Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-752/2023 23.05.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "kompensasiya verilmədən yaşayış yerindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı "kompensasiya verilmədən yaşayış yerindən istifadə hüququna xitam verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi və Cavabdeh ailə üzvləri-arvadı X8, azyaşlı uşaqları X6 və X5 ilə birlikdə həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Cavabdeh kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında (Yeni qaydalarla: ünvan 2 yerləşən mənzil xx.xx.2016-cı il tarixdə verilmiş RX seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçirilmişdir və hal-hazırda mülkiyyətindədir. Cavabdeh onun oğlu, Aqatova (Dəmirova) Əma Murad qızı onun arvadı, xx.xx.2006-cı il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X5 isə onları birgə nikahdan doğulmuş uşaqlarıdır. Cavabdeh onun oğlu iddiaçının xüsusi mülkiyyətində qeydiyyatda olmaqla, orada yaşasa da özünə məxsus mülkiyyətində mənzilləri, arvadı Aqatova (Dəmirova) Əma Murad qızının mülkiyyətində fərdi yaşayış evi vardır. Cavabdeh oğlu Cavabdeh ilə birgə yaşamaqları mümkün deyildir. Cavabdeh onunla kobud rəftar edərək, mülkiyyətində olan mənzildə yaşamaq üçün yararsız vəziyyət yaratmışdır. Cavabdehdən başqa onun başqa övladları olsa da, sonuncu onların da iddiaçıya məxsus evə gəlib getməsinə maneçilik törədir, onları söyüb təhqir edərək evdən qovur. Cavabdehin ona qarşı hərəkətləri nəticəsində insult keçirmiş və sağlamlığı pozulmuşdur. Dəfələrlə cavabdehə aralarında olan razılığa əsasən mənzili sataraq, pulunun bölünməsini təklif etsə də cavabdeh heç bir formada onunla razılığa gəlməkdən imtina edir. Cavabdeh 2005-ci ildə X7 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və 2005-ci ildən köçüb ona məxsus mənzildə yaşamağa başlamışdır. Cavabdeh X7 ilə aralarında notarial qaydada razılıq olmadığından, sonuncunun ona məxsus mənzildə istifadə hüququ yaranmamışdır. Hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında münasibətlər 01 sentyabr 2000-ci il tarixədək yarandığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən onlar arasında mənzildən istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Lakin, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında formalaşdırdığı hüquqi mövqenin hazırki iş üzrə tətbiqi də qaçılmazdır. Belə ki, Cavabdeh mülkiyyətində özünə məxsus 2 mənzili, arvadı X3 isə mülkiyyətində fərdi yaşayış evi olduğundan, onun məhz həmin yaşayış sahəsinə ehtiyacı olmamasını bilavasitə təsdiq edir. Çünki, qeyd olunan mübahisəli mənzildən həqiqətən istifadə etmək ehtiyacının olduğuna, lakin iddiaçı yaxud hər hansı digər şəxslər tərəfindən buna maneçilik yaradılmasına dair hər hansı bir hallar aşkar edilməmişdir. Lakin xüsusilə vurğulayır ki, Cavabdeh mübahisəli mənzildən 01 oktyabr 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123cü maddəsinə əsasən istifadə hüququ olsa da, onun bu hüququna qeyd olunan əsaslara görə müvafiq kompensasiya ödənilmədən xitam verilməlidir. X8 yaşayış sahəsindən mülkiyyətçi ilə bərabər istifadə etmək hüququna malik ailə üzvü olmadığından və onun ünvan 3 ünvanında yerləşən mənzildə yaşaması qanunun müddəalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə mülkiyyətçinin razılığı ilə şərtləndirildiyindən, mülkiyyətçi İddiaçı isə belə razılığı olmadığından və cavabdeh X3 və azyaşlı uşaqları X2 və X1 mübahisəli evdən çıxarılmasını tələb etdiyindən iddia həmin hissədə də əsaslı hesab edilir. Beləliklə, Cavabdeh kompensasiya ödənilmədən ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli və Cavabdeh ailə üzvləri arvadı X8, azyaşlı uşaqları X2 və X5 ilə birlikdə həmin mənzildən çıxarılmalıdır. Məhkəmənin 22 may 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehin Sahil qəsəbəsində və Xaçmaz rayonunun İstisu qəsəbəsində evləri vardır. Onun həmin yaşayış sahəsinə ehtiyacı ödənilib. Cavabdeh yanvar ayında iddiaçı ölkədə olmayanda məhkəməyə veriləndə kirayəyə çıxıb ki, yaşayış yerinin olmaması fikri yaratsın. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, həmin mübahisəli mənzil X13 Donanması tərəfindən atasına verilmişdir. Atası kapitan olub. Atası, anası qardaşı və özü olanda ailə üzvlərinə görə növbədə olmuş və ev vermişlər. Evə aid çıxarış atasının adına olub, sonra anasına keçmişdir. Hazırda ailə üzvləri ilə birlikdə həmin əraziyə yaxın yerdə kirayədə qalır. Uşaqları həmin evin yaxınlığında məktəbə gedirlər ona görə Sahil qəsəbəsində yaxud Xaçmaz rayonunda yaşaya bilmirlər. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş **********62-05101-093028 reyestr nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 20 aprel 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. - “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan görünür ki, Cavabdeh, X8, X6 və X5 Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzilində qeydiyyatdadırlar. - Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 27 yanvar 2023-cü il tarixli, 3-18- 18/2-2753/23 saylı məktubunun surətindən görünür ki, xx.xx.1979-cu il təvəllüdlü Cavabdeh xx.xx.2022-ci il, xx.xx.2008-ci il təvəllüdlü X5 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzilində qeydiyyatdadırlar. xx.xx.2006-cı il təvəllüdlü X6 xx.xx.2014-cü il tarixdən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzilində, xx.xx.2021-ci tarixdən Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzilində qeydiyyatdadır. - “Elektron məhkəmə informasiya sistemi”nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, İddiaçı sonuncu dəfə 13 yanvar 2023-cü il tarixdə Moskva sərhədindən çıxmışdır. - “Elektron məhkəmə informasiya sistemi”nin xx.xx.2023-cü il tarixli çıxarışından görünür ki, Cavabdeh mülkiyyətində ünvan 4 ünvanında, 2 otaqlı, ümumi sahəsi 29.10 kv.m olan mənzil, Xaçmaz rayonu, İstisu qəsəbəsində ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi vardır. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Mənzil iddiaçının adına 20 aprel 2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə tam pay haqqı ilə qeydiyyata alınmışdır. Mənzil əvəzsiz qaydada Aqatov Yusifə dənizçi olduğuna görə verilmişdir. Cavabdeh ailə üzvləri ilə birlikdə 2023-cü ilin yanvar ayınadək orada yaşamışdır hal-hazırda kirayədə qalır, həmçinin onun mülkiyyətində ünvan 4 ünvanında 2 otaqlı, ümumi sahəsi 29.10 kv.m olan mənzil, Xaçmaz rayonu, İstisu qəsəbəsində ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsi vardır. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 468.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Beləliklə müəyən olundu ki, cavabdeh uşaqlıqdan atasına əvəzsiz qaydada verilmiş Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi, 65 saylı evin, 50 saylı mənzildə 2023cü ilin yanvar ayınadək yaşayıb. Deməli tərəflər arasında yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri 2000-ci il sentyabrın 1-dən əvvəli əhatə edir. Belə olan halda işə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 01 oktyabr 2009-cu il tarixədək (8 iyul 1982-ci il tarixli) qüvvədə olan keçmiş Mənzil Məcəlləsinin maddi hüquq normaları tətbiq olunmalıdır. Qeyd olunan qanunvericiliyə əsasən cavabdehin mübahisəli mənzilə istifadə hüququ vardır. 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. 8 iyul 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair 27 iyul 2001-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporroq və Lonnrotun İsveçrəyə qarşı” məhkəmə işində belə bir hüquqi mövqe müəyyən etmişdir ki, Konversiyanın 1 saylı Protokolunun 1-ci maddəsi özündə 1) mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə prinsipi, 2) mülkiyyətindən məhrumetmənin yolverilməzliyi, 3) mülkiyyətdən istifadəyə nəzarəti itirmənin qadağan edilməsi imkanlarını ehtiva edir. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə görə şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Cavabdehin evdən istifadə hüququnun olmadığının müəyyən edilməsi barədə qətnamə həmin müddəanın məqsədi baxımından istifadə hüququna xitam verilməsi barədə qətnaməyə bərabər tutulur və cavabdehin qeydiyyatdan çıxarılmasına əsas verir. Qeyd olunanlar cavabdehi yaşayış yeri üzrə qeydiyyatdan çıxarmağa səlahiyyəti olan dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və həmin dövlət orqanına izah edilməsidir. Beləliklə, cavabdehin ailə üzvləri ilə birlikdə iddiaçının mülkiyyətində olan mənzilində yaşamaması, həmçinin onun mülkiyyətində ünvan 4 ünvanında, 2 otaqlı, ümumi sahəsi 29.10 kv.m olan mənzilin, Xaçmaz rayonu, İstisu qəsəbəsində ümumi sahəsi 0.06 ha olan həyətyanı torpaq sahəsinin olması onun artıq mənzilə olan ehtiyacının aradan qalxdığını müəyyən edir. Belə olan halda məhkəmə iddiaçının mənzilə istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi tələbinin təmin olunmasını ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Həmçinin qeyd olunan Plenumunun Qərarına əsasən Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilməli, məhkəmə xərcləri İddiaçı aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh kompensasiya ödənilmədən ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüquqlarına xitam verilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №e-2(007)-752/2023
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-752/2023
23.05.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver