Məhkəmə qərarları › İş №e-2(007)-601/2022

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-601/2022

29.04.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-601/2022 29.04.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 qarşı “mənzilin boşaldılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. Yuxarıda qeyd edilən mənzil cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir, cavabdehlərə mənzilin boşaldılmasına dair dəfərlərə müraciət etməsinə baxmayaraq onlar mənzili boşaltmamışlar, bu səbəbdən o, məhkəməyə müraciət etməli olmuşdur. Buna görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılması, mənzilin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlər tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, 28.03.2022-ci il tarixə, saat 10:50-ə təyin edilmiş hazırlıq iclasında Cavabdeh2 öz izahatında qeyd etmişdir ki, mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili kirayə götürmüş və aylıq 450 manat olmaqla (bəzi hallarda isə 500 manat) kirayə haqqı qismində ödənişlər etmişdir. Qeyd edilənlər Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Cavabdeh2 sonuncu məhkəmə prosesində ona verilmiş müddət ərzində mübahisə predmeti olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzili təhvil verməmiş və buna dair hər hansı hərəkətlər etməmişdir. Hesab edirlər ki, cavabdehin qanunsuz hərəkətsizliyi nəticəsində cavabdehlər tərəfindən iddiaçıya maddi və mənəvi zərər vurulmaqda davam etdirilir, belə ki, cavabdeh başqasına məxsus mənzili zəbt etməklə yanaşı orada yaşamış, lakin buna dair cavabdehə hər hansı ödəniş-etmir. "xxxx" MMC qiymətləndirmə şirkəti tərəfindən verilmiş MB 15/0006 saylı, 07 yanvar 2022-ci il tarixli arayışa əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin aylıq kirayə haqqı 400-500 manat arası dəyişir. Qeyd edilənləri cavabdeh özü də etiraf edərək təsdiqləmişdir. Buna görə də, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 üzərinə ona məxsus Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin boşaldılaraq təhvil verilməsi, mənzilin əvvəlki vəziyyətə gətirilməsi, cavabdehlər tərəfindən mənzildən istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələrin qadağan edilməsi, iddia verilən gündən mənzilin cavabdehlər tərəfindən faktiki təhvil verilən günə qədər aylıq 450 manat kirayə haqqı, dövlət rüsumu qismində ödənilmiş 100 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehlər hal-hazıradək qeydiyyatdan çıxmamışlar. Həmin evə cavabdehləri iddiaçının keçmiş kürəkəni yerləşdirib. Qeyd olunan ev iddiaçı tərəfindən heç kimə satılmamışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı qəbul edib, izahatında bildirmişdir ki, o, evi iddiaçının keçmiş kürəkəni Bəxtiyar adlı şəxsdən təhvil almışdır və hər ay 450 manat kirayə haqqı ödəmişdir. Ümumilikdə, 11.000 manat kirayə haqqı vermişdir. Pulu ondan əvvəl Samir, daha sonra Mamed adlı şəxslər gəlib götürmüşdür. Öz evini isə problemlərlə bağlı satmışdır. O, bir iliik icarə müqaviləsi bağlamışdır. Daha əvvəllər isə məhkumluğu olmuşdur. İddiaçıya məxsus mənzili boşaldacağına söz verir. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC ilə X2 və İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli müqavilənin surətindən görünür ki, mülkiyyətçi, ünvan 2 ünvanında yerləşən Cəmiyyətə məxsus çoxmərtəbəli yaşayış binasının blok- K, 18-ci mərtəbəsindəki, özünə məxsus, ümumi sahəsi- 87.56 kv.m olan, 2 otaqlı, 689 saylı mənzili yeni mülkiyyətçiyə verir. Cəmiyyət mənzilin yeni mülkiyyətçisinin adına rəsmiləşdirilməsi üçün zəruri sənədləşmə işlərini həyata keçirir. Yeni mülkiyyətçi mənzili mülkiyyətinə qəbul edib mənzilin istismarı ilə bağlı yaranan xərcləri bu müqavilə ilə müəyyən edilmiş qaydada ödəyir. - "xxxx" MMC-nin 14.12.2021-ci il tarixli arayışının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının blok-K, 18-ci mərtəbəsindəki, ümumi sahəsi 87.56 kv.m olan, 2 otaqlı, 689 saylı mənzilin sahibi X2 həmin mənzili həyat yoldaşı İddiaçı adına rəsmiləşdirmiş və həmin mənzilə görə borc yoxdur. - "xxxx" MMC-nin 31.01.2022-ci il tarixli, 08/01-2022 saylı arayışının surətindən görünür ki, Cavabdeh2, övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə ünvan 3 ünvanında yerləşən binanın “K” girişindəki 689 saylı mənzildə müvəqqəti olaraq qeydiyyatsız yaşayır. - 30.12.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - "xxxx" MMC Qiymətləndirmə şirkətinin 07.01.2022-ci il tarixli, MB 15/0006 saylı arayışından görünür ki, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin və ətraf ərazidə yerləşən eyni vəziyyətdə olan mənzillərin 1 aylıq orta bazar kirayə qiyməti 400-500 manat arası təşkil edir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə X2 və İddiaçı arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzilin sahibi mənzilin sahibi X2 həmin mənzili həyat yoldaşı İddiaçı adına rəsmiləşdirmişdir. Həmin tarixdə mənzilin dəyəri tam şəkildə ödənilmişdir. İddiaçının keçmiş kürəkənin tanışı olan Cavabdeh2, digər cavabdehlər olan övladları Cavabdeh3 və Cavabdeh1 ilə birlikdə qeyd olunan mənzildə hər ay 450 manat kirayə ödəməklə müvəqqəti olaraq yaşamışlar. İddiaçı faktiki mülkiyyətində olan mənzilin boşaldılmasını cavabdehlərdən tələb etsə də, cavabdehlər mənzili boşaltmamışlar. Hazırda iddiaçı sözügedən mənzilin boşaldılaraq ona təhvil verilməsi və cavabdehlər tərəfindən dəymiş ziyanın ona ödənilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X1rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 adına isə iddiaçıya məxsus olan mənzilə dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir, habelə məhkəmə iclasında da Cavabdeh2 tərəfindən bunun əksini təsdiq edə biləcək dəlillər məhkəməyə təqdim edilməmişdir, əksinə o, məhkəmə iclasında iddia tələbini etiraf etməklə, qeyd olunan mənzilin ona məxsus olmadığını, hər ay 450 manat kirayə haqqı verməklə orada yaşadığını, mənzili uşaqları ilə birlikdə qısa müddətdə boşaldacaqlarını bildirmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, boşaldılması tələb edilən mənzilin İddiaçı məxsus olması işin mübahisəsiz halıdır, mənzilin tam dəyəri aralarında bağlanmış müqaviləyə əsasən tam şəkildə "xxxx" MMC-yə ödənilmişdir. Məhkəmə yuxarıda istinad edilən maddi hüquq normalarının tələbləri baxımından qeyd edir ki, iddia tələbi mənzilin boşaldılması hissəsində əsaslı olduğundan təmin edilməli, cavabdehlər tərəfindən qeyd olunan mənzil boşaldılaraq iddiaçıya təhvil verilməli, iddiaçının ona məxsus mənzildən istifadə, sahiblik hüquqlarına cavabdehlər tərəfindən yönəlmiş maneələr qadağan edilməlidir. Məhkəmə iddia tələbinin mənzilin əvvəlki vəziyyətə gətirilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, iddiaçı tərəfindən mənzilin əvvəlki vəziyyəti dedikdə nəyin nəzərdə tutulması, hazırda mənzilin hansı vəziyyətdə olması, əvvəlki vəziyyətlə hazırkı mənzilin vəziyyəti arasında nə kimi dəyişikliklərin olması barədə iddianın həmin hissədə əsasını təşkil edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, hazırkı halda iddia tələbinin həmin hissədə təmin edilməsi üçün əsaslar yoxdur, iddia həmin hissədə təmin edilməməlidir. İddiaçı iddia tələbinin “iddia verilən gündən mənzilin cavabdehlər tərəfindən faktiki təhvil verilən günə qədər aylıq 450 manat kirayə haqqının ödənilməsi” ilə bağlı hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı həmin tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər artıq bir müddətdir ki, onun mülkiyyət hüquqlarını məhdudlaşdırmaqla mənzili tərk etməmişlər, bununla ona maddi ziyan dəymişdir. Belə ki, özünə məxsus olan mənzili kirayəyə verərək gəlir əldə etmək məqsədində olsa da, cavabdehlərin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində bu mümkün olmamışdır. Cavabdeh Afdandil Qurbanov isə sonuncu məhkəmə iclasında izahatında həmin mənzildə digər cavabdehlər olan uşaqları ilə birlikdə 450 manat kirayə haqqı müqabilində kirayəşin kimi yaşadıqlarını bildirməklə qeyd olunan halı etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının həmin hissədə tələbi əsaslıdır, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, cavabdehin etirafedici izahatı da nəzərə alınmaqla, iddianın verildiyi 07.01.2022-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı faktiki təhvil veriləcəyi günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq, İddiaçı təhvil verilməli, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələr qadağan edilməli, iddianın verildiyi 07.01.2022-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı faktiki təhvil veriləcəyi günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq, İddiaçı ödənilməli, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadəsində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil boşaldılaraq, İddiaçı təhvil verilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzildən İddiaçı istifadə, sahiblik hüquqlarına yönəlmiş maneələr qadağan edilsin. İddianın verildiyi 07.01.2022-ci il tarixdən Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı faktiki təhvil veriləcəyi günədək aylıq 450 (dörd yüz əlli) manat kirayə haqqı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada alınaraq, İddiaçı ödənilsin. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar