Məhkəmə qərarları › İş №e-2(008)-2133/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2133/2025

15.05.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2133/2025 15.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı “faktiki bölgü aparılmaqla mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə payı müəyyən olunan fərdi ev və torpaq sahəsinə faktiki bölgü aparılmaqla mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi əsasında cavabdehlə aralarında olan nikah münasibətlərinə xitam verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(008)-4683/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 1/3 hissəsinin yarısına mülkiyyət hüququ tanınmışdır. ünvan 1 ünvanında yerləşən yaşayış evi və torpaq sahəsinin 1/3 hissədə pay müəyyən olunmaqla mülkiyyətinə keçmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 156 kv.m fərdi tikinti və 0,08 ha torpaq sahəsinə 1/6 hissə olmaqla payı müəyyən edilmişdir. Məhkəmə qətnaməsi mövcud olmasına baxmayaraq, yaşayış şahəsinə köçməsi üçün manelər törədilir. Bununla əlaqədar aralarında yaranan problemlərlə bağlı mübahisəslərin alternativ həlli qaydada tənzimlənməsinə, əgər bu alınmazsa mübahisənin məhkəmə vasitəsi ilə davam etdirilməsinə zərurət yaranmışdır. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsini və mediasiyaya dair xərclərin arasında bərabər şəkildə bölünməsini təklif etsə də, nəticəsiz olmuşdur. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən İddiaçı ünvan 1 ünvanında yerləşən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 1/6 hissədə pay müəyyən olunan fərdi yaşayış evi və torpaq sahəsinə girişinə yaradılan maneənin aradan qaldırılmaqla mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin və vəkilinin izahatını dinləyib və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qarayev küçəsi ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinin və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evinin 1/6 hissəsi xx.xx.2024-cü il tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmçinin, qeyd olunan fərdi yaşayış evinin və torpaq sahəsinin 1/6 hissəsi Cavabdeh1, 1/3 hissəsi Cavabdeh2, 1/3 hissəsi Cavabdeh3 məxsusdur. - İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli MŞB/6-00621 nömrəli arayışdan və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasında iştirak etmiş İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 49.60 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 51 manat dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-4683/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı mülkiyyət hüququnun tanınması tələbinə dair iddiasının qismən təmin edilərək, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin 1/3 hissəsinin yarısına iddiaçının mülkiyyət hüququnun tanınması qət edilmişdir. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri 14 saylı Vəkil Bürosunun hesabına 280 manat məbləğində pul ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qarayev küçəsi ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evi tərəflərin paylı mülkiyyətindədir. Cavabdeh1 iddiaçının keçmiş arvadıdır, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə onların uşaqlarıdır. Ailə münasibətlərinin pozulmasının nəticəsi olaraq, iddiaçının mübahisəli fərdi yaşayış evinə və torpaq sahəsinə daxil olmasına, evdə yaşamasına cavabdehlər tərəfindən maneçilik törədilmiş və iddiaçı başqa yaşayış yeri olmadığından hüquqlarının təmin olunması məqsədi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisəli daşınmaz əmlak iddiaçı ilə cavabdehlərin ümumi birgə əmlakıdır. Ona görə də cavabdehlərin iddiaçını həmin əmlaka daxil olmağa maneçilik törətmək və evdə yaşamaqdan məhrum etmək səlahiyyətləri yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. İddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ var. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsində göstərilmişdir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Beləliklə, işin hallarına əsasən İddiaçı Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qarayev küçəsi ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsi və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evi üzərində davamlı şəkildə maneəsiz mülkiyyət hüquqlarını həyata keçirmək imkanının məhdudlaşdırılmasına Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozulması kimi baxılmalıdır. İnsan hüquqları üzrə Avrpa Məhkəməsinin presedent hüquq baxımından, «Loizidu Türkiyəyə qarşı» işi üzrə məhkəmə qeyd etmişdir ki, «mülkiyyətə müdaxilə şübhəsiz ki, öz əmlakından maneəsiz istifadə hüququna müdaxilə kimi 1 saylı Protokolun 1-ci maddəsinin birinci cümləsində yer alan normanın qüvvəsi altına düşür. Bununla əlaqədar olaraq məhkəmə hesab edir ki, hüquqi xarakterli maneə kimi, bu hüququn həyata keçirilməsinin faktiki qeyri-mümlünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər» (Loizidou v. Turkey, xx.xx.1996, § ЫЫ, B, h63.) Beləliklə, məhkəmə qeyd etmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququnun faktiki qeyri-mümkünlüyü də Konvensiyanın pozulmasına səbəb ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarakterinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Nəzərə alınmalıdır ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Mənzildən və digər yaşayış sahəsindən məhrumetmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil və digər kimi yerlər üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun. Əgər həmin şəxsin belə bir hüququ yoxdursa məhrumetmə qanunsuz sayılır. Baxılan iş üzrə iddiaçının köçmək istədiyi yaşayış sahəsi xüsusi mülkiyyətində olduğundan, cavabdehlərin iddiaçıya qarşı törətdiyi məhrumetmə (evdə yaşamasına mane olma) qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı 1/6 hissədə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qarayev küçəsi ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evinə girişinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı və İddiaçı həmin fərdi yaşayış evinə köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı 1/6 hissədə mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Qarayev küçəsi ev 9/8 (Yeni qaydalarla: AZ 1112, Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Ziya Bünyadov 3-cü döngə giriş 56) ünvanında yerləşən, ümumi sahəsi 0.08 ha olan torpaq sahəsinə və ümumi sahəsi 156.50 kv.m olan fərdi yaşayış evinə girişinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan maneələr aradan qaldırılsın və İddiaçı həmin fərdi yaşayış evinə köçürülsün. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar