Məhkəmə qərarları › İş №e-2(008)-1122/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1122/2024

19.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1122/2024 19.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı X1, nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi̇ : İddiaçılar X4 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılması, giriş qapısının açarlarının (surətlərinin) təqdim edilməsinin Cavabdeh həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə Ramana Südçülük sovxozunda yerləşən 100 kv.metrlik torpaq sahəsi və üzərində olan yaşayış evini 20.000 manata satmış, bu barədə mərhum X5 (xx.xx.2023-cü ildə vəfat etmişdir, iddiaçı Aygyul İbrahimovanın nənəsi) Bakı şəhəri 39 saylı Notariat ofisində 50 il müddətinə baş etibarnamə vermişdir. Özbəkistan vətəndaşı olduğu üçün həmin vaxt etibarnamə X2 deyil, daimi qeydiyyat yeri olduğu üçün nənəsinin adına verilmişdir. Etibarnamə verilən gün Aygyul İbrahimova da Hövsan qəsəbəsində notariusda olmuşdur. Cavabdehə həmin pulu 2 dəfəyə - 17.000 manatı 2018-ci ilin aprel ayında Bakı şəhəri, Bakıxanov qəsəbəsində yaşayan iddiaçı X1 dayısının evində, qalan 3000 manatını isə hazırkı evdə, etibarnamə verilən gün vermişlər. Cavabdeh həmin vaxt torpağa dair bir sənədin surətini təqdim edərək bildirmişdir ki, sənədin əslini çatdıracaqdır. Həmin gün notariusda təsdiq olunmuş bir ərizə də vermişdir ki, bu evə, torpağa dair onun heç bir mübahisəsi olmayacaq, əgər olarsa məsuliyyət daşıyacaqdır. Torpaq sahəsinin üzərində 3 otaq, mətbəx və həyətdə yarıtikililər mövcuddur. xx.xx.2018-ci il tarixdən iddiaçı Aygyul İbrahimova nənəsi və anası ilə həmin evdə birgə yaşamışlar. Anası xx.xx.2018-ci ildə vəfat etmişdir. Sonradan nənəsi onun qeydiyyata alınması üçün Dövlət Miqrasiya Xidmətinə ərizə ilə müraciət etmiş və o, müvəqqəti qeydiyyata alınmışdır. Nənəsi xx.xx.2019-cu ildə, anasının 40 mərasimindən sonra onun adına verilmiş etibarnamə üzrə səlahiyyətlərin ona verilməsinə dair etibarnamə vermişdir. Nənəsinin arzusuna uyğun olaraq xx.xx.2022-ci il tarixdə iddiaçı X4 digər İddiaçı Sühel oğlu ilə ailə qurmuş və həmin gündən xx.xx.2023-cü il tarixədək, yəni cavabdeh tərəfindən evin dəmir qapısının qıfılının (kilidi) sındırılaraq zəbt edildiyi günədək həmin ünvanda birgə yaşamışlar. Həmin gün iddiaçılar (ər-arvad) Astara rayonu, Təngərüd kəndində olduqları zaman Cavabdeh ərazidə işləyən vasitəçi vasitəsilə X3 (nənənin) vəfat etdiyi barədə məlumat əldə etmiş və əmlaklarının yerləşdiyi evi zəbt etmiş, 39 saylı notariat ofisinə gedərək etibarnaməyə xitam vermişdir. Qonşular tərəfindən onlara məlumat verildiyindən, dərhal DİN-in 102 xidmətinə zəng etmişlər. Xidmətin göstərişi ilə Bakı şəhəri Sabunçu rayonu Polis İdarəsinin 12-ci Polis bölməsində izahat alınmış və məhkəməyə müraciət edilməsi bildirilmişdir. Cavabdeh sonuncu dəfə zənglə bildirmişdir ki, 5000 manat verərlərsə, evdən çıxıb gedə bilər. Məhkəməyə məlum edilir ki, evin və evin içərisində olan əşyaların özgəninkiləşdirilməsi istisna edilmir. Qonşular bildirmişlər ki, hər gün vasitəçi gəlib-gedir, evi satmaq istəyirlər. Yaşadıqları küçə sakinlərinin əksəriyyəti məhkəmədə bu faktları təsdiqləyə bilərlər. Mübahisənin məhkəmədən kənar həlli mümkün olmamışdır. Bu səbəbdən məcbur olub hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, evin kommunal xidmətləri (təbii qaz və elektrik enerjisi) barədə sənədlərin onun adına keçirilməsini cavabdehdən tələb etdikdə, cavabdeh 900 manat qarşılığında bunu edəcəyini bildirmişdir. Onun sənədləri və əşyaları həmin evdə qalmışdır, o, 5 il həmin evdə yaşamışdır. Anası və nənəsi evin qalan 3000 manatını onların evində cavabdehə vermişlər. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, əlavə olaraq bildirdi ki, məhkəmə araşdırması zamanı və işə əlavə olunmuş sənədlərlə, cavabdehin özünün etiraf etdiyi kimi, iddiaçıların 2018-ci ildən aldığı fərdi yaşayış evi Cavabdeh tərəfindən zəbt edilmişdir. İddiaçılar Astara rayonunda olduqları zaman, qonşular zəng edib mənzilin zəbt olunması barədə məlumat vermişlər. Sonra iddiaçılar bu barədə DİN-in 102 xidmətinə məlumat vermişlər. Araşdırma zamanı polis əmıkdaşları məhkəməyə müraciət edilməsi ilə bağlı rəsmi cavab yazmışlar. Həmin cavab iş materiallarına əlavə olunmuşdur. Cavabdeh özü etiraf etdi ki, 17.000 manat almış, 20.000 manata razılaşdırılmış məbləğdən 3000 manat qalıq qalmışdır. Lakin dindirilmiş şahidlər və vasitəçi (makler Oqtay Əhmədov) sərbəst şəkildə ifadə verərək, bütün məbləğin ödənildiyini təsdiq etmişlər. Tərəflər arasında mübahisə kommunal ödənişlərə görə yaranmışdır. Hazırda iddiaçılara məxsus əşyalar həmin mənzildə qalmışdır. Sübut qismində mənzilin görünüşü barədə fotoşəkillər və iddiaçı Aygyul İbrahimova ilə Cavabdeh arasında evə dair danışıqlar məhkəməyə təqdim olunmşdur. Qeyd olunanlara əsasən, nümayəndə və vəkil iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hazırlıq iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, 2005-ci ildə evin yerləşdiyi torpaq sahəsi ona ayrılmışdır. O, ev satmağı barədə vasitəçi Oqtay Əhmədova demişdir. Onun vasitəsilə evi mərhum Manya xanıma satmış, ona etibarnamə vermişdir. O, qarşı tərəfi tanımır, evi satmaq üçün notariusa gedəndə orada o, onun qonşusu, iki nəfər yaşlı qadın, vasitəçi Oqtay Əhmədov və başqa vasitəçilər olmuşlar. Müqavilə bağlamışlar. İddiaçının dayısının evində ona 17.000 manat vermişlər, həmin pulu verəndən sonra, o, iddiaçıların evdə qalmalarına razılıq vermişdir. O, 17.000 manatı evi satmaq məqsədilə qəbul etmişdir, həmin pulun 2000 manatını vasitəçi Oqtay Əhmədova vermişdir. Qarşı tərəfin qalan 3000 manatı vermələri müqabilində evin kommunal sənədlərini onların adına keçirəcəkdi. Vaxt keçsə də, o, pulunu ala bilməmişdir. Bir müddətdən sonra iddiaçılar evi onların adına keçirməyi tələb etdikdə, onlara 3000 manat verməli olduqlarını söyləmiş, onlar ancaq 1000 manat verə biləcəklərini deyəndə razılaşmamışdır. Həmçinin bildirir ki, iddiaçılar həmin evdə heç iki il yaşamamışlar, onların əşyaları həmin evdə qalmaqdadır. Hazırda evi su basmış, pis qoxdan dayanmaq mümkün deyildir. Hal-hazırda o, özü həmin evdə yaşayır. Evin bütün sənədləri onun adınadır. Ona məxsus olan həmin evdə iddiaçıların yaşamasına icazə verməyəcək. Ona çatan 15.000 manatı qarşı tərəfə geri qaytarmağa hazırdır. Qeyd olunanlara əsasən cavabdeh iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Aygyul İbrahimova onun baldızının qızıdır. 2018-ci ilin aprel ayında Özbəkistandan köçüb onlara gəlmişlər. Evi almaq üçün vasitəçi X23 Zeynalovanı tapmış, evin alınması üçün cavabdehlə 20.000 manata razılaşmışlar. Evin pulunun 17.000 manatını onların evinin həyətində cavabdehə vermişlər, 3000 manat qalmış, onunla bağlı 3 aya razılaşmaq istəyəndə, cavabdeh sentyabr ayının 20-nə kimi vaxt vermişdir. Mərhum qayınanası cavabdehin pulunu verdiyini söyləmiş, cavabdeh də yaşıl dəftərə yazaraq ona borc qalmadığını bildirmişdir. Həmin yaşıl dəftər cavabdehin evində olmuşdur. O, 3000 manatı veriləndə orada olmamışdır. Qayınanası Gəncədən gətirib 3000 manatı cavabdehə verdiyini ona demişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, vasitəçi (makler) fəaliyyəti ilə məşğuldur. Aygyul İbrahimovanı tanıyır, onun anası və nənəsi qonşuları olmuşdur. Cavabdeh ev almışlar, 17.000 manatı vermiş, 3000 manat qalmışdır. Aralarındakı razılığa əsasən qalan pulu 3 aya verməli idilər, cavabdeh özü sentyabr ayına kimi qaytarmağa razılıq vermişdir. Sentyabr ayında qarşı tərəf qalan pulu verə bilməmişdir. Daha sonra qalan 3000 manat pul verilmişdir. Beləliklə, iddiaçı tərəf 17.000 manat və qalan 3000 manat pulu cavabdehə vermişdir. İddiaçı tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Aygyul İbrahimovanın baldızıdır. Evi almaq üçün cavabdehlə 20.000 manata razılaşmışlar. Həmin puldan 17.000 manat verilmiş, daha sonra mərhum Manya xanım Gəncədən 3000 manat gətirib vermişdir. 3000 manatın verilməsi ilə bağlı Cavabdeh evində imzalanmış kağız olmuşdur. O, kommunal xidmətlərin Aygyul İbrahimovanın adına keçirilməsi üçün Cavabdeh zəng etmiş, Cavabdeh bunun üçün 1000 manat pul vermələrini tələb etmiş, daha sonra 900 manat verilməsinə razılaşmışdır. Sonra onlarda hüzür düşmüş, yenidən bu barədə Cavabdeh zəng edəndə, o, 3000 manat vermələrini tələb etmişdir. Cavabdeh tərəfin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Cavabdeh uzun illərdir tanıyır, uzun müddətdir ki, qonşudular. O, 2018-ci ildə “Lux House” Daşınmaz Əmlak Agentliyində işləmiş, Cavabdeh evini satmaq üçün ona müraciət etmişdir. Ev satılanda iki vasitəçi olmuşdur, birinin adı Oqtay olmuş, iki nəfər yaşlı qadın da orada olmuşdur. Onlar qayda-qanunla daxili müqavilə imzalamışlar, çünki qarşı tərəf notariusa pul vermək istəməmişdir. Onun tərtib etdiyi müqavilə üç nüsxədə olmuş, biri qarşı tərəfə, o biri Könül xanıma, digəri isə vasitəçi Oqtaya verilmişdir. 17.000 manat cavabdehə verilmiş, qalan 3000 manat ödənilməmişdir. Daha sonra sentyabr ayında Könül xanım qarşı tərəfin evin qalıq 3000 manatını vermədiklərini demiş, o da həmin pulu vasitəçi Oqtaydan tələb etməsini söyləmişdir. Könül xanıma verilən 17.000 manatın 2000 manatı vasitəçiyə çatmışdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. - xx.xx.2022-ci il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X12 arasında 3669 saylı akt qeydi tərtib olunmaqla rəsmi nikah bağlanmışdır. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən etibar edilən X5 verilmiş etibarnaməyə xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. - “Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışın surətindən görünür ki, mülkiyyətçi Cavabdeh tərəfindən etibar edən X5 etibar edilən Gadjıeva Aygyulə verilmiş etibarnamə xx.xx.2023-cü il tarixdə qüvvədən düşmüşdür. - X3 notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cü il tarixli ərizəsindən görünür ki, əcnəbi vətəndaş Gadjıeva Aygyulü Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında yerləşən fərdi yaşayış evinə müvəqqəti qeydiyyata alınmasına etiraz etmir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinin məktubdan görünür ki, Zeynalova (Vəliyeva) Könül Füzuli qızının adına Bakı şəhəri ərazisində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X22 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X6 0,01 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır . - Abonentin saldosunun surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında quraşdırılmış qaz sayğacı üzrə Cavabdeh abonentdir. - Abunə haqqı vərəqəsinin surətindən görünür ki, ünvan 3 ünvanındakı elektrik enerjisi sayğacı üzrə Cavabdeh abunəçidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Ramana Südçülük sovxozunda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan cavabdeh X6 0,01 hektar torpaq sahəsi fərdi ev tikintisi üçün ayrılmışdır. X13 həmin torpaq sahəsi üzərində fərdi yaşayış evi (özbaşına tikili) inşa etmişdir. Daha sonra o, 20.000 manat qarşılığında həmin torpaq sahəsinin və üzərində olan yaşayış evinin satılması məqsədilə, iddiaçının mərhum nənəsi X5 baş etibarnamə vermişdir. İddiaçılar 2022-ci ildə nikaha daxil olduqdan sonra birlikdə həmin evdə yaşamağa başlamışlar. İddiaçılar evdə olmadıqları vaxt cavabdeh evin qapısının kilidini sındıraraq, oraya gəlmiş, eyni zamanda yuxarıda qeyd olunan etibarnaməyə xitam vermişdir. Cavabdeh iddiaçının nənəsi mərhum Manya Vəliyeva tərəfindən 17.000 manatın ona verildiyini etiraf edərək bildirir ki, həmin pulun 2000 manatını daşınmaz əmlak alqı-satqısı üzrə vasitəsi kimi fəaliyyət göstərən Oqtay Əhmədova vermiş, qalan15.000 manatı ona çatmışdır və həmin 15.000 manatı qarşı tərəfə qaytarmağa hazırdır. Lakin cavabdeh qalan 3000 manat pulun ona verildiyini inkar edir. 3000 manatın iddiaçılar (yaxud qohumları) tərəfindən cavabdehə verilməsi məhkəmə iclasında mötəbər sübtlarla təsdiqini tapmamışdır. İddiaçı hazırda da həmin evdə yaşamaqla, həmin evin bütün sənədlərinin ona aid olduğunu, ona məxsus olan həmin evdə iddiaçıların yaşamasına icazə verməyəcəyini və eyni zamanda ona çatan 15.000 manat pulu qarşı tərəfə qaytarmağa hazır olduğunu bildirir. Məhkəmə qeyd edir ki, mübahisəli ev (özbaşına tikili) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, onun alqı-satqısı qanunun tələblərinə uyğun olmamışdır. Bununla belə, həmin ev faktiki olaraq mövcuddur və Cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Abşeron rayonu S.Əliyev adına Südlük Maldarlıq üzrə X22 Təsərrüfatı Müəssisəsinin xx.xx.2000-ci il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin evin yerləşdiyi torpaq sahəsi Abşeron Rayon İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli 25 nömrəli qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikinti üçün ayrılmış asudə həyətyanı torpaq fondundan X6 fərdi ev tikintisi üçün ayrılmışdır. Həmin evin kommunal xidmətləri barədə müvafiq müqavilələr də X13 ilə bağlanmışdır. İddiaçılar Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozu, R.Rza küçəsində yerləşən 4 saylı, 3 otaqlı yaşayış sahəsindən istifadəyə yaranan maneələrin qanunsuz hesab edilməklə, həmin maneələrin aradan qaldırılmasını xahiş etsələr də, onların həmin əmlaka dair hər hansı hüquqları müəyyən edilmir (onlar yalnız həmin əmlak qarşılığında cavabdehə verilmiş pulun geri qaytarılmasını tələb edə bilərlər). Bu baxımdan, məhkəmə mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.8-ci maddəsi aspektindən yanaşır. Belə ki, həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə hesab edir ki, Cavabdeh sözügedən evə sahiblik edən şəxs olduğundan, həmin evə heç bir aidiyyəti olmayan iddiaçıların ona qarşı qaldırdıqları hazırkı iddia təmin edilə bilməz. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar X1 və İddiaçı Cavabdeh qarşı "yaşayış sahəsindən istifadəyə yaradılmış maneələrin qanunsuz hesab edilməklə aradan qaldırılması, giriş qapısı açarlarının təqdim edilməsinin cavabdehə həvalə edilməsi" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar