Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1647/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı "hüquqi əsas olmadan əldə olunan vəsaitə görə 3637,99 manat borcun, ödənilmiş 57,52 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması" barədə kiçik iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı "hüquqi əsas olmadan əldə olunan vəsaitə görə 3637,99 manat borcun, ödənilmiş 57,52 manat dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı həmin tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilə bağlanmış xx.xx.2023-cü il tarixli BPM**********08 nömrəli müqaviləyə əsasən, sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tam kart vasitəsilə kart hesabının qalığından artıq məbləğdə əməliyyatların aparılması "Texniki overdraft" adlandırılır. Cavabdeh təqdim edilmiş plastik kart hesabına (********************) sistemdə baş vermiş xətadan sui-istifadə edərək 3637,99 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan da göründüyü kimi, müştəri xx.xx.2024-cü ildə hesabında 36,50 manat olmasına baxmayaraq, 3199 manat məxaric edərək hesabından 3162,50 manat artıq istifadə etmişdir. Daha sonra xx.xx.2024-cü ildə cavabdeh hesabından artıq 319,90 manat, 13,50 manat, 0,15 manat məxaric etmişdir. Cavabdeh xx.xx.2024-cü ildə hesabından artıq 600 manat, 100 manat, 69,46 manat, 12,10 manat, 639,80 manat, yekun olaraq isə cəmi 4917,41 manat məxaric edilməsinə nail olmuşdur. O, hesabdan artıq çıxarılmış vəsaitin bərpası üçün müxtəlif tarixlərdə borcdan 1375,83 manat ödəniş etmiş, hesab hal-hazırda 3541,58 manat mənfidə qalmışdır. Əlavə olaraq, cavabdehin gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla 96,41 manat borcu mövcuddur. İddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 57,52 manat dövlət rüsumu və 0,40 manat bank xidmət haqqı ödənilmişdir. Tam kart müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədənkənar qaydada həll edilməsi məqsədilə Cavabdeh xx.xx.2024-cü ildə 6-2-22/2- 43608/2024 nömrəli xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Hazırkı iddianın qiyməti beş min manatdan az olduğuna görə işə sadələşdirilmiş qaydada baxıldı. Məhkəmə tərəfindən cavabdehə rəsmi qaydada bildiriş göndərilərək, iddiaçının tələbinə dair əsaslandırılmış etirazı olduğu halda, öz dəlillərini və onları təsdiq edən sənədləri məhkəməyə təqdim etməsi ona təklif edilmiş, xx.xx.2025-ci ildə həmin bildiriş cavabdehin "Elektron məhkəmə" informasiya sistemində yaratdığı elektron kabinetə yerləşdirilmiş, lakin cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 iş günü müddətində iddiaya qarşı etiraz verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. İşdə olan, xx.xx.2023-cü il tarixli BPM**********08 nömrəli "Kart hesabının açılması və ödəniş kartından istifadəyə dair müqavilə"dən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesab nömrəsi ******************** olan ödəniş kartı verilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli "Əsassız varlanmanı əks etdirən arayışı"ndan görünür ki, Cavabdeh iddiaçı "xxxx" ASC-yə cəmi borcu 3637,99 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, iddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi təklif edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Müəyyən edilir ki, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi məbləğ 3541,58 manat, həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış məbləğ isə 96,41 manat təşkil edir. İddiaçı hazırda həmin məbləğlərin ödənilməsini tələb edir, cavabdeh isə iddiaya qarşı etiraz verməmişdir. Digər tərəfdən, məhkəmə bunu da nəzərə alır ki, cavabdehin hüquqi əsas olmadan iddiaçının hesabına əldə etdiyi məbləğ əvvəlcə 4917,41 manat olmuş və o, həmin məbləğin 1375,83 manat hissəsini iddiaçıya könüllü olaraq ödəmişdir. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, iddiaçı cavabdehdən həm 3541,58 manat əsassız varlanma məbləğini, həm də həmin məbləğin ödənilməsinin gecikdirilməsinə görə illik beş faizlə hesablanmış 96,41 manat məbləği tələb etməkdə haqlıdır. Ona görə də iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı tərəfindən xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 57,52 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyi üçün məhkəmə xərcləri cavabdehlərə aid edilməli, həmin məbləğ onlardan alınaraq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3541,58 manat əsassız varlanma məbləği, 96,41 manat faiz borcu, 57,52 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 3695,91 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X3.
Məhkəmə qərarları › İş №e-2(008)-1647/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1647/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver