Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2103/2025 28.11.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mehtiyev Əli Fikrət oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "vurulmuş maddi ziyanın ödənilməsi" tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehdən 7976,31 manat maddi ziyan, ödənilmiş 60 manat mediasiya xərci və 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh "satıcı-kassir" vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "baş satıcı" vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əlavəyə əsasən "administrator" vəzifəsinə keçirilmiş, onunla həmin tarixdə "X4 haqqında" müqavilə bağlanmışdır. Cəmiyyətin xx.xx.2024-cü il tarixli 17-x nömrəli əmri ilə cavabdeh işdən azad edilmişdir. "xxxx" MMC-nin "Növbədənkənar inventarizasiyanın aparılması haqqında" xx.xx.2024-cü il tarixli 190 nömrəli əmrindən göründüyü kimi, "Oba–Buzovna 1" mağazasında administator işləyən cavabdehin öhdəsində olan maddi ehtiyatların yoxlamasını aparmaq məqsədilə daimi fəaliyyətdə olan inventarizasiya komissiyasının tərkibində işçi qrupu yaradılmış, cavabdehin öhdəsində olan maddi ehtiyatların maddi məsul şəxslərin (mağazanı təhvil verən və təhvil alan administratorların) bilavasitə iştirakı ilə fiziki sayılaraq yoxlaması tapşırılmışdır. Cavabdehin administrator (maddi məsul şəxs) olduğu mağazada xx.xx.2023-cü il - xx.xx.2024-cü il tarixləri üzrə aparılmış inventarizasiya nəticəsində tərtib edilmiş "İnventarizasiya nəticələrinə dair akt"a əsasən cavabdehin iddiaçıya 9325,67 manat məbləğində maddi ziyan vurması (çatışmazlıq) aşkar edilmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş "İnventarizasiya Komissiyasına İltizamnamə"dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, öhdəliyində olan bütün çeşid mallar sayılmış, sayılan miqdarlar yoxlanılmış, sonda artıq və əskik mallardan xəbərdar olmuşdur. İnventarizasiya yoxlamasının nəticələri ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələri ilə bağlı izahat verməsi və müvafiq sənədləri imzalaması üçün ona xəbərdarlıq məktubları göndərilsə də, cavabdeh ziyanla bağlı izahat verməkdən və müvafiq sənədləri imzalamaqdan imtina etmişdir ki, bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış "X4 haqqında Müqavilə"nin 3.3-cü bəndinə müvafiq olaraq imtina aktlarını tərtib etmişlər. Cəmiyyətin xx.xx.2024-cü il tarixli maliyyə arayışından göründüyü kimi, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra Cavabdeh yekun olaraq qalıq borcu 7976,31 manat təşkil edir. Qalıq borcunun ödənilməsi barədə ona dəfələrlə müraciətlər edilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 630 nömrəli "İşə qəbul etmə haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən "xxxx" MMC-yə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli "Əmək müqaviləsi"ndən görünür ki, Cavabdeh xx.xx.2021-ci ildən "xxxx" MMC-yə 1 ay müddətinə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 260 nömrəli "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən "xxxx" MMC-də Baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən "xxxx" MMC-də Baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 389 nömrəli "Vəzifə dəyişikliyi haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən "xxxx" MMC-də administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli "Əmək müqaviləsinə əlavə"dən görünür ki, Cavabdeh xx.xx.2022-ci ildən "xxxx" MMC-də administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 17-x nömrəli "İşdən azad edilməsi haqqında" əmrdən çıxarışdan görünür ki, Cavabdeh ilə olan əmək müqaviləsinə xx.xx.2024-cü ildən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 "a" (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xitam verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "xxxx" MMC-nin arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə ümumi borcu 7976,31 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2024-cü il tarixli "Xəbərdarlıq" məktubundan görünür ki, iddiaçı Cavabdeh vurulmuş ziyanın ödənilməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli "İmtina aktı"ndan görünür ki, Cavabdeh inventarizasiya nəticələri barədə müvafiq aktları təsdiqləməkdən imtina etmişdir. İş materiallarında olan "xxxx" MMC və Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli "X4 haqqında müqavilə"dən görünür ki, cavabdeh ona etibar edilmiş əmlakı, maddi sərvətlərin tam qayğısına qalmağı, işəgötürənə ziyan vurmamağı, öhdəsində olan maddi sərvətlərin hesabatını dəqiq aparmağı və rəhbərliyə təqdim etməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı və qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda; Təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; Təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. 192-ci maddəsinin 2-ci bəndinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. 203-cü maddəsinin 1-ci bəndinə əsasən işəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır. 203-cü maddəsinin 2-ci bəndinə əsasən araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. İlk öncə qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Belə ki, əmək hüququnda yalnız vurulmuş faktiki (həqiqi) ziyanın ödənilməsi nəzərdə tutulur, işçi yalnız qanunda nəzərdə tutulmuş hallarda X4ə cəlb olunur. Bir qayda olaraq, işçi bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində isə vurulmuş ziyan tam həcmdə ödənilir, habelə əldən çıxmış fayda da ödənilə bilər və..s Əmək Məcəlləsinin 191-ci maddəsinin 2-ci bəndinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır. Ziyanın həqiqətən vurulduğu aşkar olduqda, təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda, təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. İşəgötürən və işçinin qarşılıqlı maddi məsuliyyətinin yaranması üçün yuxarıda qeyd olunan şərtlərin eyni zamanda mövcud olması zəruridir. İşdən göründüyü kimi xx.xx.2022-ci ildən Cavabdeh "xxxx" MMC-də administrator vəzifəsinə keçməklə həmin gün onunla tutduğu vəzifənin şərtləri gərəyi “Maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Qanunverici həmçinin təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə müvafiq olaraq, tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürən və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyətin yaranmasının sübut edilməsi yükü tərəflər arasında bölünür. İşəgötürən konkret işçinin ona ziyan vurduğunu iddia etdikdə, həqiqətən həmin işçi tərəfindən ziyan vurulduğunu və bu ziyanın məbləğini, işçi isə ziyanın onun tərəfindən vurulmadığını sübut etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 198,199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla digər hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. Beləliklə, işçi əmək münasibətləri prosesində işəgötürənə ziyan vurmuş və bu lazimi qaydada rəsmiləşdirilmişdirsə, işçi ziyan ödəməkdən imtina edərsə işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Həmin Məcəllənin 200-cü maddəsinə əsasən, istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X4 daşıması barədə yazılı müqavilə bağlaya bilər. İşlərin yerinə yetirilməsinin, xidmətlərin göstərilməsinin xarakterindən asılı olaraq işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı müəyyən kollektiv üzvlərinin hər birinin maddi məsuliyyəti dərəcəsini müəyyən etmək, habelə onlarla X4 barədə yazılı müqavilə bağlamaq mümkün olmadığı hallarda kollektiv (briqada) məsuliyyət haqqında müqavilə bağlanıla bilər. Hazırki mülki iş üzrə İddiaçı MMC-nin dəlillərindən biri onlar arasında olan maddi məsuliyyət haqqında müqavilədir. Həmin müqavilənin mövcudluğu ilə yanaşı işəgötürənə işci tərəfindən ziyanın vurulmasını işdə olan Cavabdeh özünün iştirakı ilə tərtib olunmuş üzləşmə aktları, həmçinin iş üzrə alınmış auditor rəyi ilə müəyyən etmək olur. Həmçinin İddiaçı MMC tərəfindən ona maddi ziyanın məhz Cavabdeh tərəfindən vurulmasını təstiq edən kifayət qədər sübutlar təqdim edilmiş, o cümlədən inveritarizasiya aktları maddi ziyanın onun məbləğinin və vurulma vaxtının müəyyən edilməsinə yardım etmişdir. Həmin inventarizasiya zamanı tərtib edilmiş cavabdehin öz əlyazması və imzası ilə təsdiq edilmiş “İnventarizasiya Komissiyasına İltizamnamə”dən göründüyü kimi, cavabdeh sayımda tam olaraq iştirak etmiş, öhdəliyində olan bütün çeşid mallar sayılmış, sayılan miqdarlar yoxlanılmış, sonda artıq və əskik mallardan xəbərdar olmuşdur. Eləcə də, inveritarizasiya keçirərək iddiaçıya ziyan vurulması və bununla bağlı cavabdeh izahatı alınması üçün dəvət olunsa da, iştirak etməmiş və bununla bağlı komissiya üzvləri tərəflər arasında bağlanmış “X4 haqqında Müqavilənin” 3.3-cü bəndinə müvafiq olaraq İmtina Aktı tərtib etmişlər. Belə ki, işin araşdırılan halları ilə də müəyyən olunur ki, dəymiş ziyanla cavabdehin hərəkəti arasında səbəbli əlaqə mövcutdur. Hazırki işin materiallarından da göründüyü kimi iddiaçı vurulmuş ziyanda cavabdehin təqsirini onun tərəfindən imzalanmış İnvertarizasiya nəticələrinə dair yekun akt”larla, iltizamnamə və audit rəyi ilə əsaslandırmışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 iyul 2023-cü il tarixli Qərarında formalaşmış hüquqi mövqeə əsasən hüquqi məsuliyyətin bir növü olan maddi məsuliyyət əmək müqaviləsinin bir tərəfinin (işçinin və ya işəgötürənin) digər tərəfə əmək müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsi zamanı təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurduğu ziyanı qanunvericiliklə müəyyən olunmuş qaydada və həddə ödəmək vəzifəsini nəzərdə tutur. Qeyd edilməlidir ki, əmək münasibətlərində maddi məsuliyyət məqsəd və vəzifələrinə, subyektlərinə, maddi məsuliyyətin həddi və onun müəyyən edilməsi şərtlərinə və qaydasına görə mülki hüquqi məsuliyyətdən fərqlənir. Göründüyü kimi, istər işəgötürən, istərsə də işçi əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə mülki qanunvericilik normaları əsasında deyil, əmək qanunvericiliyi normaları əsasında maddi məsuliyyət daşıyır və vurulmuş ziyanın ödənilməsi ilə bağlı tərəflər arasında hər hansı mülki hüquqi müqavilənin bağlanması tələb olunmur. Yuxarıda istinad olunan Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən məhkəmələrə izah olunmuşdur ki, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılmasının istisna edildiyi göstərilmişdir. Belə olan halda, cavabdeh borcun etirafına dair sənəd imzalamış olsa belə, bu iddiaçının tələbini təsdiq edən müstəsna bir sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin hallarına və tədqiq edilmiş sübutlar məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 7976,31 manat məbləğində zərər, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Vurulmuş maddi ziyanın əvəzi olaraq 7976,31 manat, mediasiya xərci kimi ödənilmiş 60 manat, məhkəməyə dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev.
Məhkəmə qərarları › İş №e-2(008)-2103/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2103/2025
28.11.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver