Məhkəmə qərarları › İş №e-2(008)-1274/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1274/2023

11.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1274/2023 11.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı iştiraklarıı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə əmrin ləğv edilməsi və digər tələblərinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı məhkəməyə iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək,

1. Cavabdeh "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi;

2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsinin işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilmiş hesab edilməsi;

3. əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin "xxxx" MMCnin üzərinə qoyulması;

4. bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2019-cu il tarixdə əmək müqaviləsi bağlanmışdır. Qeyd olunan əmək müqaviləsinə əsasən, iddiaçı Cavabdeh MMC-də məşğulluq təsnifatı üzrə direktor müavini vəzifəsində çalışmışdır. İddiaçı xx.xx.2020-ci il tarixdə MMC-nin direktoru Qanuni nümayəndə yazılı ərizə ilə poçt vasitəsi ilə müraciət edərək, müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2020-ci il tarixdə MMC-nin müdiri Qanuni nümayəndə tərəfindən şəxsən xəbərnaməyə imza etməklə qəbul edilmişdir və bir ay keçəndən sonra iddiaçı artıq iş yerinə getməyərək, bütün əlaqələrini Qanuni nümayəndəla kəsmişdir. Lakin bu yaxınlarda, işə düzəlmək məqsədi ilə əmək müqaviləsi bağlamaq istədikdə, işəgötürən iddiaçıya bildirmişdir ki, onun Cavabdeh MMC ilə bağladığı əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar) əsasən xitam verilmişdir. Beləliklə, tərəfindən əmək müqaviləsinin pozulması barədə cavabdehə ərizə verdikdən 1 ay keçəndən sonra, xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçası iddiaçıya təqdim olunmamış və heç bir bildiriş poçt vasitəsi ilə ünvanına göndərilməmişdir. Bu səbəbdən iddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi təqdim etməyi xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə cavab olaraq bildirmişdir ki, guya iddiaçı özü əmək kitabçasına müvafiq qeydlər etmiş, onu imzalayıb və möhürlə təsdiq edib götürmüşdür. Həmçinin məktubda guya iddiaçıya 450 manat məbləğində pul ödənildiyini qeyd edərək, həmin pul məbləğini poçt vasitəsi ilə Qanuni nümayəndə köçürüldüyü halda əmək müqaviləsinə xitamla bağlı düzəlişlərin ediləcəyini bildirmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə mediasiya sessiyasında iştirakdan imtina edilməsi barədə ərizə ilə 6 saylı Bakı Mediasiya Təşkilatına və surəti ona olmaqla müraciət edərək, xx.xx.2022-ci il tarixli məktubda tələb etdiyi pul vəsaitinin verildiyi təqdirdə mübahisənin həll olunacağını bildirmişdir. Göründüyü kimi, cavabdeh qeyri qanuni olaraq müəyyən məbləğdə pul vəsaitinin ödənildiyi təqdirdə əmək müqaviləsinə müvafiq düzəlişlərin edəcəyini bildirir. Buna baxmayaraq, iddiaçı cavabdeh tərəfindən qarşısına qoyduğu şərtlərlə razı olub, əmək müqaviləsinin xitamı ilə bağlı müvafiq düzəlişlərin edilməsi üçün tələb etdiyi pul məbləğinin ödənilməsinə razılaşaraq ona ünvanladığı xx.xx.2022-ci il tarixli məktubla təklif etmişdir. Lakin, cavabdeh heç bir münasibət bildirmədi. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 iddiaçı tərəfindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb etmişdir. Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə məhkəməyə etiraz göndərmişdir. Etirazda aşağıdakılar qeyd olunmuşdur. 2020-ci ilin yanvar ayında Qanuni nümayəndə Maştağa qəsəbəsində yerləşən ofisi bağlayıb digər ofis axtardığı MMC-yə məxsus sənədləri, möhürü, avadanlıqları saxlanılması üçün iddiaçıya vermiş və qısa müddət ərzində ev şəraitində işləməyi tapşırmışdır. Həmin ilin fevral ayında iddiaçı Qanuni nümayəndə onunla işləmək istəmədiyini bildirmiş və möhürü, avadanlıqları ona qaytarmışdır. Bundan bir neçə gün sonra iddiaçı votsap proqramı vasitəsilə əmək kitabçasının fotoşəkilini göndərmiş, əmək kitabçasında «öz təşəbbüsü ilə işdən çıxması» barədə qeyd apardığını, onun əvəzinə onun imzasını saxtalışdarmaqla imza çəkdiyini bildirmiş və əmək müqaviləsinə xitam verilməsini elektron informasiya sisteminə daxil edilməsini xahiş etmişdir. O, iddiaçıya öz etirazını bildirmiş və onun yol verdiyi qanunsuzluğa görə əmək müqaviləsinə «əmək vəzifələrini kobud şəkildə pozulması hesab edilən hallar»la xitam verəcəyini bildirmişdir. Pandemiya ilə əlaqədar iddiaçı ailə üzvləri ilə Salyan şəhərinə köçmüşdür. İddiaçı xx.xx.2020-ci il tarixdə yazılı ərizə ilə poçt vasitəsi ilə müraciət edərək, müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. O, isə xx.xx.2020-ci il tarixli əmri qəbul etmiş və iddiaçının yaşadığı ünvana göndərmiş, məktub ünvanda məktubu qəbul edən olmadığı üçün geri qayıtmışdır. xx.xx.2022-ci il tarixdə yenidən müraciət edərək əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi təqdim etməyi xahiş etmişdir. İddiaçı ərizəsində öz yalanını ifşa etmişdir. Belə ki, o, xx.xx.2022-ci (məhkəmənin mövqeyinə görə Qanuni nümayəndə əslində xx.xx.2020-ci il yazmaq istəmişdir) tarixdə yazdığı ərizədə əmək kitabçasını istəyərdi. İddia ərizəsindən bülə görünür ki, iddiaçı xx.xx.2020-ci il tarixədək MMC-də işləyib. Bu da yalandır. Pandemiya ilə əlaqədar MMC 2020-ci ilin mart ayının sonunda fəaliyyətini tam dayandırmışdır. İddiaçı onu qabaqcadan xəbərdar etmədən işdən çıxıb. Bundan başqa, iddiaçı maddi sıxıntıları olduğu üçün ondan 450 manat pul almış və qaytarmamışdır. Xahiş edir, iddia əsassız olduğu üçün rədd edilsin. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehin qanuni təmsilçisi cəzaçəkmə müəssisəsində olduğundan iştirak edə bilməmiş, etirazın məzmununa uyğun məhkəmə çıxışı göndərmiş, üçüncü şəxs isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1996-cı il tarixdə doğulmuşdur. Cavabdeh MMC (sonradan – MMC) xx.xx.2019-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi Qanuni nümayəndədur. Qanuni nümayəndə hazırda 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkir. İddiaçı ilə cavabdeh MMC arasında bağlanmış: xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən məşğulluq təsnifatı üzrə xx.xx.2019-cu il tarixdən direktor vəzifəsində; xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə direktor müavini vəzifəsində çalışmışdır (portaldan çıxarış). İddiaçı xx.xx.2020-ci il tarixdə MMC-nin direktoru Qanuni nümayəndə yazılı ərizə ilə poçt vasitəsi ilə müraciət edərək, müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmişdir. Qeyd olunan ərizə xx.xx.2020-ci il tarixdə MMC-nin müdiri Qanuni nümayəndə tərəfindən qəbul edilmişdir. Bir ay keçəndən sonra iddiaçı artıq iş yerinə getməmişdir. xx.xx.2020-ci il tarixdə adıçəkilən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir (əmək müqaviləsi bildirişi). İddiaçı xx.xx.2022-ci il tarixli məktubla cavabdehə müraciət edərək, əmək kitabçasını və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildirişi təqdim etməyi xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə cavab məktubunda bildirmişdir ki, iddiaçı özü əmək kitabçasına müvafiq qeydlər etmiş, onu imzalayıb və möhürlə təsdiq edib götürmüşdür, 450 manat məbləğində pulun ödənildiyini qeyd edərək, həmin pul məbləğinin poçt vasitəsi ilə Qanuni nümayəndə köçürüldüyü halda əmək müqaviləsinə xitamla bağlı düzəlişlərin ediləcəyini bildirmişdir. Hazırda iddiaçı xx.xx.2020-ci il tarixli əmrin ləğv edilməsi, xx.xx.2019-cü il tarixli əmək müqaviləsinin işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilmiş hesab edilməsi, bu barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcələsinin: 42-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz, 2-ci hissəsinə əsasən əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir; 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur, 2-ci hissəsinə əsasən işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinin mənasına görə tərəflərdən birinin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilə bilər. 69-cu maddəsinin 1-ci hissəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər, 2-ci hissəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Qeyd edildiyi kimi, iddiaçı xx.xx.2020-ci il tarixdə MMC-nin direktoru Qanuni nümayəndə yazılı ərizə ilə poçt vasitəsi ilə müraciət edərək, müqaviləsinin öz təşəbbüsü ilə xitam verilməsini xahiş etmiş, ərizə xx.xx.2020-ci il tarixdə Qanuni nümayəndə tərəfindən qəbul edilmiş, iddiaçı bir ay keçəndən sonra artıq iş yerinə getməmişdir. Göründüyü kimi, iddiaçı Əmək Məcələsinin 69-cu maddəsinin tələblərinə tam riayət etmişdir. Belə olan halda, onun əmək müqaviləsi artıq xx.xx.2020-ci il tarixdən Əmək Məcələsinin 69-cu maddəsinə əsasən ləğv edilmiş hesab edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsi işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilmiş hesab edilməlidir. İşəgötürən bunu etmək əvəzinə isə, cavabdeh xx.xx.2020-ci il tarixdə adıçəkilən əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi barədə əmr vermişdir. Əmək Məcələsinin: 70-ci maddəsinin «ç» bəndinə əsasən işçi özünü əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Məhkəmə hesab edir ki, adıçəkilən maddələrdə göstərilən əsaslara dair MMC-nin qanuni təmsilçisi tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Belə ki, əmək kitabçasında edilən qeydlərin məhz iddiaçı tərəfindən edilməsinə dair məhkəməyə sübut təqdim edilməmişdir. Qeyd edildiyi kimi, işəgötürən mübahisə predmeti olan əmrin onun tərəfindən ləğv edilməsini 450 manatın qaytarılması ilə şərtləndirmişdir. Yəni, əmrə əsas 450 manatın qaytarılmaması olmuşdur. Lakin onun tərəfindən 450 manata da dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Qeyd edildiyi kimi, qanunvericiliyin tələblərinə görə iddiaçı xx.xx.2020-ci il tarixdən işə çıxmamaqda haqlı olub. Odur ki, xx.xx.2020-ci il tarixli əmr artıq işləməyən işçi barədə verilmiş olmuşdur. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2020ci il tarixli əmr qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən:

1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.

2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.

3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.

4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsi işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilməsi barədə bildirişin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək vəzifəsi "xxxx" MMC-yə tapşırılmalıdır. Lakin, qeyd edildiyi kimi, "xxxx" MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir və o, bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək iqtidarında olmaya bilər. Odur ki, məhkəmə hesab edir ki, bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən: İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. V. Məhkəmə qərarı əsasında şərtləri və müddətləri qanunla nəzərdə tutulan məcburi əməyə cəlb etmək, hərbi xidmət zamanı səlahiyyətli şəxslərin əmrlərinin yerinə yetirilməsi ilə əlaqədar işlətmək, fövqəladə vəziyyət və hərbi vəziyyət zamanı vətəndaşlara tələb olunan işləri gördürmək hallarına yol verilir. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Vİİ. İşsizlərin dövlətdən sosial müavinət almaq hüququ vardır. Vİİİ. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediyasiya sessiyası zamanı əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediyasiyaya dair xərc ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin.

1. Cavabdeh "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli əmr ləğv edilsin;

2. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cü il tarixli əmək müqaviləsinin işçinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə ləğv edilmiş hesab edilsin;

3. əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi "xxxx" MMC-nin üzərinə qoyulsun;

4. bu mümkün olmadığı halda əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin üzərinə qoyulsun. 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar