Məhkəmə qərarları › İş №e-2(007)-938/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-938/2025

16.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-938/2025 16.04.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X18, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair mülki iş üzrə (Açar sözlər: “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı11, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X18, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X38, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlu, İddiaçı22, X25, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə məhkəməyə müraciət edərək, onların Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə Cəhri qəsəbəsi və Gülşənabad kəndinin bütün sakinlərinin və gələcək nəsillərinin qəbiristanlıq ehtiyacları üçün alınmış 2,5 ha, yəni 25000 m2 torpaq sahəsinin, qeyd-şərtsiz və əvəzsiz olaraq tapşırıq verənlərə verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması, məhkəmə xərclərinin Cavabdeh1 tutulub iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

İddia ərizəsinin əsaslandırıldığı hallar:

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Naxçıvan Muxtar Respublikasının, Babək rayonu, Cəhri və Gülşənabad kəndlərindən olan 500-dən çox sakinin pul toplaması ilə, Naxçıvan Muxtar Respublikasından kənarda yaşayan kənd camaatının qəbiristanlıq ehtiyaclarını ödəmək üçün, 18 noyabr 2012-ci ildə torpaq sahəsi almaq qərarına gəldilər və bu işi şifahi tapşırıq müqaviləsi ilə, Cavabdeh1 və Cavabdeh2 həvalə etdilər. Cavabdehlər qəbiristanlıq üçün yararlı torpaq sahəsi tapmalı, onu abadlaşdırmalı və yas mərasimləri üçün uyğun hala salmalı idilər. Bir müddət sonra cavabdehlər onlara bildirdilər ki, lazım olan torpaq sahəsi alınıb və orada dəfn mərasimlərinə başlamaq olar. Lakin bu günədək, cavabdehlər onların tapşırığı ilə və pulları ilə alınan torpağı onlara verməyiblər və bununla da Azərbaycan Respublikası MM-nin 782-ci maddəsində nəzərdə tutulan şərtləri pozublar. Cavabdehlər iki kəndin camaatının qəbiristanlıq ehtiyacları üçün alınan həmin torpaq sahəsini bu günədək onlara verməyiblər ki, onlar o torpağa qanuni qəbiristanlıq statusu alsınlar. Cavabdehlər hər dəfə bir bəhanə gətirməklə, MM-nin 782-ci maddəsində nəzərdə tutulan öhdəliklərini yerinə yetirməkdən yayınırlar. Onlar 2012-ci ildə pul qoyanda Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının qəbiristanlıq ehtiyacları üçün torpaq alınması məqsədilə pul qoymuşlar. Deməli, həmin torpaq sahəsi harada olmasından asılı olmayaraq, Cəhri və Gülşənabad kənd sakinlərinin hamısının yalnız qəbiristanlıq ehtiyacları üçün istifadə edilməlidir. Lakin cavabdehlər həmin torpaq sahəsini Cəhri və Gülşənabad kənd sakinlərinin rəsmi mülkiyyətinə, sahibliyinə, istifadəsinə və sərəncamına vermirlər ki, onlar həmin torpaq sahəsinə qanuni status alaq və qanunda nəzərdə tutulan qaydada istifadə edə bilək. Biz hər dəfə bunu cavabdehlərdən tələb edəndə Cavabdeh1 bildirir ki, Məmmədli bələdiyyəsinin ərazisində onun xüsusi mülkiyyətində olan torpaq sahəsi var və biz ölülərimizi orada basdıra bilərik. Əvvəla, qanun xüsusi mülkiyyətdə olan, kənd-təsərrüfatı təyinatlı torpaqda qəbiristanlıq salmağı qadağan edir. İkincisi, biz ölülərimizi kiminsə xüsusi mülkiyyətində olan torpaq sahəsində basdırmaq üçün torpaq almamışıq. Üçüncüsü, biz ona görə qəbiristanlıq üçün torpaq almamışıq ki, ölülərimizi basdıranda kiməsə əlavə haqq ödəyək. 2023-cü ilədədək, Cavabdeh1 hər dəfə torpağı iki kəndin camaatına verəcəyini vəd edirdi. Lakin 2023-cü ildə bizə məlum oldu ki, o yalan danışır və aldığı torpaq sahəsini ona tapşırıq verənlərə vermək fikri yoxdur.

Tərəflərin izahatları:

3. İddiaçılar İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı8, İddiaçı10, İddiaçı12, İddiaçı14, X38, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı21 Nuhin oğlu, İddiaçı22, İddiaçı7, X25, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27 və İddiaçı29 ərizə verərək məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında iştirak edən İddiaçı11 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı9, İddiaçı20, İddiaçı3, İddiaçı7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və iddia tələbinin təmin edilməsini xahiş etdilər.

6. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 bildirdi ki, iddia tələbini qəbul etmir. Burada hamı paylı mülkiyyətçidir. Əvvəl tam pay onun adına idi, lakin hazırda o, iki dəfə ayrı ayrı şəxslərə cəmi 17 nəfərə hər birinə 1/200 pay satıb. Ağsaqqallardan ibarət iclasda onun adına alınması təklif olunmuşdur. X46 sağdır, digərləri rəhmətə gediblər. X12 balansındadır. X12 ərazisində yerləşdiyi üçün İcra Hakimiyyətinə müraciət etmişdir. Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Məktuba əsasən yerli bələdiyyəyə müraciət etmələri tövsiyə olunub.

7. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 bildirdi ki, iddia tələbini qəbul edir. Ağsaqqalların iştirakı ilə qərara gəlindi ki, qəbiristanlıq üçün torpaq sahəsi alınsın. Pulun çox hissəsini o, qoyub. Torpaq Cavabdeh1 adına alınmışdır. İndi də torpağı kənd sakinlərinin bəzilərinin ona yaxın olan adamların adına keçirir. Həmin torpağın alınması Cavabdeh1 və ona həvalə olunub. Lakin çıxarış Cavabdeh1 adına alınıb, amma əslində o torpaq onun deyil iki kəndin sakinlərinin pulu hesabına alınıb. Cəmiyyət yaradıb Cəmiyyətin adına alınmalı idi. Faktiki orada dəfn olunanlar var və onlardan qohumlarını dəfn edən zaman pul alınır. Ona görə iddia tələbinin təmin olunmasını və kənd sakinlərinin haqqı olan torpağın onlara qaytarılmasını xahiş etdi.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən, tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.

9. Məhkəmə işə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı12, İddiaçı13, İddiaçı14, X18, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları:

10. 18.11.2012-ci il tarixdə Cəhri kənd ağsaqqallarının müzakirəsinin nəticəsindən görünür ki, Məmmədli kəndində 2,5 hektar qəbiristanlığın alınması ağsaqqallar tərəfindən qəbul edildi; Qəbiristanlıq üçün vəsaitlərin yığılması və qəbiristanlıqla bağlı məsələlər və digər məsələlər: Cavabdeh1 başda olmaqla, Cavabdeh2 həvalə olundu. Vəsaitin yığılması 100 manatdan başlasın, kimin imkanı varsa artıq da verə bilər. Ailədə neçə oğul varsa, ayrı təsərrüfatdırsa, yəni evlidirsə imkan dərəcəsində vəsait yığımında iştirak etməsi vacibdir; Qəbiristanlıqla bağlı vəsaitin yığılması ancaq Cəhri və Gülşənabad kəndinə aiddir; Başqa rayondan olan kürəkənlər öz təsərrüfatı üçün qəbiristanlıq məsələlərində iştirak edə bilərlər, yəni yer ala bilərlər; Bundan sonra hüzrü düşən şəxslər məclislərində vəsaitin yığılmasını vacib saymalıdırlar və vəsaitin miqdan 5-10 manatdan başlasın, kimin imkanı olarsa artıq da verə bilər; Bundan sonra hüzürü düşən şəxslər məclislərində israfçılıq olmasın deyə çay, qənd, limon, xurma və halva qoyulması tələb olunur; Məclis axşam 20:00-a və ya 20:30-dək davam olunsun ki, hamı çatdırıb iştirak edə bilsin; Qəbiristanlığda layihədə göstərildiyi kimi 1, 2, 3, 4-cü cərgədə böyüklər, 5-ci cərgədə 2 yaşdan 5 yaşa qədər uşaqlar, 6-cı cərgədə ana bətnində tələf olunmuş və 1 yaşına qədər uşaqlar dəfn olunsun; Dəfn kimliyindən asılı olmayaraq ardıcıl formada sıra ilə getməsi, baş daşlarının ucuz və sadə formada düzəldilməsi tələb olunur; Bundan sonra hər bir kəs yeni ailə qurarsa 100 manatdan başlayaraq vəsait yığımında iştirak etməsi vacibdir; Hər təsərrüfat üçün 5 manat üzvlük haqqı verilsin ki, bundan sonra çadırların qurulması, müəyyən xidmətlərin və bizə lazım olan işçilərin məvacibi ödənilsin.

11. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışdan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam pay haqqı ilə Cavabdeh1 mülkiyyətindədir. Torpaq sahəsi onun adına xx.xx.2012-ci il tarixdə qeydiyyata alınmışdır.

12. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013cü il tarixli, 313 nömrəli məktubun surətindən görünür ki, onun RİH Başçısına ünvanladığı, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* saylı çıxarışı ilə mülkiyyətində olan, Məmmədli bələdiyyəsi ərazisində yerləşən 2,5 ha torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi barəsindəki müraciətinə Memralıq və tikinti şöbəsində baxılmışdır. Məlumat üçün bildirirlər ki, mülkiyyətində olan torpaq sahəsindən qəbiristanlıq kimi istifadə edilməsi üçün Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Respublika Gigiyena və Epidemilogiya Mərkəzinin müsbət rəyi alınmalıdır.Yuxarıda qeyd edilənləri nəzərə almaqla ona məxsus torpaq sahəsindən kənd qəbiristanlığı kimi istifadə edilməsinə etiraz etmirlər.

13. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013-cü il tarixli 04-22/7- 435 nömrəli məktubun surətindən görünür ki, onun xx.xx.2013-cü il tarixli ərizəsinə cavab olaraq bildirirlər ki, Daşınmaz Əmlakın Dövlət Reyestrinin RX seriyalı ******* nömrəli çıxarışına əsasən mülkiyyətində olan Abşeron rayonu Məmmədli bələdiyyəsinin ərazisində yerləşən 2,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salınması ilə əlaqədar tərəflərindən torpaq sahəsinə baxış keçirilmişdir. Baxış zamanı qeyd edilən torpaq sahəsi ilə ətrafdakı yaşayış məntəqələri arasında normativ sanitariya-mühafizə zonasına riayət edildiyi, sahədən mühəndis kommunikasiyaların keçmədiyi, eləcədə Abşeron rayonu İcra Hakimiyyətinin xx.xx.2013-cü il tarixli 313 nömrəli razılıq məktubu nəzərə alınaraq, Azərbaycan Respublikasında qüvvədə olan tikinti normalarının və sanitariya qaydalarının tələblərinin təmin edilməsi şərti ilə həmin sahədə kənd qəbiristanlığının salınmasına etiraz etmirlər.

14. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekspertiza İdarəsi tərəfindən Cavabdeh1 ünvanlanan xx.xx.2013-cü il tarixli 15/424 nömrəli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sənətlər Nazirliyi, Abşeron rayonu Məmmədli kəndi ərazisində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2012-ci il tarixli Seriya RX 010142 nömrəli Çıxarışına əsasən mülkiyyətinə aid, ümumi sahəsi 2.5 ha olan ərazinin kənd qəbiristanlığı məqsədilə istifadə olunmasına ekoloji tələblər baxımından ilkin etirazı olmadığını bildirir. Ərazinin yerləşmə mövqeyi üzrə CH-245-71 nömrəli norma sənədinin tələblərinin (300m) təmin olunduğu və Abşeron rayon İH-nin ilkin razılığının olması nəzərə alınsın. Eyni zamanda bildirirlər ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 9-cu maddəsinin 3-cü bəndinin tələblərinə əsasən torpaq sahəsinin təyinatının dəyişdirilməsi təmin olunmalı və ərazi təyinatı üzrə istifadə olunmalıdır.

15. 26 fevral 2024-cü il tarixli razılaşmadan görünür ki, Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini kənd camaatının vəsaiti hesabına alınıb. Həmin torpaq sahəsini almaq üçün Cavabdeh2 36000 manat ödəniş edilib. 26 fevral 2024-cü il tarixdə 7920 kv.m torpaq sahəsi Cavabdeh2 mülkiyyətinə verilmişdir. Ümumi torpağa çıxan xərc 114000 manatdır. 114000:25000 kv.m=4.56 qx22 kv.m=100 manat.

16. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsinə verilmiş Çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh1 183/200 hissə, X26, X27, X7, X39, X13, X33, X34, X35, X28, X19, X8, X9, X14, X2, X20, X36 və X21 1/200 hissə (hərbirinə) olmaqla onların mülkiyyətinə vermişdir.

İşin faktiki halları:

17. Məhkəmə iclasında müəyyən olundu ki, Naxçıvan Muxtar Respublikasının Cəhri və Gülşənabad kənd sakinləri ilə Cavabdeh1 və Cavabdeh2 aralarında şifahi tapşırıq müqaviləsi bağlanmışdır. Tapşırıq müqaviləsinə əsasən kənd sakinlərinin qəbiristanlıq ehtiyaclarının təmin edilməsi üçün torpaq sahəsinin alınması Cavabdeh1 və Cavabdeh2 tapşırılmışdır. Kənd sakinlərinin vəsaiti hesabına Cavabdeh1 Abşeron rayonu, Məmmədli kəndində yerləşən ümumi sahəsi 2,50 ha olan torpaq sahəsi almışdır. Həmin torpaq sahəsi xx.xx.2012-ci il tarixdə Cavabdeh1 adına xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır. Cavabdeh1 həmin torpaq sahəsinin bir hissəsini kənd sakinlərinə satıldıqdan sonra, torpağın 183/200 hissəsi Cavabdeh1 adına, 1/200 hissə (hərbirinə) olmaqla X22, X23, X3, X37, X10, X29, X30, X31, X24, X15, X4, X5, X11, X1, X16, X32 və X17 mülkiyyətinə vermiş və xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Qeyd olunan torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 777.4-cü maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq müqavilələrin hər hansı növünə aid olan müqavilələrə, o cümlədən podrat müqaviləsinə tapşırıq müqaviləsi haqqında qanunvericilik yalnız subsidiar şəkildə (əlavə vasitə kimi) tətbiq edilir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 778.2-ci maddəsinə əsasən tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur. 778.3-cü maddəsinə əsasən əgər vəkalət verən tapşırılmış əqdin icrası üçün hansısa göstərişlər vermişdirsə, vəkalət alan bu göstərişlərdən yalnız o halda kənara çıxa bilər ki, işin hallarına görə buna müvafiq icazə ala bilməsin və bundan əlavə, vəkalət verənin işin vəziyyətini bilsəydi, tapşırıqdan bu cür kənaraçıxmaya icazə verə biləcəyini ehtimal etmək üçün əsaslar olsun. Əgər bu cür əsaslar olmadan vəkalət alan vəkalət verənin ziyanına onun göstərişlərindən kənara çıxmışdırsa, o, vurulmuş zərərin əvəzini ödəməlidir.

19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 04 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydalarının:

2.1.1-ci bəndinə əsasən qəbiristanlıq - bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi. 3.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində mövcud olan, habelə bu Qaydalar qüvvəyə mindikdən sonra yaradılan qəbiristanlıqların və onların ətrafındakı sanitariya mühafizə zonasının əraziləri qəbiristanlığın yerləşdiyi ərazi vahidi üzrə bələdiyyənin müraciətinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinə daxil edilir. 5.3.1-ci bəndinə əsasən qəbiristanlıq köçürüldükdə, qəbiristanlıq bağlı elan edildikdə və yeni yaşayış məntəqəsi salındıqda yeni qəbiristanlığın salınması barədə qərar qəbul edilir. 5.1-ci bəndinə əsasən qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir. 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir. 6.1-ci bəndinə əsasən qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın (bundan sonra - Komissiya) yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir. 9.1.3-cü bəndinə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda qəbiristanlıq salına bilməz. 10.1-ci bəndinə əsasən qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır 16.1-ci bəndinə əsasən qəbiristanlıqların köçürülməsi və (və ya) bağlı elan olunması barədə qərar Komissiyanın rəyi nəzərə alınmaqla, bələdiyyə tərəfindən qəbul edilir və bu barədə media ilə əhaliyə məlumat verilir, habelə qəbiristanlığın giriş qapısındakı elan lövhəsində aydın görünən və oxunan yerdə məlumat yerləşdirilir.

20. “Bələdiyyə mülkiyyətinə əmlakın verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

3-cü maddəsinə əsasən fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; bələdiyyələrə vəsiyyət edilən əmlak; qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak və s. bələdiyyə əmlakının yaranması mənbələri kimi müəyyən olunmuşdur.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin:

1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. 2-ci maddəsinə əsasən məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3-cü maddəsinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. 91-ci maddəsinə əsasən torpağın mülkiyyətçisi Azərbaycan Respublikasının Mülki Məcəlləsində müəyyən edilmiş qaydada və formada bağışlama müqaviləsi ilə həmin torpaq sahəsini və ya onun bir hissəsini əvəzsiz olaraq, Azərbaycan Respublikasının hər hansı vətəndaşının və ya hüquqi şəxsin, habelə dövlətin və ya bələdiyyənin mülkiyyətinə verə bilər.

22. “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı: 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. 1.6-cı bəndinə əsasən kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların qeyri-kənd təsərrüfatı məqsədi ilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə uyğun bu Qaydaların tələbləri əsasında yol verilir.

23. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun:

2.1-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 7.2-ci maddəsinə əsasən ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

24. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun:

2-ci maddəsinə əsasən qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Həmin qaydaların tələblərini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Məhkəmənin mövqeyi:

25. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək, hesab edir ki, iddia rədd edilməlidir.

26. İddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçılar əslində Cavabdeh1 xüsusi mülkiyyətində olan 2.50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Cəhri qəsəbə bələdiyyəsinə verilərək kateqoriyasının dəyişdirilməsini və həmin əraziyə qəbiristanlıq statusunun verilməsini xahiş edirlər. Çünki həmin torpaq sahəsində iddiaçıların yaxınlarına məxsus qəbirlər mövcuddur. Həmin torpaq sahəsi isə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olmaqla cavabdehin xüsusi mülkiyyətindədir. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbindən görünür ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində qəbiristanlıq salına bilməz. Bundan əlavə qəbiristanlıq bələdiyyənin müraciəti əsasında salınır. Eyni zamanda torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Sənədlərdən görünür ki, Cavabdeh1 bu barədə ərizə ilə müraciət etmişdir, lakin müraciəti Məmmədli Bələdiyyəsi etməli idi. Həmçinin iş materiallarından müəyyən olunur ki, fiziki şəxslər bələdiyyələrə könüllü maddi yardım şəklində əmlak verməklə yanaşı, bələdiyyələrə əmlak vəsiyyət edə bilər ki, bu da, bələdiyyə əmlakının yaranması mənbələri kimi müəyyən olunmuşdur.

27. Həmçinin qəbiristanlığın salınması qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması” Qaydaları ilə tənzimlənir. Belə ki, qəbiristanlıqlar bələdiyyələr tərəfindən onların ərazi yurisdiksiyası daxilində salına bilər. İş materiallarından da göründüyü kimi Məmmədli Bələdiyyəsinin belə bir müraciəti yoxdur.

28. Hazırda Cavabdeh1 Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin pulu ilə, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün torpaq sahəsi almasını bildirsə də məhkəmə hesab edir ki, tərəflər arasında əldə edilən razılıq və cavabdehə verilən tapşırıq qanuna uyğun deyil. Mübahisələndirilən torpaq sahəsi xüsusi mülkiyyət kimi cavabdehin adına qeydə alınmış, kənd təsərrüfatı təyinatlı olmaqla onun təyinatı dəyişdirilməmişdir.

29. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış şifahi tapşırıq müqaviləsinə əsasən cavabdehlərə qəbiristanlıq alınması üçün müvafiq vəsaitinin yığılaraq verilməsi, Cəhri qəsəbəsi və Gülşənabad kənd sakinlərinin qəbiristanlıq ehtiyacları üçün, Cavabdeh1 xüsusi mülkiyyəti kimi kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin alınması, həmin torpaq sahəsində qəbirlərin yerləşdirilməsinin təmin edilməsi qanuna uyğun deyil.

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia əsassız olduğundan təmin edilməməlidir.

Məhkəmə baxışının hədləri:

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmə xərcləri:

32. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.

Nəticə:

33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X18, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları rədd edilməlidir.

34. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, X18, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19, İddiaçı20, İddiaçı21 Nuhin oğlunun, İddiaçı22, X6, İddiaçı23, İddiaçı24, İddiaçı25, İddiaçı26, İddiaçı27, İddiaçı28 və İddiaçı29 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “tapşırığın icrası nəticələrini vermək vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar