Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1109/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı”bağ sahəsindən çıxarılma və tikililərin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, X1 qanuni istifadəsində olan Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən (3882 “a”) bağ sahəsindən Cavabdeh və onun digər ailə üzvlərinin çıxarılması, həmin sahədə qanunsuz tikilmiş tikililərin cavabdehin öz hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X7 onun qardaşıdır və o, 2-ci dərəcəli əlil (ruhi xəstə) olduğundan ona qəyyumluq edir. Bakı şəhər xalq deputatları Sovetinin İcrayyə Komitəsi bağlar təsərrüfatının inkişafi və istismarı birliyi tərəfindən xx.xx.1989-cu il tarixdə X3 (qardaşına) 47 saylı orderə əsasən 12 sot (3882a nömrəli) Ləhiş bağ massivində bağ sahəsi verilmişdir. Təxminən 3 il bundan əvvəl iş üzrə cavabdeh qardaşı X3 məxsus torpaq sahəsini qanunsuz olaraq zəbt etmişdir. O, dəfələrlə cavabdehin qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxarılmasını tələb etsə də, o həmin sahədən çıxmır. O, bununla əlaqədar 2019-cu il tarixdə Sabunçu RPİ-nin 42-ci PB-nə müraciət etmişdir. Müvafiq polis bölməsi onun qeyd olunan mübahisə ilə mülki qaydada məhkəməyə müraciət olunmasını qeyd etmişdir. O, Sabunçu rayonu Maştağa qəsəbəsi 3882 A saylı bağ sahəsindən qanuni olaraq istifadə edir və həmin torpaq sahəsinə görə torpaq vergisini ödəyir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1542/2008 nömrəli 12 dekabr 2008-ci il tarixli qətnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 10 yanvar 1965-ci ildə Şəki şəhərində anadan olmuş X7 və 28 yanvar 1963-cü ildə Şəki şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxslər hesab edilmələri qət edilmişdir. - Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 93 nömrəli 30 mart 2009cu il tarixli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı – qardaşları İİ qrup əlillər, xx.xx.1963-cü il təvəllüdlü X5 və xx.xx.1965-ci il təvəllüdlü X3 qəyyum təyin edilmişdir. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - cinayət işinin başlanmasının rədd edilməsi haqqında 03 yanvar 2019-cu il tarixli qərardan görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması əməldə cinayət tərkibinin əlamətləri olmadığından rədd edilmiş, İddiaçı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququnun olması izah edilmişdir. - Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli orderin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, Bakı şəhəri Sovetinin İcraiyyə Komitəsinin 18 noyabr 1988-ci il tarixli İİ/632 nömrəli qərarına əsasən X2 “Ləhiş” massivində 44 nömrəli BTK-nın tərkibində sahəsi 0.12 hektar təşkil edən 3882 “a”-46 nömrəli bağ sahəsi ayrılmışdır. - Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən verilmiş 4881 nömrəli 14 may 2018-ci il tarixli yerli (bələdiyyə) büdcənin vergi ödəyicisi olan fiziki şəxslərin uçota alınması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 vergi ödəyicisi kimi uçota alınmışdır. İşin məhkəmə iclasında araşdırılan hallarına və iş materiallarında olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, Bakı şəhəri Sabunçu rayonu “Ləhiş” massivində 44 nömrəli BTK-nın tərkibində sahəsi 0.12 hektar təşkil edən 3882 “a”-46 nömrəli bağ sahəsi Azərbaycan SSR Bakı şəhəri İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi 44 nömrəli BTK-nın sədri tərəfindən verilmiş 47 nömrəli 10 iyun 1989-cu il tarixli orderə əsasən X2 ayrılmış, bağ sahəsi həmin vaxtdan etibarən sonuncunun qanuni sahibliyində və istidadəsində olmuş, lakin Cavabdeh həmin bağ sahəsini zəbt etməsi səbəbindən X6 qanuni əsaslarla onun istifadəsinə verilmiş bağ sahəsindən istifadə etmək imkanından məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 158.2-ci maddəsinə əsasən əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh və digər ailə üzvləri Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 3882 “a”-46 nömrəli bağ sahəsindən çıxarılmalı, həmin sahədə qanunsuz tikilmiş tikililər cavabdehin öz hesabına sökülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh və digər ailə üzvləri Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsində yerləşən 3882 “a”-46 nömrəli bağ sahəsindən çıxarılsınlar, həmin sahədə qanunsuz tikilmiş tikililər cavabdehin öz hesabına sökülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1109/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1109/2023
14.03.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver