Məhkəmə qərarları › İş №e-2(008)-136/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-136/2024

27.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-136/2024 27.06.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı S.E.E. Construction Group MMC-nin nümayəndələri X5 iştirakı ilə, İddiaçı S.E.E. Construction Group MMC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dаir ilkin iddia ərizəsi, S.E.E. Construction Group MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı S.E.E. Construction Group MMC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, S.E.E. Construction Group MMC-nin direktoru X5 ona qaytarmalı olduğu 25.000 (iyirmi beş min) manatın, tərəfindən ödənilmiş 180 (yüz səksən) manat dövlət rüsumunun, eyni zamanda, ona vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 5000 (beş min) manat pulun, ümumilikdə 30180 (otuz min yüz səksən) manat məbləğində pulun cavabdeh S.E.E. Construction Group MMC-nin direktoru X3 tulularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla S.E.E. Construction Group MMC-nin direktoru X10 arasında bağlanmış müqavilyə əsasən Pirşağı bağ massivində ona məxsus olan bağ sahəsndə 39.000 manat dəyərində 2 ay müddətində tikinti və təmir xidmətlərı göstərilməli idi. X1 tərəfdən işlər ləng aparılmış, günlərlər iş dayandırılmış, əksər vaxtlarda iş bir və iki nəfər tərəfindən həyata keçirilmişdir. İşin getməməsi ilə bağlı hər dəfə sual olduqda evin vaxtında təhvil veriləcəyi bildirilmişdir. Bununla yanaşı, yalan vədlər verilməklə müqavilənin tələblərindən kənara çıxılmış, sonda ondan müqavilədə göstərildiyindən 9100 manat artıq, 48.100 manat almasına baxmayaraq, tikinti işləri müqavilədə göstərildiyi kimi 2 ay müddətində, yəni 12 iyunda tamamanıb təhvil verilməmişdir və bununla da bağ sahəsi tamam yararsız vəziyyətə salınmışdır. Belə ki, qeyd olunan müqavilədə göstərilmədiyi halda MMC tərəfindən mövcud yardımçı tikililər hamam, ayaqyolu və hamam önü sökülmüş, bununla yanaşı müqavilənin tələbləri kobud surətdə pozulmaqla tikilməli olan binanın tikintisi çertyoja uyğun tikilməyərək yarımçıq saxlanmışdır. Tikinti zamanı zəruri olan dəmir-beton işləri düzgün aparılmamış, seysmik kəmər atılmamış, pəncərələrin yeri düzgün qoyulmamış, dam örtüyü əyri vurulmuşdur. Yaranmış mübahisə ilə bağlı tikintiyə çəkilmiş xərclər hesablanmış və tikintiyə cəmi 23 min manat xərc çəkildiyi müəyyən edilmişdir. Bununla yanaşı, ümumi bağ sahəsi dağıdılaraq yararsız hala salınmaqla MMC tərəfdən ona maddi olaraq 25.000 manat ziyan vurulmuşdur. Bununla yanaşı, ona ailəsi və yaxın qohumları ilə birlikdə yay istirahətinin bağda keçirilməsinin mümkün olmaması səbəbindən mənəvi olaraq 5000 manat ziyan vurulmuşdur. Qeyd olunanlarla bağlı xx.xx.2022-ci il tarixdə S.E.E. Construction Group MMC-nin direktoru X7 pretenziya göndərilərək 5 (beş) gün müddətində ona 30.000 (otuz min) min manatın qaytarılması bildirilmiş və əks təqdirdə qeyd olunan mübahisə ilə bağlı məhkəməyə müraciət olunacağı və qeyd olunanlarla yanaşı bütün məhkəmə xərclərinin ona aid ediləcəyi bildirilmişdir. Pretenziyanı aldıqdan sonra Bəhruz Həsənov onunla əlaqə saxlamış və görüş zamanı öz etirazını bildirmişdir. O, cavabdehə pul verərək, yayda bağ evində istirahətinin ailəsi və qohumları ilə birlikdə rahat və səmərəli keçirilməsini nəzərdə tutmuşdu. Belə ki, oğlu və qızı ailəsi ilə birlikə xaricdə yaşayır, onların yay tətillərinin gözəl və rahat keçirilməsi üçün yay aylarında bağı tam hazır vəziyyətdə olmalı idi. Lakin buna baxmayaraq, Bəhuz Həsənovun rəhbərlik etdiyi MMC tərəfindən nəinki bağı vaxtında tikilib təhvil verilməmiş, əksinə bağda tam təmirli olan ayaqyolu, hamam və hamam önü sökülərək bağda yaşayışı mümkünsüz etmişdir. Cavabdehin verdiyi pulun müqabilində görməli olduğu işi tam yerinə yetirməməsi, görmədiyi işə görə ona qaytarmalı olduğu məbləği ona qaytarmaması, ona qarşı etdiyi hərəkətlər, onu müxtəlif üsul və vasitələrlə aldatması, ona qarşı saymazyana münasibət bəsləməsi onu mənən alçaltmış, özünə, etdiyi hərəkətə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır. Cavabdehin ona qarşı etdiyi etinasız hərəkətlər nəticəsində o, həm də mənəvi zərərə məruz qalmışdır. Cavabdehin ona vurduğu mənəvi zərəri 5000 (beş min) manat məbləğində dəyərləndirir. Hesab edir ki, həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməlidir. S.E.E. Construction Group MMC İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı görülmüş təmir-tikinti işlərinə görə 37000 manat və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 202 manat dövlət rüsumunun tutularaq S.E.E. Construction Group MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, S.E.E. Construction Group MMC ilə İddiaçı arasında bağlanmış “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” 12 aprel 2022-ci il tarixli müqaviləyə əsasən S.E.E. Construction Group MMC tərəfindən İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə söküntü, tikinti və təmir işləri görülməli idi. S.E.E. Construction Group MMC tərəfindən İddiaçı istəyinə uyğun olaraq ümumilikdə 83000 manatlıq söküntü, tikinti və təmir işləri görülsə də, lakin İddiaçı üzərinə düşən öhdəliyi pozaraq S.E.E. Construction Group MMC-nə ümumilikdə 83000 manat ödəniş etməli olduğu halda, cəmi 46000 manat ödəniş etmiş, ondan yerdə qalan məbləği tələb etdikdə isə hər dəfə müxtəlif bəhanələr gətirərək, ödənişi etməkdən yayınmışdır. Görülməli işlərin 80 faizdən çox hissəsi tamamlansa da, lakin İddiaçı ödəniş etmədiyinə görə S.E.E. Construction Group MMC məcburiyyət qarşısında qalaraq işləri dayandırmışdır. Hal-hazırda İddiaçı məxsus Pirşağı bağ massivində yerləşən həyətdə S.E.E. Construction Group MMC tərəfindən görülən tikinti-təmir işlərinin ümumi dəyəri 83000 manat təşkil edir. İddiaçı S.E.E. Construction Group MMC-nə ödənilməli olan 83000 manat puldan cəmi 46000 manat ödəniş etmiş, yerdə qalan 37000 manat pulu ödəməkdən imtina edir. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, İddiaçıdan 37000 manat məbləğində pul vəsaiti tutularaq S.E.E. Construction Group MMC-nə ödənilməlidir. S.E.E. Construction Group MMC tərəfindən razılaşmaya uyğun olaraq tikinti-təmir işləri görülsə də, İddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, 83000 manat ödəniş etməli olduğu halda cəmi 46000 manat ödəniş edərək, qalan məbləği ödəməkdən imtina etmişdir. Bu səbəbdən də hesab edir ki, S.E.E. Construction Group MMC tərəfindən görülmüş işlərin ödənilməyən 37000 manat hissəsi, eləcə də iddia ərizəsi vermək üçün ödənilən dövlət rüsumunun əvəzi olaraq 202 manat pul məhkəmə qaydasında İddiaçı alınaraq, S.E.E. Construction Group MMC-nə ödənilməlidir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı ilkin iddia tələbini müdafiə etdi, qarşılıqlı iddia tələbini qəbul etmədi, iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi X11 İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçı nümayəndəsi və vəkili Nümayəndə İddiaçı izahatındakı xüsusatları təsdiq edərək, ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı S.E.E. Construction Group MMC-nin nümayəndəsi X10 ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçı S.E.E. Construction Group MMC-nin nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı qəbul etmədi, qarşılıqlı iddianı müdafiə etdi, qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak edən ekspert X9 izahat verərək bildirdi ki, ekspert rəyini faktiki gördüklərinə əsasən tərtib edir. Məsələn, o, həyətdə armaturu görür, lakin armaturun qalınlığını təyin edə bilmir, çünki həmin hissədəki betonu dağıtmağa səlahiyyəti yoxdur. Cavabdehin təqdim etdiyi şəkilləri də görmüşdür, lakin ekspert rəyini yalnız əyani şəkildə gördüyü məlumatları araşdırıb verə bilər. Əgər cavabdeh rəydən narazıdırsa, qaimələri və smetanı ekspertə təqdim etsin. Mütəxəssis rəyi təqdim olunarsa, həmin rəyin mövcud faktiki vəziyyətə uyğun gəlib-gəlməməsi araşdırıla və əlavə suallar cavablandırıla bilər. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia rədd, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - S.E.E. Construction Group MMC (İcraçı) ilə İddiaçı (Sifarişçi) arasında bağlanmış “Tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” xx.xx.2022-ci il tarixli müqavilənin 1.1-ci bəndinə əsasən sifarişçi təmir xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada təmir xidmətlərini göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.4-cü bəndinə əsasən bu müqaviləyə əsasən tikinti və təmir işlərinin icrası üçün nəzərdə tutulan məbləğ 39.000 AZN olacaq. Müqavilənin 5.2-ci bəndinə əsasən bu müqavilədə nəzərdə tutulan təmir xidmətləri 2 ay müddətində həyata keçirilməlidir. - xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı təmir-tikinti işləri üçün S.E.E. Construction Group MMC-nə 11.700 manat pul ödəmişdir. - xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı təmir-tikinti işləri üçün S.E.E. Construction Group MMC-nə 7000 manat pul ödəmişdir. - xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı təmir-tikinti işləri üçün S.E.E. Construction Group MMC-nə 13.000 manat pul ödəmişdir. - xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı təmir-tikinti işləri üçün S.E.E. Construction Group MMC-nə 10.000 manat pul ödəmişdir. - xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı təmir-tikinti işləri üçün S.E.E. Construction Group MMC-nə 5000 manat pul ödəmişdir. - S.E.E. Construction Group MMC tərəfindən tərtib edilmiş təklifdən görünür ki, görüləcək işlər və materiallar üçün tələb olunan məbləğ 16.778,95 manat təşkil edir. - bank qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bəhruz Həsənovun kart hesabına 100 manat məbləğində pul köçürülmüşdür. - bank qəbzindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bəhruz Həsənovun kart hesabına 500 manat məbləğində pul köçürülmüşdür. - Leobank tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bəhruz Həsənovun kart hesabına 300 manat məbləğində pul köçürülmüşdür. - Leobank tərəfindən verilmiş qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən Bəhruz Həsənovun kart hesabına 500 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün S.E.E. Construction Group MMC tərəfindən 205 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - iddia ərizəsindən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 180 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/583 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmiri tam başa çatmamış tikilinin inşası üçün görülmüş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 27184,0 manat məbləğində olduğu müəyyən olunur. 2-ci sualda göstərilən məsələ mühəndistexniki ekspertizalar şöbəsinin həll etdiyi məsələlər dairəsinə aid olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. - Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində faktiki yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi və bu işlərə sərf olunan tikinti materiallarının qiymətləndirməsinin ümumi hesabatının xx.xx.2023-cü il vəziyyətinə uyğun olaraq ümumi məbləği 77504 manat + 20% xidmət haqqı ilə birlikdə 93.000 manat məbləğində müəyyən olunmuşdur. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3- 16-16/2-10/8082 nömrəli xx.xx.2024-cü il tarixli əlavə məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində qeyd olunanları nəzərə alaraq, İddiaçı ilə S.E.E. Construction Group MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli “tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində S.E.E. Construction Group MMC tərəfindən təmir-tikinti işləri aparılmış və mülki iş materiallarına əlavə olunmuş smetada göstərilən (söküntü, təmir-tikinti, beton işləri və s.) işlərin görüldüyü müəyyən edilmişdir. İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 77362,0 manat məbləğində olduğu müəyyən olunur. İlkin ekspertiza və əlavə nəticəsində əmələ gələn qiymət fərqi (77362,0-27184,0) 50178,0 manat ilkin ekspertiza zamanı gizli və gözə görünməyən (beton armatur torpağın qazılması, tikililərin sökülməsi və s.) işlərin nəzərə alınmaması ilə izah olunur. İlkin ekspertiza rəydə smeta tərtib olunduğu zaman gizli və gözə görünməyən nəzərə alınmadığı göstərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə S.E.E. Construction Group MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsi üçün müqavilənin qiyməti 39.000 manat müəyyən edilmiş, əlavə olaraq 9100 manat olmaqla, İddiaçı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, ümumilikdə 48.100 manat məbləğində pul vəsaitini S.E.E. Construction Group MMC-nə ödəmişdir. Hazırda İddiaçı S.E.E. Construction Group MMC tərəfindən müqavilə şərtlərinin pozularaq, təmir-tikinti işlərinin vaxtında başa çatdırılmadığını, işlərin natamam, keyfiyyətsiz görüldüyünü, tikintiyə cəmi 23.000 manat xərc çəkildiyini iddia edərək, ona vurulmuş (görülmüş işlərdən artıq ödənilmiş) 25.000 manat maddi, 5000 manat isə mənəvi ziyanın ödənilməsini tələb edir. Məhkəmə iddianın və iddiaya olan etirazın əsaslarının təsdiqi kimi tərəflərin istinad etdikləri və sübut əhəmiyyətli hesab etdikləri hallar üzrə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə müqavilə öhdəliklərinin lazımı qaydada icra edilməməsi nəticəsində ona ziyan dəyməsini sübut etmək vəzifəsi İddiaçı üzərinə düşür. Lakin İddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 77362,0 manat məbləğində olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hesab edir ki, iş üzrə alınmış ekspert rəyi toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Hazırkı iş üzrə İddiaçı Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsinə görə S.E.E. Construction Group MMC-nə 48.100 manat məbləğində pul ödəməsinin işin mübahisəsiz halı olmasını, ekspertin gəldiyi nəticələr əsas götürülməklə həmin bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin 77.362 manat məbləğində olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqavilə əsasında S.E.E. Construction Group MMC tərəfindən İddiaçı maddi ziyan dəyməsi öz təsdiqini tapmamışdır. Odur ki, ilkin iddia tələbi maddi ziyanın ödənilməsi hissəsində rədd edilməlidir. Məhkəmə, mənəvi zərərin tutulması hissəsində də ilkin iddia tələbini əsassız hesab edir. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərhedilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. Vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarının göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin Qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstəririr ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hissələrini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X4rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Göründüyü kimi, «İnsan Hüquqlarının və X6 haqqında» Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Lakin İddiaçı mənəvi sarsıntı və iztirab keçirməsini məhkəmədə sübuta yetirə bilməmişdir. Məhkəmə, aşağıda qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbini qismən əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Yuxarıda qeyd edildiyi kimi xx.xx.2022-ci il tarixli tikinti və təmir xidmətlərinin göstərilməsi haqqında müqaviləyə əsasən İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində təmir-tikinti işlərinin görülməsinə görə S.E.E. Construction Group MMC-nə 48.100 manat məbləğində pul ödənilmişdir. Lakin iş üzrə keçirilmiş əlavə məhkəmə mühəndis-texniki ekspertizasının rəyinə əsasən İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində smeta üzrə yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinin (zəhmət haqqı və material nəzərə alınmaqla) dəyərinin bazar qiymətlərinə uyğun olaraq 77.362 manat məbləğində olduğu müəyyən olunmuşdur. Göründüyü kimi İddiaçı tərəfindən Bakı şəhəri Sabunçu rayonu Pirşağı bağ massivində yerləşən bağ evində yerinə yetirilmiş yenidənqurma və tikinti-təmir işlərinə görə S.E.E. Construction Group MMC-nə 48.100 manatdan əlavə ödənilməli olan pul məbləği 29.262 manat (77.362-48.100) təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, İddiaçı 29.262 manat məbləğində pul vəsaiti tutularaq S.E.E. Construction Group MMC-nə ödənilməli, qarşılıqlı iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı S.E.E. Construction Group MMC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dаir ilkin iddiası rədd edilməli, S.E.E. Construction Group MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilməli, İddiaçı 29262 manat məbləğində pul vəsaiti tutularaq S.E.E. Construction Group MMC-nə ödənilməli, qarşılıqlı iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilkin iddia rədd edildiyindən, ödənilmiş dövlət rüsumu İddiaçı aid edilməli, qarşılıqlı iddia qismən təmin edildiyindən, 177.79 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq S.E.E. Construction Group MMC-nə ödənilməli, məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul İddiaçı və S.E.E. Construction Group MMC-dən müştərək qaydada tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı S.E.E. Construction Group MMC-nə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dаir ilkin iddiası rədd edilsin. İlkin iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. S.E.E. Construction Group MMC-nin İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. İddiaçı 29262 manat məbləğində pul vəsaiti və 177,79 manat məbləğində dövlət rüsumu tutularaq S.E.E. Construction Group MMC-nə ödənilsin. Qarşılıqlı iddia qalan hissədə rədd edilsin. Məhkəmə mühəndis-texniki ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul İddiaçı və S.E.E. Construction Group MMC-dən müştərək qaydada tutularaq X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar