Məhkəmə qərarları › İş №e-2(008)-1056/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1056/2022

23.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1056/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı evin qanunsuz sahiblikdən alınıb təhvil verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikilinin boşaldılması və oradan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçının mərhum qardaşının qeyri-rəsmi nikahda olduğu yoldaşıdır. Mərhum qardaşı daimi kirayələrdə qaldığı üçün iddiaçı tərəfindən inşa edilən və ona məxsus olan yarımtikili evdə yaşamasına icazə vermişdir. Qardaşı avqust ayında rəhmətə gedəndən sonra iddiaçı cavabdehdən evin boşaldılmasını tələb etmiş, lakin cavabdeh imtina etmişdir. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdilər. İddiaçı eyni zamanda qeyd etdi ki, o, özü mühəndisdir, özünün mühəndis dostu X2 ilə evi birlikdə layihələndirmiş və inşa etmişdilər. Ev inşa olunan zaman oralar boşluq idi, hər hansı bir qonşu həmin ərazidə yaşamırdı. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək qeyd etdi ki, adıçəkilən ev cavabdeh və onun qeyri-rəsmi əri tərəfindən inşa edilmişdir və cavabdeh uzun illərdir ki həmin evdə yaşayır. İddiaçının evə heç bir aidiyyəti yoxdur. Hesab edirlər ki, ümumiyyətlə iddiaçının belə bir iddia qaldırmağa subyektiv hüququ yoxdur. Odur ki, iddianını rədd edilməsini xahiş etdi. X1 ifadə verərək qeyd eidi ki, o, iddiaçının dostudur. Onlar ikisi də mühəndisdilər. Gənclikdən iddiaçının və onun ailəsini tanıyır. Onlar ikisi birlikdə adıçəkilən evi layihələndirib inşaatını həyata keçirtmişdilər. İddaiçının mərhum qardaşı kirayədə qalmasın deyə iddiaçı evi ona yaşaması üçün vermişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidin ifadəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Mübahisə predmeti olan Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən ev (sonradan – mübahisəli ev) özbaşına tikilidir. Sabunçu rayon Bilgəh Bələdiyyəsinin 22.04.2005-ci il tarixli qərarı ilə həmin ünvanda yerləşən 400 kv metr torpaq sahəsi alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ******* AZM ödəyərək həmin torağı əldə etmişdir (259 №-li, 22.04.2005ci il tarixli kasa mədaxil orderi). İddiaçı həmin torpaq sahəsinə dair torpaq və əmlak vegisi ödəyicisidir. Mübahisəli evdə işıq, su və qaz ödənişləri üzrə abonent İddiaçı qeydiyyata alınmışdır. Sabunçu rayon Bilgəh Bələdiyyəsi tərəfindəe verilmiş 30.10.2021-ci il tarixli, 392 №li arayışa əsasən, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi İddiaçı məxsusdur. İmzaları notarial qaydada təsdiq edilmiş beş qonşu tərəfindən məhkəməyə ərizələr göndərilmişdir. Həmin ərizələrdə qonşular mübahisəli evin cavabdeh və onun həyat yoldaşı tərəfindən inşa edilməsini və cavabdehin 2011-ci ildən həmin evdə yaşaması faktının ətsdiq etmişdilər. Hazırda iddiaçı mübahisəli evin cavabdehin qanunsuz sahibliyindən alınıb ona təhvil verilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın əsaslı olduğu nəticəsinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 164.1-ci maddəsinin birinci cümləsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 164.2-ci maddəsinin birinci cümləsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 165.1-ci maddəsinin ikinci cümləsinə əsasən pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Məhkəmə hesab edir ki, iddiaçı mübahisəli evə olan hüququnu təsdiq etmişdir. Belə ki, evin yerləşdiyi torpaq saahəsini iddiaçı ödəniş edərək əldə etmişdir, həmin torpaq sahəsinin vergi ödəyicisidir, kommunal xidmətlər üzrə abonentdir. Məhkəmə qonşular tərəfindən verilmiş ərizələrdəki evin cavabdeh tərəfindən inşa edilməsi barədə məlumatı inandırıcı hesab etmir. Belə ki, torpaq sahəsi 2005-ci ildə əldə edilmişdir, cavabdeh isə 2011-ci ildən həmin evdə yaşayır, yəni artıq hazır olan evdə yaşamağa başlamışdır. Cavabdehin uzun illərdir həmin evdə yaşama faktını iddiaçı özü də qeyd edir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçının ailə üzvü deyil və mübahisəli evi boşaldıb iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Albalıq qəsəbəsi, Yeni yaşayış massivi ünvanında yerləşən iddiaçıya məxsus və cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilən tikili Cavabdeh tərəfindən boşaldılsın və o, oradan çıxarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar