Məhkəmə qərarları › İş №e-2(008)-1292/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1292/2023

21.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1292/2023 21.12.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndələri (vəkilləri) Vəkil, İlk iddia üzrə cavabdehin vəkili Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılması tələbinə dair ilk iddia, Cavabdeh2 Cavabdehlər İddiaçı1, İddiaçı2, 4 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisi, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı müqavilələrin, vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, dövlət reyestrində aparılmış qeydin və çıxarışın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddiaya dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh2 qarşı məhkəməyə iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) müraciət edirək, Cavabdeh2 tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Vişnoyvka bağ sahələrində yerləşən və üniumi sahəsi 0,25 ha 1453 №-li bağ sahələrinin zəbt edilən 0,08 ha hissəsində eni 11 metr, uzunluğu 12 metr olan bir mərtəbəli yarım tikilinin və eni-uzunu 0,8 metr (ayaqyolu) qeyri-qanuni tikililərin sökülməsi, Cavabdeh2 torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddiaçılar tələblərini onunla əsaslandırmışdılar ki, Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ sahələrində yerləşən və ümumi sahəsi 0,25 ha olan 1453 saylı bağ sahələri var. Bağ sahələri əvvəlcə atalarının, indi isə onların xüsusi mülkiyyətindədir. Həmin bağ sahəsinə çıxarışlarıda var. Cavabdeh2 tərəfindən bağ sahələrinin böyük bir hissəsi zəbt edilmiş və orada qeyri-qanuni tikililər aparılmışdır. Onların dəfələrlə edilən şifahi və yazılı xəbərdarlıqlarına baxmayaraq, həmin tikililərin tikintisi davam etdirilmişdir. Bu tikinti işlərinin aparılmasına onlar tərəfindən heç bir vaxt razılıq verilməmişdir. Hesab edirlər ki, cavabdeh onların mülkiyyət hüquqlarını kobud şəkildə pozmuş və məhdudlaşdırmışdır. Cavabdeh2 cavabdehlər İddiaçı1, İddiaçı2 qarşı qarşılıqlı iddia verərək: X11 ilə bağlanmış xx.xx.1970-ci il tarixli, xx.xx.1981-ci il tarixli və xx.xx.2003-cü il tarixli 1880 №-li müqavilələrin etibarsız sayılması; Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka bağ massivi 1453 №-li bağ sahəsi ünvanında yerləşən miras mülkə dair 4 saylı Bakı ASAN Xidmət mərkəzi notariat ofisində təsdiq edilmiş 2V-760 reyestr saylı, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, həmin şəhadətnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsi tərəfindən hər biri 1/2 hissədə olmaqla paylı mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın, xx.xx.2022-ci il tarixdə X7 adına aparılmış qeydin və onun əsasında verilmiş çıxarışın ləğv edilməsini xahiş etmişdir. Qarşılıqlı iddianı Cavabdeh2 onunla əsaslanıdırmışdır ki, boşaldılması tələb edilən torpaq sahəsi ona və cavabdehlərə babalarından qalmışdır. Babaları 1963-cü ildən sözü gedən torpaq sahəsini icarəyə götürmüş, atası orada tikililər tikmiş və davamlı olaraq hazırkı dövrə qədər həmin əmlakı faktiki vərəsə kimi qəbul edərək idarə etmişdilər. Xəbərdarlıq məktubundan sonra o, yaşadığı torpaq sahəsinin hazırki hüquqi vəziyyətini aydınlaşdırmaqdan ötrü aidiyyəti orqanlara müraciət etməli oldu. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli cavabından göründüyü kimi, babası X1 Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0,25 hektardan ibarət 21 №-li bağ sahəsi (yeni nömrəsi 1453) üzərindəki tikililərlə keçmiş X12 ilə bağlanılmış xx.xx.1963-cü il tarixli 1880 nömrəli müqavilə əsasında (sənəddə olduğu kimi Əsəd Nəsirovun) icarəsinə verilmişdir. Babasının ölümündən sonra Sabunçu rayonu, Vişnyovka bağ massivi 1453 №-li 0,25 ha torpaq sahəsi digər şəxsin adına keçirilmiş və xx.xx.2022-ci il tarixdə dövlət reyestrində qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixli cavab əsasında müəyyən olunmuşdur ki, babası X1 Sabunçu rayonu, Vişnyovka-1 bağ massivində yerləşən 0,25 hektardan ibarət 21 №-li bağ sahəsi üzərindəki tikililərlə keçmiş X12 ilə bağlanılmış xx.xx.1963-cü il tarixli 1880 nömrəli müqavilə bağlanmışdır. Babasının ölümündən sonra sözügedən bağ sahəsi əmisi X8 adına keçirilmiş və onunla xx.xx.1970-ci il tarixli, 1880 nömrəli müqavilə bağlanmışdır. xx.xx.1981-ci il tarixli akt əsasında bağın yeni nömrəsi 1453 olmuşdur. X7 müqavilə müddətinin artırılması ilə bağlı xx.xx.1981-ci il tarixli ərizəsi əsasında 0,25 ha torpaq sahəsi olan 1453 saylı bağ sahəsinə dair onunla xx.xx.1981-ci il tarixli, 1880 №-li müqavilə bağlanmışdır. Daha sonra icarə müqaviləsinin müddəti yenidən artırılmış və əmisi X9 ilə xx.xx.2003-cü iharixli 1880 saylı müqavilə bağlanmışdır. Həmin müqavilə, Vişnyovka bağ massivi, 1453 saylı bağ ünvanında yerləşən yalnız torpaq sahəsinin qeydiyyata alınması barədə İddiaçı1 Əmlak Xidmətləri məkanında 12 saylı Notariat ofisində təsdiq edilmiş 8l- 5806 reyestr nömrəli xx.xx.2021-ci il ərizəsi və 4 saylı Bakı “ASAN Xidmət" mərkəzi, notariat ofisinin vərəsəlik işinin açılması barədə xx.xx.2022-ci il tarixli 1438 №-li məktub əsasında 1453 №-li bağ sahəsi xx.xx.2022-ci il tarixdə X3 adına qeydiyyata alınmışdır. Daha sonra sözü gedən bağ sahəsi 4 saylı Bakı ASAN Xidmət mərkəzi, notariat ofisində təsdiq edilmiş 2V-760 reyestr №-li, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hər biri 1/2 hissədə olmaqla paylı mülkiyyət kimi xx.xx.2022-ci il tarixdə İddiaçı1 və İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X2 xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, mərhum babası vəfat edəndən sonra ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Vişnovka -1 bağ massivində yerlşən torpaq sahəsindən nəvəsi Cavabdeh2 istifadə etmiş, torpaq və əmlak vergisi də onun tərəfindən ödənilmişdir. Bundan başqa Sabunçu rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, babası ölən gündən xx.xx.1969-cu ilə qədər Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 17-də yaşamışdır. Mərhum atası ölən günə qədər həmin ünvanda qeydiyyatda olmaqla yaşamışlar. Həmçinin Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi" tələbinə dair iddası təmin edilməmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, Vişnyovka bağ massivi, 1453 saylı bağ ünvan üzrə bağ sahəsi və bağ evi X22 mülkiyyət hüququ əsasında deyil, icarə əsasında keçmiş, icarə müqaviləsinin müddəti onun sağlığında 2010-cu il tarixdə bitmiş, sonuncu isə 2013-cü il tarixdə vəfat etmişdir. İcarə müqaviləsinin uzadılması ilə bağlı hər hansı sübüt təqdim edilməmişdir. Həmçinin 1453 №-li bağ ünvanı üzrə bağ sahəsi və bağ evini babasından miras olaraq qalmış, atası, özü və övladları mübahisəli əmlakda daimi yaşamış və beləliklə babasından qalan əmlakı miras olaraq qəbul etmişdilər. Həmçinin babasının ölümündən sonra sözügedən bağ sahəsinin əmisi X8 adına keçirilməsini vəkil sorğusu əsasında xx.xx.2022-ci il tarixdən sonra bilmişdir. 1964-cü ildən qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 100-1-ci maddəsinə əsasən mülkiyyətində mənzil, yaşayış evi, bağ, qaraj, başqa bina və tikililər olan vətəndaş həmin mülkiyyət barəsində öz istəyinə görə sərəncam vermək: bunları satmaq, bağışlamaq, vəsiyyət etmək, icarəyə vermək, bunlar barəsində qanuna zidd olmayan başqa əqdlər bağlamaq hüququna malikdir. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən vətəndaşın hüquq qabiliyyəti, onun anadan olması ilə əmələ gəlir və ölümü ilə xitam edilir. RSFSR Kommunal Təsərrüfatı Nazirliyinin 21 fevral 1968-ci il tarixli 83 №-li əmri ilə təsdiq edilmiş “RSFSR-in şəhərlərindəki, fəhlə, bağ və kurort qəsəbələrindəki tikililərin qeydiyyatı qaydası haqqında” Təlimatın İİ bölməsinin 8-ci paraqrafında tikililərə şəxsi mülkiyyət hüququnun yaranması üçün əsaslar müəyyən edilmişdir. Məhkəmə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisini qarşılıqlı iddia üzrə cavabdeh qismində cəlb etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdehlər Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi və 4 saylı Bakı ASAN Xidmət mərkəzində notariat ofisi məhkəməyə nümayəndələrini göndərməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adları çəkilən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1, İddiaçı2, onların nümayəndələri (vəkilləri) Vəkil ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdilər. İddiaçı1 eyni zamanda qeyd etdi ki, cavabdeh tərəfindən tikili 2021-ci ildə inşa edilmişdir, əvvəldən köhnə bir tikili olmuş, cavabdeh həmin tikilini 2021-ci ildə davam etməyə başlamışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin vəkili Nümayəndə qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddinın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. İlk iddia üzrə iddiaçılar doğma qardaş-bacı, cavabdeh isə onların əmilərinin oğludur. Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, torpaq sahəsi 0,25 ha olan 1453 saylı bağ sahəsi paylı mülkiyyət hüququ üzrə bərabər paylarla iddiaçıların xüsusi mülkiyyətindədir (Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi (sonradan – DƏDKR 1 saylı Ərazi İdarəsi) tərəfindən verilmiş çıxarış və torpaq sahəsinin plan və ölçüsü, əmlakın reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). Həmin bağ sahəsi aşağıdakı qaydada iddiaçıların mülkiyyətinə keçmişdir (sənədlər məhkəmənin sorğusuna əsasən DƏDKR 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmişdir). Bakı şəhər İcra Hakimiyyəti Bağlar təsərrüfatının inkişafı və istismarı birliyi ilə iddiaçıların ataları X9 ilə həmin bağ sahəsinə dair xx.xx.2003-cü il tarixdə 1880 №-li bağın icarəyə verilməsinə dair müqavilə bağlanılmışdır. İddiaçıların ataları X9 xx.xx.2013-cü il tarixdə ölmüşdür. İddiaçı1 müraciəti əsasında 4 saylı Bakı «ASAN xidmə» mərkəzində notariat ofisində X3 adına vərəsəlik işi açılmışdır. Sonradan İddiaçı1 DƏDKR 1 saylı Ərazi İdarəsinə ərizə verərək 1453 №-li bağ sahəsinin yalnız torpaq sahəsinin özəlləşdirilməsinə etiraz etmədiyini bildirmiş, onun imzasının həqiqiliyi 12 saylı notariat ofisində təsdiq edilmiş, reyestrdə 8İ-5806 № ilə qeyd edilmiş, informasiya sisteminə daxil edilmişdir. Adıçəkilən bağ sahəsinə dair iddiaçıların ataları X3 adına mülkiyyət hüququ üzrə Çıxarış verilmişdir (əmlakın reyestr nömrəsi **********92, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2022). 4 saylı Bakı «ASAN xidmə» mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən İddiaçı1 və bacısı İddiaçı2 bərabər hissələrlə reyestrdə 2V-760 № ilə qed edilməklə və informasiya sisteminə daxil edilməklə 661951 №-li xx.xx.2022-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə verilmişdir. Həmin Şəhadətnamə əsasında yuxarıda qeyd edilən Çıxarış verilmişdir. DƏDKR 1 saylı Ərazi İdarəsi tərəfindən 8 saylı vəkil bürosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan aşağıdakılar görünür. İddiçıların və cavabdehin babaları X4 ilə keçmiş X12 ilə mübahisəli bağ sahəsinə dair xx.xx.1963-cü il tarixli 1880 №-li müqavilə bağlanmışdır. Nəsirov Əsədin ölümündən sonra iddiaçıların ataları X8 adına keçirilmiş və onunla 1880 №-li müqavilə xx.xx.1970, xx.xx.1981-ci və xx.xx.2003-cü il tarixdə bağlanmışdır. İlk iddi üzrə cavabdeh əvvəllər keçirilmiş məhkəmə hazırlıq iclasında qeyd etmişdir ki, 1880 №-li müqavilə xx.xx.1970 və xx.xx.1981-ci il tarixli müqavilələr barədə tərəfindən arxivə sorğu verilməsinə baxmayaraq həmin müqavilələr aşkar edilməmişdir. Bu səbəbdən məhkəmə həmin müqavilələrin təqdim edilməsi barədə sorğu verməmişdir. Məhkəmə tərəfindən tikinti - texniki eksperizası təyin edilmişdir. DƏDKR 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş – ekspert rəyinə əsasən, mübahisəli torpaq sahəsinin yeri müəyyən edilmiş və onun üzərində yerləşən tikililərin ortofotosu tərtib edilmişdir. Həmin ortofotodan görünür ki, Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər ilk iddia üzrə iddiaçıların mülkiyyətində olan torpaq sahəsində yerləşir, eyni zamanda Cavabdeh2 faktiki istifadəsində olan toropaq sahəsinin çox hissəsi iddiaçılara məxsus torpaq sahəsinin hüdudlarında, az hissəsi isə həmin torpaq sahəsinin hüdudları xaricindədir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə qarşılıqlı iddianın qanunsuz və əsassız olduğu qənaətinə görə gəlmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı: xx.xx.1970-ci il tarixli, xx.xx.1981-ci il tarixli və xx.xx.2003-cü il tarixli 1880 №-li müqavilələrin etibarsız sayılması, xx.xx.2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız sayılması, X17 oğlu, İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydin və verilmiş çıxarışın ləğv edilməsini istəyir. Göründüyü kimi, hazırki münasibətləri kökündə xx.xx.1970, xx.xx.1981 və xx.xx.2003-cü il tarixdə bağlanmış müqavilələr durur. Adıçəkilən (xx.xx.1970 və xx.xx.1981) müqavilələr nəinki təqdim edilməmiş, hətta onlar hazırda mövcud deyil. Cavabdeh2 adıçəkilən üç müqavilənin etibarsız hesab edilməsinin nə faktiki, nə hüquqi əsasları barədə sübutlar təqdim etməmişdir. Mübahisəli əmlak sonradan iddiaçıların adına tam qanuni əsaslarla keçmişdir. Bundan başqa, məhkəmə hesab edir ki, Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni və İddiaçı1 və İddiaçı2 adına dövlət reyestrində aparılmış qeydi və verilmiş çıxarışı mübahisələndirməyə subyektiv hüququ mövcud deyil. Belə ki, «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın qismən qanuni və əsaslı oldğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddianın rədd edilməsiylə iddiaçıların mübahisəli əmlaka mülkiyyət hüququnun qanuniliyi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır, 3-cə bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir, 4-cü bəndinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka(əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia «Cavabdeh2 torpaq sahəsindən çıxarılması və torpaq sahəsinin qaytarılması» hissəsində təmin edilməlidir. Lakin, məhkəmə hesab edir ki, ilk iddia «tikilinin sökülməsi» hissəsində rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Qeyd edildiyi kimi, Cavabdeh2 tərəfindən inşa edilmiş tikililər mübahisəli torpaq sahəsinin ilk iddia üzrə iddiaçıların adına keçməmişdən inşa edilmiş, yəni iddiaçılar həmin tikili ilə yüklü edilmiş torpaq sahəsini adlarna keçirtmişdilər. Odur ki, məhkəmə hesab edir ki, həmin tikililərin sökülməsi onların dyərinin ödənilməsi ilə şərtləndirilməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iş üzrə ekspertiza ilk iddia üzrə cavabdehin vəkilinin vəsatəti əsasında təyin olunmuşdur, odur ki, ekspertiza tədqiqatının 50 manat dəyəri ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İlk iddia qismən təmin təmin edilsin. Cavabdeh2 DƏDKR 1 saylı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi və ortofotoda göstərilən Bakı şəhəri Sabunçu rayonu, Vişnyovka bağ sahəsi, torpaq sahəsi 0,25 ha olan 1453 saylı bağ sahəsinin hüdudlarından (tikililər yerləşdiyi torpaq sahəsi istisna olmaqla) çıxarılsın, torpaq sahəsinin həmin hissəsi İddiaçı1 və İddiaçı2 qaytarılsın. İlk iddia tikililərin sökülməsi hissəsində rədd edilsin. Qarşılıqlı iddia rədd edlsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının 50 manat dəyəri Cavabdeh2 tutulub X5, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar