Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-69/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi məhkəməyə müraciət edərək, cavabdeh X1 19099 (19 min 99 manat) manat məbləğində pul vəsaitinin və 147,3 ( yüz qırx yeddi manat, 30 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh mülkiyyətində olan "Ford Cargo" markalı, **-NG-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2018-ci il tarixində AZ/MİP/18/0038 saylı “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqlliyyatı vasitələrinin tam sığortası” müqaviləsi üzrə "xxxx" ASC-də sığortalanmışdır. Həmin avtonəqliyyat vasitəsi 13 sentyabr 2018-ci il tarixində Qaradağ rayonu ərazisində yolnəqliyyat hadisəsi nəticəsində tam məhv olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən cavabdehə 29530 (iyirmi doqquz min beş yüz otuz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Lakin nəqliyyat vasitəsinin qalıqlarının tam məhv olmasına baxmayaraq avtomobilin qalıqları və ya qalıq dəyəri iddiaçıya qaytarılmamışdır. Ekspert rəyinə əsasən "Ford Cargo" markalı, 90-NG484 dövlət qeydiyyat nişanlı avtomobilin qalıq dəyəri 19099 manat təşkil etmişdir. Hazırda cavabdehin sahibliyində olan avtomobilin qalıqlarının dəyəri cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. O əlavə olaraq bildirdi ki, hadisə xx.xx.2018-ci ildə baş vermiş, ziyan məbləği ilə bağlı onlarla avtomobil sahibi arasında uzun müddət mübahisə olmuşdur. Sığortanın nümayəndəsi avtomobilə 2021-ci ildə qiymətləndirilərkən baxış keçirmişdir. Bu hadisə çoxdan olduğu üçün onlar maşına həmin vaxtlar baxış keçirildiyini bilmirlər. Onların nümayəndələri əmlak qiymətləndirilərkən ya sənədlər, ya da maşına baxış keçirilməklə qiymətləndirirlər. Qiymətləndirici avtomobili qiymətləndirdikdən sonra onun harada olmasını bilmir. Sığorta maşını izləmir ki maşın haradadır. Belə olan halda maşın duracaqda yerləşdirilir. Maşın onlarda deyil, sığorta pulu olaraq 29530 manat məbləğində ödənilmişdir, maşın aşıbsa cavabdeh onlara maşının qalığını təqdim etməlidir. Cavabdeh tərəfə sığorta təminatı verilirsə cavabdeh maşını götürür. Onlara elə gəlir ki, cavabdeh maşını satmış və indi də bu vəziyyət yaranmışdır. Çünki maşın bir tərəfi üstə aşmış və sol tərəfi salamatdır. Belə ki, qəzada sadəcə maşın bir tərəfi üstə aşmış, maşın aşanda aşan tərəf sıradan çıxa bilər. Burada söhbət yük maşınından gedir, yük maşını metallom ola bilmir. Həmin maşın zirehli maşındır, onun kuzası, raması təkərləri salamatdır, yük maşının arxa tərəfi kuza hissəsi zirehdən ibarətdir. Şəkillərdən də görünür ki, maşının bir tərəfi salamatdır. Yəni, avtomobil cavabdehin dediyi qədər pis vəziyyətdə deyil. Bundan başqa qəza keçirən maşınla onların sığorta etdikləri maşın üst-üstə düz gəlmir, sığorta olunan vaxt bütün şəkillər çəkilir, sığorta olunan maşınının pəncərəsində düz xətli jalüzlər, qəza keçirən maşında isə xətli və eninə düz xətli jalüzlər var. 19000 manat təmir xərci çıxarılıb, amma maşının dəyəri qəza vəziyyətinə kimi 30000 manat olmuşdur. Həmçinin, mübahisəli avtomobil hüquqi şəxsə aiddir və onun çoxlu maşınları var. Onların fikrinə görə sığorta etdikləri maşın cavabdeh tərəfindən başqa maşınla dəyişdirilmişdir. Cavabdehin qəzadan sonra maşınla maraqlanmaması da ağlabatan deyil, ola bilməz ki, cavabdeh bu maşınla maraqlanmasın. “Subraqasiya haqında” Qanunda göstərilir ki, əgər məbləğ tam ödənilibsə, yerdə qalan məbləğ geri qaytarılmalıdır. O, rəyə münasibətdə bildirdi ki, rəyə etiraz etmirlər. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil iddia tələbini qəbul etmədiklərini bildirdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, sığorta avtomobili götürür və sığorta hesablayıb qiymət verir. Sığorta zamanı avtomobil təqdim olunur, həmin vaxt maşın qiymətləndirilir. Orada maşının sığorta yerini müəyyən edib, maşına baxış keçirdib və qiymətləndirilmişdir. “Sığota haqında” Qanuna görə onlar sığorta aktını tələb etmişlər. Avtomobil pis vəziyyətə düşmüş, harada olduğundan da məlumat yoxdur. Avtomobilə zərər aktını çıxaranda sığorta onu görmüş və avtomobil onlarda olmuşdur. Onların avtomobil məhv olunduğu üçün təmir bərpa kimi 29500 manat ödəniş edilməsi barədə qanun qüvəyə minmiş qətnamələri var. Həmçinin, maşına baxış keçirilməsi ilə bağlı məhkəmə qərarı var. Həmin maşın pis vəziyyətdə olduğu üçün cavabdeh bilmir haradadır, bunun üçün də onunla maraqlanmamışdır. Cavabdeh maşını götürməmişdir. Sığorta avtomobili onlara təhvil verməmişdir, əgər avtomobil onlara təhvil verilibsə sənəd göstərsinlər. Əgər sığorta maşının yerini bilirsə onlara desinlər və gedib maşını götürsünlər, sığortanın onun maşını götürməsinə etirazı yoxdur. Maşın qəzaya düşəndən sonra iddiaçı 20000 manata yaxın pul istəyir, elə maşının qiyməti 25000 manatdır. O, rəyə münasibətdə bildirdi ki, rəydə ekspert maşının yeni vəziyyətə salınacaq qiymətini qeyd etmişlər, yəni təmir bərpa qiyməti göstərilmişdir. Amma iddiada qalıq dəyərini istəyirlər, maşın pis vəziyyətdədir, qalıq dəyəri 1000 manat belə etməz. Rəy tamamilə səhvdir, iddiaçının əlavə etdiyi köhnə rəy baxılıb yazılmışdır, ekspertə nədən söhbət getdiyi aydın deyil. İddiaçı "xxxx" ASC-nin ekspert rəyinin nəticə hissəsini aydınlaşdırmaq və tamamlamaq üçün aparıcı ekspert Elvin Qəhrəmanovun iştirakının təmin edilməsi barədə vəsatətinə əsasən məhkəmə iclasına dəvət edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı ekspert X2 bildirdi ki, əmlak yararlı vəziyyətdə olan əmlaka vizual baxış keçirilir və qiymətləndirilir. Sığorta obyektini onun şəxsi fikrinə görə adətən iddiaçı təqdim etməlidir. Əmlak yararsız vəziyyətdə olduqda isə sənədlər əsasında qiymətləndirilmə aparılır. İş materialarında isə həmin bu avtomobilin istehsalı ilə bağlı heç bir məlumat olmamış, buna görə də bir avtomobilin ehtiyyat hissələrinin qiymətlərini 2007-2009-cu ilin ortalama istehsalı ilə bağlı aparmış, verdiyi rəydə dəqiq nəticəyə gələ bilməmişdir. Çünki, dəymiş ziyanla bağlı, ekspert müəyyən edə bilmir ki, hansı hissələr zədələnmiş və hansı hissədə qalıq dəyəri qalmışdır. Ekspert qalıq ehtiyat hissələrini qüsur aktında göstərilən qiyməti və ehtiyat hissələrinə verilən adları nəzərə alaraq faiz hesablanaraq təxmini və nəzəri qiymətləndirə bilər. Ekspert avtomobilin normal vəziyyətinə verilən qiymət ilə dəymiş ziyanı çıxarandan sonra qalıq dəyərini təxmini nəzəri baxımdan hesablaya bilər. Mübahisəli avtomobilin bazar qiyməti təxmini 30000- 32000 manat civarındadır. Yük maşının ən bahalı hissələri kabin, yük daşıyıcı hissələri və ramasıdır. Avtomobilin texniki pasportu təqdim edilsə orada bazar dəyəri, dəymiş ziyanı çıxartmağı bilərlər və dəymiş ziyanı çıxdıqdan sonra qalıq dəyər ortaya çıxır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh "xxxx" ASC-yə qarşı “sığorta ödənişinin verilməsi və mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1422/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən 29500 (iyirmi doqquz min beş yüz) manat sığorta ödənişinin və 30 (otuz) manat dövlət rüsumunun tutularaq, iddiaçı Cavabdeh xeyrinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamə ilə müəyyən edilmişdir ki, UDT-Texnika MMC tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli ilkin qüsur aktına əsasən, “Ford” markalı **-NG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qəza vəziyyətində olması, tormoz sistemində nasazlıq olduğundan qəzanın baş verməsi və avtomaşına 34359 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Beləliklə, iddiaçıya xx.xx.2018-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 34359 manat zərər dəydiyindən, sığorta şəhadətnaməsində sığorta məbləği 30000 manat müəyyən olunduğundan, bundan əlavə sığorta şəhadətnaməsində hər bir hadisə üzrə 500 manat şərtsiz azadolma məbləği müəyyən olunduğundan, iddia ərizəsi qismən təmin olunmuş, 29500 manat məbləğində sığorta ödənişi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11073/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin 2(102)-1192/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə də apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı "xxxx" ASC tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli ekspert rəyi ilə mübahisəli buraxılış ili 2007-ci il olan avtomobilin qalıqlarının dəyəri 19099 manat müəyyən olunmuşdur. Məhkəmə qərardadı əsasında təyin edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6020 saylı, xx.xx.2022ci il tarixli rəyi ilə nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 18104,00 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Siqnal İxtisaslaşdırılmış Lahiyə İstehsalat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə BDYPİ “Siqnal” İLİ İdarəsinin nəzdində fəaliyyət göstərən dayanacaqların kitablarında “Ford Cargo” markalı **-NG-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə qeydiyyatın aşkar olmadığı müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın: 32.1-ci maddəsinə əsasən avtomobilin sığortası üzrə müqavilədə müəyyən edilmiş sığorta məbləği sığorta dəyərindən az olduğu halda (qismən sığorta halında), sığortaçı zərərin əvəzini sığorta məbləğinin sığorta dəyərinə olan nisbətində ödəyir, bir şərtlə ki, qismən sığorta barədə müddəa sığorta müqaviləsində əks edilmiş olsun. 33.2.1-ci maddəsinə əsasən sığortalanmış avtomobilə dəymiş zərərlə bağlı sığorta ödənişi sığortaçının seçimi əsasında avtomobilə qismən zərər dəydikdə, zərərin məbləği barədə tərəflər arasında razılıq əldə edildikdən sonra zərər məbləğinin pul şəklində faydalanan şəxsə ödənilməsi, zərərin aradan qaldırılması üçün sığortalıya göstərilən xidmətlərin və ya satılan əşyaların dəyərinin xidmət göstərənə və ya satıcıya ödənilməsi, avtomobilin təmiri və ya bərpası formalarda ödənilə bilər. Məhkəmə ilk öncə qeyd edir ki, qanuni qüvvəsini almış məhkəmə qərarları ilə sığortaçı tərəfindən sığorta ödənişinin verilməsinə əsas olan sığorta hadisəsi olan yolnəqliyyat hadisəsi baş vermiş və "Ford Cargo" markalı, 90-NG484 dövlət qeydiyyat nişanlı avtomobilin nəticəsində Cavabdeh 34359 manat maddi zərər dəymişdir. Həmçinin, "xxxx" ASC tərəfindən sığortalanmış "Ford Cargo" markalı, 90-NG484 dövlət qeydiyyat nişanlı avtomobilin vəziyyətini sığorta müqaviləsi bağlandıqdan sonra sığorta hadisəsindən əvvəlki vəziyyəti ilə müqayisədə yaxşılaşdıran hər hansı təmir və ya dəyişdirmə işləri aparılmamışdır. Tərəflər arasında müqavilə bağlanan zaman da sığorta şirkəti tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilməmiş, nəqliyyat vasitəsinin fotoşəkilləri çəkilməmiş və nəticədə sığorta müqaviləsinə heç bir şəkil əlavə edilməmişdir. Sığorta şəhadətnaməsində sığorta məbləği 30000 manat, hər bir hadisə üzrə şərtsiz azadolma üçün 500 manat müəyyən edilmişdir. Bütün bunlar əsasında "xxxx" ASC-dən 29500 (iyirmi doqquz min beş yüz) manat sığorta ödənişinin Cavabdeh xeyrinə ödənilməsi müəyyən olunmuşdur. Göründüyü kimi, hazırda mübahisəli avtomobilin zərər qiyməti müəyyən edilmiş və həmin zərər qiymətindən də aşağı məbləğdə, yəni sığortalanmış məbləğdən şərtsiz azadolma üçün müəyyən edilmiş məbləğ də çıxılmaqla avtomobilin sahibinə müəyyən olunmuş ödəniş həyata keçirilmişdir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən zərər qiyməti müəyyən edilən və sığorta ödənişi ödənilən 2007-ci il buraxılış ili olan bazar dəyəri təqribi 30-32 min olan avtomobil üçün hazırda iddiaçı tərəfindən avtomobilin qalıq dəyərinin qiyməti müəyyən edilməklə cavabdehdən tələb etməkdə iddiaçı haqlı olmamışdır. Eyni zamanda məhkəmə bildirir ki, xx.xx.2014-cü il tarixli “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın 33.2.2-ci maddəsinə əsasən avtomobilin tam məhv olması dedikdə avtomobilin sığorta hadisəsindən əvvəlki vəziyyətə çatdırılması üçün təmiri və ya bərpasına tələb olunan xərclərin avtomobilin bazar dəyərinin 75%-ni və ya daha çox hissəsini təşkil etməsi nəzərdə tutulur. Qanunvericilik həmin qaydanın 33.2.2.1 maddəsinin dispozisiyasını alternativ şəkildə müəyyən edərək avtomobilin tam məhv olması halında ehtiyat hissələrin sonrakı vəziyyətinin həll olunması ilə bağlı sığortaçıya seçim hüququ verir. Belə ki, ilk öncə sığortaçı sığorta məbləğindən çox olmamaq şərti ilə avtomobilin sığorta hadisəsi baş verdiyi andan dərhal əvvəlki bazar dəyərini pul şəklində sığortalıya ödəmək hüququna malikdir. Belə olan halda isə sığortaçı ehtiyat qalıqlarına dair məsələni iki alternativ yol ilə həll edə bilər. Avtomobilin qalıqlarının dəyərini sığorta ödənişi məbləğindən çıxmaq. Bu zaman avtomobilin qalıqlarının dəyəri müstəqil ekspert tərəfindən orta bazar qiymətlərinə əsasən müəyyən olunmalıdır. Qanunverici qiymətləndirmənin kim tərəfindən və necə aparılmalı olduğunu vurğulamasa da, “Sığorta fəaliyyəti haqda” Qanuna əsasən qiymətləndirmə zamanı bir qayda olaraq tərəflərin razılığı ilə müstəqil ekspert təyin olunur. Əgər bu məsələ tərəflər arasında mübahisə doğurarsa, sığortaçı (şirkət) 15 iş günü ərzində qalıqları müəyyən etdiyi qiymətə satılmasını təmin edir və yaxud onları özü alır. İkinci hal isə sığortaçı həmin qalıqların onun mülkiyətinə verilməsini tələb edir. Bu halda sığorta ödənişinə ehtiyat qalıq hissələrinin dəyəri daxil olur. Qeyd etmək lazımdır ki, sözügedən alternativ müddəalar avtomobilin tam məhv olduqda sığorta ödənişinin yalnız pul şəklində verilməsi halında tətbiq oluna bilər. Digər tərəfdən, qanunverici sığortaçıya (şirkətə) sığortalanmış avtomobilin tam məhv halında sığorta ödənişini digər bir yol ilə də ödəməyi təklif edir: sığortalanmış avtomobilin eyni marka və modeldən olan, habelə eyni texniki vəziyyətdə olan digər avtomobil ilə əvəz edilməsi (33.2.2.2-ci maddə). Məhkəmə bildirir ki, yuxarıda qeyd olunan sığortaçı tərəfindən edilməsi nəzərdə tutulan seçimlər edilməmiş, seçimlərin edilməsi barədə də iddiaçı tərəfindən məhkəməyə hər hansı sübut təqdim olunmamışdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdeh X1 19099 (19 min 99 manat) manat məbləğində pul vəsaitinin və 147,3 ( yüz qırx yeddi manat, 30 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 147,30 manat da dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “cavabdeh X1 19099 (19 min 99 manat) manat məbləğində pul vəsaitinin və 147,3 (yüz qırx yeddi manat, 30 qəpik) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 147,30 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №e-2(007)-69/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-69/2023
09.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver