Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-221/2024 06.12.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh, cavabdehin vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı "ünvan 1 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və əldə edilmiş pul vəsaitinin iddiaçı və cavabdeh arasında bölüşdürülməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı "ümumi paylı mülkiyyətdə olan ünvan 1 ünvanında yerləşən mənzilin qiymətləndirilərək dəyərinin 1/2 hissəsini cavabdehə ödəməklə cavabdehin həmin mənzilə mülkiyyət və istifadə hüququna xitam verilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, Cavabdeh ilk olaraq ona qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 2(008)-84/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, Cavabdeh ona qarşı "ünvan 2 ünvanında yerləşən mənzilin Cavabdeh mülkiyyətində olan 1/2 hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər Cavabdeh və İddiaçı arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi" barədə iddiası təmin edilməmişdir. Suraxanı Rayon MKTB-nin 62 nömrəli MKİS-nin 68 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 3 ünvanında yaşayır və həmin mənzil 30/109491 nömrəli xx.xx.1996-cı il tarixli çıxarışla Cavabdeh məxsusdur. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Abdullayev küçəsində yerləşən 36 nömrəli evin 1-ci mənzilinin yaşayış sahəsinin cəmi 29 kv.m olması tərəflərin ailə üzvlərinin birlikdə birgə yaşamasına imkan vermir, onun isə qeyd olunan mənzildən başqa yaşayış yeri yoxdur. Bu səbəbdən o, hazırkı iddianı məhkəməyə vermişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadına əsasən, mənzilin hazırkı real bazar qiymətinin müəyyən edilməsi məqsədilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən xx.xx.2024-cü il tarixli ekspert rəyi alınmışdır. Rəydə göstərilmişdir ki, qeyd olunan mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55000 manat məbləğində müəyyən olunur. Bundan sonra iddiaçı öz nümayəndəsi Vəkil vasitəsilə məhkəməyə iddianın dəyişdirilməsi barədə ərizə verərək iddia tələbini "ünvan 1 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və əldə edilmiş pul vəsaitinin iddiaçı və cavabdeh arasında bölüşdürülməsi" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul olunmuşdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, mənzilin hazırkı vaxta real bazar qiymətinin, eləcə də mənzilin (tikili) və üzərində yerləşdiyi torpaq sahəsinin birlikdə gələcək sahibkarlıq perspektivi üçün bazar dəyərinin müəyyən edilməsi məsədilə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə ekspertin "Məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat"ı mülki işlə birlikdə məhkəməyə göndərilmişdir. Daha sonra məhkəmə həmin ekspertizanın rəyinin hazırkı işin həllinə təsir göstərməyəcəyi qənaətinə gələrək rəy alınmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı zamanı İddiaçı iddianı müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirdi ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Abdullayev küçəsində yerləşən 36 nömrəli evin 1-ci mənzili tərəflərin mərhum analarından qalan miras əmlakdır. Həmin mənzilə iddiaçının və cavabdehin hər birinin 1/2 hissədə payı müəyyən edilmişdir. Payların müəyyən edilməsinə baxmayaraq tərəflər arasında mübahisə davam etməkdədir. İş üzrə keçirilmiş ekspertiza nəticəsində sözügedən mənzilin naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Eyni zamanda, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehin mübahisəli mənzilə köçürülməsi qət edilmiş, lakin qətnamənin icrası mümkün olmamışdır. Cavabdehin mülkiyyətində başqa əmlakı mövcuddur, iddiaçının isə miras mənzildən başqa yaşayış yeri yoxdur. Məhkəmə baxışı zamanı Cavabdeh iddianı etiraf etmədi və izahatında bildirdi ki, 20 ildir iddiaçı ilə onun arasında mübahisə gedir. O, iddiaçıya pul təklif edir, lakin iddiaçı qəbul etmir, çünki özü də evin dəyərinin az olduğunu bilir. Ekspert tərəfindən ev 2 il əvvəl 77000 manat məbləğində qiymətləndirilmişdir. Cavabdehin vəkili Nümayəndə iddia ilə razılaşmayaraq bildirdi ki, iddiaçının iddia tələbi səhvdir. Eyni zamanda, cavabdeh mənzilə qoyulmuş qiymətlə razı deyil. Cavabdeh iddiaçıya 22500 manat ödənilməsini təklif etsə də, razılıq əldə olunmamışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsassız hesab edir. Müəyyən edildi ki, tərəflər bacıdırlar. Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 1 nömrəli mənzili onların anası X2 məxsus olmuşdur. O, xx.xx.2001-ci ildə vəfat etdikdən sonra xx.xx.2006-cı ildə notariat kontoru tərəfindən İddiaçı adına "Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə" verilmiş və xx.xx.2006-cı ildə həmin mənzilə onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lakin Cavabdeh iddiasına əsasən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-2065/2007 nömrəli xx.xx.2007-ci il tarixli qətnaməsi ilə həmin mənzilə dair İddiaçı adına Bakı şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi qismən ləğv edilmiş, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh, qalan 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmişdir. Bundan sonra Cavabdeh İddiaçı qarşı mənzilin paylara uyğun təcrid olunmuş şəkildə mülkiyyətçilər arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin 2(008)-84/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Həmin qətnamədən görünür ki, ekspert rəyinə əsasən, mənzilin mülkiyyətçilərinin 1/2 paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsi və ayrılması texniki cəhətdən mümkün deyil. Bundan sonra İddiaçı Cavabdeh qarşı qeyd olunan mənzilin qiymətləndirilərək dəyərinin 1/2 hissəsini cavabdehə ödəməklə cavabdehin həmin mənzilə mülkiyyət və istifadə hüququna xitam verilməsi barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş, daha sonra isə iddia tələbini dəyişmiş və hazırda onun iddia tələbi qeyd olunan mənzilin hərrac yolu ilə satılması və əldə edilmiş pul vəsaitinin iddiaçı və cavabdeh arasında bölüşdürülməsindən ibarətdir. İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 2 otaqlı 1 nömrəli mənzili xx.xx.2006-cı ildə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2- 2065/2007 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 1 nömrəli mənzilinə dair İddiaçı adına Bakı Şəhəri 16 saylı dövlət notariat kontoru tərəfindən verilmiş vərəsəlik şəhadətnaməsi və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsi qismən ləğv edilmiş, həmin mənzilin 1/2 hissəsinə Cavabdeh, qalan 1/2 hissəsinə İddiaçı payları müəyyən edilmişdir. İşdə olan MH seriyalı ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış"dan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 2 otaqlı 1 nömrəli mənzili xx.xx.2008-ci ildə paylı mülkiyyət hüququ üzrə Cavabdeh 1/2 hissə, İddiaçı 1/2 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1830 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 1ci mənzilin mülkiyyətçilərin 1/2 paylarına uyğun naturada təcrid mənzillər şəklində bölünməsi və ayrılması texniki cəhətdən mümkün deyil. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2- 84/2022 nömrəli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı "Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi A.Abdullayev küçəsində yerləşən 36 nömrəli evin 1-ci mənzilinin mülkiyyətində olan 1/2 hissəsinin təcrid olunmuş şəkildə mülkiyyətçilər Cavabdeh və İddiaçı arasında naturada ayrılması və hər iki mülkiyyətçiyə ayrılmış paylarına müvafiq olaraq yaşayış sahəsinin yeni ölçülərinin müəyyənləşdirilməsi" barədə iddiası təmin edilməmişdir. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********2/3-12-3-30/2- 4921/2013 nömrəli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 1-ci mənzilin 1/2 hissəsi xx.xx.2008-ci ildə və Bakı şəhəri Suraxanı rayonu "V" yaşayış sahəsi 19 nömrəli evin 79-cu mənzili Cavabdeh adına qeydiyyatdan keçmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2-9/87xx-xx/8527 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Abdulla Abdullayev küçəsi 36 nömrəli evin 1-ci mənzilin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 55000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə hazırkı mübahisənin həlli üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin aşağıdakı normalarına istinad olunmasını zəruri hesab edir. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx.xx.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, "Ümumi paylı mülkiyyətin mülkiyyətçisi yalnız ona pul kompensasiyasının ödənilməsini tələb edə bilər. Həmin mülkiyyətçi digər mülkiyyətçilərə pul kompensasiyasının ödənilməsini tələb etmək hüququna malik deyil." Həmin Qərarda daha sonra deyilir ki, "... əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil." Bundan başqa, həmin Qərarda deyilir ki, "Ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmək yalnız müstəsna hallarda mümkündür (Mülki Məcəllənin 220.4-cü maddəsi). Ümumi paylı mülkiyyətin mülkiyyətçisinin ümumi əmlakın istifadəsində mühüm mənafeyinin olub-olmaması məsələsi məhkəmələr tərəfindən hər bir konkret halda tərəflərin təqdim etdikləri sübutları məcmu şəklində tədqiq etməklə və qiymətləndirməklə həll olunur. Həmin maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür: mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda." Müəyyən edildi ki, Cavabdeh məhkəməyə İddiaçı qarşı mənzilin naturada bölünməsi barədə iddia vermiş, lakin bölünmənin texniki cəhətdən mümkün olmaması müəyyən olunduğuna görə iddia təmin edilməmiş, bununla da birinci mərhələ başa çatmışdır. Bundan sonra İddiaçı məhkəməyə iddia verərək digər mülkiyyətçi Cavabdeh kompensasiya ödənilməsini xahiş etmişdir, halbuki o, kompensasiyanın digər mülkiyyətçiyə deyil, yalnız özünə ödənilməsini tələb edə bilərdi. Eyni zamanda, Cavabdeh ona kompensasiya ödənilməsinə razı olmamışdır. İddiaçı cavabdehin başqa yaşayış yerinin olmasına və ümumi mənzildən istifadədə mühüm mənafeyinin olmamasına, özünün isə başqa yaşayış yerinin olmamasına istinad edir. Lakin məhkəmə qeyd edir ki, cavabdehin razılığı olmadan ona kompensasiya ödənilə bilməsi üçün üç şərtin (mülkiyyətçinin payı cüzi olduqda; naturada ayrılması mümkün olmadıqda; ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda) eyni zamanda mövcud olması tələb olunur. İddiaçı cavabdehin payının cüzi olmasını iddia etmir, həm də iddiaçının və cavabdehin payları bərabər (1/2 hissə) olduğuna görə onlardan hər hansı biri digərinə nisbətdə cüzi sayıla bilməz. Bu isə Cavabdeh razılığı olmadan ona kompensasiya ödənilməsini istisna edir. Belə olan halda, İddiaçı cavabdehə kompensasiya ödənilməsi barədə iddiası ikinci mərhələ kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə uyğun olaraq, məhkəmənin hazırlıq iclası zamanı məhkəmə tərəfindən İddiaçı və onun nümayəndəsi Vəkil Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbləri, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyi barədə məlumat verildi, iddianı dəyişdirmək hüquqlarının olması onlara izah edildi, lakin iddiaçı və nümayəndəsi iddiaçının özünə kompensasiya ödənilməsini istəmədiyini, bu səbəbdən iddianı dəyişdirməyəcəklərini bildirdilər. Beləliklə, məhkəmə bu qənaətə gəldi ki, tərəflərin ümumi mülkiyyətində olan mənzilin naturada bölünməsinin texniki cəhətdən mümkün olmaması müəyyən edildikdən sonra İddiaçı özünə kompensasiya ödənilməsini tələb edə biləcəyi halda, bunu etmədən birbaşa mənzilin açıq hərracdan satılmasını tələb etdiyinə görə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, ekspertlərə verilməli olan məbləğlər də işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən xx.xx.2023-cü ildə ********** nömrəli qəbzlə ödənilmiş 100 manat məbləğində dövlət rüsumundan və xx.xx.2024-cü ildə keçirilmiş tikinti-texniki, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyərini təşkil edən 100 manat xərcdən ibarətdir ki, həmin məbləğ ödənilməmişdir. İddia təmin edilmədiyinə görə məhkəmə xərcləri iddiaçıya aid edilməli və 100 manat ekspertiza tədqiqatının dəyəri ondan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı "ünvan 1 ünvanında yerləşən mənzilin hərrac yolu ilə satılması və əldə edilmiş pul vəsaitinin iddiaçı və cavabdeh arasında bölüşdürülməsi" barədə iddiası təmin edilməsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin, ondan 100 manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X5.
Məhkəmə qərarları › İş №e-2(008)-221/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-221/2024
06.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver