Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-221/2025 08.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkil İsrafilov İsgəndər Babasən oğlunun iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən, faktiki istifadəsində olmuş 800 kv. metr torpaq sahəsinin (əlavə edilmiş eskiz sxemə əsasən) boşaldılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdir ki, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Bünyadzadə küçəsində yerləşən 800 kv.metr torpaq sahəsindən uzun müddət həyatyanı sahə kimi istifadə etmiş, torpaq sahəsi üzərində hüquqlarının rəsmiləşdirilməsi üçün Bakı şəhəri Bakıxanov Bələdiyyəsinə xx.xx.2006-cı il tarixində müraciəti əsasında, sahəyə yerində baxış keçirilmiş, ərazinin təsdiq edilmiş planlaşdırma həlli mövcud omadığı üçün torpaq sahəsinin ayrılmasına rəy verilməsi və çəkdirdiyi evinin layhəsinin razılaşdırmaq üçün bələdiyyə tərəfindən Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinə müraciət edilmişdir. Eskiz-sxemə əsasən həmin torpaq sahəsinin yerləşmə planı, eləcə də Bakı şəhəri, Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsinə çıxış yolu müəyyənləşdirilmişdir. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Bakı Şəhəri İcra hakimiyyıti Memarlıq və Şəhərsalma Baş İdarəsinə məktubla müraciət edərək, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə əsasən rəy verilməsi və fərdi yaşayış evinin layihəsinə razılıq verilməsi üçün məktubla müraciət edilmişdir. Sonradan maddi çətiniklə əlaqədar olaraq torpaq sahəsinin alqı-satqı qaydasında ona ayrılması üçün zəruri olan yerqurluşu sənədlərinə torpaq sahəsinin normativ qiyməti barədə rəyi əldə edə bilməmişdir. Qonşusuna məxsus 48 nömrəli fərdi yaşayış evi həmin torpaq sahəsinə bitişik olmuşdur. Bir müddət əvvəl isə qonşu tərəfindən həmin torpaq sahəsinə gedən yol zəbt edimiş, nəticədə ona məxsus torpaq sahəsinə gedən yeganə yol bağlanılmışdır. Halhazırda torpaq sahəsinə daxil olub çöl-ölçmə işləri aparmaq və torpaq sahəsindən istifadə etməsi mümkün deyildir. Məlumdur ki, qanunvericiliyin tələblərinə əsasən torpaq sahəsinin özbaşına zəbt edilməsi qanunla qadağan olunur. Həmin torpaq sahəsinə digər qonşu tərəfindən yol verilmiş və cavabdeh hüquqi şəxsin əməkdaşları tərəfindən daxil olunaraq torpaq sahəsi zəbt edildiyindən qanunvericiliyin tələblərinə əsasən zəbt edilmiş torpaq sahəsi, zəbt edənin vəsaiti hesabına boşaldımalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan, Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/1339 nömrəli məktubuna əsasən Sabunçu rayon Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsində olan torpaq sahəsinin eskiz-sxemi təstiq olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 800.0 kv.m təşkil etdiyi, (vətəndaş sahənin dəqiq yerini bilmir). Torpaq sahəsinin üzərində tikili olmadığı, iddia olunan 800.0 kv.m torpaq sahəsinə baxış iddiaçının nümayəndəsi və "xxxx" ASC-nin əməkdaşı ilə keçirilmişdir. Sözügedən sahə faktiki olaraq “Bakı Çayçəkici" ASC-nin istifadəsindədir. Təqdim edilmiş eskiz sxeminə əsasən torpaq sahəsinin yerləşməsi uyğun gəlir, eskiz sxemdə qeyd olunan yol faktiki olaraq digər qonşu sahə tərəfindən hasarlanaraq bağlanılmışdır. Qonşu sahəyə dair sənəd təqdim edilməyib. Mübahisəli torpaq sahəsinin cənub sərhədi boyunca yüksək gərginlikli (6 kVt-lıq) elektrik xətti keçir. Faktiki olaraq torpaq sahəsi ümumi hasardaxili sahənin bir hissəsi olmaqla giriş-çıxış yolu “Bakı Çayçəkici" ASC-nin ərazisindəndir. Vahid elektron kadastr baza məlumatlarına əsasən kənardan (vizual olaraq) göstərilən sahə "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.3699 ha torpaq sahəsinin qərbində dövlət mülkiyyəti torpağıdır. Təqdim edilmiş cizgidə dəqiq istinad yoxdur, ölçülər, məsafələr qeyd olunmayıb. Bundan əlavə sahə yüksək gərginlikli elektrik xəttinin mühafizə zonasında yerləşir. Bununla bağlı aidiyyəti təşkilatın rəyinin alınması məqsədəmüvafiq olması qeyd olunmuşdur. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə hesab edir ki, mülkiyyət hüququna dövlət tərəfindən təminat verilir. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi torpaq sahəsi üzərində mülkiyyət və onun növlərini müəyyən edir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən - Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə araşdırması zamanı Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2006-cı il tarixli, 18/03-8/1339 nömrəli məktubuna əsasən Sabunçu rayon Bakıxanov qəsəbəsi Bünyadzadə küçəsində olan torpaq sahəsinin eskiz-sxemi tərtib olunsa da, iddiaçının adına torpaq sahəsi ilə bağlı sahiblik və ya istifadəsində olmasını təstiq edən sərəncam, mülkiyyət hüququnu təstiq edən heç bir sənəd təqdim edilməmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyində, şərti sərhədlərlə göstərilən torpaq sahəsi faktiki olaraq 800.0 kv.m təşkil etdiyi, torpaq sahəsinin üzərində tikili olmadığı, sözügedən sahənin faktiki olaraq “Bakı Çayçəkici" ASC-nin istifadəsində olduğu, vahid elektron kadastr baza məlumatlarına əsasən kənardan (vizual olaraq) göstərilən sahə "xxxx" ASC-nin xüsusi mülkiyyətində olan 3.3699 ha torpaq sahəsinin qərbində dövlət mülkiyyəti torpağı olduğu müəyyən edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olduğundan həmin sahənin zəbt olunması və ya boşaldılaraq geri qaytarılması barədə tələblə məhkəməyə müraciət etməyə İddiaçı subyektiv hüququ yoxdur. Çünki, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarında da eyni hüquqi mövqeini təkrar edərək, subyektiv hüququn nədən ibarət olmasını vurğulamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlari və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh MMC-yə qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair tələbi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-221/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-221/2025
08.01.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver