Məhkəmə qərarları › İş №e-2(008)-1169/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1169/2023

16.03.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1169/2023 16.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ barədə çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququ barədə çıxarışların və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ******* seriyalı ********** nomrəli reyestrdən çıxarışın, xx.xx.2013-cu il tarixdə X4 nümayəndəsi Cavabdeh1 ilə Cavabdeh2 arasında Bakı şəhəri 15 saylı notariat kontorunda bağlanmış 4Ə-1-33 saylı alqı-satqı müqaviləsinin Daşınmaz Əmlakın Dövlət Reyestrində Cavabdeh2 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə mülkiyyət hüququnun qeydiyyatının və müvafiq reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1989cu il tarixli 11/409 saylı qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsi iddiaçının mərhum atası X1 ayrılmışdır. Cavabdehlərdən Cavabdeh1 həmin ərazidə yerləşən 3358A saylı digər bağ sahəsini etibarnamə ilə mərhum X3 əldə etmiş, daha sonra X4 adından Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq həmin bağ sahəsinin 2092A saylı bağ sahəsi ilə əvəz edilməsini tələb etmişdir. Məhkəmənin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə həmin iddia təmin edilmiş, 3358A saylı bağ sahəsinin nömrəsi 2092A nömrəsi ilə əvəz edilmişdir. Qətnamədən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında xx.xx.2022-ci il tarixdə 1-ci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş baxılmamış saxlanmışdır. Ləğv olunmuş məhkəmə qətnaməsi vaxtilə icra olunmuş, qətnamə əsasında X4 2092A saylı bağ sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dovlət reyestrində qeydə alınmış, müvafiq çıxarış verilmiş, daha sonra xx.xx.2013-cu il tarixli alqı-satqı muqaviləsi əsasında həmin torpaq sahəsi Cavabdeh2 satılmış və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Qeyd etmək lazımdır ki, alğqı-satqı müqaviləsi X4 nümayəndəsi Cavabdeh1 ilə onun arvadı Cavabdeh2 arasında bağlanmışdır. Aydın məsələdir ki, Cavabdeh2 vicdanlı alıcı deyildir və həmin alqı-satqı qanunsuz əldə edilmiş əmlaka dair ğələcək qanuni tələbləri rədd edə bilmək üçün bağlanmışdır. Nəticə etibarilə, Sabunçu Rayon məhkəməsinin 2011-ci il tarixli qətnaməsi ləğv olunduğu üçün bağ sahəsi üzərində mülkiyyət hüququ haqqında qeydlər və alqı-satqı müqaviləsi etibarsız sayıldığı üçün ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, nümayəndəsini məhkəmə iclasına göndərməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərlərin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil3 iddia tələbini etiraf etməmiş və izahatında bildirmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinin Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ********** nömrəli reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair hissəsi məhkəmə aidiyyətinə görə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Odur ki, həmin iddia tələbi üzrə icraata xitam verilməlidir. Belə ki, Bakı şəhər XDS İK-nin 19 aprel 1990-cı il tarixli qərarına əsasən Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə dair X4 adına 10 nömrəli order verilmişdir. Göstərilən order əsasında həmin bağ sahəsi xx.xx.2011-ci il tarixdə X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alımışdır. Göründüyü kimi, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə dair X4 adına xx.xx.2011-ci il tarixdə aparılmış reyestrdəki qeydiyyat inzibati akt əsasında, yəni Bakı şəhər XDS İK-nin 19 aprel 1990-cı il tarixli qərarı və bunun əsasında verilmiş 10 nömrəli order əsasında aparılmışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ********** nömrəli reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair iddiasının faktiki əsasını bu qeydiyyatın qanunsuzluğu təşkil edir. Yəni, həmin qeydiyyatın qanunililiyi mübahisələndirilir. Göstərilən qeydiyyat isə mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyil, inzibati akt əsasında və həm də daşınmaz əmlakın reyestrini aparan inzibati orqan tərəfindən həyata keçirilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 6.1-ci bəndinə əsasən torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyələrin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyata keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. X7 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. X7 15.4-cü bəndinə əsasən, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Göstərilənlərə əsasən İddiaçı iddiasının Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ********** nömrəli reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair hissəsinin faktiki əsasını bu qeydiyyatın qanunsuzluğu (qanunililiyi) təşkil etdiyindən, göstərilən qeydiyyat isə mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında deyli, inzibati akt əsasında və həm də daşınmaz əmlakın reyestrini aparan inzibati orqan tərəfindən həyata keçirildiyindən, göstərilən iddia tələbi mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Odur ki, həmin tələb üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən ddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ********** nömrəli reyestrdən çıxarışın etibarsız sayılaraq ləğv edilməsinə dair iddia tələbi üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi 2092A saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2309/2011 nömrəli 19 iyul 2011ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhər İcraiyyə Komitəsinin 19 aprel 1990-cı il tarixli 3/78 saylı qərarı ilə Sabunçu rayon Ləhiş bağ massivindəki 3358 “a” nömrəli bağın istifadəyə verilməsi haqqında 10 nömrəli orderdə bağın nömrəsinə dair uyğunsuzluğun aradan qaldırılması, 10 nömrəli orderdə bağın nömrəsinin 2092 “a” nömrəsi ilə əvəz edilməsi və X4 həmin bağ sahəsinin istifadəçisi kimi tanınması qət edilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin 2(103)-896/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2309/2011 nömrəli 19 iyul 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı X4 cavabdeh DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağın nömrə uyğunsuzluğunun aradan qaldırılması, bağın nömrəsinin əvəz olunması və bağın istifadəçisi kimi tanınması tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılması qərara alınmışdır. -Azərbaycan SSR Bakı şəhər icraiyyə komitəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi Ləhiş bağlar sahəsindəki 122 nömrəli kooperativin 5 nömrəli 11 iyul 1990-cı il tarixli orderinin surətindən görünür ki, Bakı şəhər icraiyyə komitəsinin 20 oktyabr 1989-cu il tarixli 11/409 nömrəli qərarına əsasən X1 Ləhiş bağlar sahəsində 122 nömrəli BTK nəzdində 0.12 hektar torpaq sahəsi olan 2092 “a” nömrəli bağ ayrılmışdır. -İİİ-ЖГ seriyalı 485275 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 23 iyul 1990-cı il tarixdə Bakı şəhərində ölmüşdür. -AN-İ seriyalı ******* nömrəli 15 yanvar 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X4 adından Cavabdeh1 ünvan ünvanında yerləşən 0.12 ha torpaq sahəsini 4704 manata Cavabdeh2 satmışdır. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Notariat idarəsinin 05/4858-14 nömrəli 04 iyul 2022-ci il tarixli məktubundan görünür ki, “Elekton notariat” informasiya sistemində 01 iyul 2022-ci il tarixədək aparılmış araşdırma nəticəsində İ.Rzayevin adına vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi 2092A saylı bağ sahəsi xx.xx.2013-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir. -Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş 01 iyul 2022-ci il tarixli arayışdan görünür ki, X6 02 may 2014-cü il tarixdə ölmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sabunçu rayon Ləhiş bağ massivindəki 3358 “a” nömrəli bağın nömrəsinin 2092 “a” nömrəsi ilə əvəz edilməsi və X4 həmin bağ sahəsinin istifadəçisi kimi tanınması barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2309/2011 nömrəli 19 iyul 2011-ci il tarixli qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin 2(103)-896/2022 nömrəli 11 oktyabr 2022-ci il tarixli qərardadına əsasən ləğv edilmişdir. Lakin qətnamə ləğv olunanadək Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi 2092A saylı bağ sahəsi xx.xx.2011-ci il tarixdə X4 adına qeydiyyatdan keçmişdir. Bundan sonra X4 adından Cavabdeh1 həmin torpaq sahəsini Cavabdeh2 satmışdır. Hazırda iddiaçı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2309/2011 nömrəli 19 iyul 2011-ci il tarixli qətnaməsinin ləğv edilməsinə istinad edərək, alqı-satqı müqaviləsinin və çıxarışların etibarsız sayılaraq ləğv edilməsini məhkəmədən xahiş edir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin e-2(008)-1169/2023 nömrəli 16 mart 2023-cü il tarixli qərardadına əsasən “Daşınmaz Əmlakın Dövlət Reyestrində X4 adına Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ sahəsi 2092A saylı bağ sahəsinə xx.xx.2011-ci il tarixdə aparılmış mülkiyyət hüququnun qeydiyyatının və MA ******* seriyalı ********** nomrəli reyestrdən çıxarışın etibarsız hesab edilməsi” hissəsində mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Məhkəmə hesab edir ki, hazırkı vəziyyətdə Bakı şəhəri Sabunçu rayonu Ləhiş bağ massivi 2092A saylı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində X4 adına aparılmış qeydiyyatın etibarsız hesab edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmadığından, iddia tələbinin ikinci, yəni “həmin bağ sahəsinə dair X4 adından cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 15 yanvar 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” hissəsində iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “X4 adından cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 15 yanvar 2013-cü il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in Bakı şəhər Ərazi İdarəsinə qarşı “X4 adından cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış AN-İ seriyalı ******* nömrəli 15 yanvar 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Cavabdeh2 adına xx.xx.2013-cü il tarixdə verilmiş RX seriyalı ******* nömrəli çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar