50 manat məbləğində mediasiyaya ödənilmiş pulun Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə -iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdeh “Veysəloğlu MMC-dən işdənçıxarma müavinətinin və həmin məbləği gecikdirdiyi hər gün üçün hesablanmış 1 faiz məbləğində dəbbə pulunun və 50 manat məbləğində mediasiyaya ödənilmiş pulun Cavabdeh MMCdən tutularaq ona ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar