Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-226/2023 18.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil3 Hökumalı oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar sahəsində yerləşən 5412 saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, həmin bağ sahəsində inşa edilmiş qanunsuz tikililərin sökülməsi, həmin bağ sahəsinin boşaldılması və ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 saylı Sərəncamına əsasən İddiaçı Azərbaycan SSR Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar Təsərrüfatı İnkişafı və X7 bağlar sahəsindəki ərazidən 0.12 ha torpaq sahəsi olan 5412 saylı bağ sahəsi ayrılmışdır. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 onun bir müddət bağa gəlməməsindən sui-istifadə edərək, ona qanuni əsaslarla ayrılmış bağ sahəsində qanunsuz olaraq evlər tikərək orada yaşamağa başlamışlar. Cavabdehlərin ona məxsus bağ sahəsində qanunsuz tikinti aparmalarından məlumatsız olmuş, xəbər tutduqda isə artıq gec olmuşdur. Cavabdehlərə torpaq sahəsinin ona məxsus olduğunu dedikdə, cavabdehlər həmin torpaq sahəsini aldıqlarını və qanuni əsaslarla yaşadıqlarını bildirmişlər. Qeyd etmək istəyir ki, o, dəfələrlə yaranmış mübahisənin sülh yolu ilə həll edilməsinə çalışmış və torpaq sahəsinin boşaldılmasını onlardan tələb etmişdir. Lakin cavabdehlər onun bu tələblərinə məhəl qoymamışlar. Digər tərəfdən, cavabdehlərin qanunsuz olaraq ona məxsus bağ sahəsini zəbt etmələri bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına mane olur. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyi ndəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin 1-ci maddəsinə əsasən vətənsdaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Cavabdehlərin onun mülkiyyətində olan bağ sahəsində tikililəri hər hansı razılıq alınmadan və qanunsuz olaraq inşa edildiyi üçün, onlar özbaşına tikinti hesab edilir və bu səbəbdən sökülməlidir. Beləliklə, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağları sahəsində yerləşən 5412 saylı bağ sahəsi qanunsuz olaraq cavabdehlər tərəfindən zəbt edildiyindən və onlar tərəfindən orada qanunsuz olaraq tikililər inşa olunduğundan, həmin tikililər cavabdehlərin hesabına sökülməli, cavabdehlər torpaq sahəsindən çıxarılmalı, torpaq sahəsi boşaldılmalı və iddiaçıya təhvil verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1, iddianı müdafiə edərərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddiaya etiraz edərək izahatında bildirdi ki, iddia tələbi əsassız olduğundan təmin oluna bilməz və iddiaçının ümumiyyətlə həmin iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, İddiaçı bir dəfə də olsun nümayəndəsi olduğu Cavabdeh2 ilə əlaqə saxlamamışdır. Ona görə də, torpağın ona məxsus olması barədə dəfələrlə cavabdehlə əlaqə saxladığını bildirməsi tamamilə yalandır. Yalnız bir dəfə 2022-ci ilin sentyabr ayında, gecə saat 22 radələrində quldurcasına spirtli içki qəbul etmiş 3 kişi qapını döyərək torpağın onlara məxsus olduğunu bildirmiş, bu barədə DİN-nin 102 xidmətinə şikayət etdikdən sonra oradan uzaqlaşmışlar. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 210 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı göstərilmiş, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin İddiaçı adına 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (sorğuya əlavə edilmiş 15 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Həmin məktubdan görünür ki, iddiaçının adı BTK üzvlərinin siyahısında göstərilsə də, orada bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmiş, həmçinin arxivdə torpağın ayrılmasına dair sənəd, yəni iddiaçının məhkəməyə təqdim etdiyi order aşkar edilməmişdir. Beləliklə, iddiaçı 0,12 hektar torpaq sahəsi olan 5412 saylı bağ sahəsinin arxivdə olmayan orderə əsasən ona məxsus olduğunu iddia edir. Arxiv sənədləri ilə təsdiqini tapmayan orderin hüquq müəyyənedici sənəd kimi məhkəmədə qəbul edilməsi yolverilməzdir. Bundan başqa, iddiaçının iddia etdiyi 5412 saylı bağ sahəsinin məhz cavabdehlərin istifadəsində olan torpaq sahəsi olduğu barədə də məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Həmin 5412 saylı bağ sahəsinin Ləhiş qəsəbəsində hansı ərazinin hansı hissəsində yerləşdiyi sual doğurur. İddiaçıya bağ sahəsinə dair order həqiqətən verilsə idi, ona eyni zamanda torpaq sahəsinin yerləşdiyi yer barədə və bağ sahələrinin nömrələnməsi ilə çəkilmiş torpağın plan-sxemi də təqdim edilməli idi. Nümayəndəsi olduğu Cavabdeh2 hansı əsaslarla həmin torpaq sahəsindən istifadə etməsinə gəldikdə isə onu qeyd edir ki, onun istifadəsi tam qanuni və əsaslıdır. Belə ki, Sabunçu rayonu Nardaran bələdiyyəsinin 08 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən Bağ massivində 250 kv.m torpaq sahəsi uzun illər Cavabdeh2 istifadəsində olmuşdur. Həmin əsasla da torpaq sahəsi uçota alınmış və onun sxemi tərtib edilmişdir. Daha sonra onunla Nardaran bələdiyyəsi arasında «Vergi ödəyicisinin uçota alınması haqqında» 519 saylı, xx.xx.2018-ci il tarixli müqavilə bağlanmışdır. Həmin vaxtdan o, vergiləri vaxtı-vaxtında ödəməkdə davam edir. Yuxarıda qeyd etdiklərindən görünür ki, iddiaçının Cavabdeh2 qanuni istifadəsində olan torpaq sahəsinə hüququnun olması barədə hər hansı bir sübutu yoxdur. Nümayəndə, göstərilənlərin nəzərə alınıb, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, mübahisə predmeti olan torpaq sahəsini və üzərində tikilmiş evi 2016-cı ildə 43.000 manat ödəməklə X1 almışdır. 5 ildir ki, ailəsi ilə bərabər orada yaşayır. Həmin şəxs bununla bağlı ona notarial qaydada ərizə vermişdir. O, aldığı həmin yerdə abadlaşma işləri aparmış, kommunal xətlər çəkdirmiş, bu barədə müqavilələr onunla bağlanmışdır. Bundan əlavə, bələdiyyə onun torpaq sahəsini qeydiyyata almışdır. Mütəmadi qaydada kommunal və bələdiyyə ödənişlərini edir. Həmin ərazidə 20-30 ilə yaxın yaşayan şəxslər həmin torpağın aldığı X2 məxsus olduğunu təsdiq etmişlər. Həmçinin Nardaran bələdiyyəsi ilə aralarında müqavilə bağlanarkən araşdırma aparılmışdır. Mübahisəli torpaq sahəsi heç vaxt iddiaçıya məxsus olmamışdır, həmin torpaq sahəsini yolunu belə tanımır, bir dəfə belə olsun, oraya gəlməmişdir. İddiaçının yeganə əsaslandığı orderin kötüyü mövcud deyildir. İddiaçı adına 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd mövcud deyildir. Bu da onu təsdiq edir ki, iddiaçı onların həmin torpaq sahəsindən çıxarılmaları barədə iddia ilə məhkəməyə müraciət etməzdən əvvəl özünün həmin torpaq sahəsinə hansı hüquq ilə bağlı olduğunu sübut etməlidir. Başqa şəxsin torpaq sahəsindən çıxarılması barədə iddia qaldırılması üçün həmin torpaq sahəsinin ona məxsusluğu barədə, yəni sahəsi, qeydiyyatı, dəqiq koordinat ölçüləri, planı, sxemi göstərilməlidir. Bunların heç biri mövcud deyil, yalnız onun evinin fotoşəkilləri əsasasında iddia qaldırılmışdır. Bundan başqa, iddiaçı ona məxsus torpaq sahəsinin sahəsinin 0,12 ha olduğunu göstərmişdir, lakin ona məxsus torpaq sahəsi 516 kv.m təşkil edir, digər cavabdeh olan şəxsə məxsus olan torpaq sahəsi isə 250 kv.m təşkil edir. Bu, bir daha onu təsdiq edir ki, fərqli torpaq sahələridir. İddiaçı qanunsuz olaraq yalnız onlara hədə-qorxu gələrək pul tələb etmək üçün bu iddianı qaldırmışdır. İddiaçının tələb etdiyi 5412 saylı torpaq sahəsinin mövcudluğu belə, qeyri-dəqiqdir, elə bir bağ sahəsinin Nardaran qəsəbəsində mövcudluğu barədə heç bir sübut yoxdur. Nəhayət, iddiaçı iddia qaldırmaq üçün bütün müddətləri ötürmüşdür. Yeganə olaraq əsaslandığı orderin verilməsindən 32 il keçmişdir. Bu qədər vaxtda iddiaçının həmin torpaq sahəsi ilə maraqlanmaması real deyil. Cavabdeh, göstərilənlərin nəzərə alınıb, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 vəkili Vəkil3 Hökumalı oğlu, iddia ilə razılaşmayaraq, hüquqlarını müdafiə etdiyi şəxsin izahatında göstədiyi xüsusatları təsdiq etdi və iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkilinin təşəbbüsü ilə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, X10 küçəsi ünvanında 20-25 ildir ki, yaşayır. Cavabdeh1 onun qonşusudur. Cavabdeh təqribən 100 metr məsafədə yerləşən hazır evi almışdı. Digər Cavabdeh2 da qonşu kimi tanıyır. Belə ki, həmin şəxs 2010-cu ildən onunla qonşuluqda yaşayır. Xatirə adlı qonşunu isə tanımır, heç vaxt görməmişdir. İddiaçı sənədi ilə mübahisəli əraziyə Kamran, Anar və Xalıq adlı şəxslər gəlmişlər. Məhkəmə, proses iştirakçılarının izahatlarını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etməmiş və göstərilən hallarla əlaqədar olaraq onun Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ sahəsində yerləşən 5412 saylı bağ sahəsi üzərində hər hansı subyektiv hüququnun olmadığı məlum olmuşdur. Belə ki, iş materiallarında olan: - Bağlar təsərrüfatının inkişafı və X7 bağlar sahəsindəki 210 nömrəli kooperativin 15 nömrəli orderindən görünür ki, İddiaçı Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarına əsasən Ləhiş bağlar sahəsində 210 nömrəli BTK nəzdində 0,12 ha torpaq sahəsi olan 5412 nömrəli bağ ayrılmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli məktubundan məlum olur ki, Bakı şəhər İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli 7/348 nömrəli qərarı ilə Sabunçu rayonu, Ləhiş qəsəbəsi, 210 nömrəli BTK üzvlərinin siyahısında İddiaçı adı göstərilmişdir, lakin bağ sahəsinin nömrəsi və sahəsi qeyd edilməmişdir. Həmçinin, İddiaçı adına 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində bağ sahəsinin ayrılmasına dair sənəd (15 nömrəli order) İdarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 5412 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. - Sabunçu rayonu, Nardaran Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş istifadə olunan torpaq sahəsinin sxemindən, habelə Nardaran Bələdiyyəsinin xx.xx.2017-ci il tarixli yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında şəhadətnamədən görünür ki, 516 kv.m torpaq sahəsi Cavabdeh1 istifadəsindədir və o, vergi ödəyicisi kimi uçota alınmışdır. - Nardaran bələdiyyəsinin 06 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, Cavabdeh1 uzun illər istifadəsində olan, lakin heç bir hüquq təsdiqedici sənədləri olmayan Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən bağ massivində 516 kv.m torpaq sahəsinin uçota alınması qərara alınmışdır. - X4 tərəfindən verilmiş, Bakı şəhəri 18 saylı notariat ofisinin təsdiqlədiyi ərizədən görünür ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, bağlar massivində yerləşən, sahəsi 516 kv.m olan torpağı və həmin torpaqda tikilmiş evi Cavabdeh1 satmış, həmin əmlaka görə sonuncudan 43.000 manat almışdır. - Nardaran bələdiyyəsinin 08 saylı, xx.xx.2016-cı il tarixli iclas protokolundan çıxarışdan görünür ki, X3 uzun illər istifadəsində olan, lakin heç bir hüquq təsdiqedici sənədləri olmayan Nardaran qəsəbəsinin inzibati ərazisində yerləşən bağ massivində 250 kv.m torpaq sahəsinin uçota alınması qərara alınmışdır. - Sabunçu rayonu Nardaran Bələdiyyəsi tərəfindən xx.xx.2016-cı il tarixdə tərtib edilmiş istifadə olunan torpaq sahəsinin sxemindən və Nardaran Bələdiyyəsinin ərazisində sənədsiz istifadədə olan torpaq və əmlak sahəsinə görə ödəniləcək vergi üçün yerli vergi ödəyicisinin uçota alınması haqqında 519 nömrəli müqavilədən görünür ki, 250 kv.m torrpaq sahəsi X3 istifadəsindədir və o, vergi ödəyicisi kimi uçota alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan məlum olur ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində 5412 saylı bağ sahəsinin ayrılmasına dair sənəd (order) idarənin arxivində aşkar edilməmişdir. - Sabunçu RPİ-nin 42-ci PB-nin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 2014-cü ildən, Cavabdeh2 isə 2018-ci ildən mübahisəli ərazidə fərdi yaşayış evi tikdirmişlər. İş materiallarına əlavə edilmiş məhkəmə tikinti-texniki ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6062 saylı ekspert rəyindən məlum olur ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 saylı mütəxəssis rəyində qeyd olunmuşdur: -Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ayrılmış bağın sərhədlərini və sahəsini müəyyən etmək mümkün olmamışdır. Lakin Cavabdeh1 və Cavabdeh2 (o cümlədən digər şəxslərin) faktiki istifadəsində olan torpaq sahələrinin hər birinin ayrı-ayrılıqda olmaqla sərhədləri və faktiki sahələri müəyyən edilmişdir. Cavabdeh1 faktiki istifadəsində 488 kv.m, Cavabdeh2 faktiki istifadəsində 258 kv.m torpaq sahəsi mövcuddur. -Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990-cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ayrılmış bağın sərhədlərini müəyyən etmək mümkün olmamışdır. Lakin iddiaçının nümayəndəsinin iddia etdiyi və naturada göstərdiyi şərti sərhədli torpaq sahəsinin 488 kv.m hissəsi Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 258 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olan torpaq sahəsi ilə, 506 kv.m hissəsi isə digər istifadəçilərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən mütəxəssis rəyinə əsaslanaraq ekspert xx.xx.2022-ci il tarixli, 10/6062 saylı rəyə əsasən belə nəticəyə gəlmişdir ki, Bakı şəhəri İcraiyyə Komitəsinin xx.xx.1990cı il tarixli, 7/348 nömrəli qərarı ilə Bakı şəhəri, Sabunçu rayonu, 210 nömrəli BTK nəzdində Ləhiş bağ massivində İddiaçı ayrılmış 5412 nömrəli bağ sahəsinin cavabdehlərin faktiki istifadəsində olan torpaq sahəsinin sərhədləri və sahələri müəyyən edilmişdir. 5412 nömrəli bağ sahəsinin 488 kv.m hissəsi Cavabdeh1 faktiki istifadəsində, 258 kv.m hissəsi Cavabdeh2 faktiki istifadəsində olduğu müəyyən edilir. Torpaq sahəsinin qalan hissəsinin isə digər şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilir. Göründüyü kimi, məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 10/6062 saylı ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********98 saylı mütəxəssis rəyinə əsaslanmış, həmin rəylə isə İddiaçı ayrılmış torpaq sahəsinin yerləşmə yerini müəyyən etməyə imkan verən təsdiq edilmiş texniki sənədlərin təqdim edilməməsi səbəbindən ona ayrılmış bağın sərhədlərini müəyyən etməyin mümkün olmadığı göstərilmiş, bununla belə mütəxəssis işin nəticəsində maraqlı olan iddiaçının nümayəndəsinin ona göstərdiyi şərti sərhəd əsasında cavabdehlərin faktiki istifadəsində olan torpaq sahələrinin həmin “şərti” torpaq sahəsinin “sərhəddi” və “sahəsi” ilə üst-üstə düşməsi qənaətinə gəlmişdir. Bu isə, özü-özlüyündə həm mütəxəssis, həm də ekspert rəyinin obyektivliyini şübhə altında qoyur. Digər tərəfdən, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2. maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağlar sahəsində yerləşən məhz 5412 nömrəli bağ sahəsinin mövcudluğuna, habelə həmin ərazidə yerləşən hər hansı bağ sahəsinə iddiaçının adına daşınmaz əmlakın reyestrində hər hansı sənəd mövcud olmadığından, onun hazırkı tələblə çıxış etməkdə subyektiv hüququ yoxdur, eləcə də iddiada göstərilənlər məhkəmə tədqiqatı zamanı sübuta yetirilməmişdir. Ona görə də, iddia tələbi rədd edilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu, habelə ekspertiza tədqiqatının dəyəri qismində 100 manat məbləğində məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması, qanunsuz tikililərin sökülməsi və torpaq sahəsinin təhvil verilməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-226/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-226/2023
18.01.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver