Məhkəmə qərarları › İş №e-2(008)-2049/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2049/2022

14.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2049/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X20, İddiaçının nümayəndələri (vəkilləri) X21 və Nümayəndə1, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehlər Cavabdeh2, 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X22 cəlb edilməklə vəsiyyatnmənin etibarsız hesab edilməsi, iddiaçının vərəsəlik hüququnun tanınması tələblərinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi, Ləğv prosesində olan "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Binəqədi rayonu X22 cəlb edilməklə iddia ərizəsi və tələbin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, bacısı X11 tərəfindən Cavabdeh2 adına qoyulmuş və 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi tərəfindən reyestrdə 2V-144 nömrə ilə qeyd edilməklə təsdiq olunmuş xx.xx.2020-ci il tarixli vəsiyyətnamənin etibarsız hesab edilməsi; iddiaçının X4 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsində yerləşən 20 №-li evin 20 №-li mənzilinə, Qusar şəhəri, Rəsulbəyov küçəsində yerləşən 74 saylı evə, Binəqədi rayonu X22 ərazi hüdudlarında yerləşən 350 kv metr torpaq sahəsinə və ləğv prosesində olan "xxxx" ASC-də saxlanılan əmanət məbləğində dair vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, bacısı X11 xx.xx.2022-ci il tarixdə “beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri” səbəbi ilə Bakı şəhərində ölmüşdür. Azadə Efendiyeva xx.xx.2017-ci il tarixdə nikaha daxil olmuş və xx.xx.2018-ci il tarixdə boşanmışdır. O, vəfat edərkən subay olmuş və onun heç bir övladı olmamışdır. Eyni zamanda, ataları X7, habelə Azadə Efendiyevanın anası X2 Efendiyevadan əvvəl vəfat etmişlər (Azadə Əfəndiyeva ilə anaları ayrı, ataları isə eyni olmuşdur). Beləliklə, Azadə Efendiyevanın birinci növbədə hər hansı vərəsəsi yoxdur. Azadə Efendiyevadan miras əmlaklar qalmışdır - ünvan 1; Qusar şəhəri, Rəsulbəyov küçəsi, ev 74; Ləğv prosesində olan "xxxx" ASC-də olan əmanət; Binəqədi rayonu X22 ərazi hüdudlarında yerləşən 350 kv metr torpaq sahəsi. İddiaçı bacısı X4 miras qalmış əmlaklara dair adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinə müraciət etmişdir. Lakin notariat ofisinin məktubunda bildirilmişdir ki, X11 xx.xx.2020-ci il tarixdə 2V-144 nömrəli vəsiyyətnamə ilə bütün əmlakını Cavabdeh2 vəsiyyət etmiş, sonuncu miras əmlakın qəbul edilməsi ilə əlaqədar notariat ofisinə müraciət etmişdir. Bu baxımdan ərizəsinin təmin edilməsindən imtina edilmiş və məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hesab edir ki, həmin vəsiyyətnamə etibarsız hesab edilməli və bacısının miras qalmış əmlaklarına vərəsəlik hüququ tanımalıdır. Belə ki, Azadə Efendiyeva vəfat etməzdən bir müddət əvvəl ağır xəstəliyə düçar olmuş və bu səbəbdən "beyindaxili qansızma, beyin qan dövranının kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli hemiplegiya” diaqnozu ilə əlaqədar, ona xx.xx.2019-cu il tarixdə İ dərəcəli əlillik təyin edilmişdir. Azadə Efendiyevanın sağlıq durumu o vəziyyətdə olmuşdur ki, ona kənar şəxsin qulluq etməsinə ehtiyac yaranmışdır. Bakıda yaşayan və daim bacısının yanında olmuş və onun qayğısına qalmış əmisi qızı Xavər Azadə qulluq etməyi Cavabdeh2 təklif etmişdir. Cavabdeh2, ona aylıq xidmət haqqı ödənilməsi şərtilə, Azadəyə qulluq etməyə razılaşmışdır. Cavabdeh2 Azadəyə qulluq etməyə başladıqdan sonra, ona hər ay xidmət haqqı Azadənin öz vəsaiti hesabına, habelə Azadənin keçmiş əri X23 (Azadə ilə boşanmış olsalar belə) tərəfindən ödənilmişdir. Sonradan, Cavabdeh2 nə iddiaçını, nə də Bakıda yaşayan digər qohumlarını məlumatlandırmadan Azadəni, xəstə vəziyyətində onun daimi yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən 20 nömrəli evin 20 saylı mənzilindən özünün yaşadığı Suraxanı rayonu, Əmircan qəsəbəsində yerləşən mənzilə aparmışdır. Bundan sonra, Azadəni bütün qohumlarından təcrid etmişdir. Cavabdeh2 ilə hər dəfə əlaqə saxladıqda, Azadənin sağlıq durumu barədə düzgün məlumat verməkdən yayınmışdır. Hətta, Azadə vəfat edərkən heç kimə məlumat vermədən onu gizli Qusar rayonuna aparıb, orada yerləşən qəbirstanlıqda dəfn etmişdir (baxmayaraq ki, Azadənin daimi yaşayış yeri Bakı şəhəri Nəsimi rayonu olmuşdur). Azadənin vəfat etməsini isə heç kim bilməmiş, bu barədə məlumatı Qusar rayonunda yaşayan qohumları təsadüfən əldə etmişlər. Göründüyü kimi, Cavabdeh2 məqsədyönlü şəkildə onun əmlakını öz adına keçirmək niyyəti ilə, əvvəlcə onu öz yaşadığı mənzilə aparmış, sonradan onun sağlıq durumundan istifadə edərək, onun iradəsinə təsir etmiş və Azadəyə qulluq etməyə başladıqdan qısa müddət ərzində Azadənin adından öz adına vəsiyyətnamə rəsmiləşdirməyə nail olmuşdur. Bundan əlavə, Cavabdeh2 Azadənin sağlığında, yenə də onun mövcud vəziyyətindən istifadə edərək, Azadənin mülkiyyətində olan ünvan 1 ünvanına qeydiyyata düşmüşdür. Xüsusilə vurğulamaq istəyir ki, xəstəliyi ilə əlaqədar bacısının vəziyyəti o səviyyədə olmuşdur ki, o, öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilmirdi. Bu mənada o, öz əmlakları ilə bağlı ümumiyyətlə, hər hansı vəsiyyətnamə qoya bilməzdi. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisi və üçüncü şəxslər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə adların çəkilən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçnın nümayəndələri (vəkilləri) X21 və Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianının təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinin rədd olunmasını xahiş etdi, əlavə olaraq qeyd etdi ki, mərhumun fəaliyət qabiliyyəti notarius tərəfindən yoxlanılmış, məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, odur ki, vəsiyyətnamə etibarsız hesab edilə bilməz. 27 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahat verərək qeyd etmişdir ki, Azadə xanım Bankdakı əmanətini şəxsən 2021-ci ilin yay aylarında götürmüşdür. Həmin pulu cavabdeh Azadə xanımın tədavisiniə və təbii ki, öz tələbatlarına da Azadə xanımın razılığı ilə xərcləmişdir. Belə ki, ona bir neçə ay ərzində ayda 300 manat olmaqla əmək haqqı ödənilsə də, sonradan ödəniş dayandırılmış, yalnız arada-sırada cüzi məbləğlər ödənilmişdir. Azadəyə ümumi 3 ilə yaxın baxmış, onu mərhumun əmisi qızı Xavərin yoldaşı Səməd Azadəyə baxıcı tutmuş, əvvəl mərhumun evində baxmış, sonra öz evinə gətirmiş və birlikdə yaşamağa başlamışlar. Mərhumun özü əmisi qızı Xavər ilə əlaqədə olmaq istəməmiş, cavabdehə “məni Xavərə vermə” demişdir. Eyni zamanda nə Xavər, nə də onun yoldaşı mərhumun vəziyyəti ilə maraqlanmamışlar, bu səbəbdən mərhumun vəziyyəti pisləşəndə yalnız keçmiş əri Rafiqə məlumat vermişdir. Azadə Əfəndiyeva əmlaklarını öz dili ilə ona vəsiyyət etmiş, onun Qazaxstanda qardaşının olduğunu bilməmişdir. Nə Azadə özü, nə də Xavər ona bu barədə məlumat verməmişlər, yalnız əmisi uşaqlarının olduğunu bilmişdir. Azadə Əfəndiyevanın psixoloci vəziyyəti normal olmuş, sağ qolu işləmiş, lakin gəzə bilmədiyindən arabada hərəkət etmişdir. O, Qazax rayonuna qardaşı qızının nişanına getməli olanda Xavərdən müvəqqəti Azadə xanıma baxmağı xahiş etmişdir. Xavər «Mən baxa bilmərəm, sən də baxma» deyərək baxmaqdan imtina etmiş, o da məcburən onu özüylə Qazax rayonuna qohumlarına evinə aparrmışdır. Azadə xanım özü də getmək istəmişdir. Orada bir həftəyə yaxın qalmışdılar. Azadə xanım onu çox sevmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş şahid X15 ifadə verərək qeyd etdi ki, o, mərhum Azadə Əfəndiyevanın keçmiş əridir, Ceyran xanımı Azadənin əmisi qızı Xavər Azadəyə baxıcı kimi tutmuş, aylıq 250-300 manat əmək haqqı ödəmişdir. O, öz tərəfindən cavabdehə həftəlik təxmini 50-100 manat pul vermişdir. Azadə ilə Xavərin münasibəti yaxşı olmuşdur. Azadənin beyni pozulmuşdu, sərbəst şəkildə özü barədə qərar verə bilmirdi. Ceyran xanım Azadəni Əmircana aparanda ondan icazə almamış, şahid baxıcının evinə heç getməmiş, lakin mərhumla telefon əlaqəsi saxlamışdır. Əlavə olaraq Ceyran xanım Azadəni 2-3 günlük Qazaxa aparmaq üçün ona müraciət etmiş, lakin icazə verməməsinə baxmayaraq yenə də aparmışdır. Bundan başqa qeyd etdi ki, mərhumun qardaşı Əzimi görməmiş, onunla danışmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş X3 ifadə verərək qeyd etdi ki, o, mərhum Azadə Əfəndiyevanın əmisi qızıdır. Azadə Bakı Sağlamlıq Mərkəzində yatıb, xəstəxanadan çıxdıqdan sonra bir müddət ona baxmış, sonradan baxıcı axtarmağa başlamış və Ceyran xanımı əmək haqqısı ayda 300 manat olmaqla baxıcı kimi tutmuşdur. Gündüzlər Ceyran baxırdı, axşamlar və həftəsonuları isə o, özü baxırdı. Sonradan Ceyran əmək haqqısının artırılmasını xahiş etmiş və onlar 750 manat ödəməyə başlamışdılar. Bundan başqa mərhumun bankda əmanəti vardı, aylıq hesablanmış faizlər də Ceyrana ödənilirdi, ümumi təxmini 1000 manatdan artıq ödənilirdi. Bir müddətdən sonra Azadə ona Ceyrandan şikayətlənməyə başlamış, lakin onun ağlı başında olmadığını bildiyindən, dediklərinə əhəmiyyət verməmişdir. Bir gün Azadəni görməyə gəldiyində və qapını açar ilə açmaq istəyəndə, qapının qıfılının dəyişildiyinin şahidi olmuş, qapını heç kim açmamışdır. Ceyrana zəng etmiş, o, isə Azadəni bir neçə günlük Qazaxa istirahətə apardığını bildirmişdir. Bir dəfə Ceyranın evinə getmiş, onun yaşadığı mənzilin qapısının olmadığı və mənzilin çox natəmiz olduğunu görmüşdür. Azadə onunla getmək istəmiş, lakin Ceyran imkan verməmişdir. Azadəyə zəng etdiyində Ceyran müxtəlif bəhanələr gətirərək onunla danışdırmırdı, Azadənin anası tərəfindən qohumları var, onlar da əlaqə saxlaya bilmirdilər, əlavə olaraq iş yoldaşları da onunla danışa bilmirdilər. Qardaşı Əzimlə gündəlik əlaqələri var idi, Azadəni ona görə Ceyranın evindən götürmədi ki, onun maddi vəziyyəti pis idi, həm də yoldaşı xəstə idi. Azadənin bütün əmlaklarını Ceyrana vəsiyyət edəcəyi ağlına gəlməmişdir. X16 bir qardaşı olduğundan xəbəri var idi. Qonşulardan bir neçə nəfər ona məlumat vermişdir ki, Ceyran evə çoxlu adam yığır, o, pis baxıcıdır, lakin o, qonşuların sözlərinə əhəmiyyət verməmişdir. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı xx.xx.1991-ci il tarixdə Mangistau vilaytəinin Şevçenko şəhərində (Qazaxstan Respublikası) doğulmuşdur (Aktau şəhəri VVADQ şöbəsi tərəfindən verilmiş ******* №-li doğum haqqında şəhadətnamə).. X11 xx.xx.1960-cı il tarixdə Bakı şəhərində doğulmuşdur (988532 №-li doğum haqqında şəhadətnamə). Onların hər ikisinin ataları X5r, anaları fərqlidir. Yəni, İddiaçı və X11 ögey qardaşbacı olmuşdular. X11 ilə X17 nikahları xx.xx.2018-ci il tarixdə Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən ləğv edilmişdir (291106 №-li nikahın pozulması haqqında şəhadətnamə). Efendiyeva Azadənin atası X8 xx.xx.2011-ci, anası X12 xx.xx.2014-cü il tarixdə ölmüşdülər (450382 və 684105 №-li ölüm haqqında şəhadətnamələr). X6 uşaqları olmamışdır. X11 xx.xx.2022-ci il tarixdə «beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri» səbəbindən ölmüşdür. Azadə Efendiyevanın mülkiyyətində aşağıdakı əmlaklar olmuşdur:

1. ünvan 1;

2. Qusar şəhəri, Rəsulbəyov küçəsi, ev 74. Cavabdeh2 X6 xəstəlik dövründə öldüyü günədək baxıcısı olmuş, onu aparıb doğma rayonu Qusarda dəfn etmişdir. X11 Cavabdeh2 xx.xx.2020-ci il tarixdə bütün əmlakına dair reyestrdə 2V-144 nömrə ilə qeyd edilmiş vəsiyyətnamə vermişdir (4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisinin notariusu Hacıyeva Hicran Qismət qızı tərəfindən təsdiq edilmişdir). Həmin vəssiyətnamə hazır blankda X11 tərəfindən şəxsən tərtib edilmiş, notariusun iştirakı ilə şəxsən imza edilmiş, vəsiyyət edənin şəxsiyyəti müəyyən edilmiş, fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Cavabdeh2 xx.xx.2022-ci il tarixdə X4 miras qalmış əmlakın qəbulu barədə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisininə müracət etmiş, vərəsəlik işi açılmışdır. İddiaçı bacısından miras qalmış əmlakların qəbul edilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə 4 saylı Bakı Cavabdeh3ndə Notariat Ofisininə müracət etmişdir. Notarius Hacıyeva Hicran Qismət qızı xx.xx.2022-ci il tarixli, 204 №-li məktubunda X6 bütün əmlaklarını Cavabdeh2 vəsiyyət etdiyi bildirilmiş və İddiaçı məcburi payı olmadığı üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. X11 xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək X30 stasionar müalicədə olmuşdur. Həmi dövrə aid olan 3009 №-li xəstəlik tarixi məhkəməyə təqdim edilmişdir. Həmin xəstəlik tarixində görünür ki, X6 huşu bir müddət ala-qaranlıq olsa da, sonradan huşu ayıq olmuşdur. xx.xx.2019-cu il tarixdə xəstə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır. Bakı şəhər Baş Səhiyyə İdarəsi 20 saylı şəhər poliklinikasının baş həkimi Q.Rzayev tərəfindən 33 saylı vəkil börosuna ünvanlanmış xx.xx.2022-ci il tarixli, 37 №-li məktubdan görünür ki, X11 20 saylı poliklinikada xx.xx.2019-cu il tarixdə “şəkərli diabet 2ci tip, orta ağır forma» diaqnozu ilə dispanser qeydiyyatda olub, xx.xx.2019-cu il tarixdə «beyindaxili qansızma, beyin qan dövranı kəskin pozğunluğu, sağ yarımkürədə intra parinximatoz qansızma, spastik hemiplegiya sol tərəfli» diaqnozları ilə müddətsiz 1 dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi TƏBİB X36 Publik Şəxs tərəfindən 33 saylı vəkil börosunun müdiri Elxan Suleymanlıya (iddiaçının nümayəndəsi) göndərilmiş xx.xx.2022-ci il tarixli, 914 №-li məktubdan görünür ki, X11 xx.xx.2019-cu il tarixdə X37 Stansiya Briqadasının müşayəti ilə X32 gətirilmiş, anamnestik məlumata əsasən xəstə bir neçə ay bundan əvvəl insult keçirmişdir. «Beyin qan dövranının pozulması, sağ yarımkürədə intraparenximatoz qansızma, hipertoniya xəstəliyi İİİ mərhələ, əsas xəstəlik – sol tərəfli hemiplegiya, yan xəstəlik – hipertonik angiopatiya, şəkərli diabet İİ tip, orta ağır forma» diaqnozu qoyulmuşdur. Həmin dövrü əhatə edən xəstəlik tarixindən görünür ki, X9 əsasən ürəyi ilə əlaqədar müalicə aparılmış və o, xx.xx.2019-cu il tarixdə yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır. X6 "xxxx" ASC-yə əmanət müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixdə 27000 manat, xx.xx.2019-cu il tarixdə 23000 ABŞ dolları yerləşdirmiş, ləğv prosesində olan Bankda sığorta hadisəsi baş verdikdən sonra X9 xx.xx.2022-ci il tarixdə 66738 manat kompensasiya ödənilmişdir. Efendiyeva Azadə xx.xx.2022-ci il tarixdə öldüyündən məhkəmə 2022-ci ili texniki səhv kimi qəbul etmiş və cavabdehin də izahatına əsasən tarixi xx.xx.2021-ci il kimi qəbul etmişdir. İddiaçının vəkili E.Suleymanlının sorğusuna əsasən Medika Hospitalın həkimnevropatoloqu Malk E.Əliyev tərəfindən X6 xəstəlikləri fonunda öz hərəkətlərininin, qəbul edilən qərarların nəticələrini və ətrafda gedən prosesləri adekvat olaraq qavramaq imkanları haqqında rəy hazırlanmışdır. Həmin rəyə əsasən baş beyin damar xəstəlikləri koqnitiv funksiyaların pozğunluğuna gətirən amillər sırasındadır, koqnitivlik – dərk etmə və xarici informasiyaları mənimsəmək qabilliyyəti, diqqətlik, yadasalma, öyrənmə, yaradıcılıq, əsaslandırma, iradə, inam, düşüncə, davranış və sair pozğunduqdur, koqnitiv pozulmaların pozulma dərəcəsindən bilavasitə asılıdır, şəkərli diabet fonunda və mütəmadi müalicə olunmadığı təqdirdə xəstəlik əlamətlərinin şiddətlənməsi labüddür, bu zaman qeyd olunan pozuntular dərinləşir, yaddaşın kobud enməsi müşahidə olunur, xəstəliyin dərinliyindən və şiddətindən asılı olaraq xəstənin normal həyata qayıtması fərdiyyətə bağlıdır, ağırlaşdırıcı halların (xəstəliklərin) olması ilə sıx əlaqəlidir, koqnitiv pozuntular demensiyaya yol açdığı təqdirdə xəsətnin şüuru və davranışı pozulur, psixi statusun pozulması yaranır, bu halda xəstə öz hərəkətləri barədə şüurlu mühakimə yürydə bilmə imkanlarını itirir. Hazırda iddiaçı bacısının anlaqsız olduğunu, anlaqsız vəziyyətdə vəsiyyətnaməni imzaladığını iddia edir, həmin vəsiyyətnamənin etibarsızlığının, özünün bacısının vərəsəsi kimi tanınmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanunsuz və əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar; 1159.2—ci maddəsinə görə, ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1167—ci maddəsinə əsasən vəsiyyətnamənin tərtib edildiyi məqamda öz hərəkətləri barəsində şüurlu mühakimə yürüdə bilən və öz iradəsini aydın ifadə edə bilən yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli şəxs vəsiyyət edə bilər. 1168-ci maddəsinə əsasən vəsiyyətnaməni şəxsən vəsiyyət edən tərtib etməlidir. Vəsiyyətnamənin nümayəndə vasitəsilə tərtibinə yol verilmir. 1179.1-ci maddəsinə görə vəsiyyətnamə yazılı formada tərtib edilməlidir. Həm də notariat formasında və ya bunsuz yazılı vəsiyyətnaməyə yol verilir. 1179.2-ci maddəsinə əsasən notariat forması tələb edir ki, vəsiyyətnaməni vəsiyyət edən tərtib etsin və imzalasın, notarius, notariusun olmadığı yerlərdə isə müvafiq icra hakimiyyəti orqanları təsdiqləsin. 1193.1-ci maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir Qeyd edildiyi kimi, mərhum X11 vəsiyyatnaməni hazır blankda özü doldurmuş və notairusun işitrakı ilə şəxsən izalamışdır. X6 anlaqsız olması barədə iddiaçnın mövqeyinə dair məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 28.1-ci maddəsinə görə, fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. 31.1-ci maddəsinə əsasən fiziki şəxs heç bir halda hüquq qabiliyyətindən məhrum edilə bilməz. Fiziki şəxsin hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti yalnız qanunla müəyyənləşdirilmiş hallarda və qaydada məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 317.2-ci maddəsinə əsasən əhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloci) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Hazırki işin faktiki hallarından da göründüyü kimi, X11 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilməmiş, onun üzərində qəyyum təyin edilməmişdir. Onun qardaşı, hazırki iş üzrə iddiaçı olan İddiaçı belə bir ərizə ilə məhkəməyə müraciət etməmişdir. Qeyd edildiyi kimi, X11 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixdə xəstəxana tərəfindən yaşadığı ərazi üzrə sahə nevropatoloqun nəzarəti altında evə yazılmışdır. Məhkəmə hesab edir ki, X11 anlaqsız vəziyyətdə olmuş olsaydı, o, evə psixiatr nəzarəti altına yazılardı, psixiatra onun fəaliyyət qabiliyyəti ollmaması barədə qohumlarına və ya psixiatriya müəssisəsinə məhkəməyə müraciət etmək üçün tövsiyyə olunardı. Qeyd edildiyi kimi, X11 iki dəfə xx.xx.2019-cu və xx.xx.2019-cu il tarixlərdə, yəni artıq xəstələnəndən sonra, Banka əmanət yerləşdirmiş və xx.xx.2021-ci il tarixdə, yəni vəsiyyatnamədən sonra, həmin əmanəti çıxartmışdır. Göründüyü kimi, o, fəaliyyət qabiliyyətli şəxs kimi davranmışdır. Bundan başqa, notarius tərəfindən onun fəaliyyət qabiliyyəti yoxlanılmışdır. Yuxarıda qeyd olunan Medika Hospitalın həkim-nevropatoloqu tərəfindən verilmiş rəyə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin rəy nəzəri xarakter daşıyır, xəstəliklərin tibbi ədəbiyyata istianadən ümumi gedişatını izah edir. Həmin rəydə də xəstənin normal həyata qayıtmasının fərdiyyətlə bağlılığı qeyd olunur. Hazırda həyatda olmayan şəxsin fərdiyyətini müəyyən etmək mümkün deyil. Şahid ifadələrinə dair məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin ifadələr hazırki işdə maraqları olan şəxslər tərəfindən səsləndirilmişdir. Şahid X1 Ceyran tərəfindən mərhum Efendiyeva Azadəyə çox pis baxdığını, onu natəmiz şəraitdə, qapısız evdə saxladığını iddia edir, lakin bu halı aradan qaldırmaq üçün hər hansı bir hərəkət etməməyinin səbəbini izah edə bilməmişdir. Şahid mərhumun əmlakı, bankda əmanəti olduğunu və özünün dediyniə görə onun ağlının başında olmadığını bildiyi halda, qardaşına bu barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət etdi:

İddiaçı iddiası rədd edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu rayon məhkəməsi vasitəsilə Bakı Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar