Məhkəmə qərarları › İş №e-2(007)-83/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-83/2024

04.03.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-83/2024 04.03.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “kompensasiya verməklə istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MTK ilə aralarında bağlanmış olan xx.xx.2020-ci il tarixli **********40254 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə, 61 saylı, 2 otaqlı mənzilə tam pay hüququ ona məxsusdur. Qeyd edir ki, oğlu X5 həmin mənzili "xxxx" MTK-dan 2018-ci ildə tam pay haqqını ödəyərək əldə etmiş və mənzilə olan pay hüququ da sözügedən müqavilənin 1.2-ci bəndində nəzərdə tutulduğu kimi ona ötürülmüşdür. Qeyd edir ki, X9 xx.xx.2019-cu il tarixdə Cavabdeh (bundan sonra “cavabdeh” adlandırılacaq) ilə nikaha girərək ailə həyatı qurmuşlar. Bu zaman mübahisəli mənzil yaşayışa tam hazır olmaqla, zəruri ev əşyaları ilə təmin olunmuş vəziyyətdə olmuşdur. Oğlu ilə cavabdeh arasında ailə münasibətləri qısa sürmüş və cavabdeh 2020-ci ilin iyul ayında mübahisəli mənzili tərk etmiş, gedərkən bəzi əşyalarını götürüb aparmış, bəziləri isə mənzildə qalmışdır. Göründüyü kimi cavabdeh cəmi 7 (yeddi) ay mübahisəli mənzildə qalmış, həmin müddətin müəyyən hissəsini də öz ata evində keçirmişdir. X9 tərəfindən cavabdehə qarşı əşyalarının mənzildən çıxarılması barədə iddia qaldırılmış, cavabdeh tərəfindən mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbi barədə qarşılıqlı iddia verilmişdir. Fuadın ilkin iddia tələbi təmin olunmamış, cavabdehin qarşılıqlı iddia tələbi isə təmin olunmuşdur. Həmin iş üzrə icra sənədi xx.xx.2023-cü il tarixdə icra olunaraq cavabdeh onun mənzilinə köçürülmüşdür. Hazırda cavabdehin oğluna qarşı olan aliment tələbi üzrə mənkəmə qətnaməsi ilə hər ay 800-900 manat məbləğdə aliment alır. Aylıq gəlirlərdən asılı olaraq bu məbləğ bəzi aylarda artıq da olur. 2020-ci ilin sentyabr ayından hazırkı tarixədək 22000 (iyirmi iki min) manatdan çox aliment borcu cavabdehin hesabına birbaşa köçürülmüşdür. Bu da hər kəsə məlum olduğu kimi nəinki azyaşlı övladının, cavabdehin özünün də kifayət qədər yaxşı yaşamasını təmin edəcək bir məbləğdir. Vacib olaraq vurğulayır ki, cavabdeh hazırda köçürüldüyü mənzilinin təmirində, qorunub saxlanmasında, kommunal ödənişlərində heç bir şəkildə iştirak etməmişdir. Yuxarıda qeyd etdiyi kimi, mübahisəli mənzildə gəlin köçüb yaşadığı müddət 7 (yeddi) aydan ibarət olmuşdur ki, bu da mütəmadi olaraq fasilələrlə olmuşdur. İddia ərizəsinə əlavə etdiyi aidiyyatı məhkəmə qərarlarından göründüyü kimi, cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanındığı zaman o oğlu ilə nikahda olmuş və məhkəmələr də bu səbəbdən, yəni cavabdeh oğlunun ailə üzvü (arvadı) olduğu üçün Mənzil Məcəlləsinin 30cu maddəsinin tələblərinə əsaslanaraq ona istifadə hüququ tanımışlar. Oğlu ilə cavabdeh arasında olan nikah məhkəmə tərəfindən pozulduqdan sonra, yəni cavabdeh oğlunun ailə üzvü hesab olunmadıqdan sonra tərəfindən ona qarşı mənzilə olan istifadə hüququna xitam verilməsi və cehiz əşyaların çıxarılması tələbi ilə iddia qaldırılmışdır. Qubadlı rayon Məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi həmin qətnamədən verdiyi apelyasiya şikayətini təmin etməmiş və bildirmişdir ki, “cavabdehin mübahisəli mənzilə istifadə və yaşayış hüququ qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə müəyyən edildiyindən iddiaçı (o) kompensasiya verilməsi yolu ilə cavabdehin mübahisəli mənzilə istifadə hüququna xitam verilməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.” Məhkəmənin bu mövqeyini qəbul etməsə də, artıq uzun müddətdir ki, davam edən məhkəmə mübahisələri və cavabdehin qərəzli hərəkətləri səhhətini ciddi şəkildə pozduğundan, eyni zamanda apelyasiya instansiyasının razılaşmadığı bu mövqeyindən şikayət verib məhkəmə mübahisələrinin bir az da uzanması bu zərbəni daha da artıracağından hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Məhkəmənin mövqeyini qəbul etməməyinin səbəbini qısa da olsa açıqlayaraq bildirir ki, yuxarıda qeyd etdiyi kimi, cavabdehə istifadə hüququnu tanıyan məhkəmələr bu hüququ ona Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsaslanaraq tanımışlar və o zaman cavabdeh Fuadın rəsmi olaraq ailə üzvü hesab olunmuşdur. Mənzil Məcəlləsinin həmin tələblərinə əsasən tanınan istifadə hüququ elə bir hüquqdur ki, ailə münasibətlərinə xitam verildiyi tarixdən, yəni Fuadla cavabdeh arasında nikah pozulduqdan sonra öz-özlüyündə itirilən hüquqdur. Yəni həmin maddənin tələbinə əsasən bu hüquq ailə üzvünə yalnız həmin statusda olduğu zaman çərçivəsində tanınan bir hüquqdur. Belə olan halda, həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsi ədalətli araşdırma aparmış olsaydı, qanunvericiliyin bu tələbinə əsasən cavabdehin mənzilinə olan istifadə hüququnun itirilmiş hesab olunması qənaətinə gəlmiş olardı. Amma, qeyd etdiyi kimi, səhhətində olan ciddi səbəblər ucbatından hesab edir ki, hazırda 6000 (altı min) manat kompensasiya məbləği müqabilində cavabdehin mənzilimdən çıxarılması daha doğru olardı. Bir daha qeyd edir ki, cavabdeh mənzilinə dair heç bir yaxşılaşdırmada, mühafizədə, kommunal ödənişlərdə və s. bu kimi yaşayış xərclərində iştirak etməyibdir. Eyni zamanda hesab edir ki, 7 ay mübahisəli mənzildə yaşamaq cavabdehə həmin mənzilin şəraitinə və yerləşmə yerinə alışmaq imkanı da verməmişdir (nəzərə almaq lazımdır ki, bu 7 ay mütəmadi olmamışdır). Həmçinin, hazırda hər ay əldə etdiyi kifayət qədər yüksək aliment məbləği də ona azyaşlı uşağı ilə birlikdə istədiyi mənzildə kirayə qalmaq imkanı da verir. Lakin, cavabdeh könüllü olaraq kompensasiya yolu ilə evini tərk etmir və o, bu yaşda həyat yoldaşı ilə və digər ailə üzvləri ilə birlikdə çox çətinlik çəkir. Onun ucbatından mənzilimdən tam şəkildə məhrum olmuş, girib orada yaşamağı mümkünsüz hala gəlmişdir. Bütün bu hallara əsasən hesab edir ki, ona tərəfindən mənzilindən ona məxsus olan əşyaları ilə birlikdə çıxarılması müqabilində 6000 (altı min) manat məbləğində kompensasiya təklifi kifayət qədər yüksəkdir və bu tələbi məhkəmə tərəfindən təmin olunmalıdır. Cavabdehin mənzilində olan əşyaları aşağıdakılardan ibarətdir: 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti, 4 ədəd şamdan, 20 ədəd meyvə və şirniyyat qabları, 7 ədəd su qrafinkası və stəkanlar, 1 ədəd güldan, 11 ədəd müxtəlif suvenirlər, 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəsti, 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti, 67 ədəd su və çay stəkanları, 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti, 12 ədəd nəlbəkilər, 18 ədəd mürəbbə qabı, 3 ədəd limon qabı, 1 ədəd boz rəngli paltar qurudan, 4 ədəd çil-çıraqlar, 1 ədəd divar saatı, 1 ədəd oval formalı açıq rəngli xalça, 3 ədəd pərdə, 1 ədəd paltar ütüləmək üçün masa, 8 ədəd stol üçün süfrə, 1 ədəd məcməyisini), 42 ədəd müxtəlif ərzaq qabları, 1 dəst iti bıçaq dəsti, 1 dəst ərzaq saxlama qabı(4 ədəd), 1 dəst çəngəl-bıçaq (18 ədəd), 1 dəst taxta qaşıq (6 ədəd), 2 ədəd su dolçası, 7 ədəd şüşə ərzaq saxlama qabı, 31 ədəd şüşə mətbəx boşqabları, 1 ədəd “Eurolux” markalı blender, 1 ədəd şirəçəkən maşın, 1 ədəd Samsunq markalı ağ rəngli paltaryuyan maşın, 1 ədəd “Hoffman” markalı soyuducu, 5 ədəd çaydan, 35 ədəd müxtəlif mətbəx qabları, 1 ədəd toster, 17 ədəd qazan və tava (1 dəst), 2 ədəd boz və ağ rəngli zibil qabları, 1 ədəd güldan, 1 ədəd döşəməüstü torşet (lampa), 2 ədəd taxta siyirtmə, 1 ədəd Canon markalı fotoaparat, 4 ədəd yorğan, 3 ədəd pled, 11 ədəd balış, 6 ədəd bağlamada yataq dəsti, 5 ədəd yataq dəsti, 6 ədəd adyal, 1 ədəd “Arçelik” markalı ütü, 1 ədəd elektron tərəzi, 14 ədəd müxtəlif hamam dəsmalları, 6 ədəd müxtəlif ev çəkələkləri, 1 ədəd qadın əl çantası, 19 ədəd qadın ayaqqabıları, 98 ədəd qadın üst geyim və alt geyim əşyaları, 2 ədəd qadın qol saatı, 8 ədəd qadın gün eynəkləri, 1 ədəd optik eynək, 2 ədəd ev təmizləyici vasitə( süpürgə və döşəmə silən vasitə), 1 ədəd paltar saxlamaq üçün qab, 1 ədəd tozsoran. Qeyd edir ki, xx.xx.2023-cü il tarixində cavabdeh mənzilinə köçürülərkən bu əşyalar mənzildə olmuşdur. Hazırkı işin qeyd olunan mübahisəsiz hallarına və qanunvericiliyin sadalanan normalarına əsasən, mənzilin yaxşılaşdırılması, təsərrüfatının idarə edilməsində cüzi də olsa zəhməti keçməyən, çox qısa müddət ərzində mənzildə yaşayan, bu cür şəraitli və infrastrukturlu başqa mənzildə yaşamağa maddi imkanı yol verən cavabdeh qarşısında hüquqi məsuliyyəti, öhdəliyi olmadığını hesab etsə də, cavabdeh oğlunun keçmiş həyat yoldaşı olduğu üçün onun mənzilin istifadə hüququna xitam verilməsi barədə iddianın 6 000 (altı min) manat kompensasiya verilməklə təmin olunmasını xahiş etməkdə haqlı olduğunu düşünür. Göstərilənlərə əsasən, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9-da yerləşən 61 nömrəli mənzilinə 6000 (altı min) manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus əşyaların mənzilindən çıxarılması və mənzilimin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanda yerləşən mənzilinə 15.000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi, cavabdehə məxsus iddia ərizəsində sadalanan əşyaların mənzilindən çıxarılması və mənzilinin boşaldılaraq təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edib iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq izahatında göstərmişdir ki, mübahisə predmeti olan mənzildən iddiaçının keçmiş gəlini istifadə edir. Onlar onun mənzildən çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə məhkəmə ekspertizası təyin edilmişdir. Rəy ilə tanış olmuşdur. Rəydə göstərilən qiymətlə razıdırlar. Onlar əvvəlki məhkəmədə qarşı tərəfə təklif etmişlər ki, artıq mübahisə uzadılmasın. Çünki iddiaçı ürək xəstəsidir. İddiaçı oğluna görə onlara 1000 manat aliment ödəyir. Onlar təklif etdikdən sonra, cavabdeh evdəki mebelləri tələb etmişdir. Burada məqsəd sadəcə iddiaçını incitməkdir. Əgər qarşı tərəf razılaşırsa onlar 20.000 manat ilə də razılaşa bilərlər. Lakin tərəf ona da razılıq verməyəcək. Rəy məhkəmə üçün məcburi olmasa da, məqsədə uyğun qiymət 400 manatdır. Qarşı tərəf kirayə haqqını 500 manat olaraq qiymətləndirir. Lakin onlar 18.000 manat kompensasiya təklif etsələr, yenə razılaşmayacaqlar. Hazırda təklif etdikləri məbləğ 15.000 manatdır. Xəzər Rayon Məhkəməsində olan əşya tələbinə münasibətdə isə qeyd edirlər ki, iddiaçı hazırkı iddia tələbinə münasibətdə qeyd etdiyi əşyaların çıxarılmasını özü də istəyir. Qarşı tərəf isə Xəzər Rayon Məhkəməsində mübahisədə başqa əşyalar da tələb edir. İddiaçı həmin əşyalar hissəsini qəbul etmir və qarşı tərəf hazırkı əşyalara münasibətdə iddia tələblərindən digər işdə imtina edə bilər. Əşya hissəsini ona görə də hazırkı iş üzrə iddia tələbindən çıxarmırlar. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, kompensasiya məbləği ilə razı deyil. O, iki otaqlı evdə yoldaşı ilə qalmış, uşaqla qalmamışdır. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi-vəkili Vəkil2 iddia tələbini qəbul etməyib izahatında bildirmişdir ki, onlar rəy ilə tanış olmuşlar. Rəydə aylıq 400 manat qeyd edilib. Bu tamamilə yalnış mövqedir. Statistika Komitəsi hər il kirayə haqlarını müəyyən edir. Mənzilin kirayə haqqı ən azı ölkə üzrə inflyasiya qiymətləri ilə müəyyən edilməlidir. Bu miqdar ağlabatan miqdar deyil. Onların Xəzər Rayon Məhkəməsində əşya tələbləri var. Təklif edirlər ki, iddiaçı əşya hissəsindən imtina etsin. Burada yalnız mənzildən çıxarma hissəsinə baxılsın. İddiaçı tərəf razılaşmır. Onlar 15.000 manat məbləği ilə razı deyil. Onlar mütəxəssis rəyini mötəbər hesab edirlər. Mütəxəssisə görə Özbəkistan küçəsi üçün 400 manat aşağı məbləğdir. Onlar minumum aylıq 600 manat olmaqla, 21.600 manat məbləğə razı ola bilərlər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MTK ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli, **********40254 nömrəli Payçı müqaviləsindən görünür ki, MTK pay qismində çıxış edən ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə, 61 nömrəli, 2 otaqlı mənzili tikib və Payçının mülkiyyətinə verməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən mənzilin ümumi dəyəri tam ödənilmişdir. -Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri və Kadastrı publik hüquqi şəxsin Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, Yeni qaydalarla: AZ1060, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, M10, m5 ünvanındakı mənzil xx.xx.2023-cü il tarixdə xüsusi mülkiyyət kimi tam payda İddiaçı adına qeydiyyata alınmışdır; - Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(028)-14/2021 saylı qətnaməsi ilə, ilkin iddia rədd edilmiş, X3 xüsusi mülkiyyətində olan ünvan 3-dən X2 məxsus olan əşyaların sonuncunun vəsaiti hesabına çıxarılması barədə iddiasının rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh azyaşlı övladı X6 ilə birlikdə ünvan 3 ünvanına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. - Qubadlı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(028)-4/2022 saylı qətnaməsindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, xx.xx.2020-ci il tarixdə doğulmuş X4 Cavabdeh yanında qalması qət edilmişdir. - Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MB-16/0607 nömrəli mütəxəssis rəyindən görünür ki, seçilmiş kirayə analoqlarına əsasən Özbəkistan küçəsində yeni tikili binada yerləşən 2 otaqlı mənzilin orta kirayə dəyəri 12 may 2023-cü il tarixinə 600 manat təşkil edir. Növbəti ildə bu tip mənzillərin kirayə bazarında artım 30-70 manat arası artım proqnozlaşdırılır. - Məhkəmənin qərardadı əsasında təyin edilmiş tikinti-obyektlərinin tədqiqi ekspertizasının 19 dekabr 2023-cü il tarixli 3-16-16/2-10/4853-9/5043 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9 ünvanında yerləşən 61 nömrəli mənzilin ümumi sahəsinin 63.46 kv.m olduğunu nəzərə alaraq, tədqiq olunan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 146.000 (2300 x 63.46 kv.m) manat məbləğində müəyyən edilir. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9 ünvanında yerləşən 61 nömrəli ümumi sahəsi 63.46 kv.m olan mənzilin və ona oxşar şəraitli sahələrin aylıq icarə haqqının orta bazar qiyməti təxminən 400 manat müəyyən edilir. Tələb və təklifdən, həmçinin tərəflərin qarşılıqlı razılaşmasından asılı olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, ev 9 ünvanında yerləşən 61 nömrəli mənzilin hazırkı dövrdən növbəti 3 il üzrə orta bazar və orta kirayə haqqı qiyməti barədə statistik məlumat olmadığından, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. - xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə "xxxx" MTK arasında bağlanmış olan xx.xx.2020-ci il tarixli **********40254 saylı müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən yaşayış kompleksində inşa edilmiş 7-ci bina, 1-ci blok, 10-cu mərtəbə, 61 saylı, 2 otaqlı mənzilə tam pay hüququ iddiaçıya məxsusdur. İddiaçının oğlu X5 həmin mənzili "xxxx" MTK-dan 2018-ci ildə tam pay haqqını ödəyərək əldə etmiş və mənzilə olan pay hüququ da sözügedən müqavilənin 1.2-ci bəndində nəzərdə tutulduğu kimi ona ötürülmüşdür. İddiaçının X9 xx.xx.2019-cu il tarixdə hazırkı Cavabdeh ilə nikah bağlamışlar. İddiaçının oğlu ilə hazırkı cavabdeh arasında bağlanmış nikah məhkəmə qətnaməsi ilə pozulmuşdur. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(028)- 14/2021 saylı qətnaməsi ilə, Cavabdeh azyaşlı övladı X6 ilə birlikdə ünvan 3 ünvanına istifadə hüququnun tanınması və onların həmin mənzilə köçürülmələri qət edilmişdir. Cavabdehin mübahisəli mənzilə istifadə hüququ tanındığı zaman o, iddiaçının oğlu ilə nikahda olmuşdur. Hazırda iddiaçı mülkiyyətçi kimi tərəfindən cavabdehə kompensasiya ödənilməklə ona məxsus mənzildən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə mənzildən çıxarılması bağlı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə uyğun hesab edilmişdir. Yaşayış binasının tərkib hissəsindən digər şəxslərin istifadə hüququna xitam verilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə uyğun olaraq həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli mənzili xx.xx.2020-ci ildə iddiaçı tam şəkildə dəyərini ödəməklə almışdır, cavabdehin həmin mənzildən istifadə hüququ isə məhz məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Belə olan halda, tərəflər arasında mənzillə bağlı hüquq münasibətlərinin həmin vaxtdan yaranmış olması nəzərə alınmalıdır. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh iddianı, kompensasiya verilməklə iddiaçıya məxsus yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi hissəsində qəbul edir, onun mübahisələndirdiyi hal yalnız kompensasiyanın məbləği ilə bağlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçı kompensasiyanın məbləğini təklif edərkən real bazar qiymətlərini, özünün mülkiyyət və cavabdehin isə istifadə hüquqlarını nəzərə almışdır. Ekspert tərəfindən mənzilin hazırkı bazar qiymətinin müəyyən olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, kompensasiyanın məbləğinin iddiada qoyulan məbləğdə, yəni 15000 manat məbləğində olması ağlabatan və real qiymətdir, həmin məbləğ, Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı ilə müəyyən edildiyi kimi, “...mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən...” məbləğdir. Məhkəmə, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli MB-16/0607 nömrəli mütəxəssis rəyinə münasibətdə isə qeyd edir ki, həmin rəyi məhkəmə mötəbər sübut qismində qəbul etmir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azaldıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Göründüyü kimi, istifadə hüququ əmlakdan (əşyadan) hər hansı formada fayda götürmək və ya istifadə etməklə şərtləndirilir, başqa sözlə, istifadə hüququ əmlakdan (əşyadan) fayda, bəhər götürmək və istifadə etməklə əlaqəlidir. Bu isə, öz növbəsində Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş həmin hüquqdan da istifadənin məhz zərurətdən doğan, başqa sözlə, onsuz keçinməyin mümkünsüz olması (başqa yaşayış yerinin olmaması) anlamına gəlməyə əsas verir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Belə olan halda, məhkəmə hesab edir ki, mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir. Məhkəmə hesab edir ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə, o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2004-cü il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, xüsusilə qeyd olunmalıdır ki, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə etmək zərurətinin mövcudluğuna baxmayaraq, mülkiyyətçinin və digər mənzil sakinlərinin onun bu hüququndan istifadə etməsini mümkünsüz etdiyi qanuna zidd hallar müəyyən olunduqda, keçmiş ailə üzvünün istifadə hüququna kompensasiya ödənilmədən xitam verilə bilməz. Bununla da, məhkəmə belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslı olmaqla irəli sürdüyü dəlillər və təklif etdiyi kompensasiya məbləği, mənzildən istifadə hüququ olan cavabdehin iddiaçı olan mənzilin mülkiyyətçisinin hesabına davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verən məbləğ olduğundan, iddianın təmin edilməsinə mane olan hər hansı hal yoxdur, tərəflərin hüquqlarının təmin edilməsi baxımından cavabdehin mənzildən istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi hissəsində təmin edildiyindən, cavabdehin iddia tələbində göstərilən əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması hissəsində də əsaslı olduğundan təmin edilməlidir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdeh iddia tələbində qeyd olunan- 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti, 4 ədəd şamdan, 20 ədəd meyvə və şirniyyat qabları, 7 ədəd su qrafinkası və stəkanlar, 1 ədəd güldan, 11 ədəd müxtəlif suvenirlər, 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəsti, 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti, 67 ədəd su və çay stəkanları, 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti, 12 ədəd nəlbəkilər, 18 ədəd mürəbbə qabı, 3 ədəd limon qabı, 1 ədəd boz rəngli paltar qurudan, 4 ədəd çil-çıraqlar, 1 ədəd divar saatı, 1 ədəd oval formalı açıq rəngli xalça, 3 ədəd pərdə, 1 ədəd paltar ütüləmək üçün masa, 8 ədəd stol üçün süfrə, 1 ədəd məcməyisini), 42 ədəd müxtəlif ərzaq qabları, 1 dəst iti bıçaq dəsti, 1 dəst ərzaq saxlama qabı(4 ədəd), 1 dəst çəngəl-bıçaq (18 ədəd), 1 dəst taxta qaşıq (6 ədəd), 2 ədəd su dolçası, 7 ədəd şüşə ərzaq saxlama qabı, 31 ədəd şüşə mətbəx boşqabları, 1 ədəd “Eurolux” markalı blender, 1 ədəd şirəçəkən maşın, 1 ədəd Samsunq markalı ağ rəngli paltaryuyan maşın, 1 ədəd “Hoffman” markalı soyuducu, 5 ədəd çaydan, 35 ədəd müxtəlif mətbəx qabları, 1 ədəd toster, 17 ədəd qazan və tava (1 dəst), 2 ədəd boz və ağ rəngli zibil qabları, 1 ədəd güldan, 1 ədəd döşəməüstü torşet (lampa), 2 ədəd taxta siyirtmə, 1 ədəd Canon markalı fotoaparat, 4 ədəd yorğan, 3 ədəd pled, 11 ədəd balış, 6 ədəd bağlamada yataq dəsti, 5 ədəd yataq dəsti, 6 ədəd adyal, 1 ədəd “Arçelik” markalı ütü, 1 ədəd elektron tərəzi, 14 ədəd müxtəlif hamam dəsmalları, 6 ədəd müxtəlif ev çəkələkləri, 1 ədəd qadın əl çantası, 19 ədəd qadın ayaqqabıları, 98 ədəd qadın üst geyim və alt geyim əşyaları, 2 ədəd qadın qol saatı, 8 ədəd qadın gün eynəkləri, 1 ədəd optik eynək, 2 ədəd ev təmizləyici vasitə (süpürgə və döşəmə silən vasitə), 1 ədəd paltar saxlamaq üçün qab, 1 ədəd tozsoran- dan ibarət əşyaları ilə birlikdə mənzildən çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən 15.000 manat pul məbləğində kompensasiya ödənilməklə, Cavabdeh ona məxsus Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyi üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməli, iş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının keçirilməsinə sərf olunmuş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanında yerləşən mənzildən istifadə hüququna 15.000 (on beş min) manat kompensasiya verilməklə xitam verilsin. İddiaçı 15.000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə eyni vaxtda Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi, 9, ev 7, mənzil 61, (Yeni qaydalarla: AZ1060, ünvan 2 ünvanında yerləşən mənzilindən ona məxsus- 1 dəst (3 ədəd) su qəfədanı və stəkanlar dəsti, 4 ədəd şamdan, 20 ədəd meyvə və şirniyyat qabları, 7 ədəd su qrafinkası və stəkanlar, 1 ədəd güldan, 11 ədəd müxtəlif suvenirlər, 1 dəst (60 ədəd əşya) 24 nəfərlik yemək qabı dəsti, 1 dəst (75 ədəd əşya) 24 nəfərlik çəngəl-bıçaq dəsti, 67 ədəd su və çay stəkanları, 1 dəst (48 ədəd) 24 nəfərlik çay dəsti, 12 ədəd nəlbəkilər, 18 ədəd mürəbbə qabı, 3 ədəd limon qabı, 1 ədəd boz rəngli paltar qurudan, 4 ədəd çil-çıraqlar, 1 ədəd divar saatı, 1 ədəd oval formalı açıq rəngli xalça, 3 ədəd pərdə, 1 ədəd paltar ütüləmək üçün masa, 8 ədəd stol üçün süfrə, 1 ədəd məcməyisini), 42 ədəd müxtəlif ərzaq qabları, 1 dəst iti bıçaq dəsti, 1 dəst ərzaq saxlama qabı (4 ədəd), 1 dəst çəngəl-bıçaq (18 ədəd), 1 dəst taxta qaşıq (6 ədəd), 2 ədəd su dolçası, 7 ədəd şüşə ərzaq saxlama qabı, 31 ədəd şüşə mətbəx boşqabları, 1 ədəd “Eurolux” markalı blender, 1 ədəd şirəçəkən maşın, 1 ədəd Samsung markalı ağ rəngli paltaryuyan maşın, 1 ədəd “Hoffman” markalı soyuducu, 5 ədəd çaydan, 35 ədəd müxtəlif mətbəx qabları, 1 ədəd toster, 17 ədəd qazan və tava (1 dəst), 2 ədəd boz və ağ rəngli zibil qabları, 1 ədəd güldan, 1 ədəd döşəməüstü torşet (lampa), 2 ədəd taxta siyirtmə, 1 ədəd Canon markalı fotoaparat, 4 ədəd yorğan, 3 ədəd pled, 11 ədəd balış, 6 ədəd bağlamada yataq dəsti, 5 ədəd yataq dəsti, 6 ədəd adyal, 1 ədəd “Arçelik” markalı ütü, 1 ədəd elektron tərəzi, 14 ədəd müxtəlif hamam dəsmalları, 6 ədəd müxtəlif ev çəkələkləri, 1 ədəd qadın əl çantası, 19 ədəd qadın ayaqqabıları, 98 ədəd qadın üst geyim və alt geyim əşyaları, 2 ədəd qadın qol saatı, 8 ədəd qadın gün eynəkləri, 1 ədəd optik eynək, 2 ədəd ev təmizləyici vasitə (süpürgə və döşəmə silən vasitə), 1 ədəd paltar saxlamaq üçün qab, 1 ədəd tozsorandan ibarət əşyaları ilə birlikdə çıxarılsın. İddiaçı 15.000 (on beş min) manat kompensasiya məbləğinin alınıb Cavabdeh verilməsi ilə onun mübahisəli mənzildən istifadə hüquqlarına xitam verilməsi eyni vaxtda icra olunsun. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının keçirilməsinə sərf olunmuş 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar