Məhkəmə qərarları › İş №e-2(008)-1458/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1458/2025

06.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1458/2025 06.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X19 qızının katibliyi, İddiaçı nümayəndəsi X18 və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi Məmmədova Həsən Məhəmmədəli oğlu və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 may) küçəsində yerləşən 20 A nömrəli evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum həyat yoldaşı X4 Məmmədovun həyat yoldaşıdır. 28 iyul 2023-cü ildə Cavabdeh ona və formal olaraq həyat yoldaşı Həsən Məmmədova qarşı Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20 A nömrəli evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X6 və İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Daha əvvəl 20 yanvar 2020-ci ildə hazırki mülki iş üzrə Cavabdeh əri X6, qardaşı X7 və qardaşı arvadı X16 iddiaçı qismində ona və mərhum həyat yoldaşı X5 qarşı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20 A nömrəli evə köçürülmək və həmin yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)-2024/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, yalnız X2 evə köçürülməsi barədə tələbi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə tələbləri təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunaraq, Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, Həsən Məmmədovun evə köçürülmə tələbinə dair hissədə iddia rədd edilmişdir. Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olan zaman hazırki cavabdehin əri Həsən Məmmədov zor ğücü ilə evdə bəzi təmir işləri apararaq, Cavabdeh onun evinə yaşamaq üçün köçürtmək üçün hazırlıq işləri apardığından, Həsən Məmmədovun evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, müvəqqəti təminat tədbiri kimi xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədov və digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulmuşdur. Lakin bu tədbir onları saxlaya bilməmiş və Həsən Məmmədov arvadının mebellərini qardaşı Ulduz Məmmədov və başqa şəxslərin vasitəsilə evə yerləşdirmişdir. İddiaçı dəfələrlə 102 xidmətinə və icra şöbəsinə müraciət etsə də, cavabdehin cehiz əşyalarının yerləşdirilməsinin qarşısını ala bilməmişdir. Mərhum həyat yoldaşı hələ Ağstafa rayonunda yaşayarkən oğulları ilə arasında fikir ayrılığı olduğundan Ağstafa rayonunda olan evini övladlarına verərək, Bakı şəhərinə gəlmiş, mübahisəli evi sənədsiz almış və həmin ünvanda yaşamışdır. Ev alınarkən orada kiçik tikili olmuş, evin hasarı isə ümumiyyətlə mövcud olmamışdır. 2005-ci ildə X8 ilə ailə qurmuş, onun köməkliyi ilə evi genişləndirməyə və hasar çəkməyə başlamışlar. Övladlarının heç biri qeyd edilən evin saxlanılmasında iştirak etməmişdir. Həyat yoldaşının övladlarından biri olan X3 Bakı şəhəri, Hökməli qəsəbəsində özünə məxsus evi var və 2005-ci ildən o, ailəsi ilə birlikdə mübahisəli evdə yaşamır. Digər oğlu və bu iş üzrə cavabdeh olan Cavabdeh əri X6 9-cu sinifi bitirdikdən sonra mübahisəli evi tərk edərək, qardaşı Ulduzun evinə daimi yaşamaq üçün getmişdir. İddiaçı 2005-ci ildə X8 ilə ailə qurduqdan sonra, Beylaqan rayonunda olan evini sаtmış, əldə etdiyi vəsaiti hazırda mübahisələndirilən evin əlavə otaqların tikintisinə və təmirinə sərf etmişdir. Cavabdeh əri X17 rayonu, Hökməli qəsəbəsində 0,004 ha həyətyanı torpaq sahəsi almış və оrada 2 mərtəbəli fərdi yaşayış evi tikərək yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X18 iddia ərizəsini müdafiə ederək, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20 A evdə yaşadığını, məhkəmə qətnaməsi əsasında qeydiyyata düşdüyünü, bununla bağlı qüvvədə olan məhkəmə qətnaməsi mövcud olduğunu, həmin torpaq sahəsi "X11 LTD" Şirkətinin Azərbaycan Respublikasındakı Filialının balansında olsa da, evin təmirtikintisi ilə iddiaçının məşğul olduğunu, cavabdehin həmin ərazi ilə bağlı heç bir hüququ olmadığını və tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil1 iddia ərizəsini müdafiə ederək, cehiz əşyaları ilə bağlı iddia qaldırarkən Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsində yerləşən 20 A nömrəli evdə yaşamadığını, məhkəmə gedişində ora güclə girib yaşamağa başladığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 iddia tələbini qəbul etməyərək, İddiaçı saxta sübutlar əsasında qeydiyyata düşdüyünü və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili Vəkil2 iddia tələbini qəbul etmədiklərini, iddiaçının mübahisə gedən torpaq sahəsinin "X11 LTD" Şirkətinin Azərbaycan Respublikasındaki Filialının balansında olmasını təsdiq etdiyini, iddiaçının subyektiv hüququnun olmadığını, Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsində də iddiaçının subyektiv hüququnun olmamasına istinad edildiyini bildirdi və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4072/2022 nömrəli xx.xx.2022-ci il tarixli Qətnaməsinə əsasən iddiaçı X6, X7 və X9 cavabdeh X8 və İddiaçı qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli, 2(008)-2024/2020 nömrəli qətnaməsi qismən, yəni “X2 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20 A nömrəli evə köçürülməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-198/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qərarının surətindən görünür ki, iddiaçılar X6 və X1 şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4072/2022 nömrəli, 26 iyul 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5534/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X6 və X3 cavabdeh İddiaçı qarşı “evdən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 5545/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X6 və İddiaçı qarşı “evə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. xx.xx.2023-cü il tarixli qətnamələrlə müəyyən edilmişdir ki, hazırki iş üzrə İddiaçı mübahisəli evin sahibi olmaqla ora istifadə hüququ mövcuddur. Eləcə də, hazırki Cavabdeh mübahisəli yaşayış sahəsinə hüququ yoxdur. Cavabdeh əmlakları ilə birlikdə mübahisəli evə zorla köçürülməsi, yaşayış sahəsinin sahibi İddiaçı iradəsinə zidd olaraq mübahisəli evdə yaşaması onun həmin evə hüquqlu şəxs hesab olunmasına əsas vermişdir. Cavabdeh qanunsuz olaraq köçürüldüyü mübahisəli evdən çıxarılmalıdır. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli 2-2/318/2-016811/2025 nömrəli sorğuya cavab məktubunda ünvan 2 ünvanında yaşayan X10 müraciəti əsasında rayon prokurorluğunda hər hansı araşdırma aparılmadığı, bundan başqa İddiaçı müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılmış və cinayət işinin başlanması xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarına əlavə olunan SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən torpaq sahəsi “X12” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun “Mülkiyyətin müdafiəsi” haqqında 1-ci maddəsinin birinci bəndinə qeyd olunur ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. "Marks Belçikaya qarşı" işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158-ci maddəsində göstərilir ki,mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. İddiaçı mübahisəli evə mülkiyyət hüququ olmasa da, onun həmin evdən istifadə etmək kimi əmlak hüquqları mövcuddur. İstinad olunan qanunun mənasından göründüyü kimi mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs tərəfindən pozulmaqdan müdafiə edilir. Hazırki halda İddiaçı əmlak hüquqları Cavabdeh tərəfindən pozulmasının qarşısı alınmalı, Cavabdeh həmin evdən çıxarılmalıdır. İş materiallarından müəyyən edilir ki, Sabunçu Rayon Məhkəməsinin 2-1314 nömrəli, 19 may 2005-ci il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı Bakı şəhəri, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi 20 A nömrəli evə pasport qeydiyyatına alınmışdır. Həmçinin, işdə olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, ünvan 3 ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, mübahisə predmet olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, bir iqtisadi dəyər kimi uzun müddətdir ki, mövcuddur və mənzil ehtiyacını qarşılayan tikilidir. Qanuni qüvvəyə minmiş məhkəmə Qətnamələrindən göründüyü kimi Cavabdeh həyat yoldaşı X6 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən küçəsi (28 May küçəsi), 20 A nömrəli evə köçürülməmişdir. Belə olan halda Cavabdeh sözügedən mübahisəli evə Həsən Məmmədovla nikaha girməsi əsasında zor gücünə daxil olsa da, onun həmin evə yaşaması və həmin sahədən istifadə etməsi üçün heç bir qanuni əsas olmamışdır. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində yeganə əas kimi İddiaçı hazırki iddianı qaldırmaqda subyektiv hüquqa malik olmamasına istinad olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının subyektiv hüququnun olmaması barədə göstərilənlər əsaslı deyil və iddianın rədd edilməsinə əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən subyektiv hüquqlar ilə yanaşı qanunla qorunan maraqlar da məhkəmə müdafiəsinin obyektidir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 9-cu hissəsində qeyd olunub ki, hər kəs qanunla qadağan edilməyən hərəkətləri edə bilər. Bu norma qanunla qorunan maraqların müdafiəsinin konstitusyon əsasdır: hər bir şəxs nəinki subyektiv hüquqlarından istifadə edə bilər, həm də subyektiv hüquq kimi qanunvericilikdə əksini tapmayan, lakin qanunla qadağan edilməyən hərəkətləri edə bilər. O cümlədən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 12.2-ci maddəsinə görə müki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunla bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilər. Hazırki işdə qanunla qorunan maraqların müdafiəsi tələb olunur. Ev özbaşına tikili olasa da, İddiaçı qeyd olunan ünvanda qeydiyyatı olmaqla onun mülkiyyətçi olmasa da, qeyd olunan ünvana hüquqlarının tanınması ilə bağlı iş materiallarına əlavə edilmiş qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə tanınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edir ki, iddiaçıya qarşı verilmiş yaşayış sahəsinə köçürmə, yaşayış sahəsindən çıxarma tələblərinin rədd edilməsi barədə qanuni qüvvədə olan qətnamələr İddiaçı mübahisəli evə subyektiv hüquqa malik olmamasını mübahisəsiz təstiq edir. Beləliklə, işin faktiki hallarını və qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə qənaətə gəlir ki, cavabdehlərin həmin evə hər hansı bir hüququ yaranmadan yaşaması iddiaçının qanunvericilikdə təsbit olunmuş hüquqlarını və qanuni mənafelərini pozulduğundan iddia təmin edilərək, Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 may) küçəsində yerləşən 20 A nömrəli evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəfin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəfin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onun aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, 2-ci Mədən (28 may) küçəsində yerləşən 20 A nömrəli evdən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar