Məhkəmə qərarları › İş №e-2(007)-780/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-780/2023

07.04.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-780/2023 07.04.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddaçı İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddaçı İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nizami Rayon Məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun qızı xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birgə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin 50 saylı, 2 otaqlı mənzilin böyük otağına köçürülməsinə və dövlət rüsumu kimi ödənilmiş 100 (bir qüz) manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulmasına dair müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu ildə Nizami rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. Həmin nikahdan bir uşaqları doğulmuşdur. Sonradan ailə münasibətləri pozulduğu səbəbindən Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşaq iddiaçının yanında saxlanılmışdır. Cavabdehlə birgə nikah müddətində Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin 50 saylı mənzilini və “VAZ- 21703” markalı **- KS-*** dövlət qeydiyyat nişanlı avtomobil əldə etmişlər. Xətai Rayon Məhkəməsinin 2(011)- 3755/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə adı çəkilən mənzilinə və avtomobilinə dair iddiaçının və cavabdehin ½ hissədə payları müəyyən edilmişdir. Hazırda onun başqa yaşayış yeri olmadığından o, azyaşlı uşağı ilə birgə öz valideynlərinin darısqal mənzilində yaşamaq məcburiyyətindədir. Lakin onun paylı mülkiyyətində olan mənzil yalnız cavabdehin istifadəsindədir və o, oradan istifadə etmək imkanından məhrumdur. O, mənzilə köçməsinə imkan yaratması üçün cavabdehə dəfələrlə müraciət etsə də, buna nail ola bilməmişdir. Həmin səsbəbdən o, azyaşlı uşağı ilə birgə həmin Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin 50 saylı 2 otaqlı mənzilin böyük otağına köçürülməsini və yaşayış sahəsi kimi oradan istifadə etmək istəyir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, o, hazırda ailəsi ilə birlikdə yaşayır. Üç otaqlı evdə üç ailə, yəni on nəfər olmaqla yaşayırlar. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli əmlak üzərində iddiaçının ½ hissədə payı müəyyən olunmuş, lakin iddiaçı öz mülkiyyətindən istifadə edə bilmir. Mənzilin naturada bölgüsü olmamışdır. İddiaçının yanında azyaşlı uşaq olduğu üçün iddianı böyük otağa köçürməklə bağlı qaldırmışlar. İddiaçının mübahisəli mənzildə hansı şəkildə yaşaması məsələsi icra mərhələsində həll ediləcəkdir. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki, mübahisəli mənzildə qardaşı yaşayır. Mənzil iki otaqdan ibarətdir. Hazırda, mübahisəli mənzildə başqa adam yaşayır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2012-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 975136 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2011-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçıdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2273/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddia tələbi təmin edilərək, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə 1499 saylı aktla qeydə alınmış nikahın pozulması, xx.xx.2011-ci il təvəllüdlü X1 anası İddiaçı himayəsində saxlanması, xx.xx.2011-ci il təvəllüdlü X1, yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. - AZ-İ seriyalı 432243 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 16 sentyabr 2022-ci il tarixdə 532 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Əliyeva soyadı verilmişdir; - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3755/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, ilkin və qarşılqılı iddia tələblərinin qismən təmin edilməsi, Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin, 50 saylı mənzilə dair İddiaçı 1/2, Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2043-ci il tarixədək hər ay Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35-də yerləşən 50 saylı mənzilə dair ipoteka kreditinin aylıq ödənişi olan 388 manat 73 qəpik pul məbləğinin ½ hissəsini təşkil edən 197 (yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi, VAZ- 21703” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair Cavabdeh və X2 arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, “VAZ-21703” markalı ** KS *** dövlət qeydiyyat nişanlı avtomobilə dair İddiaçı 1/2, Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi, ilkin və qarşılıqlı iddia tələbinin qalan hissələrdə rədd edilməsi qət edilmişdir. - Bakı Apellyasiya Məhkməsinin 2(103)-1518/2021 syalı xx.xx.2021-ci il tarixli qətnamədən görünür ki, İddiaçı verdiyi apellyasiya şikayəti təmin edilməyərək, hazırki mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 01 oktyabr 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2218/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1518/2021 nömrəli mülki iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ümumi sahəsi 45,8 kv.m olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin 50 saylı mənzilinin ½ hissəsi Cavabdeh, ½ hissəsi isə İddiaçı adına qeydiyyata alınmışdır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı 06 noyabr 2010-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X3 adlı uşaqları doğulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 2273/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, xx.xx.2011-ci il təvəllüdlü X1 iddiaçının himayəsində saxlanılmış, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün, xx.xx.2020-ci il tarixdən hesablanmaqla, cavabdehdən hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2011)-3755/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, 35 saylı evin, 50 saylı mənzilə dair İddiaçı 1/2, Cavabdeh 1/2 hissədə paylarının müəyyən edilməsi, İddiaçı xx.xx.2020-ci il tarixdən başlayaraq xx.xx.2043-ci il tarixədək hər ay Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsi, ev 35-də yerləşən 50 saylı mənzilə dair ipoteka kreditinin aylıq ödənişi olan 388 manat 73 qəpik pul məbləğinin ½ hissəsini təşkil edən 197 (yüz doxsan yeddi) manat 37 (otuz yeddi) qəpik pul məbləğinin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Ümumi sahəsi 45,8 kv.m olan Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 35 saylı evin 50 saylı mənzili Cavabdeh və İddiaçı hər birinin ½ hissədə paylı mülkiyyətindədir. Hazırda isə iddiaçı onun qızı xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birgə mübahisəli mənzilin böyük otağına köçürülməsini və dövlət rüsumu kimi ödənilmiş 100 (bir qüz) manat məbləğində pulun Cavabdeh onun xeyrinə tutulmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyası: 13-cü maddəsinə əsasə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindənmüdafiə olunur (İ hissə). 29-cü maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. (İ-İV hissələr). Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Belə ki, tərəflər Bakı şəhəri, Nizami rayonu, R.Rüstəmov küçəsində yerləşən 35 saylı evin 50 saylı mənzilin paylı mülkiyyətçiləridir və onların hər birinin həmin əmlak üzərində istifadə, sahiblik etmək və sərəncam vermək hüquqları vardır. Hazırda iddiaçı cavabdeh tərəfindən yaradılan maneələr səbəbindən mübahisəli mənzildə yaşaya bilmir. Məhkəmə hesab edir ki, İddiaçı ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi olduğundan mənzilə köçürülmə ilə bağlı iddia qaldırmaqda haqlı olmuşdur. MM-in: 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır; 28.3-cü maddəsinə əsasən 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X1 yaşayış yeri valideynlərinin yaşayış yeri sayılır. Məhkəmə qətnaməsi ilə X1 anasının, yəni iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməlidir. Məhkəmə iddia tələbinin “mübahisəli mənzilin böyük otağına köçürülməsi” hissəsinə münasibətdə qeyd edir ki, mübahisəli mənzilin ümumi sahəsi 45,8 kv.m olmaqla, onun naturada bölgüsü ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddia tələbi bu hissədə konkret olmamaqla, əsaslandırılmamışdır. Hazırda mübahisə predmeti olan əmlak üzərində tərəflərin hər birin ½ hissədə payı vardır və onların payları naturada ayrılmamışdır. Məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə təmin edilməməlidir. MPM-in: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 238- 253-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı xx.xx.2011-ci il təvəllüdlü X3 ilə birlikdə ünvan 1 ünvanında yerləşən mənzilə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar