Məhkəmə qərarları › İş №e-2(007)-796/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-796/2025

10.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-796/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “nikahın etibarsız sayılması” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 24 aprel 2024-cü il tarixdə bağlanaraq AZ-İİ № 580815 nömrə ilə qeydə alınmış nikahın bağlandığı andan etibarsız hesab edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi sənədlərə görə 24 aprel 2024-cü il tarixdə rəsmi nikaha girib evləniblər. Nikahları həmin tarixdə Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmaqla onlara nikah haqqında AZ-İİ № 580815 saylı şəhadətnamə verilib. Lakin bağlanmış bu nikah yalançı olmaqla görüntü xətrinə bağlanıb. Başqa sözlə, saxta nikah olub. Belə ki, Cavabdeh doğma xalası qızıdır. X1 anası Nərgiz doğma bacılardır. O, xx.xx.2022-ci il tarixdən Almaniya Federasiyasının Hannover ərazi paytaxtında Sehützenprlatz 1-də yaşamaq üçün icazə vəsiqəsi alıb. Orada əmək fəaliyyətinə icazə verilib. YZ21JGMXT saylı vəsiqəsi xx.xx.2031-ci il tarixədək etibarlıdır. Valideynləri də Almaniya Federasiyasına gəlib onunla yaşayırlar. Xalası qızı Kubra oxumaq üçün Almaniya Federasiyasına gəlmək istəyib, bunun asan başa gəlməsi üçün yalançı nikah bağlamaqları və onun rəsmi dəvətini alması gündəmə gəlib. Bu məqsədlə saxta nikah bağlayıblar və Kubra Almaniya səfirliyində imtahan verəndən sonra o, dəvət göndərməli idi. Lakin Kubra may ayında dildən imtahan verə bilmədi. Heç minimum balda toplanmadı. Ona görə də, onun Almaniya Federasiyasına gəlməsi baş tutmayıb və onun dəvətinə zərurət qalmayıb. Onu da qeyd etməlidir ki, nikahları yalançı olduğundan hər ikisinin şəxsiyyət vəsiqəsi dəyişdirilməyib və evli olmaqları vəsiqədə öz əksini tapmayıb. Heç bir nişan, toy məsasimi də olmayıb. Həm o, həm də xalası qızı faktiki subaydır. Hər ikisi gələcəkdə ailə qurmalıdırlar. Ona görə də, eləcə də ailə qurmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaq bağlamadıqlarından nikah müqaviləsi bağlandığı andan etibarsız hesab edilməlidir.

Cavabdehin etirazı və ona dəlilləri:

3. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, məhkəməyə təqdim edilən iddia ərizəsinin nəticə hissəsi ilə razıdır, yəni Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində 16 aprel 2024-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeydə alınmış (AZ-İİ № 580815) nikah bağlandığı andan etibarsız hesab edilməlidir. Çünki onların aralarında sənəd üzərində nikah olsa da, həmin nikah formal xarakter daşıyıb, toy mərasimi keçirilməyib, iddiaçı ilə aralarında ər və arvad münasibətləri olmayıb. Bu səbəbdən də nikah etibarsız sayılmalıdır. Lakin iddia ərizəsində əsaslandırma hissəsi ilə qəti razı deyil. İddia ərizəsindən göründüyü kimi guya o, Almaniya Federasiyasına getmək istəyib və oraya getməyi üçün iddiaçı ilə aralarında saxta nikah bağlanıb. Haqqında deyilənlər həqiqətə uyğun deyil. İddiaçı ilə aralarında bağlanmış nikah formul xarakter daşısa da, iddiaçının qeyd etdikləri ilə razı deyil. Doğrudur nikah bağlndığı gündən iddiaçı ilə aralarında ər və arvad münasibətləri olmayıb, onunla bir gün belə ər və arvad kimi bərabər olmayıb, birgə təsərrüfat aparmayıb və heç bir zaman birlikdə yaşamayıblar. Lakin iddia ərizəsində qeyd olunanlar həqiqəti əks etdirmir. Belə ki, İddiaçı ilə nikaha ailə qurmaq məqsədi ilə giriblər. Onun təhsili var və özüdə X2 tibb bacısı kimi fəaliyyət göstərir. Adət-ənənələrə uyğun olaraq 12 aprel 2024-cü il tarixdə “Kölgə” restoranında nişan mərasimləri olub. Fazil Almaniya Federasiyasında olduğundan və işlə əlaqədar vaxtı olmadığından Nişan mərasimində iştirak etməyib. Nişan mərasimində Fazilin atası, anası, nənəsi və digər qohumları iştirak ediblər. Onun ata və anası Almaniya Federasiyasıdan gələrək nişan mərasimində iştirak ediblər. Fazilin valideynlərinin onun valideynlərində danışıqları belə olub ki, onlar Almaniya Federasiyasına qayıtsınlar, orada Fazilin işinə uyğun, hansı aya alınarsa toy mərasimi üçün onlara desinlər, onun valideynləri də ona uyğun Bakı şəhərində toy mərasiminin keçirilməsi üçün yer və vaxt təyin edib onlara bildirsinlər, onlar gəlsin toy mərasimi bitdikdən sonra birlikdə Almaniya Federasiyasına gedərlər. Həmçinin, Fazilin valideynləri ona deyiblər ki, bu müddət ərzində Alman dilini tam öyrənmək üçün dil kursuna yazılsın ki, gələcəkdə Almaniya Federasiyasında onun üçün çətin olmasın. Birdə deyiblər ki, Fazil Almaniyadan bir neçə günlüyünə gəlsin, dövlət qeydiyyat orqanında nikah bağlansın sonra toy mərasiminin yeri vaxtı barədə deyərlər. Həmin vaxtda gəlib toylarını edərlər. Onların dedikləri kimi də olub, Fazil on gün müddətində Almaniyadan Bakıya gəlib. Nikahdan bir gün öncə onlara bildiriblər ki, nikahın rəsmiləşdirməsi üçün sabah Səbail rayon qeydiyyat şöbəsinə gəlsinlər. Məhkəmənin diqqətinə çatdırır ki, nikah bağlanarkən nə Fazil, nə də ki, o, heç bir analiz verməyiblər, heç bir tibbi müayinədən keçməyiblər. Bu barədə Fazildən soruşduqda o, ehtiyac olmadığını deyib. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015cı ıl 28 aprel tarixli 122 nömrəli qərarı ilə “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi” qaydaları təsdiq edilmiş və hər bir şəxs nikaha daxil omamışdan əvvəl qeyd olunan qaydalara riayət etməli və məcburi qaydada tibbi müayinədən keçməlidirlər. Lakin onlar nikah bağlanması üçün analiz verməyiblər və heç bir müayinədən keçməyiblər. Beləliklə onlar Səbail rayon qeydiyyat şöbəsində nikah bağlayıb və üzüklər taxıblar. Nikah şəhadətnaməsini aldıqdan sonra Fazil Almaniya Federasiyasında iş yerinə təqdim etmək üçün ona lazım olduğundan nikah şəhadətnaməsinin və digər sənədlərin notarial qaydada təsdiq etdirəcəyini və özü ilə aparacağını bildirib. O, səbəbini soruşduqda bildirib ki, subay olduğu üçün iş yerində maaşından vergi çox tutulur, həmin sənədləri ora təqdim edəcək ki, vergini az ödəsin. Nikahdan sonra Fazil ailəsi ilə birlikdə Almaniyaya Federasiyasına qayıdıb. Sonra Almaniya Federasiyasından əlaqə saxlayaraq valideynlərimə bildiriblər ki, oktyabr ayının 1-6-ına onlarda toy mərasimi üçün vaxt münüsibdir, toy mərasiminin keçirilməsi üçün yer danışıb onlara bildirinsinlər. Toy mərasimini “Xan Qızı” şadlıq sarayıda keçirlməsi üçün oktyabr ayının 4-nə təyin edib, Fazilin valideynlərinə məlumat veriblər. Həmin vaxt da o, imtahan verib, imtahan 2 mərhələdən ibarət idi. Birinci imtahandan uğurla keçib, elə narazılıqlar da bundan sonra başlayıb. Onlar Fazilin valideynlərinə deyiblər ki, “toy mərasiminin imtahan ilə nə əlaqəsi, biz toyumuzu edərik, gedərik Almaniyaya, dili orada da öyrənmək olar”. Hətta o, Fazilə deyib kı, “sənin də valideynlərin Almaniyada imtahan veriblər, məndə orada imtahan verə bilərəm”. Əsəbiləşərək deyib ki, “elə şey yoxdur, mən necə deyirəm elə də olmalıdır”. Onunla mübahisə edib və o gündən sonra onunla əlaqəni kəsib. Onun həqiqətən də ailə qurmaq niyyəti olduğunu düşünürdü, təəssüf ki, yanılıb. Onun ailə qurmaq niyəti olmayıb. O və ailəsi bunu sonradan anlayıblar. Çünki bir neçə dəfə valideynləri Fazilin valideynləri ilə əlaqə saxlayaraq toy mərasiminin vaxtının dəyişdirilməsini təklif ediblər. Lakin onlar buna heç bir reaksiya verməyib, əksinə seviniblər. Bundan sonra Fazil və ailəsi ilə əlaqələr tam kəsilib və sonda Fazil həqiqətə uyğun olmayan sözlərlə əsaslandırılmış iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini öyrəniblər. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi Fazilin onunla ailə qurmaq niyyəti olmayıb. Onu aldadaraq bağladıqlar nikahı öz məqsədlərı üçün istifadə edib. Diqqətə çatdırır ki, Fazil ilə aralarında bağlanmış nikah Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə zidd olaraq bağlanıb və bu səbəblə də etibarsız sayılmalıdır. Çünki hazırkı işdə qanunvericiiklə nikahın etibarsız hesab edilməsi üçün nəzərdə tutulan əsaslar mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələbinə əsasən müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış nikah qurmaq məqsədi ilə bağlanır. Aralarında həqiqi ailə münasibətləri, xüsusən də qarşılıqlı qayğı, qarşılıqlı maddi dəstək, birgə yaşayış üçün əmlak əldə etmək ər və arvad üçün xarakterik olan digər münasibətlər yaranmayıb. Halbuki, ailə qanunvericiliyinə əsasən, ailə münasibətlər, bir tərəfin yox, hər iki tərəfin qarşılıqlı məhəbbət hisslərinə əsaslanmalı və nikahın etibarlı hesab edilməsi üçün bir tərəfin yox, hər iki tərəfin ailə qurmaq niyyəti olmalıdır. Hazırki iddia tələbinin hüquqi əsasını Ailə Məcəlləsinin 25-ci maddəsi təşkil edir. Belə olan halda, iddianın təmin olunmasının əsas şərti nikah bağlanarkən tərəflərdən birinin və ya hər ikisinin həqiqətən də ailə qurmaq niyyətinin olmaması halı müəyyən edilməsidir. Göründüyü kimi İddiaçı onunla ailə qurmaq niyyəti olmayıb, onunla formal nikah bağlayaraq, nikah haqqında şəhadətnaməsini Bakı şəhərində yerləşən 14 saylı notariat kontorunda təsdiq etdirərək Almaniyada Federasiyasındakı iş yerinə təqdim etmək və bununla da özünü ailəli kimi göstərərək ondan tutulan verginin məbləğini minimimuma endirmək məqsədi daşıyıb. Lakin onlar nikah bağlanması üçün analiz verməyiblər və heç bir müayinədən keçməyiblər. Yuxanda sadalanlardan da göründüyü kimi aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi üçün biri digərini tamamlayan, təkzib olunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədən kənar sübutlar mövcuddur ki, bunlarda iddiaçı ilə aralarında Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsində aprel 2024-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında nömrə ilə qeydə alınmış (AZ-İİ № 580815) nikahın bağlandığı andan etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İş materialları:

4. AZ-İİ seriyalı, 580815 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində 16 aprel 2024-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanılması haqqında akt qeydləri kitabında 21 nömrə ilə qeyd edilmişdir. Ərə Qasımov, arvada Bağırova soyadı verilmişdir.

5. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, ona verilən məlumata əsasən iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq analizləri verib və qeydiyyat şöbəsinə müraciət edib.

7. Məhkəmə iclasında Cavabdeh izahat verərək, nikahın etibarsız sayılmasını xahiş etdi.

8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçı 2022-ci ildə ölkəni tərk edib və 2024-cü ilin aprel ayında ölkəyə daxil olub. Belə olan halda, o, necə nikahın bağlanması üçün qeydiyyat şöbəsinə müraciət edib. Nümayəndə vasitəsi ilə müraciət etsə idi, iş materiallarına əlavə edilmiş sənədlərlə bunu müəyyən etmək mümkün olardı. İddiaçı həmçinin, nikaha daxil olması üçün zəruri analiz verməyib, tibbi müayinədən keçməyib. Qeyd edilənlərə əsasən hesab edir ki, nikah etibarsızdır.

Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

2.3-cü maddəsinə görə nikah kişi ilə qadının ailə qurmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınan könüllü ittifaqıdır. 13.1. Nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. 25-ci maddəsinə əsasən bu Məcəllənin 10-12-ci maddələrində və 13.3-cü maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4-cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququ vardır.

12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə təsdiq edilmiş “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə” Qaydasının: 3.1. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri tibbi müayinədən keçirilir. 3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbipsixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir. 3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

İşin faktiki halı:

13. Belə ki, işin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh rəsmi nikaha daxil olmuşlar, lakin toy mərasiminin keçirilməmişdir. Nikaha daxil olduqdan sonra tərəflər arasında mübahisələr olmuşdur. Bundan sonra tərəflər arasında ailə qurmaq niyyəti olmamışdır. Tərəflər arasında bağlanmış nikah heç bir hüquqi nəticə yaratmamışdır. Tərəflər heç vaxt birgə yaşamamış və birgə təsərrüfat aparmamışlar. Məhkəmə bахışı zаmаnı iddiaçı nikаhın etibarsız hesab edilməsində təkid etmiş, cavabdeh isə iddianın təmin edilməsinə etiraz etməmiş və bu barədə müraciətini məhkəməyə təqdim etmişdir.

Məhkəmənin mövqeyi:

14. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyib, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

15. Məhkəmə belə qənaətə gəlir ki tərəflər arasında nikah bağlandıqdan sonra onların aralarında baş verən mübahisələr səbəbindən ailə qurmaq niyyəti olmamış və iddiaçı məhkəmədə nikahın etibarsız hesab edilməsinə dair iddia qaldırmışdır. Cavabdeh də nikahın etirabsız sayılmasına etiraz etmişdir.

16. Bundan başqa, məhkəmə qeyd edir ki, nikaha daxil olmaq istəyən şəxslər siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Hazırda iş materiallarında olan məhkəməyə təqdim edimiş tərəflərin tibbi müayinədən keçdikləri barədə xx.xx.2024-cü il tarixli arayışlara əsasən tərəflərin nikaha daxil olmaq üçün müvafiq tibbi müayinədən keçdikləri müəyyən edilsə də, elektron məhkəmə sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə ölkəni tərk etmiş və xx.xx.2024-cü ildə, yəni nikahın bağlanmasından 6 gün əvvəl ölkəyə daxil olmuşdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, tərəflər arasında nikah bağlanan zaman qanunvericiliklə müəyyən edilən göstərişlərə əməl edilməmişdir.

Nəticə:

17. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 21 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilməlidir.

17. Məhkəmə qeyd edir ki, Azərbaycan respublikası MPM-nin 119.1-ci maddəsinə uyğun olaraq iddiaçının nümayəndəsi və vəkili tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

19. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Səbail rayon qeydiyyat şöbəsində xx.xx.2024-cü il tarixdə 21 nömrə ilə qeydə alınmış nikah etibarsız hesab edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş 50 (əlli) manat dövlət rüsumu iddiaçı tərəfə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar