Məhkəmə qərarları › İş №e-2(007)-598/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-598/2025

19.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-598/2025 19.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdeh nümayəndəsi X6 və vəkili-nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin ləğvi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, 60 manat məbləğində ilkin mediasiya sessiyası xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

2. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin/əmrlərinin (018K və 03/İT saylı) ləğvi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, 60 manat məbləğində ilkin mediasiya sessiyası xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC xx.xx.2024-cü il tarixdə 018K və ya 03/İT saylı əmrlə İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (72-ci maddənin “e” bəndində sadalanan hallar, habelə 186-cı maddənin 2-ci hissəsi) vəzifəsindən azad edilmişdir. Əmrin/əmrlərin nüsxəsi çoxsaylı müraciətlərindən sonra nəhayət ki, sonuncu məhkəmə iclası zamanı (24 yanvar 2025-ci il) onlara təqdim olunmuşdur. Cavabdehin nümayəndəsi bunu onunla izah etməyə çalışdı ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə 12 avqust 2024-cü il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə yerləşdirilmişdir. Lakin İddiaçı həmin sistemdə qeydiyyatdan keçməyib. Sonuncu məhkəmə iclasından sonra qeydiyyatdan keçsə də əmri tapa bilməyib. Hər bir halda Məcəlləyə edilmiş dəyişiklik, o cümlədən 83-cü maddəsinin aşağıdakı məzmunlu 2-ci bəndidir: “Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir”. İddiaçı ilə əmək müqaviləsi elektron sənəd formasında bağlanmayıb, buna görə də əmrin elektron informasiya sistemində yerləşdirilibyerləşdirilməməsindən asılı olmayaraq ona təqdim olunmalı idi (Məcəllənin 83-cü maddəsinin 3-cü bəndinin norması qanunun analogiyası üzrə tətbiq olunmalıdır). Hər bir halda sual yaranır ki, niyə indiyədək cavabdeh bu mövqeyini iddiaçının göndərdiyi müraciətlərə cavab olaraq bildirməmişdir? O cümlədən mediasiya əsnasında da bildirməmişdir. Haqlı və vicdanlı tərəf, özü də əmək münasibətləri üzrə birmənalı olaraq daha güclü olan tərəf (işəgötürən) belə davranmamalıdır. Bu cür davranış suçluluq əlamətidir. Onlar təsadüfən yuxarıda iki əmrin olduğunu qeyd etmədilər. Belə ki, cavabdeh məhkəmədə iki əmr təqdim etdi. Hər ikisi 30 avqust 2024-cü il tarixlidir, lakin biri 018K, digəri isə 03/İT saylıdır. Mətnlər də fərqlidir. Birinci əmək müqaviləsinə xitam verilməsi, ikinci isə intizam tənbehinin verilməsi haqqındadır. Birincidə Əmək Məcəlləsinin 72-ci maddəsinin “e” bəndində sadalanan hallara, ikincisində isə 186-cı maddənin 2-ci hissəsinə istinad edilir. Bir sözlə, cavabdeh heç normal əmr tərtib edib ortalığa çıxara bilmir, amma onlardan onu haradansa axtarıb tapmalarını istəyir. İddiaçı hansı əmrlə işdən çıxarılıb? Cavabdeh əvvəlcə bu suala cavab versin. Hər bir halda əmrdə/əmrlərdə göstərilənləri tamamilə əsassız və qanunsuz hesab edirlər. Əmrlərdə qeyd olunur ki, guya iddiaçı əmək fəaliyyəti zamanı kobud səhvlərə yol vermiş, hüquq pozuntuları nəticəsində cavabdehin qanuni mənafeyinə ciddi xələl gətirmişdir və cavabdehin “Maraqların toqquşması və X9 siyasəti”nin və “Nizam-intizam proseduru”nun hansısa (hansı?) tələblərini pozmuşdur. Təbii ki, uydurmadır və həqiqətə uyğun deyil. Hər iki əmrin əsası kimi İntizam Komissiyasının 29 avqust 2024-cü il tarixli qərarına istinad edilir. Sözügedən Komissiya 5 nəfərdən ibarət olmaqla 22 avqust 2024-cü il tarixli 010 saylı əmrlə yaradılmışdır. Qanunvericilikdə “intizam komissiyası” bir Milli Məclisdə var, bir də Vəkillər Kollegiyasında, amma onlar da daimi əsaslarla fəaliyyət göstərir. Cavabdeh isə sırf iddiaçıya münasibətdə belə komissiya yaratmışdır (lap Heydər Əliyevin 1991-ci ildə Milli Məclisdə onun barəsində komissiya yaratmaq istəyənlərə: “Nə komissiya yaratmaq istəyirsiz? Ayıb deyilmi sizə?” xitabı yada düşür). Nə isə, öz işidir. Bu Komissiyaya tapşırılıb ki, "xxxx" MMC-nin 22 avqust 2024-cü il tarixli (yəni elə Komissiyanın yaradıldığı gündə: normal əmr tərtib edə bilməsələr də, yaman cəld işləyirlər, hesabatla dərhal tanış olub tez-tələsik Komissiya da yaradıblar) hesabatını araşdırsın. Bu Komissiya da 5 üzvündən dördünün imzası ilə 29 avqust 2024-cü il tarixli qərarında göstərmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi məqsədəmüvafiqdir. Həmin qərarda heç bir əsaslandırma-filan yoxdur. Buna görə də iddiaçının işdən azad olunmasının səbəblərini bilmək üçün "xxxx" MMC-nin 22 avqust 2024-cü il tarixli hesabatına da baxmaq lazım gəlir. Düzdür, cavabdeh həmin hesabatı məhkəməyə əlavələrsiz (8-ci səhifədə adları çəkilir) təqdim etmişdir. Həmin əlavələr də şəxsiyyət vəsiqələri və iddiaçı da daxil olmaqla bir sıra şəxsin “iltizam”ından ibarətdir. Bu "xxxx" MMC hansı savad və bilik sahibidir bilinmir, lakin diqqətə çatdırır ki, ərəb mənşəli “iltizam” sözünün mənası budur: “Bir işin yerinə yetirilməsini lazım bilmə, özü üçün borc hesab etmə, boynuna götürmə, öhdəsinə götürmə” (“Azərbaycan dilinin izahlı lüğəti”, İİ cild, Bakı: Şərq-Qərb, 2006, səhifə 535). Hesabatın mətni ilə tanış olduqda görünür ki, həmin şəxslər heç bir iltizam-zad verməyiblər, izahat veriblər. Amma nə etmək olar, iddiaçının maraqları naminə izahatla iltizamın fərqini bilməyən audit hesabatını oxumaq və şərh etmək zorundadırlar. Hələ onu demir ki, “Audit xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “audit – əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır”. Təqdim edilən hesabatda onlar bu cür yoxlamanın izini belə görmədilər. Əvəzində bir neçə şəxslə söhbətlərin xülasəsini gördülər. Bu heç özəl detektiv araşdırması da deyil, o da ola istintaq-filan. Sadəcə söhbətlərin xülasəsidir. Yəni bu işi görmək üçün xüsusi biliklərə, o cümlədən auditor lisenziyasına malik olmaq lazım deyil. Cavabdehin hüquq və ya təhlükəsizlik bölməsi də bunu edə bilərdi. Hətta istənilən jurnalist də bunu edə bilərdi. "xxxx" MMC-nin nizamnamə kapitalı cəmi 10 manat olduğu üçün başa düşülən qədər əlinə düşən istənilən sifarişi canla-başla icra edib pul qazanır və sifarişçiyə lazım olan nəticəni hesabatında təsbit edir. Belə ki, hesabatdan görünür ki, iddiaçı orada qeyd olunmuş hal və suallara tam və dolğun münasibət bildirmiş, qaldırılan məsələlərin cəfəngiyat olduğunu sübut etmişdir (məsələn, haqlı suallar qoymuşdur ki, üstündən xeyli zaman ötmüş hallar üçün niyə kiməsə “şirinlik” verməli idi axı? özü də iddiaçının bunun sayəsində nə əldə etməsi naməlumdur, çünki bütün fəaliyyəti və nəticələr qanuni və cavabdehin maraqları naminə olub, əksinə dair heç bir arqument yoxdur). Lakin "xxxx" MMC iddiaçının arqumentlərini təhlil etməyə heç cəhd də etməyərək sırf digər şəxslərin sözünü rəhbər tutaraq dedi-qodu üslubunda nəticəyə gəlmişdir. Hesabatdan o, da bəlli olmur ki, cavabdehin işçiləri özlərini sanki özəl detektiv və ya xüsusi xidmət orqanlarının əməkdaşları kimi apararaq (yəqin, bu sahədə filmələrə çox baxırlar) guya iddiaçının həmkarına göstərişlər veriblər ki, nə bilim, pulu al, onu aktlaşdırıblar və s. və i.a., lakin niyə auditin keçirilməsi barədə qərarı bundan bir neçə ay sonra veriblər. Nəyi gözləyirdilər ki? Odur ki, cavabdeh və ya onun əvəzinə "xxxx" MMC məhkəməyə gəlib izah (izah, iltizam yox!) versin görək ki, iddiaçı nəyi düz etməyib, hansı əməli ilə cavabdehə zərər vurub və buna görə niyə kiməsə “şirinlik” verməyə məcbur olub. Ümid edir ki, ciddi izah olacaq, daha uşaq baxçası və məhəllə qarılarının söhbətləri səviyyəsində yox! Audit hesabatının sonuncu cümləsi çox maraqlıdır: “Məsul şəxslərin verdiyi iltizamlar bir-biri ilə ziddiyyət təşkil etdiyindən X12 tərəfindən də araşdırılması məqsədəmüvafiq olardı”. Yəni burada "xxxx" MMC etiraf edir ki, etdiyi söhbətlərin nəticəsi birmənalı deyil, ziddiyyətlidir. Düzdür, ziddiyyətlərin nədən ibarət olmasını təhlil etmir. Necə ki, yekun nəticəsi də heç bir analizə söykənmir. Bununla belə özünü sığortalamaq üçün sonda sanki tövsiyə verib. Cavabdeh bu tövsiyəni yalnız 22 yanvar 2025-ci il tarixdə qəbul edərək Baş Prokurora müraciət edib (növbəti cəfəng arqumentlərlə) və bunun əsasında hazırki məhkəmə icraatını da dayandırmaq istəyir. Halbuki, Mülki Prosessual Məcəllənin 18-ci fəslində (“İş üzrə icraatın dayandırılması”) hüquq-mühafizə orqanına müraciətin edilməsi məhkəmə işi üzrə icraatın dayandırılması əsası deyil. Lakin cavabdehin bu cür davranışı əsas mətləbdən xəbər verir: haqsızdır, buna görə də bu məhkəmə icraatının gedişatına mane olmaq istəyir. Yekunda onu da qeyd edir ki, cavabdeh Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndini də pozmuşdur. Həmin bəndə görə intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İddiaçıdan belə izahat tələb edilməmişdir (əksinə dair cavabdehin sübutu da yoxdur, əmrlərində də bu barədə heç deyilmir). Təbii ki, "xxxx" MMC-yə verilmiş “iltizam” izahat deyil. Ən azı ona görə ki, işəgötürən tərəfindən tələb olunmayıb və ən əsası bilavasitə əmrdən öncə tələb olunmayıb, hansısa audit üçün alınıb. Buna görə də əmr/əmrlər ləğv olunmalı, İddiaçı vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün əmək haqqı ona ödənilməlidir.

Tərəflərin izahatları:

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, sınaq 2023-cü ilin may ayında olub o, isə Mirzə Soltanova 1500 manat pulu 2023-cü il noyabr ayında şirinlik kimi nəticələri yaxşı olduğu üçün verib. Mirzə Soltanovdan heç bir qanunsuz hərəkət yaxud, nəticələrə müdaxilə etməsini istəməmişdir. Soltanov Mirzənin imkanı çox da yaxşı olmadığı üçün, maaşının az olduğunu, oğlunun əsgər olduğunu deyib gileyləndiyi üçün, tam təmənnasız öz şəxsi vəsaitindən şirnlik kimi vermişdi. Əslində Mirzə faktiki olaraq nəticəni dəyişə də bilməzdi çünki, gündəlik baytar həkimlər də nəzarət edirdilər və hər axşam hesabat göndərilirdi. Heç bir qanunsuz hərəkət etmədiyi üçün iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh MMC işdən çıxarılma əmrini bilərəkdən qəsdən iddiaçıya vermirdilər. “Sima” Elektron İmza proqramı ilə qeydiyyatdan keçəndən sonra da onlar əmri görmədilər. İddiaçı Texnologiya şöbəsinin müdiridi işləyirdi və cücə yemini sınaqdan kecirirdi. Sınaq 20 gün ərzində olur. 2023-cü ilin may ayında sınaq olub. Mirzə Soltanova 1500 manat 2023-cü il noyabr ayında vermişdir. Soltanov Mirzə sahə rəisi idi. Keçirilmiş test nəticələri Balakən yem zavodu ilə eyni olub. Həmçinin Mirzəyə pul verəndən sonra iddiaçı yenə testdə iştirak edib və nəticə yenə də yaxşı olub. İddiaçı mediassiya təşkilatına müraciət edəndən sonra audit keçirilib. İntizam komissiyasının rəyi iclasda qəbul olunmayıb. İclas keçirilməyib formal olaraq guya sənədlər əsasında qərar verilir. Nizam-İntizam prosedurunun 6.2.6-cı bəndinə əsasən qərarlar səs çoxluğu ilə qəbul edilir. İddiaçı şirkət tərəfindən heç izahatı alınmayıb. Yalnız audit tərəfindən izahat alınıb. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən şirkət iddiaçıdan izahat almalı idi. Daha sonra şirkətin nümayəndəsi Ceyhunun şirkətə 2 milyon ziyan vurduğunu bildirir, lakin alqısatqı müqaviləsi iki şirkət arasında bağlanılır və satınalma şöbəsi tərəfindən araşdırılır və nəzarət olunur yəni İddiaçı xammalı öz başına almır. Bundan başqa şirkət Fərzəliyev tərəfindən 2 milyon ziyan vurulduğunu hesab edirsə niyə işdən çıxarılan vaxt X12na müraciət etməyib? yalnız iddiaçı məhkəməyə müraciət edəndən sonra xx.xx.2025-ci ildə Baş Prokurorluğa müraciət edib. Cavabdeh əmək qanunvericiliyinin daha bir tələbini də pozub iddiaçı barədə xx.xx.2024-cü ildə iki əmr qəbul olunub intizam tənbehinin verilməsi və əmək müqaviləsinə xitam verilməsi barədə. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X14 bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddiaçının işdən çıxarılması Cavabdeh direktorunun 22 avqust 2024-cü il tarixli təqdimatı əsasında olub. İcraçı direktor X16 Tağıyevə təqdimat verib. İntizam Komissiyası yaradılıb və komissiyada şəxsin əməlində qanun pozuntuları aşkar olundu və şirkətin tələblərinin pozulmasına gətirib çıxardı. Quş və iribuynuzlular üçün yemlər hazırlanır. İddiaçı həmin rasionların hazırlanmasında bir başa səlahiyyətli şəxs olub. Həmin sınaqların həyata keçirilməsinə nəzarəti Mirzə Soltanov edir. Ona dəfələrlə iddiaçı tərəfdən “şirinlik” təklif olunmuşdur və o, qəbul etməmişdir. Sonra yenə təklif olunanda 1500 manatı qəbul etmişdir və bu barədə xəbərdar etmiş və bir daha belə hal təklif olunduğu halda isə qəbul etməməsi tapşırmışdır. 2022-ci il tarixdə iddiaçıya yaxın qohum və tanışlarından digər şirkətlərdə işləyən varmı deyə sual veriləndə yox demişdir. Lakin müəyyən olunmuşdur ki, "xxxx" MMC və "xxxx" MMC Ceyhuna yaxın adamlarındır. İddiaçı maraqların toqquşmasına səbəb olmuş və nizam-intizam qaydalarını pozmuşdur. Xammalın alışı iddiaçıya həvalə olunmuşdur. O, isə tanışlarının çalışdığı yerlərdən xammal almışdır. Müqayisə olunub, başqa şirkətlərdən daha keyfiyyətli və ucuz xammal ala bilərdilər. Bu səbəbdən şirkətə ******* manat ziyan vurulub. İntizam komissiyasının iclası keçirilməyib sənədlər əsasında qərar qəbul olunmuşdur. İddiaçı izahatı audit tərəfindən alınıb və şirkət onunla kifayətlənib. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməməsini xahiş etdi.

7. Cavabdeh vəkili və nümayəndəsi X1 Zaur İsmayıl oğlunun izahatına uyğun izahat verdi və iddia tələbinin təmin edilməməsini xahiş etdi.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, orada işçilərə və quşun böyüməsinə, yemin gəlməsinə, yemin vaxtlı-vaxtında verilməsinə, quşların çəkilməsinə nəzarət edir. Quşlara yemləri fəhlələr verirlər. Balakən yemi Qoca müəllim tərəfindən, Ağdaş yemi isə Ceyhun müəllim tərəfindən istehsal olunurdu. xx.xx.2024-cü ildə audit yoxlaması aparılıb. Ceyhunla olan söhbəti onlara danışdı, onlar bu söhbəti qeydə alıb iltizamı özləri yazılı şəkildə tərtib edib, imza etmək üçün ona təqdim etdilər. Həmin iltizamı o, imzalamışdır. Ceyhun 2024-cü ilin may ayında ona 1500 manat məbləğində pul vermişdir. Ceyhun pulu bir neçə dəfə təklif etdikdən sonra qəbul etmişdir. Pul ona 2024-cü ilin iyun-iyul aylarında təklif olunub. Ceyhunun ona pul təklif etməsini Ruhin müəllimə bildirmişdir. Ruhin müəllim isə bu məsələni bildikdə, Murad müəllimə və Vüsal müəllimə bildirəcəyini demişdi. Sonradan Ruhin müəllim ona dedi ki, “pulu götür, rəhbərlik icazə verib və məlumatı var”. O da təklif olunan pulu götürdü. Test nəticəsi yaxşı olduğuna görə ona pul təklif etdi. Testdən qabaq heç bir pul təklif olunmayıb. Pul şirinlik kimi verilib rüşvət kimi yox. Nəticəyə təsir etmək dəyişmək kimi bir söz deməyib heç vaxt. Pulu təklif edəndə ikisi olub. Amma ona deməyib ki, heç kim bilməsin. Heç təklif olunan məbləğin nə qədər olduğunu da bilmirdi. Ceyhun pulu təklif edəndə o, bildirib ki, ən çox fəhlələr əziyyət çəkir onlara versin. Ceyhun da ona bildirmişdir ki, pulu ona verir o, da kimə istəyirsə versin. Bundan başqa da test yoxlamaları olub. Onların da nəticələri yaxşı çıxmışdır.

İş materialları:

9. “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə 22 noyabr 2024-cü il tarixli, MŞB/MT015/2024-0362/01 nömrəli arayışdan görünür ki, hər iki tərəf 22 noyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etsə də mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İddiaçı vəkili və nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir.

10. Mediasiya prosesinin tətbiqi barədə təklifdən görünür ki, Cavabdeh MMC-yə 07 oktyabr 2024-cü il tarixdə təklif göndərilmişdir.

11. 0508339 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2013-cü il tarixdə "xxxx" ASC-yə istehsalat departamentinə aparıcı zootexnik vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixdə quş əti istehsalı departamentinin Hövsan broyler yetişdirmə sahəsinə rəis vəzifəsinə keçirilmişdir. 30 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.

12. 30 avqust 2024-cü il tarixli 018K saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrdə əsas: İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı və İntizam tənbehinin verilməsi haqqında 03/İT nömrəli əmr.

13. 22 avqust 2024-cü il tarixli 010 saylı əmrin surətindən görünür ki, intizam komissiyası yaradılmışdır. Əmr edilmişdir ki, Komissiya Texnologiya şöbəsinin müdiri İddiaçı müəssisədə işlədiyi dövrün audit yoxlaması nəticəsində aşkarlanmış hərəkətlərinin qanunvericiliyin tələbləri, daxili qayda və prosedurları ilə uyğunluğunu və ya ziddiyyətini müəyyən etsin.

14. İntizam Komissiyasının 29 avqust 2024-cü il tarixli qərarından görünür ki, İddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin “ç” bəndi ilə müəyyən edilmiş intizam tənbehinin verilməsini və onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən 72-ci maddənin “e” bəndi ilə (əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi) xitam verilməsini məqsədə müvafiq hesab edilir.

15. 30 avqust 2024-cü il tarixli 03/İT saylı əmrin surətindən görünür ki, Cavabdeh MMC-nin texnologiya şöbəsinin müdiri İddiaçı Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək) intizam tənbehi verilərək onunla bağlanmış əmək müqaviləsi ləğv edilsin. Əsas intizam komissiyasının xx.xx.2024-cü il tarixli qərarı.

16. Cavabdeh MMC-nin icraçı direktoru X10 tərəfindən verilən təqdimatdan görünür ki, "xxxx" MMC tərəfindən texnologiya şöbəsinin müdiri İddiaçı müəssisədə işlədiyi dövrün audit yoxlaması nəticəsində aşkarlanmış faktlara baxılması üçün İntizam Komissiyasına müvafiq tapşırıq verilməsini xahiş etmişdir.

17. X4 iltizamından görünür ki, “Mən xx.xx.2023-cü il tarixdən hal hazırki dövrədək Cavabdeh MMC-nin Şabran rayonunda olan “Sınaq sexləri”ndə keyfiyyətə nəzarət şöbəsində sahə nəzarətçisi vəzifəsində işləyirəm. Mənim vəzifəmə aşağıdakılar daxildir. 1 günlük cücələri sexlərdə saxlanması məqsədi ilə qəbul edirəm. Həmin cücələr 30-40 gün müddətində saxlanılır və sonra isə şirkətin Bakıda yerləşən kəsim sexinə satış məqsədi ilə göndərilir. Quşların yetişdirmə sexində birinci 11 günlüyündə hər cücə üçün gündəlik yem rasionu İddiaçı tərəfindən tərtib edilərək operatorlara verilir. Operatorlar tərəfindən də, yem hazırlanır quşçuluq sexinə göndərilir. Mənim tərəfimdən də, ciddi hesabat blankı hesab edilən “Hazır məhsulların təhvil-qəbul aktı” ilə yemləri qəbul edirəm və sexlərə göndərirəm. Yemlər əsasən X20n gətirilir. X20 yem istehsalında istifadə olunan yem qatqı maddələrinin alışına dair daxili audit departamentinə daxil olan məlumat ilə bağlı həyata keçirilən araşdırmanın nəticələrini əks etdirən arayış təqdim edilmişdir. Arayışdan görünür ki, X20 istehsal olunan quş yemlərinin keyfiyyəti ilə Balakən yem zavodunda istehsal olunan quş yemlərinin keyfiyyətinin və rasyonlarının müqayisə edilməsi üçün 2023-cü ilin may ayında Şabran rayonunda yerləşən quş fermasında sınaq həyata keçirilmişdir. Sınağa nəzarət mənə həvalə edilmişdir. Sınaq yekunlaşdıqdan sonra hər iki zavoda aid yemlərin nəticələrinin çox yaxın (oxşar) olduğu müəyyən olunmuşdur. Daxili Audit komandasına daxil olan məlumata (Whistle blow) əsasən sınaq zamanı Ceyhun tərəfindən mənə 1500,00 manat pul vəsaiti verilmişdir və həmin məbləğin hələ də məndə olduğu qeyd edilmişdir. Daxil olan məlumatın düzgünlüyünü müəyyənləşdirmək və pul vəsaitlərini əldə etmək üçün auditorlar xx.xx.2024-cü il tarixində Şabran rayonuna səfər həyata keçirmiş, 1500,00 manat pul vəsaitini təhvil-təslim aktı ilə əldə edildiyi arayışda qeyd edilmişdir. Laboratoriya analizlərinin hər iki zavodda istehsal olunan yemlərin nəticələri oxşar olduğu üçün mənə İddiaçı tərəfindən minnətdarlıq bildirərək, öz əmək haqqından 1500,00 manat məbləğində şirinlik olaraq pul təklif etdi. Mən də, həmin pulu götürmədim və ona bildirdim ki, mənim buna ehtiyacım yoxdur, biz yoldaşıq, mən bunu qəbul edə bilmərəm. Onun tərəfindən dəfələrlə pul təklif olunsa da, mən qəbul etmədim. Bu məsələ ilə əlaqədar mən X20 istehsalat üzrə direktor müavini Ruhin Məmmədova telefonla bildirdim. O, mənə dediki pulu götürmə. Ruhin Məmmədov tərəfindən də, "xxxx" MMC-nin idarə heyətinin üzvü Əhmədov Murada bildirilmişdir. Əhmədov Murad tərəfindən də, Ruhin Məmmədova göstəriş verilmişdir ki, Mirzə Soltanov tərəfindən pul götürülməsin. Təxminən 10 gün sonra həmin təklif yenidən İddiaçı tərəfindən təkrar olundu. Mən yenidən Ruhin Məmmədova, Murad Əhmədova və Vüsal Qafarova telefonla zəng edərək məlumatlandırdım və onlara bildirdim ki, İddiaçı tərəfindən mənə pulun götürülməsini təklif edilir. Ruhin Məmmədov, Murad Əhmədov, Vüsal Qafarov mənə telefon danışığında hər üçü mənə təklif edilən İddiaçı tərəfindən 1500,00 manat məbləğində pulu qəbul et və özündə saxla. Mən də, təklifi qəbul etdim və pulu özümdə saxladım. Həmin 1500,00 manat məbləğində pul məndə təxminən 5-6 ay müddətində qaldı. Sonra isə Daxili auditin işçiləri Elçin Ələkbərli və Müslüm adlı şəxslərə 01 saylı xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı yazılaraq onlara təhvil verdim. Təhvil verdikdə mənim tərəfimdən, təhvil aldıqda isə Ələkbərli Elçin tərəfindən imzalarla təsdiq olunmuşdur. Həmçinin aktda (izahatda) qeyd edilən pul vəsaitlərinin sübut qismində təqdim edilməsi qeyd olunmuşdur.

18. 22 avqust 2024-cü il tarixli müstəqil auditor hesabatından görünür ki, audit xx.xx.2024-cü il tarixdə başladı xx.xx.2024-cü il tarixdə başa çatdı. Cavabdeh MMC-nin Keyfiyyətə Nəzarət şöbəsində sahə nəzarətçisi vəzifəsində işləyən X5 Cavabdeh MMC-də texnologiya şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı tərəfindən “şirinlik” adı ilə 1500,00 manat məbləğində nağd pul vəsaiti verilmişdir. Cavabdeh MMC-də Emal üzrə texnologiya şöbəsinin müdiri vəzifəsində işləyən İddiaçı iki halda 2300,00 manat məbləğində pul vəsaitini Cavabdeh MMC-nin Keyfiyyətə Nəzarət şöbəsində sahə nəzarətçisi vəzifəsində işləyən X5 öz şəxsi vəsaiti hesabına verdiyini qeyd etmişdir.

19. Maraqların toqquşması siyahısı və bəyan edilməsi formasından görünür ki, İddiaçı bildirmişdir ki, "xxxx" Şirkətinin əməkdaşları təkidlə mənimlə fabrik kənarında görüş təklif ediblər. Onları fabrikə dəvət etsəm də mənimlə kənarda görüşmək istədiklərini bildirdilər. Görüşdən imtina etmişəm”.

20. 23 may 2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC-nin Daxili Audit Departamenti tərəfindən X2 30 ədəd 50 AZN-lıq valyuta təhvil alınmışdır.

21. İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəlindən görünür ki, vəzifədən sui-istifadə, saxtakarlıq, dələduzluq, oğurluq, yalan şahidlik etmə, böhtan, rüşvət vermək və ya almaq, rüşvətə təhrik etmək, mənimsəmə və digər cinayət xarakterli əmələr törətmək nizam intizam xətasıdır.

22. 22.01.2025-ci il tarixli Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanan məktubdan görünür ki, İddiaçı cinayət məsuliyyətinə cəlb edilməsi və Cavabdeh MMC-yə vurulmuş 2233903.21 manat məbləğində ziyanın zərərçəkmişə ödənilməsi məsələsində köməklik göstərilməsi xahiş edilmişdir.

23. 18.08.2020-ci il tarixli Tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, Maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələri icra etməyə borcludur: Ona etibar edilmiş əmlakın maddi sərvətlərin və görüləcək işlərin tam qayğısına qalmalıdır, eyni zamanda, müəssisəyə heç bir səbəb üzündən ziyan vurmamalıdır və ziyankarlığa qarşı mübarizə aparmalıdır; İşəgötürənə öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi haqqında məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir; Ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və görüləcək işlərin dəqiq hesabatını aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib rəhbərliyə təqdim etməlidir. İnzibati hüquqpozmalar, cinayət, yaxud vergi qanunvericiliyi ilə cəza verilməsinə səbəb olan və işəgötürənə mənəvi ziyan vurma hallarına yol verilməməlidir.

İşin faktiki halları:

24. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdə emal üzrə texnoloq, xx.xx.2019-cu il tarixdə direktor müavini, xx.xx.2023-cü il tarixdə texnologiya şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. 30 avqust 2024-cü il tarixdə isə İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin/əmrlərinin (018K və 03/İT saylı) ləğvi, İddiaçı vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ona ödənilməsi, 60 manat məbləğində ilkin mediasiya xərcinin tutularaq ona ödənilməsini xahiş edir.

Tətbiq edilən hüquq:

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin:

42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda işəgötürən tərəfindən əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 132-ci maddəsinə əsasən məzuniyyət hüququ verən əmək stajı hesablanarkən əmək məzuniyyətinə hüquq verən əmək stajına işçinin faktik işlədiyi vaxt və qanunsuz və əsassız işdən çıxarılmaqla, yaxud başqa işə keçirilməklə əlaqədar işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü daxil edilir. 154-cü maddəsinə əsasən əmək haqqı-müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Bu maddənin ikinci hissəsində göstərilmiş intizam tənbehlərindən hər hansı biri tətbiq olunmadan işçiyə yazılı və ya şifahi qaydada xəbərdarlıq edilə bilər. Xəbərdarlıq intizam tənbehi sayılmır. 187-ci maddənin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 294.4-cü maddəsinə əsasən məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın çıxardığı qərar işçini və ya işəgötürəni qane etməzsə, həmin mübahisənin həlli üçün onlar məhkəməyə müraciət edə bilərlər. Bu halda məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərar qəbul etdiyi gündən başlanır.

26. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı:

Əmək mübahisələri ilə bağlı işlərin təhlili göstərir ki, işə bərpa, əmək haqqı və sair bu qəbildən olan mübahisələrlə bağlı iddiaçılar (işçilər) məhkəməyə müraciət etməzdən öncə, bir qayda olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinə (bundan sonra – X13 Xidməti) müraciət edirlər. Bu isə fərdi əmək mübahisələri zamanı qeyd edilən X13 Xidmətinin mübahisələrə məhkəməyə qədər baxan orqan kimi qəbul olunmasını şərtləndirir.

Məhkəmənin mövqeyi:

27. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

28. Göründüyü kimi İddiaçı xx.xx.2024-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmrlə işdən azad edildikdən sonra fərdi əmək mübahisəsinin həll edilməsi üçün məhkəməyə müraciət etmək məqsədi ilə mediasiya təşkilatına müraciət etmişdir. 07 oktyabr 2024-cü il tarixdə cavabdehə mediasiya sessiyasında iştirak etmək üçün təklif göndərilmişdir. 22 noyabr 2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əməl etməklə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən məhkəməyə müraciət etmək üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Belə ki, cavabdehin nümayəndəsi əmək müqaviləsinə xitam verilməsi barədə əmri yalnız məhkəmədə təqdim etdi.

29. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlil edərək qeyd edir ki, əmək münasibətləri sərbəst iradə ifadəsini özündə ehtiva edən əmək müqaviləsi bağlandıqdan sonra yaranır. Əmək müqaviləsinin şərtləri tərəflərin iradə ifadəsi ilə bağlansa da, əmək münasibətlərinin ləğv edilməsi üçün əmək qanunvericiliyində konkret əsaslar göstərilmişdir ki, yalnız həmin hallardan biri olduğu təqdirdə əmək münasibətlərinə xitam verilə bilər. Habelə qanunvericilikdə nəzərdə tutulmayan əsasla, Əmək Məcəlləsi ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. İddiaçı ilə cavabdeh arasında əmək münasibətlərinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir.

30. Məhkəmə iddia tələbinin Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli əmrinin/əmrlərinin (018K və 03/İT saylı) ləğvi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir.

31. Belə ki, hazırki işin hallarından müəyyən olunur ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə əsas kimi təqdim etdiyi sübutlar işin faktiki halları ilə uyğun gəlmir.

32. Göründüyü kimi 30 avqust 2024-cü il tarixli 018K saylı əmrin surətindən görünür ki, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmrin verilməsinə əsas: İntizam Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı və İntizam tənbehinin verilməsi haqqında 03/İT nömrəli əmr olmuşdur.

33. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, İddiaçı Əmək Məcəlləsinin ən ağır maddəsi ilə işdən azad olunmasına səbəb kimi müəssisədaxili qəbul olunmuş “Maraqların Toqquşması və X9 Siyasəti”nin 3.2-ci bəndində qeyd olunan əsasları və “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 32-ci bəndində qeyd olunan əsasları göstərmişdir.

34. Maraqların Toqquşması və X9 Siyasətinin 3.2-ci bəndində Şirkətdə maraq toqquşması halları kimi aşağıdakıları misal göstərmək olar: İşçinin müəyyən fəaliyyət zamanı şəxsi marağını Şirkətin marağından üstün tutması; İşçinin (və ya tətbiq oluna bilən yerlərdə qohum və ya yaxın şəxsi/dostluq münasibətləri olan şəxslərin) Şirkətdə öz mövqeyi səbəbilə məqsədəuyğun olmayan - Şirkət tərəfindən təqdim və ya təsdiq edilməyən maddi və ya başqa əhəmiyyətli mənfəət əldə etməsi; İşçinin özünə, qohumuna və ya yaxın şəxsi/dostluq münasibətdə olduğu digər şəxsə fayda gətirə biləcək qərarların qəbul edilməsi kimi Şirkətə təsiretmə fürsətindən istifadə olunması; İşçinin digər şəxs ilə mövcud maddi və ya digər marağının, əvvəlki və cari münasibətlərinin, qohumluq və ya dostluq əlaqələrinin, iş fəaliyyətinin Şirkətin qarşısındakı öhdəliklərini obyektiv, qərəzsiz yerinə yetirilməsinə mənfi təsir etməsi və s. qeyd olunmuşdur.

35. “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 32-ci bəndində vəzifədən sui-istifadə, saxtakarlıq, dələduzluq, oğurluq, yalan şahidlik etmə, böhtan, rüşvət vermək və ya almaq, rüşvətə təhrik etmək, mənimsəmə və digər cinayət xarakterli əməllər törətmək halları qeyd olunmuşdur.

36. Lakin məhkəmə iclasında nə Maraqların Toqquşması və X9 Siyasətinin 3.2-ci bəndində qeyd olunanlar nə də “İntizam xətaları və onlara görə verilən intizam tənbehləri haqqında təlimat cədvəli”nin 32-ci bəndində qeyd olunan səbəblər öz əksini tapmadı və cavadeh tərəfindən sübuta yetirilmədi.

37. Belə ki, məhkəmə iclasında dindirilmiş şahid X8 ifadəsində bildirdi ki, “testdən qabaq heç bir pul təklif olunmayıb. Pul şirinlik kimi verilib rüşvət kimi yox. Nəticəyə təsir etmək, dəyişmək kimi bir söz deməyib heç vaxt. Pulu təklif edəndə ikisi olub. Amma ona deməyib ki, heç kim bilməsin. Heç təklif olunan məbləğin nə qədər olduğunu da bilmirdi. Ceyhun pulu təklif edəndə o, bildirib ki, ən çox fəhlələr əziyyət çəkir, onlara versin. Ceyhun da ona bildirmişdir ki, pulu ona verir o, da kimə istəyirsə versin. Bundan başqa da test yoxlamaları olub. Onların da nəticələri yaxşı çıxmışdır.”

38. Həmçinin məhkəmə vurğulayır ki, İddiaçı X5 verdiyi pulu şirkətin yox, öz şəxsi vəsaitindən verib. Bundan başqa Fərzəliyev pulu Soltanova 2023-cü ilin noyabr ayında verib, halbuki nəticələr 2023-cü ilin may ayında açıqlanıb. Soltanov izahatında bildirdi ki, həmin pul 6 ay, yəni xx.xx.2024-cü ilə qədər auditə həhvil verilənədək onda qalıb. Hətta pul veriləndən sonra və rəhbərlik bunu bildiyi halda Fərzəliyevi başqa sınağa da cəlb ediblər. Hansı ki, şirkətin nümayəndəsi və şahid Soltanov həmin sınağın da nəticələrinin obyektiv heç bir kənar təsir olmadan yaxşı olduğunu etiraf etmişlər. Əgər şirkətin dedikləri kimi əsaslı şübhələri var idisə 2023-cü ilin noyabr ayından xx.xx.2024-cü ilə qədər audit keçirib X12na müraciət etmək imkanları var idi. Lakin şirkət iddiaçı məhkəməyə müraciət edəndən sonra məktubla Baş Prokurora müraciət etmişdir.

39. Bundan əlavə 22 avqust 2024-cü il tarixli 010 saylı əmr ilə intizam komissiyası yaradılmış və komissiyaya tapşırılmışdır ki, Texnologiya şöbəsinin müdiri İddiaçı müəssisədə işlədiyi dövrün audit yoxlaması nəticəsində aşkarlanmış hərəkətlərinin qanunvericiliyin tələbləri, daxili qayda və prosedurları ilə uyğunluğunu və ya ziddiyyətini müəyyən etsin. Həmçinin 22 avqust 2024-cü il tarixli müstəqil auditor hesabatı verilmişdir. Göründüyü kimi intizam komissiyasına auditor rəyinin yoxlanması tapşırılmışdır. Rəy isə MMC-də işləyən işçilərin izahatından ibarətdir. Rəyin qoşmasında iddiaçının iltizamı qeyd olunsa da rəyin özündə iddiaçının iltizamı qeyd olunmamışdır. Rəy özü ziddiyyətlidir. Belə ki, müstəqil audit yoxlaması nəticəsində iddiaçının fəaliyyətində hansı qanuna uyğun olmayan hərəkətlərə yolverilməsi açıq-aydın qeyd olunmamışdır. Sadəcə işçilərdən alınan izahat nəticəsində İddiaçı X5 “şirinlik” verməsi qənaətinə gəlmişdir.

40. İntizam komissiyasının qərarında İddiaçı qanunzazidd hərəkətinin nədən ibarət olması, bunun nə ilə sübut olunması halları heç bir şəkildə əsaslandırılmamışdır. Bununla bağlı faktlara iclasda baxıldığı İntizam Komissiyasının 29 avqust 2024-cü il tarixli qərarında qeyd olunmuşdur. Lakin iclas keçirilməmiş və iddiaçı həmin iclasda iştirak etməmişdir və bu halı məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraf etmişdi.

41. Həmçinin intizam tənbehi verilməmişdən əvvəl işəgötürən Əmək Məcəlləsinin 187-ci maddənin 1-ci bəndinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işçidən yazılı izahatın verilməsini tələb etməli idi. Hazırki halda iddiaçıya intizam tənbehi verilməmişdən əvvəl ondan izahat alınmamışdır.

42. Əlavə olaraq işin hallarından görünür ki, cavabdeh tərəfindən İddiaçı həm Əmək Məcəlləsinin 186-cı maddənin 2-ci hissəsinin “ç” bəndinə əsasən (əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək) intizam tənbehi verilmiş, həm də Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir.

43. Məhkəmə hesab edir ki, cavabdeh əmək müqaviləsinin ləğv edilməsinin rəsmiləşdirməsində yanlışlığa yol vermişdi. Belə ki, hər iki maddə ilə yox bir maddə ilə əmək müqaviləsinə xitam verilməli idi. Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işçi əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər .

44. Yuxarıda qeyd olunan hallar arasında ziddiyyətli məqamlar mövcuddur. bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 018K və 03/İT saylı əmrləri əsassız və qanuna zidd olduğundan ləğv olunmalıdır.

45. Məhkəmə iddia tələbinin “iddiaçının əvvəlki vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

46. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli 018K və 03/İT saylı əmrlər ləğv edildiyindən İddiaçı “texnologiya şöbəsinin müdiri” vəzifəsinə bərpa olunmalıdır.

47. Məhkəmə iddia tələbinin “məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir.

48. Beləliklə Cavabdeh MMC-nin xx.xx.2024-cü il tarixli 018K və 03/İT saylı əmrləri qanunsuz və əsassız olduğundan məhkəmə hesab edir ki, cavabdehin təqsiri üzündən iddiaçı əmək haqqı almamışdır. Ona görə iddia həmin hissədə təmin edilməli, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməlidir.

49. Qanunvericiliyin tələblərindən də göründüyü kimi işçiyə əmək haqqı işəgötürənlə aralarında bağlanmış əmək müqaviləsi əsasında ödənilir.

50. Odur ki, xx.xx.2024-cü il tarixli 018K və 03/İT saylı əmrlər ləğv edildiyindən və işçi əvvəlki vəzifəsinə işə bərpa edildiyindən İddiaçı işdən azad olunduğu gündən işə bərpa olunduğu günə qədər məcburi işburaxmaya görə əmək haqqı ödənilməlidir.

51. Məhkəmə 60 manat mediasiya xərcinin Cavabdeh MMC-dən tutularaq, İddiaçı ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin edildiyindən və iddiaçı mediasiya xərcini ödəməsi barədə sübut təqdim etdiyindən iddia bu hissədə də təmin edilməlidir.

Məhkəmə baxışının hədləri:

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

53. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun:

9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

Məhkəmə xərcləri:

54. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də dövlət rüsumu dövlət büdcəsinə aid edilməlidir.

Nəticə:

55. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli 018K və 03/İT nömrəli əmrlər ləğv edilməli, İddiaçı “texnologiya şöbəsinin müdiri” vəzifəsinə bərpa olunmalı, işdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilməli, Cavabdeh MMC-dən 60 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmalıdır.

56. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli 018K və 03/İT nömrəli əmrlər ləğv edilsin. İddiaçı “texnologiya şöbəsinin müdiri” vəzifəsinə bərpa olunsun. İşdən azad olunduğu gündən işə bərpa olunduğu günədək məcburi işburaxmaya görə əmək haqqı İddiaçı ödənilsin. Cavabdeh MMC-dən 60 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. Dövlət rüsumu dövlət büdcəsinə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar