Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-159/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Ağayeva Səmayə Abdurəhim qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 15.000 manat maddi ziyan, 2.000 manat mənəvi ziyan, 142.64 dövlət rüsumu, 544.70 vəkil və sair xərclərinin əvəzi olmaqla, cəmi 17.687,34 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onunla əsaslandırmışdır ki, iddaçıdan bir mərtəbə yuxarıda yaşayan Cavabdeh məxsus mənzilin sanitar qovşağında olan nasazlıqlar səbəbindən axıdılan çirkab suları nəticəsində, dəfələrlə mülkiyyət hüququ əsasında iddaçıya məxsus olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi, 20 saylı evin birinci mərtəbəsində yerləşən və ailə üzvləri ilə birlikdə daimi yaşadığı 17 saylı mənzilin tavanı, mənzilin daxili və bayır divarları, mənzilin döşəməsi (parket), hamamda olan asma tavan, mənzildə olan ev avadanlıqları yararsız hala salınmışıdr. Bu fakt 146 saylı MKİS-in tərtib və təsdiq etdiyi xx.xx.2022-ci il tarixli aktla təsdiq edilir. Əvvəllər iddiaçı cavabdehin təqsirindən yararsız hala düşmüş asma tavanını və parketi bir dəfə öz vəsaiti hesabına təmir etdirsə də, cavabdeh tərəfindən ona vurulan ziyan yenə də davam edir. Belə ki, cavabdeh öz mənzilinin nasaz olan sanitar qovşağını təmir etdirməkdən israrla imtina edir. Nəticədə, cavabdehin təqsiri ucbatından iddiaçıya dəymiş maddi zərərin miqdarı 15.000 manat təşkil edir. İddiaçı mövcud vəziyyətlə əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət edərək vurduğu ziyanın miqdarının ona ödənilməsi və ya öz maddi vəsaiti hesabına bərpa etdirməsini xahiş etsə də, cavabdeh bundan boyun qaçırmışdır. Məlumat üçün bildirir ki, analoji xahişlə 146 saylı MKİS-ə, Sabunçu rayon İcra Hakimiyyətinə, Sabunçu rayon Polis İdarəsinə etdiyi şikayətlərə baxmayaraq, heç bir tədbir görülməmişdir. Bu səbəbdən də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətinə qalmışdır. İddiaçının nümayəndəsi və vəkili qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, cavabdeh elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, Sabunçu Rayon Məhkəməsinin “Məhkəmə tikinti–texniki ekspetizasının keçirilməsi haqqında” xx.xx.2023- cü il tarixli qərardadında ekspertiza qarşısında qoyulmuş 1-ci və 2-ci suallarla bağlı ekspert xx.xx.2023-cü il tarixli 4496 saylı rəyində bildirmişdir ki, “iddiaçının bildirdiyinə görə 17 saylı mənzilə su sızmasına binanın 2-ci mərtəbəsində yerləşən 19 saylı mənzilin su və kanalizasiya xətlərində yaranmış nasazlıqlar səbəb olmuşdur. 19 saylı mənzilə texniki baxış keçirə bilmədiyi üçün su sızmasının texniki səbəbini müəyyən etmək mümkün olmamışdır”. Ekspert bu dəfə də, yenə su sızmasının səbəbini ekspert kimi müəyyən etməmiş, iddiaçının mülahizələri əsasında qanunsuz və əsassız rəy yazmışdır. Sonuncu rəyin əvvəlki rəydən fərqi ondan ibarətdir ki, bu dəfə “dəymiş ziyan” şişirdilmişdir. Belə ki, əvvəlki rəydə yararsız hala düşmüş kafelin miqdarı 4 kv.m göstərilsə də, sonuncu rəydə bu ölçü 19 kv.m göstərilmişdir. Əvvəlki rəydə 4 kv.m kafelə 1 kisə kafel yapışqanı sərf olunduğu halda, sonuncu rəydə 19 kv.m kafelin yapışdırılmasına yenə də 1 kisə yapışqan sərf olunacağı göstərilmişdir. Birinci dəfə mənzilə baxış keçirən ekspert mənzilin mətbəxində hər hansı qüsur aşkar etməsə də, bu dəfə mənzilin mətbəxinin parket təbəqəsinin təmir olunduğunu “kəşf etmişdir”. Aydın məsələdir ki, mənzilə blok, ayaqyolu hissədən su sızma halı olarsa həmin hissədən xeyli aralıda mətbəx tikilisinin divarlarına, tavanına zərər dəymədən birbaşa döşəməsinə də hər hansı zərər dəyə bilməz. Rəydə qeyd olunmuşdur ki, mənzilin giriş qapısının üst hissəsində su sızma halı müəyyən edilməmişdir. Yəni mənzilə üst mərtəbədən su sızmamışdır. Bundan başqa, ekspert qərardadda qoyulmuş sualdan kənara çıxaraq, iddiaçının sifarişi ilə öz mülahizəsi əsasında binanın blokunun da əsassız təmir xərcini hesablamışdır. Hansı ki əvvəlki rəylə bloka hər hansı ziyanın dəydiyi müəyyən edilməmişdir. Eyni zamanda, tərtib olunmuş sonuncu rəydə xərc smetasında göstərilən sahə ilə istifadə olunan materialların həcmi də uyğunluq təşkil etmir. Göründüyü kimi, ekspert rəyini əsaslandırmamış, sırf iddiaçının mülahizələri əsasında öz ekspert rəyi tərtib etmişdir. Ona görə də həmin rəy əsaslı hesab oluna bilməz. Hər zaman onunla pis münasibətdə olmuş, pis qonşunun əlindən artıq həmin mənzili dəyər-dəyməzinə sataraq köçmüşdür. Həmin mənzildə yaşadığı dövrdə 19 saylı mənzildən alt mərtəbədə yerləşən mənzilə su axmamış, sonrakı dövrlərdə, əgər hər hansı su sızıntısı baş verərsə bu hala görə, o, məsuliyyət daşımır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Gəncəvi küçəsi ünvanında yerləşən 20 saylı evin 17 saylı mənzili üzərində daşınmaz əmlakın dövlət reyestrində İddiaçı xüsusi mülkiyyət hüququ xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. - 146 saylı MKİS-nin rəisi N.İbrahimov, mühəndis M.Hacıyev və sahə nəzarətçisi F.Həşimov tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, M.Gəncəvi küçəsi, ev 20, mənzil 19-in sahibi Cavabdeh Şeyyub oğludur. Mənzil 17 saylı mənzilin üst mərtəbəsində yerləşir. 19 saylı mənzildə sanitar qovşağında olan nasazlıqlar səbəbindən aşağı mərtəbədə yerləşən 17 saylı mənzilə su axıdılır, nəticədə tavanın divarını və orada yerləşən avadanlıqları yararsız hala salır. Tərəflərindən 19 saylı mənzilin sahibinə dəfələrlə xəbərdarlıq edilsə də orada olan nasazlıqlar aradan qaldırılmamışdır. Suyun axıntısının qarşısı alınmamış, təmir etməkdən imtina edilmişdir. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, mülk iş materiallarında olan xx.xx.2022-ci il tarixli akta əsasən ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə həmin ünvanda yerləşən 19 saylı mənzilin kanalizasiya borularında yaranmış nasazlıq səbəbindən çirkab sularının axıdıldığı, iş üzrə iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə üst mərtəbədən çirkab sularının axıdılması nəticəsində 17 saylı saylı mənzilin sanitar qovşağının tavan hissəsinə bərkidilmiş lambir qatının və spot işıqlarının yararsız vəziyyətə düşdüyü həmçinin, divarlarla bərkidilmiş kafellərin çatlaması və qabarması, ünvan 1 ünvanında yerləşən 17 saylı mənzilə çirkab sularının axıdılması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün aparılmalı təmirbərpa işlərinin dəyəri hal-hazırkı bazar qiymətlərinə uyğun olaraq təqribən 426 manat məbləğində müəyyən olunur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri, o cümlədən tədqiq olunan mənzillərin planlı yerləşməsini, yəni iddiaçıya məxsus 17 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 19 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyini, 17 saylı mənzilin hamam tikilisində qüsurlar əmələ gəldiyini, həmin qüsurların su sızmaya aid olduğunu, həmçinin mülki iş materiallarını nəzərə alaraq, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilə həmin mənzilin üst mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilin hamam tikilisinə ziyan vurulduğu müəyyən olunmuşdur. Qeyd olunur ki, həmin mənzilin mətbəx tikilisinin, döşəməyə vurulmuş parket təbəqənin təmir edildiyi, giriş qapısının üzərində hər hansı bir qüsurun olmadığı müəyyən edilmişdir. Həmçinin ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1056,0 manat məbləğində, blokda su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir-tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 545,0 manat məbləğində müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə, iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək belə hesab edir ki, mülki hüqüq pozuntusu (delikt) Cavabdeh tərəfindən törədilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1056 manat məbləğində, blokda su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 545 manat olmaqla, cəmi 1601 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 101.6-cı maddəsinə əsasən, ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə alınmış xx.xx.2023-cü il tarixli ekspert rəyi məhkəmə iclasında toplanmış mötəbər sübutlarla müəyyən edilən halları özündə əks etdirən məlumatlar əsasında elmi metodlara tam uyğun və prosessual qaydalara riayət olunmaqla aparılmış və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Beləliklə, məhkəmə tərəfindən iddiaçıya məxsus 17 saylı mənzilin binanın 1-ci mərtəbəsində, cavabdehə məxsus 19 saylı mənzilin isə binanın 2-ci mərtəbəsində yerləşdiyi, 17 saylı mənzilin hamam tikilisində qüsurlar əmələ gəldiyi, həmin qüsurların su sızmaya aid olduğu, həmçinin ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzilinə həmin mənzilin üst mərtəbəsində yerləşən 19 saylı mənzildən su axıdıldığı və nəticədə 17 saylı mənzilə və bloka ziyan vurulduğu müəyyən olunmuşdur. Eyni zamanda, ünvan 1 ünvanında yerləşən 17 nömrəli mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 1056 manat məbləğində, blokda su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetirələcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 545 manat olmaqla, cəmi 1601 manat məbləğində müəyyən edilmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 №-li qərarında Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarından görünür ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Lakin Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Göründüyü kimi, qanunvericilikdə fiziki şəxslərə münasibətdə vurulmuş mənəvi ziyanın ödənilməsi imkanı, şərtləri və s. nəzərdə tutulmuşdur. İddiaçı mənəvi zərərin ödənilməsi tələbini əlaqələndirdiyi halları əsaslandırmamış və bununla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə istinadən, məhkəmə, iddianın cavabdehdən mənəvi ziyanın tutulması hissəsində rədd olunması qənaətinə gəlir. Eyni zamanda iş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən 510 manat Bakı şəhər 6 saylı vəkil bürosunun hesabına ödənilmişdir. Qanunvericiliyin qeyd olunan tələblərini və işin araşdırılan hallarını nəzərə alaraq məhkəmə, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 1601 manat vurulmuş maddi ziyanın, 510 manat hüquqi xidmət haqqının, 36,01 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2147,01 manat məbləğində pul vəsaiti tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən 36,01 manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda, iş materiallarından görünür ki, xx.xx.2022-ci və xx.xx.2023-cü il tarixli ekspert təqdiqatlarının dəyəri ümumilikdə 150 manat müəyyən edilmişdir. Məhkəmə, iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, ekspertiza tədqiqatının dəyərinin 50 manat hissəsi iddiaçıya, 100 manat hissəsi isə cavabdehə aid edilməli və onlardan alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə, 1601 manat vurulmuş maddi ziyanın, 510 manat hüquqi xidmət haqqının, 36,01 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2147,01 (iki min yüz qırx yeddi manat, bir qəpik) manat məbləğində pul vəsaiti tutulsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 150 (yüz əlli) manat məbləğində ekspertiza xərcinin 50 (əlli) manat hissəsi İddiaçı, 100 (yüz) manat hissəsi Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-159/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-159/2024
13.02.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver