Məhkəmə qərarları › İş №e-2(008)-1032/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1032/2025

24.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1032/2025 24.12.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Rəhmanova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 974.55 manat məbləğində əsas borc, 326.96 manat məbləğində faiz borcu, cəmi 1301.51 manat məbləğində pul vəsatinin, həmçinin 33.02 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli “NeoCard razılaşması”na əsasən Bank Müştəriyə AZ40BRES******************** saylı AZN valyutasında kart hesabı açmış və ödəniş vasitəsi olan Visa Rweards NeoCard növlü ödəniş kartı təqdim etmiş, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını vermişdir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar qeyd olunan razılaşma və Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş və müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi Kompleks Bank Xidməti müqaviləsi ilə tənzimlənir. Bank xx.xx.2022-ci il tarixli ödəniş kartının təqdim edilməsinə dair razılaşmaya əsasən Cavabdeh manat valyutasında kart vermişdir. Cavabdeh 424448**6139 saylı kartı müxtəlif tarixlərdə öz pul vəsaitinin daxil edərək istifadə etmişdir. xx.xx.2023-cü il tarixdən etibarən yaranan texniki xəta səbəbindən hesabında yetərli pul vəsaiti olmadığı təqdirdə cavabdeh 1024.55 manat məbləğində banka məxsus pul vəsaitini istifadə etmiş, daha sonra xx.xx.2023-cü il tarixdə 50 manat ödəniş etmişdir. Bununla da Cavabdeh tərəfindən banka məxsus 974.55 manat məbləğində pul vəsaiti əsassız olaraq mənimsənilmişdir. Banka məxsus qeyd olunan 974.55 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən istifadə olunduğundan həmin vəsaitin geri qaytarılması mümkün olmamışdır. Həmin pul vəsaitinin Cavabdeh tərəfindən istifadə olunması nəticəsində xx.xx.2024-cü tarixə onun banka 974.55 manat məbləğində əsas, 326.96 manat məbləğində faiz borcu olmaqla, cəmi 1301.51 manat məbləğində borcu yaranmışdır. Kompleks Bank Xidməti Müqaviləsinin 2.49-cu bəndinə görə texniki overdraft - ödəniş və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borcdur. Kompleks Bank Xidməti Müqaviləsinin 5.15.5-ci maddəsinə əsasən Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur. xx.xx.2022-ci il tarixli tərəflər arasında bağlanmış razılaşmalara əsasən yaranmış “Texniki overdraft”a görə bankın müştəridən istifadə etdiyi pul məbləğlərinin faizləri ilə birlikdə (faiz hesablanarsa) geri tələb etmək hüququ vardır. Bildirir ki, xx.xx.2022-ci il tarixli razılaşmalar və Azərbaycan Respublikası mülki qanunvericiliyinə əsasən yaranmış borcun ödənilməsi barədə cavabdehə edilmiş şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə etiraz ərizəsi təqdim edərək, onunla İddiaçı ASC arasındakı müqavilələrin (Qoşulma razılaşmasi 3.1 .bəndin; Razılıq Neo kart 1.1. bəndini; Kompleks bank xidməti müqaviləsi 2.5. və 20.1 bəndin X fəsli) əsas tutaraq qanunsuz, əsassız, sübuta yetirilməmiş hesab edilərək iddianın tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, məhkəmə icraatının ilk iclasından etibarən, dəfələrlə müraciət edərək, bankla arasında bağlandığı iddia edilən qarşılıqlı razılıq müqavilələrinin əldə edilməsi və həmin sənədlərlə tanış edilməyini xahiş etmişdir. Lakin bu sənədlər uzun müddət ərzində ona təqdim edilməmişdir. Nəticədə, o, məcbur qalaraq vasatət vasitəsilə bu sənədləri əldə etmişdir. Hakim verdiyi vəsatətlər əsasında banka müraciət etmiş və yalnız bu vəsatət əsasında sənədlər təqdim olunmuşdur. Qeyd edir ki, bu sənədlər əvvəllər işin içində olmamış, həmin sənədlərin əsasında heç bir öhdəlik müəyyən edilməmişdir. Yalnız sonuncu məhkəmə iclasında Bank Respublika ASC-nin nümayəndəsi tərəfindən bu sənədlər ona təqdim edilmiş və həmin iclasda tanış ola bilmişdir. Razılıq müqavilələrini çox gec və çətinliklə əldə etməsinə baxmayaraq, qarşılıqlı iddia ərizəsini vermək üçün onun tələb etdiyi əlavə sənədlər SMS, təsdiq kodları və digər əlaqədar sənədlər hələ də ona təqdim olunmamışdır. Bu səbəbdən o, qarşılıqlı iddia ərizəsini tam şəkildə təqdim edə bilmir, çünki heç bir onunla İddiaçı ASC arasında razılıq müqaviləsi əsasında ona overdraft krediti ayrıldığı ilə bağlı sənəd təqdim edə bilməmişdir. Qarşılıqlı iddia ərizəsinin vaxtında təqdim edilməməsi onun təqsirindən deyil, qarşılıqlı iddianın predmeti olan sənədlərin uzun müddət ona təqdim edilməməsi ilə bağlı olmuşdur. Bu sənədləri əldə etdikdən dərhal sonra qarşılıqlı iddia ərizəsi tərəfindən məhkəməyə təqdim edilmişdir. Tərəfindən təqdim edilmiş qarşılıqlı iddia bankın overdraft krediti üzrə əsas iddiası ilə birbaşa bağlıdır, eyni hüquqi münasibətdən yaranmışdır, bankın iddia tələbinin əsassız və qanunsuz olduğunu sübut etməyə yönəlmişdir. Bu səbəbdən qarşılıqlı iddia işin düzgün, hərtərəfli və obyektiv həllinə xidmət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bank Respublika ASC-nin nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Lakin nümayəndənin verdiyi izahatlar heç bir hüquqi sübutla təsdiqlənməmişdir, nə razılıq müqavilələrində, nə də təqdim olunmuş digər sənədlərdə onun overdraft krediti üzrə heç bir öhdəliyi yoxdur, sənədlərin heç biri onun razılığı olmadan əməliyyat aparmağa əsas vermir. Bundan əlavə, məhkəmə iclasında tərəfindən baş vermiş hallar ilə bağlı bir neçə konkret sual iddiaçının nümayəndəsinə ünvanlanmışdır. Lakin həmin suallar cavablandırılmamış, nümayəndə isə bildirmişdir ki, guya o, onun vəkil deyil və bu suallara izahat vermək öhdəliyi daşımır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh ona kredit məhsulu verilmədiyini demişdir. Bəli, ona kredit məhsulu verilməmişdir. Kompleks bank müqaviləsinin 2.5-ci maddəsində overdraft termini izah olunur. Cavabdehdə isə bu yox, texniki overdraftdır və onun da anlayışı öz əksini həmin kompleks bank müqaviləsinin 2.49-cu maddəsində izah olunur. Cavabdeh hər hansı bir overdraft krediti götürməyib. O, debet kart hesabında məbləğ olmaya-olmaya puldan istifadə etmişdir və bunun nəticəsində texniki overdraft yaranıb. İddia ərizəsinin məzmununda da məhz həmin müddəalar əsaslandırılıb, ona görə də həmin məbləğ cavabdehdən tələb olunur. Cavabdehdə kreditdən söhbət getmir, debet kartdır, ora qoyduğun vəsait həddində pul istifadə edilir. Bildiyi qədərilə bu proseslərin hər biri bank əməkdaşları tərəfindən ona izah olunmuşdur. Texniki overdraftda bank kartında pul olmaya-olmaya pul vəsaiti istifadə edilir və bununla da banka məxsus pul istifadə edilmiş olur. Kompleks bank müqaviləsinin 5.15.5-ci bəndinə əsasən istifadə edilmiş pul yerinə qaytarılmalıdır. Həmin məbləği 6 gün ərzində qaytarılmasa, 42 faiz məbləğində faizi nəzərdə tutulmuşdur. Kredit olmadığına görə də cavabdehin hər hansı bir razılığı tələb olunmayıb. Cavabdeh hər hansı bir sayta qoşulub, onun abunəliyinə vəsait çıxıb. Cavabdehin götürdüyü plastik kartdan apardığı bütün əməliyyatların məsuliyyəti onun üzərindədir. İş üzrə gəlmiş ekspert rəyində göstərilmişdir ki, texniki overdraft nəticəsində kartın götürüldüyü vaxt olan 2022-ci ilin 30 dekabrından 22 oktyabr 2024-cü ilədək kartdan, ümumilikdə, 1661 manat 32 qəpik texniki overdraft olaraq məxaric edilmişdir. Üçüncü sualda 686 manat 77 qəpik geri ödəniş olunduğu qeyd olunub. Həmin 1661.32 manatdan 686.77 manatı çıxdıqda əsas borc alınır. Cavabdehin borcu 8 iyun 2023-cü ildən yaranmağa başlayır. 22 oktyabr 2024-cü il sonuncu hesabdan çıxarışın tarixidir. Ola bilsin ki, ekspert rəyində maliyyə arayışının tarixinə hesablayıblar. Cavabdehin borcu 8 iyun 2023-cü ildən 9 iyun 2023-cü il tarixləri arasında yaranıb. Bu borc bir günə yaranıb. Sonra ödəniş edib, ümumilikdə, 1024 manat 55 qəpik borc yaranıb. 40+10 manat ödəniş edib. 974 manat 55 qəpik qalıb. 8 iyun saat 15:48-də 10 manat, 16:12-də 40 manat pul, yəni cəmi 50 manat pul ödəyib, o pul oradan çıxılanda 974 manat 55 qəpik qalıb. 9 iyunda təxminən saat 11:28-də də blok olunub. Sadəcə iddiada səhv qeyd olunub, Azərkartın sonradan verdiyi məlumatı götürmüşlər. Məlumat 5 gün sonra oturur. Məsələn, pulu bu gün xərcləsən, 5 gün keçməyibsə hələ xərclənmədiyi görünəcək. Azərkart xüsusən də, xarici saytlara onlayn qoşulmalarda məlumatı banka gec verir, şənbə-bazar və bayram günləri də burada rol oynayır. Cavabdeh əvvəlki iclasda karta 1000 manata yaxın pul mədaxil etdiyini, ancaq məxarici olmadığını bildirsə də, hesabdan çıxarış məlumatlarında açıq olaraq görünür ki, qoşulan saytlara pullar çıxılıb, nə qədər daxil olduğu və nə qədər çıxarılıb xərcləndiyi görünür. Dələduzluqla bağlı kartından pulların çıxarılması ilə bağlı müraciəti olub, müraciəti kartından pulların çıxarılmasından 3-4 ay sonra olub. İşlə bağlı xüsusi qərardad qəbul edilməsinə zərurət olmadığını düşünürlər. Cavabdeh karta pul yükləyib, xəbəri olub, olmasaydı bildirərdi ki, kartına edilmiş mədaxil və məxariclərdən məlumatı yoxdur. Açıq olaraq görünür ki, həmin saytlarda cavabdehin qeydiyyatı var. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçının nümayəndəsinin nəzərdə tutduğu kimi texniki overdraft olsaydı belə, bununla bağlı ona hər hansı sms xəbərdarlıq gələ bilərdi. Kənar bir məbləğin istifadə olunmasında öhdəlik onun yox, bankın üzərindədir. Onun kartının bağlanması ilə bağlı banka etdiyi telefon zəngindən sonra 42 dəfə kart üzrə əməliyyat aparılmışdır. Bunun qarşısını bank almalı idi. Eyni rəqəmli məbləğlər kartdan çıxıb, düşünür ki, bank əməkdaşları bilərəkdən özləri belə edib. Həmçinin düşünür ki, nümayəndənin dediyi Azərkart tərəfindən banka məlumatı gec verməsi ilə bağlı qeyd də onlar arasında bağlanan müqavilədə öz əksini tapmalı idi. Nəticədən asılı olmayaraq, o, öz hüquqlarını sonacan müdafiə edəcəkdir. Hələ də iddiaçının nümayəndəsinin izahları onu qane etmir, bank müqavilədə nəzərdə tutulmuş vətəndaşa qarşı olan öhdəliklərini unutmuşdur. O, hələ də ona məxsus kartdan başqasının istifadə etdiyini düşünür. Ümumiyyətlə, hansı formada olursa olsun, bu overdraftın ona aidiyyəti yoxdur. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* nömrəli qoşulma razılaşmasına əsasən Bankın https://www.bankrespublika.az/az/pages/kompleks-bank-xidmeti-muqavilesi_1310 internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş kompleks bank xidməti müqaviləsinin şərtləri qəbul edilmişdir. - İddiaçı ASC-nin kompleks bank xidməti müqaviləsinə əsasən müqavilə banka gəlmədən elektron sənəd mübadiləsi yolu ilə Bank Respublika ASC-nin müştəriyə təklif etdiyi Bank xidmətləri ilə bağlı tərəflərin hüquq və vəzifələrinin yaranmasına və onlara xitam verilməsinə dair münasibətləri tənzimləyir və tərəflərin iradə ifadəsini elektron sənəd mübadiləsi yolu ilə bildirdiyi müqavilədir. Həmin müqaviləyə əsasən: 2.28. Overdraft - Müştərinin bank hesabında vəsaitin olub-olmamasından asılı olmayaraq müvafiq razılaşmaya əsasən müəyyən edilmiş müddət ərzində geri qaytarılması şərti ilə müvafiq məbləğədək vəsaitin (kreditin) müştəri tərəfindən istifadəsinə yaradılan şəraitdir. 2.49. Texniki overdraft - ödəniş və\və ya əməliyyatlar üzrə məbləğlərin hesabda olan qalıq məbləği üstələməsi nəticəsində yaranmış icazəsiz borc. 3.1.3. Bankın razılığı olmadan hesabdakı vəsaitdən artıq vəsaitin istifadə edilməsi (Limitin aşılması) “Texniki overdraft” hesab olunur. 3.3. Müştərinin vəzifələri: 3.3.1. Cari hesabın açılması üçün Banka təqdim olunan sənədlərdə həqiqi və dürüst məlumatların olmasını təmin edir; 3.3.2. Ünvanı və rekvizitləri dəyişdiyi hallarda, bu dəyişiklik baş verdiyi gündən etibarən 3 (üç) gün ərzində Bankı yazılı xəbərdar edir; 3.3.3. Hesab üzrə əməliyyatları hesabındakı qalıq həddində aparır; 3.3.4. Bank qarşısında yaranmış öhdəliklərinin (kredit, zaminlik, ipoteka, girov, xidmət haqqı üzrə borc və bunlarla məhdudlaşmadan digər öhdəliklərin) icrasının təminatı üsulu olaraq öz hesablarında olan pul vəsaitlərinin mübahisəsiz (akseptsiz) qaydada silinməsinə razılıq verir; 3.3.5. Yaranmış “Texniki overdraft”a görə pul vəsaitlərini bankın tələbi olarsa hesablanmış faizləri ilə birlikdə (illik 42 faiz olmaqla) geri qaytarır və sair. 3.6. Bu müqavilənin bank hesabına aid müddəalarının qüvvədən düşməsi bank hesabının bağlanması üçün əsasdır. Müddəalar aşağıdakı hallarda qüvvədən düşmüş hesab edilir: 3.6.1. Müştərinin müraciəti əsasında-istənilən vaxt. 5.15.5. Kart sahibi və ya Kart istifadəçisi kartdan istifadə etməklə yalnız hesabdakı qalıq pul vəsaitləri həcmində əməliyyatlar həyata keçirməli, hesab üzrə overdrafta yol verməməlidir. Texniki overdraft yaranarsa, həmin vəsaitə texniki overdraftın yarandığı tarixin 6-cı günündən etibarən Bank tərəfindən illik 42% olmaqla faiz hesablanır. Qeyd olunan faizlərin hesablanması limitdən artıq vəsaitin istifadə olunduğu halda tətbiq olunur; 12.2.2. Müştəri: 12.2.2.1.Kreditdən qanunvericilikdə qadağan edilməyən məqsədlərlə istifadə edir; 12.2.2.2.Kreditdən istifadə prosesində kreditləşmənin prinsiplərinə: müddətlilik, qaytarılmalı, məqsədli istifadə, ödənişli, maddi təminatlı olması prinsiplərinə əməl edir; 12.2.2.3.İş yerinin dəyişdirilməsi, kredit kartının itirilməsi və ya oğurlanması haqqında «Bank»a məlumat verir; 12.2.2.4.Bank hesabından xərclənmiş vəsaitlərə nəzarət edir; 12.2.2.5.«Borcalan» bütün bank hesabından silinmələrə və imza etdiyi kartçeklərə məsuliyyət daşıyır; 12.2.2.6.Müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi (İcrası müvafiq olmayan) halda çəkilmiş məhkəmə, poçt və s., xərclərini «Bank»a ödəyir və s. 14.4. Bu müqavilənin “Overdraft”a dair şərtləri Müştəri ilə Overdrafta dair müvafiq razılaşmanın bağlanması ilə qüvvəyə minəcəkdir. 22.9. Müştəri bu müqaviləni elektron qaydada təsdiq edərək bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərlə bank xidmətlərinin (kredit və qeyri-kredit) göstərilməsinə dair müraciətinin bu müqavilənin müddəalarinin müştəri üçün məcburi hüquqi qüvvəyə malik olmasi üçün səbəb olduğunu və bağlanılan müvafiq razılaşmaların bu müqavilənin ayrılmaz tərkib hissəsi olduğunu qəbul edir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya (neo kart) əsasən bank müştəriyə AZ40BRES**********245848801 saylı, AZN valyutasında kart hesabı (bundan sonra bank hesabı) açır və ödəniş vasitəsi olan X5 Card növlü ödəniş kartı təqdim edir, habelə, elektron bank xidmətlərində istifadə edilməsi imkanını verir. Tərəflərin bank hesabı üzrə, habelə ödəniş kartının verilməsinə və istifadə edilməsinə, habelə elektron bank xidmətlərindən istifadə edilməsinə dair hüquq və vəzifələri və anlayışlar qeyd olunan razılaşma və Bankın internet səhifəsində PDF və ASANDOC formatında yerləşdirilmiş və müştəri tərəfindən bu razılaşma imzalanmamışdan əvvəl tanış olaraq qəbul etdiyi Kompleks Bank Xidməti müqaviləsi ilə tənzimlənir. - İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli razılaşmaya (ödəniş kartının təqdim edilməsinə dair) əsasən əsasən bank müştəriyə AZ13BRES******************** saylı, AZN valyutasında kart hesabı (bundan sonra bank hesabı) açır və təqdim edir. - xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək olan dövrü əhatə edən hesab haqqında məlumatdan görünür ki, Cavabdeh adına açılmış ******************** hesab nömrəsi üzrə debet dövriyyəsi 2005.63 manat, kredit dövriyyəsi 1031.08 manat, çıxış qalıq 974.55 manat təşkil edir. - xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü əhatə edən hesab haqqında məlumatdan görünür ki, Cavabdeh adına açılmış ******************** hesab nömrəsi üzrə debet dövriyyəsi 2005.63 manat, kredit dövriyyəsi 1031.08 manat, çıxış qalıq 974.55 manat təşkil edir. - xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki Cavabdeh xx.xx.2024-cü il tarixinə overdraft nəticəsində yaranan borcu 974.55 manat, 326.96 faiz borcu olmaqla, cəmi 1301.51 manat borcu vardır. - xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, bank tərəfindən Cavabdeh 1275,73 AZN overdraft borcu yarandığı bildirilmiş, banka olan borcunun 3 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə, borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 33.02 manat dövlət rüsumu ödəmişdir. - Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cavabdeh İddiaçı ASC-yə məxsus olan 4244-4848-4710- 6139 nömrəli bank kartında mənfi balans göstərilməsi ilə bağlı şikayətin həlli səlahiyyəti məhkəmə orqanlarında olduğundan, ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, cavabdeh kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan bankın vəsaiti hesabına əsassız varlanmışdır. Beləliklə, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək kart hesabı üzrə texniki xəta nəticəsində 1661,32 məbləğində texniki overdraft şəklində vəsait məxaric etmiş, texniki overdraft məbləğindən sonralar geri ödənişlər edilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixədək hər bir overdraft yarandığı anda ümumilikdə 686,77 manat məbləğində geri ödənişlər həyata keçirmiş, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı ASC-yə ümumi borcu 1301,51 manat olmuşdur (974,55 manat əsas borc, 326,96 manat faiz borcu). Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, İddiaçı ASC tərəfindən təsdiq olunmuş formada təqdim edilmiş hesab çıxarışına əsasən, Cavabdeh tərəfindən qeyd olunan AZ40BRES******************** nömrəli bank hesabından xx.xx.2024-cü il tarixədək texniki overdraft məbləğində vəsait məxaric edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Cavabdeh kart hesabı üzrə texniki xəta nəticəsində 1661,32 məbləğində texniki overdraft şəklində vəsait məxaric etmiş, ümumi məxaric məbləği isə 2005,63 manat təşkil etmiş, texniki overdraft məbləğindən sonralar geri ödənişlər edilmişdir. Bank tərəfindən təqdim olunan məlumatlara əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixədək hər bir overdraft yarandığı anda ümumilikdə 686,77 manat məbləğində geri ödənişlər həyata keçirmiş, bank tərəfindən təqdim olunmuş hesab çıxarışına və hesablama cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı ASC-yə ümumi borcu 1301,51 manat olmuşdur (974,55 manat əsas borc, 326,96 manat faiz borcu). Qeyd edir ki, hazırkı tarix olan xx.xx.2025-ci il vəziyyətinə görə əsas borc 974,55 manat, faiz borcu isə 505,34 manat olmaqla, ümumi borc 1479,89 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/3319 №-li ekspert rəyindən görünür ki, Cavabdeh tərəfindən qeyd olunan AZ40BRES******************** nömrəli bank hesabından xx.xx.2024-cü il tarixədək texniki overdraft məbləğində vəsait məxaric edilmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2024cü il tarixədək Cavabdeh kart hesabı üzrə texniki xəta nəticəsində 1661,32 məbləğində texniki overdraft şəklində vəsait məxaric etmişdir. Ümumi məxaric məbləği isə 2005,63 manat təşkil etmişdir. Bank tərəfindən təqdim olunan məlumatlara əsasən, Cavabdeh xx.xx.2024-cü il tarixədək hər bir overdraft yarandığı anda ümumilikdə 686,77 manat məbləğində geri ödənişlər həyata keçirmişdir. Bank tərəfindən təqdim olunmuş hesab çıxarışına və hesablama cədvəlinə əsasən, xx.xx.2024-cü il tarixinə Cavabdeh İddiaçı ASC-yə ümumi borcu 1301,51 manat olmuşdur (974,55 manat əsas borc, 326,96 manat faiz borcu). Qeyd edir ki, hazırkı tarix olan xx.xx.2025-ci il vəziyyətinə görə əsas borc 974,55 manat, faiz borcu isə 505,34 manat olmaqla, ümumi borc 1479,89 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 974.55 manat məbləğində əsas borc, 326.96 manat məbləğində faiz borcu, cəmi 1301.51 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən, ödənilmiş 33.02 manat məbləğində dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, 100 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 974.55 manat əsas borc, 326.96 manat faiz borcu olmaqla, cəmi 1301.51 manat məbləğində pul vəsaiti və 33.02 manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar