Məhkəmə qərarları › İş №e-2(007)-940/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-940/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-940/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Əliyeva Şəhrəbanı Əziz qızının katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh “Bank Respublika ASCnin şəxsi beynəlxalq plastik kartlarının alınmasına və istifadəsinə dair” ərizəsinə əsasən ona İddiaçıSC tərəfindən debet (VİSA Gold) kartı verilmişdir. Həmin kartın istifadəsi üçün açılmış (USD valyutasında) **********063743002 saylı kart hesabına Cavabdeh müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. Lakin xx.xx.2017-xx.xx.2017-ci il tarixlərdə yaranan texniki xəta səbəbindən həmin vaxt onun hesabında yetərli (0,00 ABŞ dolları) pul vəsaiti olmadığı təqdirdə və hesabına əlavə vəsait daxil etmədən həmin hesabdan banka məxsus 50,53ABŞ dollar, 50,53 ABŞ dollar və 51,75 ABŞ dollar məbləğində pul vəsaitlərini istifadə etmişdir. Bununla da o, banka məxsus ümumilikdə 152,81 ABŞ dollar məbləğində pul vəsaitini qanunsuz olaraq istifadə etmişdir. Bank tərəfindən müvafiq düzəlişlər aparılaraq qanunsuz istifadə edilmiş vəsaitin geri qaytarılması istiqamətində işlər görülmüş, lakin qeyd olunan, cəmi 152,81 ABŞ dollar məbləğində pul vəsaiti cavabdeh tərəfindən nağdılaşdırıldığından (vəsait istifadə olunduğundan) həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Qeyd olunan pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində isə hal-hazırda banka 152,81 ABŞ dollar məbləğində əsas, 0,00 ABŞ dollar məbləğində faiz olmaqla, cəmi 152,81 ABŞ dollar məbləğində borcu yaranmışdır. Həmin fakt 2022-ci il üzrə bankda aparılan daxili audit yoxlaması nəticəsində “Kompleks bank xidməti üzrə əməliyyatlara nəzarət prosesinin auditi” zamanı aşkar edilmişdir. Debet (VİSA Gold) kartından istifadə qaydalarına əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardir. Debet (VİSA Gold) kartından istifadə qaydalarına əsasən yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini hesablanmış faizləri ilə birlikdə (illik 42% olmaqla) geri qaytarmaq müştərinin vəzifəsidir. Bildirirlər ki, Debet (VİSA Gold) kartından istifadə qaydalarına və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. İddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman qanunla müəyyən edilmiş qaydada 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd edilənlərə əsasən Cavabdeh əsassız varlanmaya görə 152,81 ABŞ dollar məbləğində əsas borc, 0,00 ABŞ dolları məbləğində faiz borcu, cəmi 152,81 ABŞ dolları məbləğində pul vəsatinin, həmçinin 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakları olmadan baxılmasını və təqdim olunmuş sübutlar əsasında iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə həmin ərizəni nəzərə alaraq məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat bildirməmişdir. Belə ki, Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahat verərək bildirmişdir ki, hazırda göstərilən kart aktiv deyil. O, 2019-cu ildə bankdan yenə kart götürmüş və bu zaman ona kart üzrə borcunun olmasına dair heç bir məlumat verilməmişdir. Ona kart üzrə 2016-2017-ci illər üzrə heç bir əməliyyat aparılmadığı bildirilmişdir. Onun borcu var idisə, indiyə kimi məlumat verilməli idi. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC-nin Cavabdeh məxsus kart üzrə çıxarışdan görünür ki, həmin kartdan xx.xx.2017-ci il tarixdə iki dəfə 50,53 ABŞ dolları və xx.xx.2017-ci il tarixdə 51,75 ABŞ dolları, ümumilikdə 152,81 ABŞ dolları istifadə edilmişdir. - Cavabdeh İddiaçı ASC-yə olan overdraft borcunun faizlərini və penyanın hesablanması haqqıda xx.xx.2023-cü il tairxli arayışdan görünür ki, overdraft nəticəsində yaranan borc 152,82 ABŞ dollarıdır. - İddiaçı ASC-nin xx.xx.2023-cü il tarixli bildirişindən görünür ki, Cavabdeh Banka 152,81 ABŞ dolları borcun 3 Bank iş günü ərzində ödənilməsi tələb olunmuşdur, əks təqdirdə İddiaçı ASC tərəfindən həmin vəsaitinin qaytarılması ilə bağlı məhkəməyə müqaciət olunacağı barədə xəbərdar olunmuşdur. - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC-yə ərizə ilə müraciət edərək, bankdan plastik kart (debet kartı) əldə etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışa əsasən cavabdeh xx.xx.2017-xx.xx.2017 il tarixlərində ödəniş əməliyyatları aparmaqla, məbələği kart hesabından məxaric etməklə, banka cəmi 152,82 ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh göstərilən tarixlərdə istifadəsində olan plastik kartdan ona məxsus olmayana vəsait üzrə əməliyyatlar aparmış, 152,82 ABŞ dolları vəsaiti istifadə edərək, əsassız varlanmışdır. İddiaçının təkliflərinə baxmayaraq, cavabdeh əsassız olaraq əldə etdiyi pul vəsaitini iddiaçıya qaytarmamışdır. Bununla da, cavabdeh əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır; 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; 135.2-ci maddəsinə əsasən əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Belə ki, cavabdeh kart hesabına artıq və ya səhvən mədaxil olunmuş pul vəsaitlərini istifadə etməyərək, dərhal banka geri qaytarmalı olduğu halda, heç bir əsas olmadan banka məxsus vəsaiti məxaric edərək və məxaric etdiyi pulu geri qaytarmayaraq iddiaçını əmlakından məhrum etməklə əsassız varlanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı əsassız varlanma qaydaların uyğun olaraq pulu tələb etməkdə haqlı olduğundan, iddia həmin hissədə təmin edilməli və cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiyi 152,82 ABŞ dolları məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. “Məhkəmə qətnamələri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndində göstərilir ki, qətnamədə alınması və ya ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə, alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan məbləğ ABŞ dolları ilə göstərilməsinə baxmayaraq, ödəniş gününə uyğun məzənnə nəzərə alınmaqla ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 152,82 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 152,82 ABŞ dolları məbləğində pul (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutulub, İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar