Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2274/2023 12.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “beh müqaviləsinin ləğv edilməsi, behin qaytarılması və s.” tələblərinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “beh müqaviləsinin ləğv edilməsi, behin qaytarılması və s.” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli beh müqaviləsinin ləğv edilməsi, müqavilə üzrə verilmiş behin iki misli, yəni 2000 manat pulun, qeyd edilən məbləğin ödənilməsinin gecikdirilməsinə görə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinədək olan 202 günə görə hesablanmış 205 manat gecikdirilmiş məbləğin, hüquqi yardımla əlaqədar vəkil tərəfindən göstərilən xidmətlərə görə ödənilmiş 300 manat məbləğin – cəmi 2505 manat məbləğin və dövlət rüsumu kimi ödənilmiş 45.05 manat məbləğin cavabdehlərdən tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə onunla Cavabdeh2 arasında "xxxx" X7 Şirkətinin iştirakı ilə bağlanmış beh haqqında xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Cavabdeh1 mülkiyyətinə verilmiş Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-yə məxsus 4 saylı binanın 9-cu mərtəbəsində yerləşən 64 saylı mənzilin (ümumi sahəsi 135.1 kv.m) alqı-satqısına dair razılaşmışlar. Mənzilin razılaşdırılmış 265.000 manat dəyərindən 1000 manatını beh olaraq Cavabdeh2 ödəmişdir. Razılaşmaya əsasən cavabdehlər bildirmişlər ki, onlar qeyd edilən mənzilin mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etmişlər və onlara hüquqlarının qeydiyyata alınmasına dair sənədlərin qəbulu barədə qeyd edilən dövlət xidmətindən xx.xx.2022-ci il tarixində müvafiq sms bildiriş daxil olmuşdur. Həmçinin cavabdehlər bildirmişlər ki, qeyd edilən mənzilə dair dövlət reyestrindən çıxarış maksimum xx.xx.2022-ci il tarixinədək hazır olacaqdır və o halda mənzilin alqı-satqısını notariat qaydasında rəsmiləşdirmək mümkün olacaqdır. xx.xx.2022-ci il tarixində və daha sonra razılaşdırılmış tarixdə (yəni xx.xx.2022 və daha sonrakı tarixlərdə) mənzilə dair dövlət reyestrindən çıxarışın hazır olub-olmaması barədə cavabdehlərə müaricət etsə də, onlar hələ də çıxarışı almadıqlarını bildirmişlər. Belə olan halda, yəni çıxarış razılaşdırılmış vaxtda alına bilinmədiyi halda, müqavilə üzrə verilmiş beh məbləğinin qaytarılmasını tələb etsə də, cavbdehlər müxtəlif bəhanələrlə behin qaytarılmasından boyun qaçırmışlar. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-21- 3-30/2-644/**********700644 məktuba əsasən yuxarıda qeyd edilən mənzilə dair dövlət reyestrindən çıxarış xx.xx.2022-ci il tarixində hazır olmuşdur. Hətta sözügedən mənzil digər fiziki şəxsin mülkiyyətinə keçirilmişdir. Son olaraq rəsmi qaydada cavabdehlərin ünvanına xx.xx.2023-cü il tarixdə bildirişlə müraciət edərək, məbləğin qaytarılmasını tələb etsə də, cavabdehlər müqavilə üzrə öhdəliyin icrasından yayınmışlar. İşin hallarından görünür ki, cavabdehlər müqavilənin icrasından qərəzli olaraq boyun qaçıraraq ondan aldıqları beh məbləğini qaytarmamışlar. Göstərilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddiaçının izahatında göstərdiklərini təsdiq etmiş, həmçinin əlavə olaraq bildirmişdir ki, sözügedən mənzilin alışı üçün iddiaçı tərəfindən 1000 manat məbləğində beh verilmişdir. Evin çıxarışı olmadığından, cavabdehlər tərəfindən bildirilmişdir ki, 20 gün ərzində çıxarış alınacaq. Lakin iddiaçı aldadıldığı görüb behini geri istəmişdir. Çünki mənzilə dair çıxarış əldə edilmiş, hətta başqa şəxsə satılmışdır, baxmayaraq ki, mənzilin alışı üzrə vasitəçi dəfələrlə çıxarışın alınıb-alınmamasını, habelə onun satılıbsatılmamasını Cavabdeh1 soruşmuş, o isə mənfi cavab vermişdir. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddia tələbinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-nin 4-cü binasında olan 64 nömrəli mənzil satışa çıxarılmışdır. Mənzil ilkin olaraq satışa 270.000 manat məbləğində çıxarılmışdır. Satışı həyata keçirmək üçün tərəflərindən mənzilin şəkilləri bina.az saytına yerləşdirilmişdir. Mənzilin fotoşəkilləri yerləşdirildikdən sonra vasitəçilər (makler) tərəfindən mənzilin alqısatqısını tezləşdirmək üçün öz xidmətlərini təklif etmişlər. Mənzilə daimi olaraq müştərilər baxış keçirmişdir. Vasitəçilərdən biri "xxxx" X7 şirkətinin nümayəndəsi X4 olmuşdur. X4 həmin mənzili öz müştərisi olan İddiaçı göstərmişdir. İddiaçı mənzilə bir neçə dəfə yoldaşı ilə baxış keçirmişdir. Daha sonra, İddiaçı yoldaşı ilə mənzilə gəlib bildirmişdir ki, mənzilin alışını həyata keçirmək istəyir və mənzili ipoteka vasitəsi ilə alacaq. Bu məqsədlə ipoteka üçün artıq "xxxx" ASC-yə müraciət etmiş və bank tərəfindən məbləğ və şərtlər təsdiqlənmişdir. İddiaçıya bildirmişdir ki, mənzilin alqı-satqısının ipoteka ilə həyata keçirilməsi üçün Cavabdeh1 tərəfindən mənzilin çıxarışı təqdim edilməli və evin çıxarışının alınması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilməlidir və beh müqaviləsi imzalandıqdan sonra 1 ay müddətində mənzilin çıxarışı təqdim ediləcək. Mənzilin çıxarışı təqdim edildikdən sonra maksimum 1 ay müddətində mənzilin alqı-satqısı baş tutmalıdır. Razılaşma əsasında evin dəyəri 265.000 manat və beh 1000 manat olacaqdır. xx.xx.2022-ci il tarixində İddiaçı ilə aralarında "xxxx" X7 şirkətinin nümayəndəsi X1 iştirakı ilə beh müqaviləsi imzalanmışdır. Beh müqaviləsi Bakı şəhəri, Nərimanov Rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən "xxxx" MMC-nin, 4 saylı binanın 9-cu (yaşayışın 10-cu) mərtəbəsində yerləşən 64 saylı (ümumi sahəsi 135,1 kv.m) mənzilin alqı-satqısı üçün olması nəzərdə tutulmuşdur. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən artıq xx.xx.2022-ci il tarixində çıxarışın alınması üçün müraciət edilmiş, müvafiq sms bildirişi daxil olmuş, maksimum xx.xx.2022-ci il tarixində çıxarış hazır olacaq və mənzilin alqı-satqısı notariat qaydasında mümkün olacaqdır. Lakin bu iddianı təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Onlara bildirmişdir ki, ilkin razılaşmada olduğu kimi, beh müqaviləsi imzalandıqdan sonra çıxarışın alınması üçün 1 ay müddətində möhlət veriləcəkdir. Beh müqaviləsi imzalandığı vaxt əsas razılaşma şərtlərini qeyd etmək istəyir: 1.Beh müqaviləsi imzalandıqdan sonra 1 ay müddətində çıxarış təqdim edilməlidir (Beh müqaviləsinin tarixi xx.xx.2022-ci il, çıxarışın təqdim olunması üçün son tarix xx.xx.2022-ci il); 2.Mənzilin alqısatqısının son tarixi xx.xx.2022-ci il; 3.Müqavilə imzalandıqdan sonra, mənzili satan tərəf xx.xx.2022-ci il tarixinədək evi tərk etməlidir. Qeyd edilən şifahi razılaşma şərtləri beh müqaviləsini imzalamış X4 tərəfindən təsdiq edilir. Mənzilin satışını daha tezləşdirmək üçün, öz təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdə çıxarışın alınması üçün DƏDRX-nə müraciət etmişdir. İddiaçı qeyd edir ki, xx.xx.2022-ci il tarixində və daha sonra razılaşdırılmış tarixdə (yəni xx.xx.2022 və daha sonrakı tarixlərdə) mənzilə dair dövlət reyestrindən çıxarışın hazır olub-olmaması barədə soruşanda, cavabdehlər tərəfindən bildirilmişdir ki, çıxarış hələ də verilməmişdir. Bu iddialar əsassızdır, çünki iddiaçı tərəfindən xx.xx.2022 və daha sonrakı tarixlərdə həqiqətən müraciət edilmiş olsa idi, xx.xx.2022-ci il tarixdə əldə olunmuş çıxarış ona təqdim olunardı. İddiaçının qeyd etdiyi tarixlər və çıxarışın əldə olunması tarixi arasında 1 gün fərq var. Mənzilin dövlət reyestrindən çıxarışı həmin tarixdə artıq hazır olmuşdur və xx.xx.2022-ci il tarixində sənədin hazır olmasına dair sms bildiriş telefona göndərilmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı vasitəçi X2 zəng edərək mənzilin maliyyə arayışını və müqaviləsinin təqdim edilməsini bildirmiş və qeyd etmişdir ki, sənədlər "xxxx" ASC-yə təqdim ediləcək ki, proses sürətləndirilsin. Həmin sənədlər xx.xx.2022-ci il tarixində (həmin gün) İddiaçı təqdim edilmişdir. İddiaçı bildirir ki, cavabdehlər tərəfindən çıxarışın razılaşdırılmış vaxtda verilməməsi səbəbindən müqavilə üzrə verilmiş beh məbləğinin qaytarılmasını tələb etmiş və cavabdehlər tərəfindən müxtəlif bəhanələr behin qaytarılmasından boyun qaçırmışlar. Bildirmək istəyir ki, İddiaçı evin alqı-satqısından özü birbaşa imtina etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə İddiaçı onlara zəng etmişdir. Telefon danışığı zamanı İddiaçı bildirmişdir ki, bank tərəfindən ipotekanın verilməsində imtina edilmiş, bu səbəbdən mənzilin alqı-satqısını həyata keçirə bilməyəcək. İddiaçı telefon danışığı zamanı üzr istəmiş və bildirmişdir ki, əsəbidir və bilmir nə etsin. Daha sonra X4 onlara zəng edib bildirmişdir ki, İddiaçı mənzilin alışından imtina etmişdir və beh müqaviləsi onun tərəfindən pozulduğunu təsdiqləmişdir. İddiaçı mütəmadi olaraq zəng edib behin qaytarılmasını tələb etdikdə, ona bildirmişlər ki, beh müqaviləsini pozan tərəf iddiaçı olduğundan, beh qaytarılmamalıdır. İddiaçı bildirir ki, mənzilin çıxarışı artıq xx.xx.2022-ci il tarixində verilmişdir. Hətta sözügedən mənzilin digər fiziki şəxsin mülkiyyətinə keçirilmişdir. Bildirmək istəyirik ki, iddiaçı ilə aralarındakı beh müqaviləsinin iddiaçı tərəfindən ləğv edilməsi səbəbindən, mənzilin satışını davam etdirmişlər. Mənzilin digər fiziki şəxsin adına keçməsi xx.xx.2022-ci il tarixində həyata keçirilmişdir. Qeyd etmək istəyir ki, İddiaçı ilə cavabdehlər arasında bağlanmış beh müqaviləsi nəzərə alınsa belə, alqı-satqı xx.xx.2022-ci il tarixinədək həyata keçirilməli idi. İddiaçı tərəfin istinad etdiyi halları sübut edən heç bir dəlili məhkəməyə təqdim etmədiyini və beh müqaviləsinin beh verən İddiaçı tərəfindən pozulduğunu nəzərə alaraq, beh alan tərəf olaraq onların üzərinə heç bir öhdəliyin düşmür. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 iddianı əsassız hesab edərək, digər cavabdehin izahatında göstərdiklərini təsdiq edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: - Beh verən İddiaçı və beh alan Cavabdeh2 arasında xx.xx.2022-ci il tarixdə ("xxxx" şirkətinin nümayəndəsi X1 iştirakı ilə) bağlanılmış beh haqqında müqavilədən görünür ki, İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində yerləşən ümumi sahəsi 135.1 kv.m olan 3 otaqlı mənzili 265.000 manata alır və əmlakın alqı-satqı müqaviləsi dərhal rəsmiləşdirilmədiyi üçün beh verən beh alana 1000 manat məbləğində beh verir və beh alan həmin behi qəbul edir. Həmçinin tərəflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.2-ci maddəsinin tələbləri ilə tanış olmuşlar. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin təsdiqetmə bildirişindən görünür ki, Cavabdeh1 sözügedən əmlaka dair çıxarışın verilməsi barədə ********** nömrəli ərizəsi qəbul edilmiş və onun qeydiyyat tarixi xx.xx.2022-ci il, sonra icra tarixi xx.xx.2022-ci il tarixidir (həmçinin həmin qurum tərəfindən ********** nömrəli ərizənin qəbul edilməsinə dair xx.xx.2023-cü il tarixdə ərizəçiyə sms bildiriş göndərilmişdir). - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanına dair Cavabdeh1 adına dövlət reyestrindən çıxarış xx.xx.2022-ci il tarixdə hazırlanmışdır və həmin mənzil hazırda digər fiziki şəxsin mülkiyyətindədir. - satıcı Cavabdeh1, ipoteka saxlayan "xxxx" ASC və borcalan, eyni zamanda alıcı X3 arasında xx.xx.2022-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən aydın olur ki, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ünvanında yerləşən 4 saylı evin 64 saylı mənzili alıcı tərəfindən ipoteka qoyanın mülkiyyətinə verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.1-491.2-ci maddəsinə əsasən, beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 492.1-ci maddəsinə əsasən, öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. Həmin Məcəllənin 492.2-ci maddəsinə görə, əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. İşin məhkəmə iclasında müəyyən edilmiş hallarından məlum olur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Ə.Əlizadə küçəsi ünvanında yerləşən 4 saylı evin 64 saylı mənzilinə dair çıxarış əldə edilməsi məqsədilə ƏMDX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, onun müraciətinin qəbuluna dair həmin tarixdə sms bildiriş göndərilmiş, həmçinin işdə olan təsdiqetmə bildirişinə əsasən ərizəsinin xx.xx.2022-ci il tarixdə icra ediləcəyi bildirilmişdir. Bundan sonra İddiaçı və Cavabdeh2 arasında həmin mənzilin alışı məqsədilə xx.xx.2022-ci il tarixdə beh müqaviləsi bağlanılmışdır. İddiaçı ərizə və izahatında cavabdehlər tərəfindən ona mənzilə dair çıxarışın ən gec xx.xx.2023-cü il tarixədək hazır olacağını bildirildiyini qeyd etsə də, təsdiqetmə bildirişində bu müddətin xx.xx.2022-ci il tarix göstərilməsi, eləcə də beh müqaviləsinin mənzilin qanuni sahibi tərəfindən çıxarışın alınması üçün müraciətinə dair ərizənin təsdiq edildiyi tarixdən sonra bağlanılması nəzərə alındıqda, iddiaçının sözügedən mövqeyi məhkəməyə inandırıcı gəlmir. Həmçinin cavabdeh tərəf də iddiaçının izahatının qeyri-səmimi olduğunu vurğulayıb, beh müqaviləsinin onlar tərəfindən deyil, iddiaçının özü tərəfindən, ona bank tərəfindən razılaşdırılmış kreditin ayrılmasının qeyrimümkünlüyü səbəbindən pozulduğunu bildirmişlər. Məhkəmə onun da qeyd edir ki, iddiaçı hazırkı ərizəsinin əsası kimi xx.xx.2023-cü il tarixdə çıxarışın hazır olmamadığını göstərsə də, onun həqiqi niyyəti mənzili almaq (yaxud həqiqətən sözügedən mənzili almaq barədə iradəsi sonradan zədələnməmiş) olsa idi, xx.xx.2023-cü il tarixdə mənzilin çıxarışı hazır olduqdan sonra bu niyyəti realizə edə bilərdi. Digər tərəfdən iddiaçı, iddiasının əsaslılığına dair mötəbər bir sübutu da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 491.2-ci maddəsində daşınmaz əmlaka dair beh müqaviləsinin imperativ olaraq notariat qaydasında təsdiq edilməli olması göstərilmişdir. Lakin mübahisə predmeti olan müqavilə mülki qanunvericiliklə müəyyən edilmiş həmin imperativ normaya əməl edilmədən bağlanılmışdır. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia tələbinin nə faktiki, nə də qanuni əsası vardır, ona görə də İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiası behin qaytarılması barədə hissəsində rədd edilməlidir. İddia tələbi behin qaytarılması hissəsində əsassız olduğundan və rədd edildiyindən məhkəmə hesab edir ki, iddianın həmin hissəsi ilə birbaşa əlaqəli olan digər – gecikdirilmiş məbləğin tələb edilməsi hissəsi də təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Beləliklə, iddia tələbi rədd edildiyindən hüquqi yardımın göstərilməsinə görə çəkilən xərcin əvəzi, habelə iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumun əvəzinin tutulması hissəsində də təmin edilməməli, həmin xərclər iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “beh müqavilənin ləğv edilməsi, behin qaytarılması və s.” tələblərinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №e-2(008)-2274/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2274/2023
12.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver