Məhkəmə qərarları › İş №e-2(007)-962/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №e-2(007)-962/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(007)-962/2023 12.06.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə dair sənədlərin verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzilə dair sənədlərin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, o, 1993-cü ildən Zəngilan rayonundan məcburi köçkün olaraq Bakı şəhəri, Ə.Hacıyev küçəsində yerləşən ev 21/32 saylı yataqxanada ailəsi ilə birlikdə məskunlaşmışdır. 2016-cı ildə "xxxx" MMC-nin nümayəndələri binada yaşayan sakinlərə müraciət edərək, qeyd olunan binanın sökülərək yerində daha müasir, hündür mərtəbəli bina inşa ediləcəyini və bina sakinlərinə yeni mənzillər veriləcəyini bildirmişlər. Araşdırma zamanı məlum olmuşdur ki, Bakı şəhəri Nizami rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarına əsasən qeyd olunan rayon ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər müəyyən olunmuş, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014-cü il tarixli və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 8-03/872 №-li sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2016-cı ildə onunla MMC arasında razılıq əldə olunmuş və o, istifadəsində olan Bakı şəhəri, Ə.Hacıyev küçəsi 21/32 saylı yataqxanada 2 otağı "xxxx" MMC-yə təhvil vermiş, həmin tarixdə aralarında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən onun yaşadığı bina MMC tərəfindən sökülür, tikinti başa çatdıqdan sonra sökülmüş binaların sakinləri tam təmirli mənzillə təmin olunurlar. O, müqavilə üzrə istifadəsində olan yaşayış sahəsini təhvil verməyi, "xxxx" MMC isə həmin otağın əvəzində ünvan 1 ünvanda tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 6-cı mərtəbədə 36 saylı 2 otaqlı təmirli mənzili ona verməyi, mənzil təhvil verilənə qədər ona 250 manat kirayə haqqı verilməsini öhdəsinə götürmüşdür. 2019-cu ildə binanın tikintisi başa çatdırılmış və müqavilədə nəzərdə tutulmuş təmirli mənzil ona təhvil verilmişdir. Mənzilə dair kommunal xidmət sayğacları onun vəsaiti hesabına quraşdırılmış və vaxtı-vaxtında kommunal xidmət haqlarını ödəmişdir. Çıxarışların verilməsi ilə maraqlandıqda ona bildirilmişdir ki, müəyyən sənədləşmə işləri ilə bağlı mənzillərin dövlət qeydiyyatına alınması hazırda mümkün deyil. Daha sonra məlum olmuşdur ki, bina artıq istismara qəbul edilmiş və bina sakinlərinin bəziləri mənzillərə dair çıxarışlar almışlar. Çıxarışın alınması üçün zəruri sənədlərin, maliyyə arayışının, binanın istismara qəbul edilməsi barədə dövlət komissiyası aktı, mənzilin çertyoju və s. sənədlərin təqdim edilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmiş, MMC tərəfindən tələb olunan sənədlərin verilməsindən imtina edilmişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, onunla "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarış alınması məsədilə mənzilə dair hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın, habelə mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh "xxxx" MMC-nin öhdəsinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanan 05 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən ünvan 5 istismar müddəti bitmiş binanın 20 kv.m sahəsi olan 2 saylı otağı "xxxx" MMC-yə təhvil verilib və "xxxx" MMC tərəfindən həmin ərazidə inşa edilən ünvan 2 ünvanda sahəsi 63 kv.m olan 36 saylı mənzil İddiaçı istifadəsinə verilmişdir. Hazırda iddiaçı məhkəmədə iddia qaldıraraq həmin mənzilə mülkiyyət hüququ əldə etmək məqsədi ilə "xxxx" MMC-yə borcu olmadığı barədə ona arayının və binanın istismara qəbul edilməsi barədə dövlət komissiyası aktının verilməsini tələb edir. Aşağıda qeyd olunanlara əsasən iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddia tələbi "xxxx" MMC tərəfindən bağlanan müqavilə öhdlikləri ilə əlaqələndirilsə də, iddia ərizəsində müqavilə üzrə "xxxx" MMC tərəfindən konkret hansı öhdəliyin icra edilmədiyi qeyd olunmur. "xxxx" MMC ilə İddiaçı arasında baglanan 05 noyabr 2016-cı il tarixli müqaviləyə əsasən "xxxx" MMC sahəsi 63 kv.m olan 36 saylı mənzilin tam təmirli vəziyyətdə İddiaçı istifadəsinə verilməsi öhdəliyini öz üzərinə götürmüşdür və bu öhdəlik tam şəkildə yerinə yetirilmişdir. İddiaçı hazırda həmin mənzildə yaşayır və onun mənzildən istifadə hüququ hər hansı şəkildə məhdudlaşdırılmır. "xxxx" MMC ilə iddiaçı Alışov Şəmil oğlu arasında bağlanan 05 noyabr 2016-cı il tarixli müqavilədən göründüyü kimi iddiaçı müvəqqəti qaçqın olaraq ünvan 5 istismar müddəti bitmiş binanın 20 kv.m sahəsi olan 2 saylı otağında müvəqqəti məskunlaşmışdır və həmin ünvanda qeydiyyatı və yaxud yaşayış sahəsinə istifadə hüququ verən hər hansı sənədi mövcud olmamışdır. İddiaçı və onun qardaşı Cəmil Alışov ən müxtəlif ünvanlara müraciət edərək onların istifadəsinə verilən mənzillərlə bağlı "xxxx" MMC tərəfindən onlara maliyyə arayışı verilməsini tələb etmişlər. Bununla əlaqədar, həmin instansiyalar tərəfindən çoxsaylı yoxlamalar təşkil olunmuç və iddiaçıya maliyyə arayışının verilməsi üçün heç bir əsas olmadığı müəyyən edilmişdir. Belə ki, "xxxx" MMC ilə şikayətçi qardaşlar arasında onların istifadəsinə verilən mənzillərlə bağlı maliyyə münasibətləri mövcud olmamış və "xxxx" MMC şikayətçilərlə bağlı üzərinə götürdüyü bütün öhdəlikləri vaxtında və tam yerinə yetirmişdir. “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikasının aidiyyəti dövlət orqanlarına tapşırılır ki, məcburi köçkünlər öz doğma yurdlarına, həmçinin müvəqqəti yaşamaq məqsədilə yeni qəsəbələrə və evlərə köçürülənədək mülkiyyətindən asılı olmayaraq 1992-1998-ci illərdə məskunlaşdıqları ictimai binalardan, mənzillərdən, torpaq sahələrindən və digər obyektlərdən çıxarılması hallarına yol verməsinlər. Bununla əlaqədar olaraq, müqavilədə qeyd olunan mənzilin hazırda iddiaçının maneəsiz istifadəsində olduğu faktı nəzərə alınmalı və bununla bağlı qəbul ediləcək qətnamədə iddiaçıya müvafiq izahat verilməlidir ki, öz doğma yurdlarına qayıdanadək ünvan 2 ünvanda sahəsi 63 kv.m olan 36 saylı mənzil İddiaçı istifadəsində qalacaqdır. Binanın istismara verilməsi barədə dövlət komissiyasının aktı adlı sənədlə bağlı nəzərinizə çatdırırlar ki, ünvan 2 ünvanında inşa edilmiş çoxmənzilli yaşayış binası istismara qəbul edilmiş və bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi internet səhifəsində məlumat dərc olunmuşdur. Bununla əlaqədar bildirirlər ki, çoxmənzilli yaşayış binasında məskunlaşan mənzil mülkiyyətçilərindən binanın istismara qəbulu barədə hər hansı sənəd tələb olunmur. Daşınmaz əmlakının dövlət qeydiyyatına alınması üçün binanın istismara verilməsi barədə dövlət komissiyası aktının "xxxx" MMC tərəfindən iddiaçıya təqdim olunması mümkünsüzdür. Belə ki, həmin məzmunlu sənəd mövcud deyil. Qeyd olunanlara əsasən, iddiaçının "xxxx" MMC-yə borcu olmadığı barədə ona maliyyə arayının və binanın istismara qəbul edilməsi barədə dövlət komissiyası aktının verilməsinə dair iddia ərizəsi rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mənzildə yaşamaları ilə bağlı cəmiyyət tərəfindən maneələr yaradılmır. Mənzillə bağlı heç bir ödəniş edilməmişdir. Yataqxanadakı mənzildə məcburi köçkün kimi qeydiyatda olmuş, həmin mənzil söküldükdən sonra yeni bina inşa edilmiş və mənzil cəmiyyət tərəfində ona təhvil verilmişdir. Onlar kimi başqa sakinlər var idi və bina söküləndə mənzillərin əvəzində həmin şəxslərə cəmiyyət tərəfindən pul kompensasiyası ödənilmişdir. Belə olan halda, mənzil onların ancaq istifadəsinə verilirdisə, cəmiyyət də pul ödədiyi şəxslərdən həmin pulları geri almalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddianı müdafiə edib, iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, mübahisəli mənzil iddiaçıya 2019-cü ildə təhvil verilmişdir. İddiaçı ona maliyyə arayışının verilməsini tələb etmir. Belə ki, tərəflər arasında heç bir maliyyə münasibətləri mövcud olmamışdır. İddiaçı cəmiyyətə heç bir borcunun olmamasını təsdiq edən sənədin verilməsi tələb edir. Binanın istismara qəbul edilməsi barədə dövlət komissiyası akt isə dövlət reyestr xidmətinin sistemində öz əksini tapmışdır. Cəmiyyət hazırda hüquqdan sui-istifadə edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyib, iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirdi ki, yataqxana dövlətin balansında olmuş, daha sonra müvafiq orqanlarla razılaşdırılmaqla yataqxana sökülmüş, bu vaxtda iddiaçı ilə 2016-cı il tarixli müqavilə bağlanmışdır. Yataqxanada çıxarışla əmlakın mülkiyyətçisi olan şəxslərlə müqavilə bağlanmış və mənzil onların mülkiyyətlərinə verilmişdir. İddiaçı kimi həmin ünvanda mənzili olmayan şəxslərlə isə mənzilin onların istifadəsinə verilməsinə dair müqavilə bağlanmışdır. Cəmiyyət mənzilin iddiaçının istifadəsinə qalmasına etiraz etmir. Müqavilə mənzilin istifadəyə verilməsi ilə bağlıdır. Tələb olunan arayış o vaxt verə bilərdilər ki, mənzil iddiaçının mülkiyyətinə verilsin. Hazırda isə belə bir hal mövcud deyil. Hazırda tələb olunan sənədlərin iddiaçıya verilməsi ilə bağlı məhkəmə təcrübəsi də mövcud deyil. Müqavilənin 3.3-cü bəndi texniki səhvdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - "xxxx" MMC (MMC) ilə İddiaçı (sakin) arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin surətindən görünür ki, “sakin məskunlaşdığı ünvan 4 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 20 kv.m ümumi sahəsi olan saylı otağın akt əsasənda MMC-yə təhvil verir. MMC isə həmin otağın əvəzində ünvan 1 ünvanında tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 6-cı mərtəbə 36 saylı 2 otaqlı təmirli mənzili sakinin istifadəsinə verir. Mənzil təhvil verilənə qədər sakinə müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 250 AZN olmaqla, təminatlı formada hər ayın 1-dən 5-dək ödəyir. - xx.xx.2016-cı il tarixli Aktın surətindən görünür ki, "xxxx" MMC-nin direktoru X3 Ə.Hacıyev küçəsi, yat/na, ev 21/32, 2 otağının istifadəçisi İddiaçı tərəfindən sözügedən otağın mövcud vəziyyətdə ümumi sahəsinin 20 m2 olduğu müəyyənləşdirmiş və sxem tərtib edilmişdir (fotoşəkillərlə birgə AKT-a əlavə olunur). - Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli 3-36/2-821/2023 saylı məlumatından görünür ki, ərazilərimizin işğalı ilə əlaqədar Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 21/32 saylı yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri sözügedən yataqxana sahibkarlıq subyektinin ərazisinə düşdüyü üçün 2016-cı il tarixində Nizami RİH-in siyahısı əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən mənzil və ya kompensasiya verilərək, köçürülmüşdür. Bildirirlər ki, Zəngilan şəhərindən məcburi köçkün İddiaçı ailə üzvləri ilə birgə hazırda Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən 40/TK saylı 16 mərtəbəli binanın 36 nömrəli mənzilində müvəqqəti məskunlaşıb, özü və ailə üzvlərindən heç biri məcburi köçkünlər üçün inşa edilmiş yeni yaşayış məntəqələrində mənzillə təmin olunmamışdır. Diqqətə çatdırırlar ki, ərazilər işğaldan azad olunanadək Komitə tərəfindən məcburi köçkünlərin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncam və bu sahədə qəbul olunmuş Dövlət Proqramına əsasən həyata keçirilmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış qələbə nəticəsində ölkəmizdə məcburi köçkünlərlə iş sahəsində yeni bir mərhələ başlamışdır. İşğaldan azad olunmuş ərazilərin bərpası, eləcə də orada yaşayış üçün təhlükəsizlik şəraitinin yaradılması, infrastrukturun və daimi yaşayış yerlərinin inşa etməklə məcburi köçkün ailələrinin mərhələli şəkildə daimi əsaslarla yeni yaşayış sahələri ilə təmin edilərək, yaşadıqları mənzilləri və ictimai binaları tərk edərək həmin ərazilərə köçürülməsi nəzərdə tutulmuşdur. Odur ki, bölgələrdə, Bakı şəhəri və ətraf rayonlarda məcburi köçkünlər üçün mənzil tikintisi dayandırılmışdır. Komitənin hazırda boş mənzil fondu olmadığından İddiaçı başqa yaşayış sahəsi ilə təmin olunması mümkün deyil. - 141 saylı MKİS-in xx.xx.2023-cü il tarixli 19 saylı məlumatından görünür ki, ünvan 5 keçmiş yataqxana binası sökülən müddətədək həmin binanır 2 saylı otağında Zəngilan rayonundan məcburi köçkün İddiaçı, 14 saylı otağında isə Zəngilan rayonundan məcburi köçkün X5 ailə üzvləri ilə birlikdə müvəqqəti məskunlaşmışlar. 141 saylı MKİS-nin arxiv sənədlərində İddiaçı və X2 yuxanda göstərilən otaqlara dair hər hansı hüquq müəyyən edici sənədləri yoxdur. 2016-cı ildə ünvan 5 ünvanda yerləşən keçmiş yataqxana binası sakinlər köçürüldükdən sonra “Rahatlığın Məkanı" MMC tərəfindən sökülərək yerində yeni hündürmərtəbəli yaşayış binası inşa olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, Bakı şəhəri Nizami rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 №-li qərarına əsasən qeyd olunan Nizami rayonu ərazisində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tədbirlər müəyyən olunmuş, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2014cü il tarixli və Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 8-03/872 №-li sərəncamına əsasən Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilmişdir. xx.xx.2016-cı ildə iddiaçı ilə cəmiyyət arasında razılıq əldə olunmuş və iddiaçı istifadəsində olan Bakı şəhəri, Ə.Hacıyev küçəsi 21/32 saylı yataqxanada 2 otağı "xxxx" MMC-yə təhvil vermiş, həmin tarixdə aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı məskunlaşdığı ünvan 4 ünvanında istismar müddəti bitmiş tikilidə yerləşən 20 kv.m ümumi sahəsi olan saylı otağın akt əsasənda MMC-yə təhvil verməyi, cavabdeh cəmiyyət isə həmin otağın əvəzində ünvan 1 ünvanında tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 6-cı mərtəbə 36 saylı 2 otaqlı təmirli mənzili sakinin istifadəsinə verməyi, mənzil təhvil verilənə qədər iddiaçıya müvəqqəti yaşadığı mənzilin kirayə haqqını aylıq 250 AZN olmaqla, təminatlı formada hər ayın 1-dən 5-dək ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə nəzərdə tutulmuş qaydada mənzil iddiaçıya təhvil verilmişdir. Hazırda isə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş mənzilə dair Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən mülkiyyət hüququna dair çıxarış alınması məsədilə mənzilə dair hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın, habelə mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin ona verilməsinin cavabdeh "xxxx" MMC-nin öhdəsinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 152.6-cı maddəsinə əsasən alqı hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Belə ki, iddiaçı müqavilə üzrə üzərində düşən öhdəliklərini yerinə yetirərək, ona məxsus olan mənzilini cəmiyyətə təhvil vermiş, 2019-cu ildən etibarən ailə üzvləri ilə birlikdə cəmiyyət tərəfindən inşa edilmiş ünvan 1 ünvanında tikilmiş 2 saylı yaşayış binasında 36 saylı mənzilində yaşayır. Məhkəmə hesab edir ki, hazırda həmin mənzilə dair iddiaçının hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın, habelə mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin cəmiyyət tərəfindən ona verilməsi üçün hər hansı bir maneə yoxdur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X4rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29 yanvar 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, “Ev və mübahisə olunan torpaq sahəsi ərizəçinin “mülkiyyətidirmi”? Məhkəmə təkrarən qeyd edir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq verib-verməməsi müəyyən olunmalıdır. Belə ki, iddiaçı Zəngilan rayonundan olan məcburi köçkün kimi Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsində yerləşən 21/32 saylı yataqxanada müvəqqəti məskunlaşmışdır və uzun illər həmin mənzildən istifadə etmiş, daha sonra isə cəmiyyətlə bağlanmış müqavilə əsasında yeni tikilmiş binada mənzillə təmin edilmişdir. Belə ki, iddiaçı ünvan 1 ünvanda tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 36 saylı mənzilə öz mülkiyyəti kimi faktiki sahiblik edərək istifadə etmiş və o, həmin mənzili mülkiyyət hüququ üzrə əldə etmək üçün “qanuni gözlənti”yə malik olmuşdur. Hazırkı vaxta kimi iddiaçı həmin mənzildən istifadə və sahiblik edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının mənzilə dair hər hansı borcun olmaması arayışın və həmin mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktını (mənzil 2019-cu ildə iddiaçıya təhvil verilmişdir) cavabdehdən almaq hüququ vardır. Həmçinin, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və Kamil Balakişiyev küçələrinin kəsişməsindəki 2439-cu məhəllədə yerləşən torpaq sahəsində mövcud yaşayış və qeyri-yaşayış bina və qurğularının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsindən sonra cəmiyyətin iddiaçıyla xx.xx.2016-cı il tarixli müqaviləni bağlaması ilə cəmiyyət iddiaçının əmlakın mülkiyyətçisi kimi əmlakdan istifadə və sahiblik etdiyini qəbul etmişdir. Qeyd edilməlidir ki, tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli müqavilənin 3.3-cü bəndində göstərilmişdir ki, bu müqavilənin qüvvəyə mindiyi vaxtdan etibarən sakin mənzili başqa şəxslərin adına keçirmək və ya digər şəkildə özgənlikləşdirmək xahişi ilə “MMC”yə müraciət etdikdə, ona hüquqi sənədlərin rəsmləşdirilməsi üçün çəkilən xərclərin əvəzini pul kompensasiyası ilə ödəməlidir. Kompensasiyanın məbləği 4000 (dörd min) AZN həcmində müəyyən olur. Həmçinin, adıcəkilən müqavilənin 2.2.4-cü bənində əsasən MMC tərəfindən nəzərdə tutulduğundan fərqli qaydada mənzilini təmir etdirmək istəyən sakin MMC-nin razılığı əsasında və bunun üçün tələb olunan əlavə vəsaiti ödəmək şərtilə “mənzilini” istədiyi kimi təmir etdirir. Göründüyü kimi, artıq müqavilə üzrə əmlakın özgəninkiləşdirilməsi, yəni əmlak üzərində sərəncam verilməsi (qeyd edilən hüquq mülkiyyətçiyə məxsus olan hüquqdur) qaydası müəyyənləşdirilmişdir ki, bununla cəmiyyət əmlakın iddiaçıya məxsus olduğunu qəbul etmişdir və cəmiyyət artıq mənzilin sakinin, yəni iddiaçının mənzili olduğunu birbaşa göstərmişdir. Odur ki, məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş - ünvan 1 ünvanda tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 36 saylı mənzilə dair İddiaçı hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın, habelə həmin mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2016-cı il tarixdə bağlanmış müqavilədə nəzərdə tutulmuş - ünvan 1 ünvanda tikilmiş 2 saylı yaşayış binasında 63 kv.m ümumi sahəsi olan 36 saylı mənzilə dair İddiaçı hər hansı borcun olmaması barədə imza və möhürlə təsdiq edilmiş arayışın, habelə həmin mənzilin yerləşdiyi binanın istismara verilməsi barədə dövlət komissiyasının aktının təsdiq olunmuş surətinin İddiaçı verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar