Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2001/2022 07.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Üçüncü şəxsin nümayəndəsi X2 iştiraklarıı ilə, İddiaçı Cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qeyd olunmaqla əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti qeyd olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 21.08.2015-ci il tarixli əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə cavabdeh arasında 21.08.2015ci il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən beynəlxalq əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin edilmiş, bir neçə dəfə işdən çıxmaq barədə ərizə ilə müraciət etmiş, lakin ərzələr cavabsız qalmışdır. Hazırda iddiaçıda olan məluma görə şirkətin qanuni təmsilçisi ölmüşdür. İş üzrə cavabdeh "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək qeyd etdi ki, əmək müqaviləsi sistemdə aktiv qaldığından o, heç bir yerə işə qəbul oluna bilmir. İddianın təmin edilməsini xahiş edir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X3 izahat verərək qeyd etdi ki, iddiaçının əmək müqaviləsi üzrə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. Hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarının dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). "xxxx" MMC 19.02.2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, tək təsisçisi və qanuni təmsilçisi Qanuni nümayəndədur. İddiaçı İddiaçı cavabdeh "xxxx" MMC (işə götürən Qanuni nümayəndə) arasında 21.08.2015-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış, həmin müqavilə üzrə bildiriş mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilmişdir. "xxxx" MMC-nin təsisçisi və qanuni təmsilçisi Qanuni nümayəndə ölmüşdür (elektron məhkəmə informasiya sistemindən çıxarış) İddiaçı orada işləməsə də, rəsmi əmək müqaviləsinə xitam verilməmişdir və müqavilə üzrə bildiriş sistemdə qalmaqda davam edir. Hazırda iddiaçı əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsasla olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. 45-ci maddəsinə əsasən:
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir 49-cu maddəsinə əsasən:
1. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 1-2. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş şəxslərlə ilk dəfə bağlanmış əmək müqaviləsi həmin Qanunla müəyyən olunmuş qaydada dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə cəmiyyətin elektron kabinetinə göndərildiyi andan hüquqi qüvvəyə minir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumat göndərilir. 2-2. Bu maddənin 1-2-ci hissəsi ilə müəyyən olunmuş hallarda elektron informasiya sisteminə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə 1 iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron qaydada məlumat göndərilir.
3. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. Həmin əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması, təsdiq edilməsi yolverilməzdir.
4. Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianının təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Həmin Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər barədə iddialar üzrə – iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş materiallarından görünür ki, iddiaçı tərəfindən ilkin mediyasiya sessiyası zamanı əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətinin göstərilməsinə görə 50 manat məbləğində mediyasiyaya dair xərc ödənilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilməli, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmalı, 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş hesab edilsin, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi üzrə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyula bilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin üzərinə qoyulsun. 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət gəlirinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Tahirə Əsədova