Məhkəmə qərarları › İş №e-2(008)-1711/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1711/2024

15.05.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1711/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə q̇arşı "mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə q̇arşı "qanun üzrə vərəsə hesab edilməsi və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci ildə vəfat etmiş X5 1-ci növbədə qanun üzrə vərəsəsi hesab edilməsini və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə məhkəməyə iddia ərizəsinin artırılması barədə ərizə ilə müraciət edərək, İddiaçı əri X5 ölümündən sonra miras qalmış ünvan 1 ünvanında yerləşən 72 nömrəli evin mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X13 xx.xx.1950-ci ildə Azərbaycan Respublikasında doğulmuş, xx.xx.2022-ci il tarixdə ölmüşdür. Ölüm yeri Bakı şəhəridir. İddiaçı Hümbət qızı xx.xx.1966-cı ildə Azərbaycan Respublikasında doğulmuşdur. xx.xx.2019-cu ildə İddiaçı mərhum X13 ilə 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsində nikahlarını rəsmi qeydiyyata aldırmaqla ailə qurmuşlar və birgə nikahdan uşaqları doğulmamışdır. İddiaçı mərhum Sahib Səmədovun qanun üzrə 1-ci dərəcəli vərəsəsidir. Buna baxmayaraq, müəyyən səbəblər üzündən vərəsəlik şəhadətnaməsini ala bilməmişdir. Buna görə də Bakı şəhəri 4 saylı Bakı "ASAN xidmət" mərkəzinin nəzdində yerləşən Notariat Ofisinə müraciət etmiş olsa da, ona mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə etmişlır. Buna görə də məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, X13 iddiaçının əridir. Mərhumun oğlu iddiaçını aldadaraq bildirmişdir ki, bütün vərəsəlik məsələlərini o həll edəcəkdir. İddiaçı bir il oğulluğu ilə birlikdə yaşamışdır. Yas mərasimindən sonra mərhumun oğlu iddiaçını evdən qovmuşdur. Bundan sonra notariusa iki dəfə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, yoldaşı xəstə idi, bütün müalicələrini o, etmişdir. Oğulluğu ilə münasibəti yaxşı idi, sonradan araları pozulmuşdur. Həmin uşağı o, böyütməmişdir, lakin evi tikmiş, xərcləri o, qoymuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə АR MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 1933 nömrəli sərəncamından görünür ki, X7 fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 83 nömrəli evin yanındakı sahədə istifadə etdiyi 600 kv.m torpaq sahəsinin ayrılması, X7 ayrılmış sahədə 185-000-111C nömrəli bir tipli layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilməsi qərara alınmışdır. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı 356911 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X13 xx.xx.2022-ci ildə vəfat etmişdir. - 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 312977 nömrəli "Nikah haqqında şəhadətnamə"dən görünür ki, X1 Gülçöhrə Teymur qızı ilə xx.xx.2019-cu ildə nikah bağlamışlar, X3 Səmədova soyadı verilmişdir. - 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinin xx.xx.2023-cü il tarixli 2894 nömrəli məktubdan görünür ki, xx.xx.2022-ci ildə vəfat etmiş X13 adına V-469/2022 nömrəli vərəsəlik işi açıldığını, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyini, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin gecikdirməsi səbəbi üzrlü sayıldıqda məhkəmə tərəfindən uzadıla biləcəyini bildirmişdir. - X8 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci ildə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış atası X13 ölmüşdür. Daşınmaz əmlakdan ibarət mirası qəbul edir. Ondan başqa aşağıdakı verəsələr vardır (olduğu halda):

1. X18 – miras qoyanla qohumluğu – oğlu – ünvan – Azərbaycan Respublikası;

2. İddiaçı – miras qoyanla qohumluğu – arvadı – ünvan – Azərbaycan Respublikası; Mirasın tərkibinə daxil olan daşınar və daşınmaz əmlakdan ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi notariat ofisinə ünvanladığı xx.xx.2023cü il tarixli ərizədən görünür ki, xx.xx.2022-ci ildə ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində yaşamış əri X13 ölmüşdür. Fərdi yaşayış evi ondan irs qalmışdır. Mirasın tərkibinə daxil olan torpaq sahəsi nə nəqliyyat vasitəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. - Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 639009 nömrəli "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, X14 xx.xx.2013-cü ildə vəfat etmişdir. - AR DİN "Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* nömrəli arayışdan görünür ki, ünvan 3 ünvanında X13, X19, X11, X15, X6, X12 qeydiyyatdadırlar. - "Elektron notariat" informasiya sistemindən çıxarışdan görünür ki, X2 Almaz Kərim qızı ilə nikah bağlamışlar, həmin nikahdan X19 və X18 doğulmuşlar, daha sonra isə İddiaçı ilə nikah daxil olmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, X13 xx.xx.1950-ci ildə doğulmuşdur. O, X16 ilə nikaha daxi olmuş, həmin nikahdan X19 və X18 doğulmuşlar. Bundan sonra X13 iddiaçı ilə xx.xx.2019-cu ildə nikah daxil olmuşdur. Birgə nikahdan onları uşaqları olmamışdır. X13 xx.xx.2022-ci ildə vəfat etmişdir. Bakı Şəhəri Qaraçuxur qəsəbəsi, N.İsmayılov küçəsi, 72 nömrəli ev X7 Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.1996-cı il tarixli 1933 nömrəli sərəncamına əsasən məxsusdur. İddiaçı qanunla müəyyən edilmiş müddətdə mirası qəbul etməmiş, hal-hazırda həmin buraxılmış müddətin üzrlü hesab olunmasını və vərəsə kimi tanınmasını xahiş etmişdir. İlk öncə məhkəmə hazırkı mübahisəyə tətbiq edilməli olan norma ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-ci maddəsinə görə, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd edir ki, Ali Məhkəmənin sorğusu əsasında qəbul edilən bu Qərarın təcrübədə vərəsəlik münasibətlərinin tənzimlənməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacağını nəzərə alaraq, mülki dövriyyənin sabitliyinin təmin olunması məqsədi ilə bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə şamil olunmalıdır. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumu Ali Məhkəmənin sorğusuna səbəb olmuş mülki işlər üzrə mübahisələrin yekunlaşmadığını, eləcə də sorğuya baxılan zaman digər məhkəmələrin icraatında olan oxşar mübahisələr üzrə işlərin də dayandırıldığını nəzərə alaraq hesab edir ki, Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarı qüvvəyə minməsinədək məhkəmələrin icraatında olan mübahisələrə də tətbiq olunmalıdır. Göründüyü kimi, hazırkı mübahisəli münasibətlər sözügedən Plenumun Qərarı qəbul edilməmişdən əvvəl yarandığından, eyni zamanda iddia ərizəsi həmin Plenum Qərarı qəbul edildikdən sonra məhkəməyə verildiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsi tətbiq olunmalıdır. Həmin maddə əsasında məhkəmə iddiaçının mirasın faktiki qəbul edilməsini və yaxud buraxılmış müddətin üzrlü səbəbdən buraxıldığını müəyyən edərsə mirasın qəbulu müddətini uzada bilər. "G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumumunun xx.xx.2014-cü il tarixli qərarında göstrəilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. İşdən görünür ki, iddiaçı mirasın açılması barədə vaxtında məlumatı olduğunu etiraf edir. Məhkəməyə onun tərəfindən əmlaka faktiki sahiblik etdiyini bildirsə də, nə bu barədə, nə də mirasın qəbulu üçün qanunvericilikdə nəzərdə tutulan müddətdə mirasın qəbulu üçün müraciət etməməsinə dair heç bir üzrlü səbəb göstərməmişdir. Ona görə də, iddianın təmin olunmasına dair nəzərdən keçirilməli və tədqiq olunmalı sübut olmadığına görə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən görünür ki, iddiaçı xx.xx.2024-cü ildə ********** nömrəli mədaxil qəbzi ilə 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İddia tələbi təmin edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Mülki Prosesual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı 4 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə q̇arşı "mirasın qəbul edilməsi üçün müəyyən edilmiş müddətin üzrlü hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar