Məhkəmə qərarları › İş №e-2(008)-233/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-233/2023

14.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-233/2023 14.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibva Əfsanə Elçin qızının katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh2, onun nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçı, iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1, onlarla yaşayan ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 4437A saylı bağ sahəsindən məcburi qaydada çıxarılmaları, mövcud tikilinin cavabdehlərin öz vəsaiti hesabına sökülməsi, bağ sahəsinin yenidən əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1991-ci il tarixli 130 saylı sərancamı və həmin tarixli 37 saylı order əsasında Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0.12 ha olan 4437A saylı bağ sahəsi onun mərhum həyat yoldaşı X8 ayrılmışdır. Həyat yoldaşının 2008-ci ildə vəfatından sonra həmin bağ sahəsinə mütəmadi gedib-gələ bilməmişdir. Bundan istifadə edən Kürdəxanı bələdiyyəsinin işçiləri onun qanuni mülkiyyətində olan bağ sahəsini Cavabdeh2 adlı şəxsə, onun ailə üzvlərinin bildirdiyinə görə 8200 manata satmışlar. Araşdırma zamanı həmin şəxs bələdiyyənin Aslan adlı əməkdaşına ödəniş etməklə bağ sahəsi aldığını və 518/1368 saylı icarə müqaviləsi bağlandığını bildirmişdir. Həmin şəxs zəbt etdiyi torpaq sahəsində özünə bağ evi tikmişdir. Tərəflərindən onlara məxsus bağ sahəsinin qanunsuz zəbt olunması barədə Sabunçu RPİ-nə müraciət edilmiş, Sabunçu RPİ-nin 15-ci PB-nin təhqiqatçısı Zaur Quliyevin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Hesab edir ki, cavabdehlər qanunsuz olaraq heç bir hüquqmüəyyənedici sənədləri olmadan ona vərəsəlik qaydasında məxsus olan bağ sahəsini zəbt etmişlər. Həmin bağ sahəsinin cavabdehlərin zəbt eldiyi bağ sahəsi olması keçirilmiş ekspert rəyi ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən miras əmlaka vərəsəlik qaydasında hüququn tanınması barədə notariat orqanına müraciət edilmiş, Bakı şəhəri 12 saylı notariat kontoru tərəfindən xx.xx.2014-cü ildə 845 saylı məktub verilmiş, həmçinin vərəsəlik işi açılmışdır. Cavabdehlərin ona məxsus torpaq sahəsindən çıxarılmasını təmin etdikdən sonra, vərəsəlik qaydasında hüquqlarının dövlət qeydiyyatına alınması üçün müvafiq dövlət orqanına müraciət edəcəkdir. Göstərilənlərə əsasən iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək, iddiaçının izahatında göstərdiklərini təsdiq edib, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X16, iddianı qəbul etməyərək izahatında bildirdi ki, Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli qərarı və icarə müqaviləsinə əsasən 4437 nömrəli bağ sahəsi üzrə 12.000 kv.m torpaq sahəsi Ləhiş bağ massivində Cavabdeh2 verilmişdir. Həmin torpaq sahəsində ev tikib, bağ salmaqla həmin bağda yaşayır. İşıq, qaz, su xətləri çəkdirməklə kommunal, torpaq və ev üzrə digər ödənişlər onun tərəfindən ödənilmiş və bunu təsdiq edən ödəniş qəbzlərinin əsllərini təqdim etmişdir. Onun torpaq sahəsi 4437 nömrəli bağ sahəsidir. İddiaçının mərhum əri X5 adına olan xx.xx.1991-ci il tarixli order üzrə bağ sahəsinin nömrəsi isə, 4437A-dır və onun cavabdehin bağ sahəsinə hər hansı aidiyyəti yoxdur. Cavabdehin torpaq sahəsinin 4437 nömrəli olması barədə qonşuların, o cümlədən 4437A nömrəli bağ sahəsinin sahibi X9 xx.xx.2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsi və çıxarışın əslini əlavə etmişdir. Həmçinin Bakı Şəhər İcra Hakimiyyəti Başçısının Bağ-tikinti kooperativlərinin tərkibində iki tikilidən çox bağ sahəsi ilə təmin edilib, lakin heç bir abadlıq və becərmə işləri görməyən vətəndaşlar barədə xx.xx.1992-ci il tarixli sərəncamına əsasən heç bir abadlıq və becərmə işləri görülmədiyi üçün vətəndaşlara verilən orderlər ləğv edilmişdir. Nümayəndə və və vəkil qeyd olunanlara əsasən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh2, məhkəmə iclasında iddia tələbini qəbul etməyərək nümayəndəsinin izahatında göstərdiklərini təsdiq etdi və iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, bu barədə məhkəməyə heç bir tutarlı və mötəbər sübut təqdim etməmiş və göstərilən hallarla əlaqədar olaraq onun Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 4437A saylı bağ sahəsi üzərində hər hansı subyektiv hüququnun olmadığı məlum olmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında müqayisəli tədqiq edilmiş: - xx.xx.1991-ci il tarixli, 37 nömrəli orderin surətindən görünür ki, Ləhiş bağ massivində X1 0,12 ha olan 4437A saylı bağ sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2014-cü il tarixli arxiv arayışının surətindən məlum olur ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 1991-ci ilə dair sərəncamları arasında X8 “ДСК” N 60, Ləhiş ərazisində bağ sahəsinin ayrılmasına dair xx.xx.1991-ci il tarixli sərəncamı vardır. - Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri 12 saylı notariat kontorunun xx.xx.2014-cü il tarixli məktubunun surətindən məlum olur ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün həmin kontor tərəfindən DƏDRX-nə Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən, sahəsi 0,12 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli, 518/1368 nömrəli qərarından və Kürdəxanı bələdiyyəsi və Cavabdeh2 arasında bağlanılmış eynitarixli icarə müqaviləsindən görünür ki, Kürdəxanı qəsəbəsinin şimal-şərq hissəsində yerləşən 1200 kv.m torpaq sahəsi 10 il müddətinə - xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. - Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin torpaq sahəsinin planından görünür ki, Kürdəxanı bağlar massivi (Ləhiş) bağ sahəsində yerləşən, sahəsi 1200 kv.m olan 4437 nömrəli bağ sahəsinin 518/1368 nömrəli icarə müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə sxemi tərtib edilmişdir. - Əhalidən vergilərin qəbulu üçün qəbzlərdən görünür ki, 2007-2021-ci illərdə Cavabdeh2 sözügedən torpaq sahəsi üzrə göstərilən təyinatlı vergiləri ödəmişdir. - Bakı şəhəri Sabunçu rayonu İcra Hakimiyyəti Başçısının Kürdəxanı qəsəbəsi üzrə nümayəndəsinin xx.xx.2015-ci il tarixli arayışından məlum olur ki, Musayev X10 qəsəbəsi, Ləhiş bağ massivində qeydiyyatsız yaşayır. - 4463 nömrəli bağın sahibi qismində X14, 4421 nömrəli bağın sahibi qismində X17 və 4437A nömrəli bağın sahibi qismində X12 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 39 saylı notariat kontoru tərəfindən təsdiqlənmiş ərizələrində bildirmişlər ki, 4437 saylı bağ sahəsi ünvanında yerləşən 1200 kv.m torpaq sahəsi və üzərində tikilmiş tikili 20 ildən artıqdır ki, Cavabdeh1 və ailəsinin istifadəsindədir. Həmin bağ sahəsi xx.xx.2007-ci il tarixli icarə müqaviləsi və xx.xx.2010-cu il tarixli torpaq sahəsinin planına əsasən Cavabdeh2 icarəsindədir, həmin torpaq sahəsinə dair vergiləri və digər kommunal xərcləri o ödəyir. - Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarından aydın olur ki, Vəkil müraciəti əsasında aparılmış araşdırma nəticəsində cinayət işinin başlanması rədd edilmişdir. -Sabunçu RPİ-nin 15-ci PB-nin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, X8 verilmiş sahəsi 0,12 ha olan torpaq sahəsinin harada yerləşdiyini aydınlaşdırmaq məqsədilə mübahisəli torpaq sahəsinin yerləşdiyi əraziyə baxış keçirilməsindən ötrü Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsindən mütəxəssisin dəvət edilməsi və həmin sahənin döngə nöqtələrinin müəyyən edilməsi məqsədilə aerokosmik çəkilişlər bazasından çıxarışın tələb edilməsi qərara alınmışdır. -Daşımaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin Sabunçu RPİ-nin 15-ci PB-nə ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubunda şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəldiyi, şərti göstərilmiş sahənin və üzərindəki tikilinin kim tərəfindən istifadə edildiyi barədə elektron bazada məlumatın olmadığı bildirilmişdir. - Cavabdeh2 Sabunçu RPİ-nin 15-ci PB-də verdiyi izahatdan məlum olur ki, o, hazırda yaşadığı torpaq sahəsini 2007-ci ildə Kürdəxanı Bələdiyyəsində işləyən Aslan Kərimovdan 8200 manata almışdır. - X18 RPİ-nin 15-ci PB-nə verdiyi izahatdan görünür ki, Kürdəxanı qəsəbəsi, Ləhiş bağlarında yerləşən 0,12 ha torpaq sahəsini 2006-cı ildə bələdiyyə müqaviləsi əsasında Cavabdeh2 satmış, 2007-ci ildə sənədləşdirmə aparılmışdır. - Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 2010-cu ildə Kürdəxanı Bələdiyyəsinə təqdim etdiyi xx.xx.2007-ci il tarixli torpaq icarə müqaviləsinin kserosurəti əsasında 4437 nömrəli bağ sahəsinin xx.xx.2010-cu il tarixli plan-sxemi hazırlanmışdır. Bunun əsasında Cavabdeh2 qeydiyyata götürülərək 2018-ci ilə qədər vergiləri ödəmiş və bağ sahəsində yaranan mübahisə səbəbindən vergi ödənişləri dayandırılmışdır. 4437 nömrəli bağ sahəsinin yerləşdiyi Ləhiş bağları Kürdəxanı bələdiyyəsinin yalnız inzibati ərazisinə daxildir. - Bakı şəhər İcra Hakimiyyəti başçısının 1992-ci il tarixli, 941 nömrəli sərəncamından məlum olur ki, 1988-ci ildən Bağlar təsərrüfatı idarəsinin boş bağlar balansında olan bağ sahələri bağ-tikinti kooperativlərinin tərkibində vətəndaşların istifadələrinə verilmiş və bir çox vətəndaşlar bu günə kimi onlar üçün ayrılmış bağ sahələrində heç bir abadlıq və becərmə işləri aparmamışdır. İstifadə olunmayan bağlar barəsində tərtib edilmiş akt əsasında abadlıq və becərmə işləri görməyən belə vətəndaşlardan həmin bağ sahələrinin geri alınması və onlardakı orderlərin etibarsız sayılması, geri alınmış bağ sahələrinin Bağlar təsərrüfatı idarəsində növbədə dayanan vətəndaşların istifadələrinə verilməsi barədə sərəncam verilmişdir. - Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri İcra Hakimiyyəti Abadlaşdırma və X2 və İstismarı Birliyinə uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə əlaqədar müraciətinə belə məzmunlu cavab verilmişdir ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73.1.2 maddəsinə əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda 4-cü abzasa əsasən torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə 8-ci abzasa əsasən torpaq sahəsində 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin məhkəmə sorğusuna xx.xx.2021-ci il tarixli cavab məktubundan aydın olur ki, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437a saylı bağ evi xx.xx.1994-cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X6 adına qeydiyyata alınmışdır. Arxiv qovluğunda mövcud olan keçmiş X3 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yeni nömrəsi 5402 olmuşdur. Daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X8 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahədə yerləşən tikilinin qeydiyyatı barədə məlumat aşkar olunmamışdır. - Həmin qurumun xx.xx.2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçı tərəfindən göstərilən bağ sahəsində digər fiziki şəxslər ev tikmiş və hazırda həmin evdə yaşayırlar. Yerli baxış zamanı şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlir. Şərti göstərilmiş sahənin və üzərindəki tikilinin istifadəçisi barədə elektron bazada məlumat yoxdur. - Məhkəmənin qərardadı əsasında təqdim edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/6831 nömrəli ekspert rəyindən aydın olur ki, xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində göstərilənlər mərkəzin eksperti tərəfindən təsdiq edilmişdir. - Dövlət Arxivinin Bakı Filialının xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, keçmiş Bakı şəhər XDS İK-nin arxiv fondu üzrə 1991-ci il 10 noyabr tarixdən sonrakı dövr üçün arxiv sənədləri, o cümlədən xx.xx.1991-ci il tarixli, 130 saylı sərəncamı və vətəndaşlara bağ sahələrinə dair verilmiş orderlər Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/2337 nömrəli ekspert rəyindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi və xx.xx.2023-cü il tarixli məktubuna əsasən ekspert tərəfindən müəyyən edilmişdir ki, X8 60 saylı BTK-nın 4437A saylı bağ sahəsi mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlir. İddiaçının iddia etdiyi torpaq sahəsi cavabdehlərin istifadə etdikləri torpaq sahəsi ilə üst-üstə düşür. Mişar daşı ilə hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisi mövcuddur. Şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlir. Şərti göstərilmiş sahənin və üzərindəki tikilinin istifadəsi barədə elektron bazada məlumat aşkar olunmamışdır. Beləliklə, işin məhkəmə iclasında araşdırılmış hallarından görünür ki, xx.xx.1991-ci il tarixli, 37 nömrəli orderə əsasən Ləhiş bağ massivində iddiaçının mərhum əri X1 0,12 ha olan 4437A saylı bağ sahəsi ayrılmış, həmin ərazidə yerləşən 4437 nömrəli, 1200 kv.m ölçüdə bağ sahəsi Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı bələdiyyəsi və Cavabdeh2 arasında bağlanılmış torpağın icarəyə verilməsinə dair xx.xx.2007-ci il tarixli icarə müqaviləsinə əsasən, 10 il müddətinə - xx.xx.2007-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sonuncunun icarəsinə verilmişdir. Lakin işin mübahisəsiz halıdır ki, Cavabdeh2 həmin torpaq sahəsində fərdi yaşayış evi inşa etdirmiş və orada yaşayır. X20 və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubundan məlum olur ki, uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə əlaqədar torpaqdan məqsədli təyinatına görə istifadə və ya icarə şərtlərinə əməl edilmədikdə, torpaq sahəsində 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilir. Eləcə də, o da məlumdur ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Hazırda iddiaçı qismində arvadı İddiaçı mərhum ərinə ayrılmış torpaq sahəsindən cavabdehlərin çıxarılmasını məhkəmə qaydasında tələb edir. İş üzrə məhkəmə qərardadları əsasənda təqdim edilmiş çoxsaylı ekspert və mütəxəssis rəyləri ilə ümumi gəlinmiş qənaət, iddiaçının cavabdehlərin çıxarılmalarını xahiş etdiyi 4437A saylı bağ sahəsinin mövcud vəziyyətdə cavabdehlər tərəfindən istifadə olunan bağ sahəsinə uyğun gəlməsi, həmin torpaq sahəsinin cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, hasara alınmış bağ sahəsində faktiki olaraq 1 mərtəbəli yaşayış evi və həyət tikilisinin mövcudluğu, şərti olaraq verilmiş istinad koordinatlarının göstərdiyi sahə bağların bölgüsünə dair sxematik xəritəyə və qonşu bağlara əsasən 4437 nömrəsi ilə başlayan bağlara uyğun gəlməsi, şərti göstərilmiş sahə və üzərindəki tikilinin istifadəsi barədə elektron bazada məlumat aşkar olunmaması yönündə olsa da, məhkəmə hesab edir ki, ekspertin koordinatları dəqiq müəyyən edilmiş texniki sənədlər əsasında deyil, şərti koordinatlarla nəticəyə gəlməsi verilmiş rəy(lər)in həqiqiliyini şübhə altına qoyur. Digər tərəfdən, məhkəməyə təqdim edilmiş, Bakı şəhəri İcra Hakimiyyəti Abadlaşdırma və X2 və İstismarı Birliyinə uzun müddət bağ sahələrindən istifadə etməyənlər və bağlarının sərhədlərinə çəpər-hasar çəkməyən bağ sahələri haqda yaranmış ziddiyyətlərlə bağlı müraciətinə cavab olaraq verilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər Şöbəsinin xx.xx.2005-ci il tarixli məktubuna əsasən məhkəməyə aydın olmuşdur ki, 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilməyən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilmişdir. İşin hallarından isə göründüyü kimi, iddia olunan torpaq sahəsi Hüseyn Məmmədova 1991-ci ildə ayrılmış, o, xx.xx.2008-ci il tarixdə ölmüşdür. Bu müddət ərzində isə həmin torpaq sahəsindən istifadə edilməməsi tərəflərin izahatına, habelə işin hallarına görə aşkardır. Dolayısı ilə, iddiaçı torpaq sahəsinin ayrıldığı müddətdən sonra həmin torpaqdan istifadə etmələrinə dair, eləcə də, onlara ayrılmış torpaq sahəsinin sözügedən qurumun xx.xx.2005-ci il tarixli məktubunda şamil olunan torpaq qrupuna daxil olmadığını təsdiq edən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Eyni zamanda, məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hazırda iddiaçının iddia etdiyi torpaq sahəsi Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən 4437A saylı bağ sahəsidir. Həmin bağ sahəsinin hüquqi vəziyyəti ilə əlaqədar aidiyyəti üzrə göndərilmiş məhkəmə sorğusuna cavab olaraq verilmiş xx.xx.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlərdən göründüyü kimi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivində yerləşən və hazırda iddia predmeti olan 4437A saylı bağ evi xx.xx.1994-cü il tarixli, 19734 saylı icarə müqaviləsi əsasında xx.xx.1997-ci il tarixdə X6 adına qeydiyyata alınmış, arxiv qovluğunda mövcud olan keçmiş X3 və İstismarı birliyinin xx.xx.1999-cu il tarixli məktubu və xx.xx.1999-cu il tarixli akt əsasında sözügedən bağ evinin yeni nömrəsi 5402 olmuşdur, daha sonra həmin nömrəli bağ evi xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2010-cu il tarixdə başqa bir şəxsin - X15 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda onun mülkiyyətindədir. İddiaçı isə hazırda başqa şəxsin mülkiyyətində olan 4437A saylı bağ sahəsindən cavabdehlərin çıxarılmasını xahiş edir. Eyni zamanda, İddiaçı cavabdehlərin yerləşdiyi 4437 torpaq sahəsi üzərində onun mövcud olmuş, yaxud davam edən hüquqlarının mövcudluğuna dair sübut təqdim edə və ya keçirilmiş məhkəmə proseslərində sübuta yetirə bilməmişdir. Halbuki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Elektron-məhkəmə informasiya sistemi məlumatlarından müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən, iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib, məhkəmə iclasında tədqiq edilən sübutları hərtərəfli qiymətləndirib və qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilməli, Cavabdeh1 aid hissədə isə, iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, verilmiş ekspert rəyinə əsasən, ekspert tədqiqatlarının dəyəri 100 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu, habelə ekspertiza tədqiqatlarının dəyəri qismində cəmi 100 manat məbləğində məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh2 qarşı “zəbt olunmuş torpaq sahəsindən çıxarılma, qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası rədd edilsin. İş üzrə icraata Cavabdeh1 aid hissədə xitam verilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatılarının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar