Məhkəmə qərarları › İş №e-2(008)-1784/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-1784/2023

15.05.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-1784/2023 15.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı və müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X1, Cavabdeh3nə və Cavabdeh4 qarşı “subicarə müqaviləsinin etibarsız hesab edilməsi, torpaq sahəsinin boşaldılması və s.” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-4080 reyestr nömrəli subicarə müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1896 reyestr nömrəli subicarə müqaviləsinə əsasən iddiaçının icarəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ünvanında yerləşən 10.000 kv.m-lik torpaq sahəsindən istixana avadanlığının və digər ləvazimatların cavabdehlər Cavabdeh3 MMC-nin və Cavabdeh4 hesabına çıxarılması və iddiaçının mülkiyyət hüquqlarına yaradılan məhdudiyyətlərin aradan qaldırılması, başlanğıc tarixi xx.xx.2022-ci il tarixdən hesablanmaqla, mübahisə predmeti olan torpaq sahəsi tam boşaldılan və iddiaçının sahibliyinə qaytarılan tarixədək aylıq 3.000 manat olmaqla, hesablanmış icarə haqqı məbləğlərinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək belə əsaslandırdı ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1896 reyestr nömrəli subicarə müqaviləsinə əsasən, Cavabdeh1 Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar yaşayış massivi ünvanında yerləşən, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən icarəsinə verilmiş ümumi sahəsi 20.000 kv.m olan torpaq sahəsinin 10.000 kv.m hissəsini illik 500 manat ödəməklə İddiaçı icarəyə vermiş, müqavilənin müddəti xx.xx.2099-cu il tarixədək müəyyən edilmişdir. İddiaçının icarəsinə verilmiş torpaq sahəsində cavabdehlərdən Cavabdeh3 MMC-yə məxsus istixana yerləşməkdədir. Həmin istixanada və yanındakı açıq sahədə müxtəlif tipli güllər yetişdirilməklə, gəlir əldə olunmaqdadır. Lakin torpaq sahəsinin icarəçisi kimi iddiaçıya heç bir icarə haqqı ödənilmir. Bununla bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli bildirişlə Cavabdeh3 MMC-yə müraciət olunmuşdur. Bildirişdə qarşı tərəfə təklif edilmişdir ki, onların sahibkarlıq fəaliyyətinə zərbə vurmamaq üçün həmin torpaq sahəsinə dair hüquqları 150.000 manat qarşılığında ötürülməsinə razıdırlar. Göstərilən təkliflə razı olmadıqları təqdirdə isə, həmin torpaq sahəsinə dair tərəflər arasında aylıq 3.000 manat icarə haqqı olmaqla, xx.xx.2022-ci il tarixdən subicarə müqaviləsi bağlansın və bugünədək hesablanacaq aylıq icarə haqqı məbləği ödənilsin. Göstərilən bildirişə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 tərəfindən verilmiş cavab məktubu ilə məlum oldu ki, bildiriş "xxxx" MMC-yə ünvanlansa da, bildirişdə qeyd olunan məsələnin MMC ilə heç bir əlaqəsi yoxdur, Cavabdeh4 ilə əlaqəli məsələlərdir. Həmin torpaq sahəsini torpağın subicarəçisi olan Cavabdeh1 ilə razılaşdırılıb birtərəfli qaydada öz adına rəsmiləşdirmişdir. Cavab məktubunda göstərilən məsələnin araşdırılması üçün iddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixli, 912 nömrəli vəkil sorğusu ilə cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisinin xüsusi notariusu X1 müraciət olunmuş və İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1896 reyestr nömrəli subicarə müqaviləsinin Bakı şəhəri 53 saylı notariat ofisində ləğv edilib-edilməməsi və həmin torpaq sahəsinin sonradan Cavabdeh4 və ya başqa şəxsə yenidən subicarəyə verilib-verilməməsi barədə məlumat verilməsi və təsdiqedici sənədlərin surətinin təqdim edilməsi xahiş edilmişdir. Eyni zamanda, iddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixli, 913 nömrəli vəkil sorğusu ilə Cavabdeh1 müraciət olunmuş və İddiaçı subicarəyə verdiyi torpaq sahəsinin sonradan Cavabdeh4 və ya başqa şəxsə yenidən subicarəyə verib-verməməsi barədə məlumat verməsi və təsdiqedici sənədlərin surətinin təqdim edilməsi xahiş edilmişdir. İddiaçının vəkili tərəfindən xx.xx.2022-ci il tarixli, 914 nömrəli vəkil sorğusu ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh4 müraciət olunmuş və adıçəkilən torpaq sahəsinin torpağın subicarəçisi ilə razılaşdırıb birtərəfli qaydada öz adına rəsmiləşdirilməsini təsdiq edən sənədlərin surətinin təqdim edilməsi xahiş edilmişdir. Cavabdeh Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 5828 nömrəli cavab məktubu ilə birlikdə təsdiqlənmiş notariat işi də iddiaçının vəkilinə göndərilmişdir. Məlum olmuşdur ki, həqiqətən də iddiaçının subicarəsində olan torpaq sahəsinə dair cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixli 3M-4080 reyestrli subicarə müqaviləsi bağlanmış və iddiaçıya bu barədə heç bir məlumat verilməmişdir. Hesab edirlər ki, Bakı şəhəri 53 saylı notariat ofisində cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış xx.xx.2022-ci il tarixli 3M-4080 reyestrli subicarə müqaviləsi bağlandığı andan etibarsızdır və bu məhkəmə qaydasında da təsdiq olunmalıdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh1 tərəfindən digər Cavabdeh4 subicarəyə verilmiş torpaq sahəsi Bakı şəhəri 53 saylı notariat ofisində notarial qaydada bağlanmış xx.xx.2021-ci il tarixli, 3M-1896 reyestr nömrəli subicarə müqaviləsinə əsasən iddiaçının icarəsində olar torpaq sahəsidir və həmin müqavilə ləğv edilmədən eyni torpaq sahəsinə dair ikinci müqavilə bağlanıla bilməz. Cavabdeh1 tərəfindən İddiaçı subicarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə heç bir müraciət olunmamış, bu barədə iddiaçıya xəbərdarlıq edilməmişdir. Nəticədə isə, İddiaçı konstitusion hüquqları pozulmuşdur. Qanunsuz istifadə etməklə, öz sahibkarlıq fəaliyyətlərini həyata keçirtməsi nəticəsində həmin torpaq sahəsini zəbt etməsi və ona faktiki sahiblənməsi iddiaçının həmin torpaq sahəsindən gəlir və fayda götürməsini qeyri-mümkün etmişdir. Nəzərə alınmalıdır ki, göstərilən torpaq sahəsi 10.000 kv.m olmaqla, kifayət qədər böyük ərazini əhatə edir və hesab edir ki, həmin torpaq sahəsinin aylıq icarə haqqı məbləği 3.000 manatdan az deyildir. Əgər cavabdehlər tərəfindən həmin torpaq sahəsinin istifadəsinə maneçilik törədilməsə idi, iddiaçı da həmin torpaq sahəsinin normal istifadəsini həyata keçirib, gəlir əldə edə bilərdi. Məhz bu səbəbdən başlanğıc tarixi xx.xx.2022-ci il tarixdən götürülməklə, mübahisə predmeti olan torpaq sahəsi tam boşaldılan və iddiaçının sahibliyinə qaytarılan tarixədək aylıq 3.000 manat olmaqla, hesablanmış icarə haqqı məbləğləri də cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 müştərək qaydada tutulmalıdır. Göstərilənlərə əsasən nümayəndə, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, Şahin İbadov işə cəlb olunduqdan sonra xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh4 tərəfindən nə ona, nə də İddiaçı mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı pul ödənilmədiyini bildirmişdir. Belə ki, Şahin İbadov mübahisə predmeti olan, Maştağa qəsəbəsi, Xanlar massivi ünvanında yerləşən 1 ha torpaq sahəsinin müqaviləsini, Cavabdeh4 adına keçirəcəyini söz verərək 3 dəfəyə olmaqla, ondan cəmi 219.200 manat pul vəsaitini alsa da, vədinə əməl etməyərək torpaq sahəsini onun adına keçirməmişdir. Sonradan isə barəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət etmiş, orada araşdırma aparılan dövrdə cəmi 260.000 manat Şahin İbadova ödəmişdir. Həmin 260.000 manat pul vəsaitinin 70.000 manatı qeyd olunan torpaq sahəsinə, qalanı isə digər biznesə aiddir. Bundan başqa 19.200 manat da Şahin İbadovun əvəzinə, banka tərəfindən kredit ödənilmişdir ki, həmin pul da qeyd olunan torpaq sahəsinə aiddir. Şahin İbadovun qeyd olunan torpaq sahəsində yerləşən istixananın qeyri-rəsmi təsis payının əvəzi olaraq BMCMİ-də əlavə olaraq 70.000 manat ödəmişdir ki, həmin torpaq sahəsinə onun və ailə üzvlərinin heç bir aidiyyatı qalmasın və torpaq sahəsini onun adına rəsmiləşdirsin. Lakin 219.200 manat Şahin İbadova ödənildikdən sonra arvadı İddiaçı ona qarşı hazırkı iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Sadalanan hallar Ş.İbadovun əməlində Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsinin tərkib əlamətlərini yaradır. Ona görə də, əməlinə hüquqi qiymət verilməsi üçün barəsində xüsusi qərardad çıxarılmaqla prokurora xəbər verilməlidir. Nümayəndə həmçinin bildirmişdir ki, iddiaçının torpaq sahəsinə görə aylıq 41 manat icarə haqqı ödədiyi halda, həmin torpağın icarəsi üçün 3.000 manat tələb etməsi absurddur. Nümayəndəsi olduğu şəxslə Şahin İbadov arasında işgüzar münasibətlər olmuş, Cavabdeh4 biznesə kifayət qədər pul qoymuşdur. Ona görə də, əgər torpağı qaytarcaqsa, ona qoyulmuş xərcin əvəzini tələb edir. Torpağın mülkiyyətçisi bələdiyyədir, belə olan halda, iddiaçının heç hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur. Digər tərəfdən, Cavabdeh3 MMC-nin direktoru olaraq Cavabdeh4 iddiaçını heç tanımır. Onunla hər hansı bir sahibkarlıq fəaliyyəti mövcud olmamışdır. Bildirişdə nəzərdə tutduğu istixana həqiqətən də mövcuddur, lakin həmin istixananı iddiaçının əri X5 ilə şərikli yaratmışlar. Həmin istixananın təşkil olunmasının əsası nəzərdə tutulan torpaq sahəsi olmuşdur. Torpaq alışı müştərək qaydada həyata keçirilmişdir və 60.000 manat Şahin İbadov, 55.000 manat isə Cavabdeh4 tərəfindən ödənilmişdir. Buna baxmayaraq, Şahin İbadov torpağın iddiaçının adınına rəsmiləşdirilməsinə nail olmuşdur. Bundan sonra Şahin İbadov həmin layihə üzrə tələb edilən əlavə vəsait qoyuluşlarından boyun qaçırmış və layihənin həyata keçirilməsi üçün tələb edilən bütün əlavə vəsait hüquqlarını təmsil etdiyi şəxs tərəfindən qoyulmuşdur. Beləliklə, bu hərəkətlər həmin layihə üzrə külli miqdarda vəsaitin itirilməsinə böyük risk yaratdı. Bu səbəbdən onlar həmin layihə üzrə qoyulmuş vəsaitlərin qrafik üzrə geri qaytarılmasını razılaşdırmışlar. Razılıq əldə edildikəndən sonra tərəfindən Maştağa qəsəbəsində yerləşən Şahin İbadovun 1.5 ha sahəsi olan bağının girişində ona 130.000 manat məbləğində vəsait nəğd şəkildə verilmişdir. X4 razılaşdırılan qrafikin vaxtından əvvəl icrasına dair əsassız təzyiqləri və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayəti nəticəsində, həmin məbləğin 70.000 manatı nağd şəkildə, 19.100 manatı isə Şahin İbadovun oğluna məxsus BTK QSC-nin bank kreditinə ödənilərək vəsait tam şəkildə geri ödənilmişdir. Bunlara baxmayaraq, Şahin İbadov torpaq sahəsinin onun adına keçirilməsinə dair dəfələrlə müraciət etməsinə baxmayaraq, ona qarşı dələduzluq edərək rəsmiləşdirmə işlərindən boyun qaçırmışdır. Göstərilənlərin nəzərə alınmaqla, nümayəndə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3nə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdehlər və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib, məhkəmə baxışı zamanı araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında araşdırılmış: - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi və Cavabdeh1 arasında bağlanılmış xx.xx.2005-ci il tarixli torpaq icarə müqaviləsindən görünür ki, həmin bələdiyyə xx.xx.2005-ci il tarixli qərarı əsasında Xanlar y/s, yolun sonu, sağ tərəfdə yerləşən ümüumi sahəsi 20.000 kv.m olan torpaq sahəsini icarəyə verir, icarəçi isə onu qəbul edir, 1 kv.m sahə üçün illik icarə haqqı 55 manat, müqavilə üzrə illik icarə haqqı 1.100.000 manat müəyyən edilmişdir. Həmin müqavilənin 2.4.1-ci bəndinin 3-cü hissəsinə əsasən icarəyə götürdüyü torpaq sahəsini ancaq icarəyə verənin razılığı əsasında subicarəyə vermək icarəçinin vəzifəsidir. - Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış subicarə müqaviləsinə əsasən, sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən icarəsinə verilmiş ümumi sahəsi 20.000 kv.m torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan aşağıda göstərilən hissəni subicarəyə verir. İcarəyə verən Cavabdeh1 icarəsində olan həmin torpaq sahəsindən 10.000 kv.m sahəsini illik 500 manat ödəməklə İddiaçı xx.xx.2099-cu ilədək icarəyə verir. - Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış subicarə müqaviləsinə əsasən, sonuncuya Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən icarəsinə verilmiş ümumi sahəsi 20.000 kv.m torpaq sahəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli icarə müqaviləsinə əsasən istifadəsində olan aşağıda göstərilən hissəni subicarəyə verir. İcarəyə verən Cavabdeh1 icarəsində olan həmin torpaq sahəsindən 10.000 kv.m sahəsini illik 500 manat ödəməklə Cavabdeh4 xx.xx.2099-cu ilədək icarəyə verir. - Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, o, Cavabdeh1 icarəsinə verilmiş 20.000 kv.m torpaq sahəsinin 10.000 kv.m sahəsini Cavabdeh4 subicarəsinə verilməsinə etiraz etmir. - İddiaçı xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında Cavabdeh3 MMC-yə bildiriş ünvanlamışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsindən çıxarışdan görünür ki, Cavabdeh3 xx.xx.2021-ci il tarixdə qeydiyyata alınmış, qanuni təmsilçisi Cavabdeh4dur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən icarəsinə verilmiş ümumi sahəsi 20.000 kv.m torpaq sahəsi xx.xx.2005-ci il tarixdə Cavabdeh1 icarəsinə verilmiş, sonuncu isə həmin torpaq sahəsindən xx.xx.2021-ci il tarixdə 10.000 kv.m sahəsini İddiaçı xx.xx.2099-cu ilədək, xx.xx.2022-ci il tarixdə isə eyni torpaq sahəsini Cavabdeh4 xx.xx.2099-cu ilədək subicarəyə vermişdir. Hazırda isə iddiaçı daha əvvəl onun icarəsinə verilmiş və hazırda subicarə müqaviləsinin qüvvədə olmasına baxmayaraq, eyni torpaq sahəsinin sonradan başqa şəxsin - Cavabdeh4 subicarəsinə verilməsi ilə razılaşmır və həmin müqavilənin etibarsız hesab edilməsini və bundan irəli gələn nəticələrin aradan qaldırılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-700.2-ci mafddələrinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Həmin Məcəllənin 706.1-ci maddəsinə görə, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Məhkəmə, İddiaçı iddiası üzrə işin faktiki hallarını nəzərə alaraq, əqdin etibarsızlığının müvafiq əsaslarını nəzərdən keçirmişdir. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllənin 337.1-ci və 337.4-cü maddələrinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, qanunverici tərəfindən etibarsız əqdlər subyekt, iradə ifadəsinin sağlamlığı, forma və məzmun tələbləri və s. baxımdan təsnif edilməklə müvafiq maddələrdə qruplaşdırılmışdır. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (tam fəaliyyət qabiliyyətli və səlahiyyətli şəxslərin) iştirakı, onların sağlam (zədələnməmiş) iradəsinin mövcudluğu və bu iradənin doğru ifadə edilməsi, müvafiq razılığın alınması, habelə müqavilənin qanunla nəzərdə tutulmuş hallarda müəyyən formada bağlanması zəruridir. Məhz göstərilən qaydalara əməl edilməklə bağlanmış əqd etibarlı hesab edilir. Mülki Məcəllənin 337.1 və 337.3-cü maddələrinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarında göstərilmişdirmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən, məhkəmə, belə nəticəyə gəlir ki, İddiaçı ilə Cavabdeh1 arasında Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən 10.000 kv.m torpaq sahəsinə dair qüvvədə olan subicarə müqaviləsi mövcud olduğu halda, sonucunun eyni torpaq sahəsinə dair Cavabdeh4 ilə subicarə müqaviləsinin bağlanılması, özlüyündə həmin müqaviləni əhəmiyyətsiz edir, həmçinin iddiaçının həmin torpaq sahəsindən sahiblik və istifadəsinə məhdudiyyət yaradır. Buna görə də, cavabdehlə bağlanılmış həmin müqavilə etibarsız hesab edilməli, həmin sahədən Cavabdeh3nə və Cavabdeh4 məxsus istixana və digər ləvazimatlar onların hesablarına çıxarılmalı, iddiaçının istifadə və sahiblik hüquqlarının icrasına onlar tərəfindən yaradılmış maneə aradan qaldırılmalıdır. Tələbin digər - başlanğıc tarixi xx.xx.2022-ci il tarixdən götürülməklə, mübahisə predmeti olan torpaq sahəsi tam boşaldılan və iddiaçının sahibliyinə qaytarılan tarixədək aylıq 3.000 manat olmaqla, hesablanmış icarə haqqı məbləğlərinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, tələbin həmin hissədə faktiki əsasları kifayət qədər mötəbər sübutlarla əsaslandırılmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsin əəsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri 53 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 arasında xx.xx.2022-ci il tarixdə bağlanılmış subicarə müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh1 və İddiaçı arasında xx.xx.2021-ci il tarixdə bağlanılmış subicarə müqaviləsinə əsasən, iddiaçının icarəsinə verilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Xanlar yaşayış massivi ünvanında yerləşən sahəsi 10.000 kv.m olan torpaq sahəsindən Cavabdeh3nə və Cavabdeh4 məxsus istixana və digər ləvazimatlar onların hesablarına çıxarılsın və iddiaçının istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə yaradılmış maneələr aradan qaldırılsın. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar