Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1612/2023 07.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Hüseynova Elnarə Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh avtomobilə vurulmuş 2915 manat məbləğində zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 49.15 manat məbləğində dövlət rüsumunun, ümumilikdə cəmi 2964.15 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **- PR-*** olan sedan tipli, buraxılış ili 2018, BAN 044212, rəngi tünd boz olan “RAVON NEXİA R3” markalı minik nəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 09 mart 2021-ci il tarixdə İddiaçı MMC-nə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən Cavabdeh ilə İddiaçı MMC arasında **-PR-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2018 olan, ban 044212 olan, tünd boz rəngli, “RAVON NEXİA R3” markalı minik nəqliyyat vasitəsinin 09 mart 2021-ci il tarixdən verildiyi vaxtdan 29 (iyirmi doqquz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh avtomobili etibarnamə əsasında idarə edən zaman idarəetməni itirmiş və yol-nəqliyyat hadisəsi baş vermişdir. Bu yol-nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 2915 manat həcmində ziyan dəymişdir. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilərək, cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsi tələb edilsə də, o, bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. İddiaçı MMC-nin direktoru Kamran Abdullayev xx.xx.2023-cü il tarixdə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının nümayəndələrinin iştirakı olmadan keçirilməsini və yekun məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, İddiaçı MMC baş vermiş qəzada təqsirinin olmasını heç bir sübutla təsdiq edə bilməmiş, buna baxmayaraq özü vicdanlı şəkildə məhkəmədə etiraf edərək həmin qəzanın törədilməsində təqsirini boynuna almışdır. Maşına iddia ərizəsində göstərilən dəyərdə ziyan vurmamışdır. Təxminən 1000-1200 manatlıq ziyan dəymiş ola bilərdi. Özü onlara təklif etmişdir ki, maşını düzəltdirmək üçün ona versinlər, o, usta pulunu hissə-hissə ödəyər, lakin iddiaçı tərəf onunla razılaşmamışdır. Heç yerdə işləməməsi və 2 uşaq atası olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 49.15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - AL-233 nömrəli xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsindən və müqaviləyə 1 nömrəli əlavədən görünür ki, lizinq verən "xxxx" MMC ban nömrəsi 044212, rəngi tünd boz olan “Ravon Nexia R3” markalı avtomobilin lizinq alan X2 müvəqqəti sahibliyinə və istifadəsinə verilməsini öhdəsinə götürmüşdür. - Lizinq verən "xxxx" MMC və lizinq alan X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli razılaşmaın 1.1-ci bəndindən görünür ki, lizinq obyekti yol-nəqliyyat hadisəsi və ya digər sığorta hadisəsi nəticəsində zədələndikdə, məhv olduqda lizinq alan 24 saat müddətində lizinq obyektini sığortalayan sığorta şirkətini məlumatlandırmağı öhdəsinə götürmüşdür. Razılaşmanın 1.1-ci bəndində qeyd olunan öhdəlik lizinq alan tərəfindən icra edilmədikdə sığorta hadisəsi nəticəsində lizinq obyektinə dəymiş maddi ziyan tam həcmdə lizinq alan tərəfindən lizinq verənə ödənilməlidir. - "xxxx" MMC (şirkət), X4 (öhdəlikləri ötürən) və İddiaçı MMC (öhdəlikləri qəbul edən) arasında bağlanmış MAS-233 nömrəli xx.xx.2019-cu il tarixli öhdəliklərin ötürülməsi müqaviləsindən görünür ki, X4 MAS-233 nömrəli xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə "xxxx" MMC qarşısında götürdüyü bütün öhdəlikləri İddiaçı MMC-nə ötürür, sonuncu isə bu öhdəlikləri X3 qarşı heç bir tələb irəli sürmədən tam həcmdə qəbul edir və bu öhdəlikləri lizinq müqaviləsində göstərilən müddətdə, şərtlərlə və qaydada "xxxx" MMC qarşısında tam həcmdə və lazımınca yerinə yetirəcəyinə dair öhdəlik götürür. - MAS-233 nömrəli xx.xx.2019-cu il tarixli daxili lizinq müqaviləsinə 3 nömrəli əlavədən görünür ki, lizinq alan İddiaçı MMC xx.xx.2018-ci il tarixdən başlayaraq 48 ay müddətində illik 15 faiz dərəcəsi ilə lizinq verən "xxxx" MMC-nə hər ay 383.83 manat (sonuncu ay 383.14 manat) ödəniş etməlidir. - MAS-233 nömrəli xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsinə dəyişikliklər edilməsinə dair Lizinq verən "xxxx" MMC və lizinq alan İddiaçı MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli razılaşmanın 1.2-ci bəndindən görünür ki, lizinq alan lizinq obyektindən istifadəni lizinq verən tərəfindən verilmiş etibarnamələr əsasında həyata keçirir. Müqavilə imzalanan tarixdə lizinq alan tərəfindən təqdim edilən şəxsə etibarnamələr heç bir xidmət haqqı ödənilmədən verilir. - 1087/İ nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsindən görünür ki, İddiaçı MMC, sedan tipli, buraxılış ili 2018-ci il, ban nömrəsi 044212, tünd boz rəngli “Ravon Nexia R3” markalı **-PR-*** qeydiyyat nişanlı avtomobili 29 ay müddətinə, yəni xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Cavabdeh icarəyə verməyi, sonuncu isə 300 manat depozit ödəməklə avtomobili qəbul etməyi və gündəlik 25 manat icarə haqqını cəmiyyətə ödəməyi öhdəsinə götürmüşdür. - 1087/İ nömrəli xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin icarə müqaviləsinə dair razılaşmadan görünür ki, icarə müqaviləsi müddəti ərzində avtomaşına texniki baxış, hər hansı bir təmir işi və yağ dəyişmə icarəyə verənə məxsus avto servisdə həyata keçirilməlidir. İcarəçinin avtomaşına və ya icarəyə verənə vurduğu hər hansı bir maddi ziyan depozitdən çıxılır və depozit 2 gün ərzində bərpa olunur. İcarəçi avtomaşınla qəza törətdiyi halda günahkar tərəfin kimin – icarəçinin və ya qarşı tərəfin sürücüsünün olmasından asılı olmayaraq, avtomaşının təmirə dayandığı günlərin plan haqqını icarəçi tam şəkildə ödəməlidir və ya razılaşma yolu ilə avtomaşının istismarının dayandığı günlərinin ödənişini hissə-hissə ödəməlidir. - xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, **-PR-*** dövlət qeydiyyat nişanlı “Ravon Nexia R3” markalı avtomobilə 2915 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1486 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2018-ci il buraxılışlı “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2694,0 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən edildi ki, özünün etirafına əsasən Cavabdeh İddiaçı MMC-dən icarəyə götürdüyü “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsi törətmişdir. “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən 2915 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin idarə etdiyi “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçının sahibliyində və istifadəsində olan avtomobilin əzilməsi nəticəsində cavabdeh tərəfindən ona maddi zərər yetirildiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İş üzrə mübahisəli hal yalnız dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı MMC-nə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2021-ci il tarixli qüsur aktına əsasən “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2915 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2018-ci il buraxılışlı “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 2694,0 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehdən avtomobilə vurulmuş maddi ziyana görə 2694 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 49.15 manat dövlət rüsumunun 46.94 manat hissəsi cavabdehdən alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2018-ci il buraxılışlı “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2694 manat və dövlət rüsumuna görə 46.94 manat olmaqla, cəmi 2740.94 (iki min yeddi yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutulmalı və X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 2018-ci il buraxılışlı “Ravon Nexia R3” markalı **-PR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 2694 manat və dövlət rüsumuna görə 46.94 manat olmaqla, cəmi 2740.94 (iki min yeddi yüz qırx manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Cavabdeh tutularaq X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-1612/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1612/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver