Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-653/2023 07.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil1, İddiaçı2 nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “paylı mülkiyyətdə olan evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı2 və İddiaçı1 Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli evə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Məmmədəli Şərifli döngəsində yerləşən ümumi sahəsi 78,70 kv.m olan 8 nömrəli ev Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş çıxarışa əsasən paylı mülkiyyət hüququ əsasında İddiaçı2, İddiaçı1 vəCavabdeh məxsusdur. Verilmiş çıxarışa əsasən hər birinin payı müvafiq olaraq 1/3 hissədə müəyyən edilmişdir. Lakin Cavabdeh həmin mülkiyyətlərində olan evə müxtəlif bəhanələrlə maneələr yaradaraq həmin evdən istifadə və sahiblik etməklərinə imkan verməyərək onları həmin evə buraxmır. Müxtəlif formalarda onlara hədə-qorxu gələrək, eyni zamanda onların mülkiyyət hüquqlarını tapdalayaraq mənafeylərinə uyğun olmayan şəkildə onların mülkiyyət hüquqlarına qəsd etməyə davam edir. Onlar öz əmlaklarından dinc və sərbəst şəkildə istifadə etmək istəyirlər. Dövlətə və onun qanunlarına güvənərək onların öz əmlaklarından istifadə etməklərinə yaradılmış maneələrin aradan qaldırılmasına şərait yaradılmasını istəyirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahat verərək bildirdi ki, tərəflər arasında münaqişəli münasibət mövcuddur. Evdə naturada bölgü aparılmadan iddiaçıların köçürülməsi mümkün deyil. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 78,70 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 1/3 hissəsi İddiaçı2, 1/3 hissəsi Cavabdeh, 1/3 hissəsi isə İddiaçı1 adına qeydiyyata alınmışdır. - Məhkəməyə fotoşəkillər və bir ədəd disk təqdim edilmişdir. - Dövlət rüsumu haqqında məlumatdan görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı2 tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, ümumi sahəsi 78,70 kv.m olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı2, İddiaçı1 və Cavabdeh paylı mülkiyyətlərindədir. Hazırda isə iddiaçılar evə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması və həmin evə köçürülmələrini məhkəmədən xahiş edirlər. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur (İ hissə). 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Belə ki, tərəflər ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evin paylı mülkiyyətçiləridir və onların hər birinin həmin əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Hazırda iddiaçılar cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. Məhkəmə qeyd edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 əmlak hüquqları istənilən şəxs, o cümlədən digər mülkiyyətçi Cavabdeh tərəfindən də pozulmaqdan müdafiə edilməlidir. Cavabdеh iddiaçıların mülkiyyət hüquqlarını lazımi şəkildə həyata kеçirməsinə manеçilik törədərək оnları bu hüququndan tam istifadə еtmək imkanını məhdudlaşdırmışdır. Göstərilənləri nəzərə alaraq və qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə, hеsab еdir ki, iddiaçılarının sahiblik, istifadə və mülkiyyəti üzərində sərəncam vermək huquqları pоzulduğundan həmin hüquqlar bərpa оlunmalı, iddia tələbi təmin edilməlidir. Azərbaycan Rеspublikasının tərəfdar çıхdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasina 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəхs öz mülkiyyətindən dinc istifadə еtmək hüququna malikdir. İnsan hüquqları üzrə Avrоpa Məhkəməsi “Mars Bеlçikaya qarşı” işdə əmlakdan manеəsiz istifadə hüququ ilə bağlı şərh vеrərək göstərmişdir ki, “əmlakdan manеəsiz istifadə hüququ mahiyyət еtibari ilə mülkiyyət hüququna təminat vеrir”. İnsan hüquqları üzrə Avrоpa Məhkəməsi “Spоrrоnq və Lоnnrоt İsvеçə” qarşı işdə qеyd еdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu tохunulmaz qalsada, mülkiyyət hüququnun həyata kеçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qеyri-sabit” хaraktеr almış оlur. Bеləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq еdilən sübutları qiymətləndirərək və qanunvеriciliyin yuхarıda göstərilən tələblərini nəzərə alaraq hеsab еdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdеh Cavabdeh ilə bərabər hüquqlu şəхsdir və оna görə də ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməli və mülkiyyətlərindən istifadəyə Cavabdeh tərəfindən yaradılan manеə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu İddiaçı2 aid edilməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsün və onların mülkiyyətlərindən istifadəyə Cavabdeh tərəfindən yaradılan manеə aradan qaldırılsın. Məhkəmə xərcləri İddiaçı2 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №e-2(007)-653/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-653/2023
07.06.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver