Məhkəmə qərarları › İş №e-2(008)-2373/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2373/2023

18.05.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2373/2023 18.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X4, İddiaçı nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdeh X5 qarşı əmlaka vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (sonradan – MMC) cavabdeh X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 1460 manat məbləğində dəymiş zərərin və ödənilmiş 60 manat məbləğində mediasiya xərclərinin, ümumilikdə 1520 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamış və onunla Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş əmlak və digər sərvətlərin salamatlığını təmin etmək, onlara qayğı ilə yanaşmaq və onun hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş ziyana görə tam həcmdə maddi məsuliyyət daşımaq öhdəliyi götürmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində sürücü Cavabdeh yol vərəqəsi əsasında idarə etdiyi İddiaçı MMC-yə məxsus olar “X14” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı, “Vaqon” tipli avtomobil ilə Bakı-Qazax yolunun 22 kilometrliyini keçən hissədə, yolun sağ zolağı ilə hərəkətdə olarkən hərəkət üçün təhlükə yaranmasına baxmayaraq, küləkli hava şəraitində hərəkətə davam etmiş və nəticədə kəskin əsən külək nəqliyyat vasitəsini yolun sol tərəfinə sürükləyərək aşırmışdır. Belə ki, Cavabdeh küləyin şiddətinin daha çox olmasının təhlükə yaratdığını və nəqliyyat vasitəsinin sürüşmə, uçma, qırılma, aşma ehtimallarını gördükdə baş verə biləcək nəticələrinin qarşısının alması üçün müvafiq tədbirlər görməli idi, yəni nəqliyyat vasitəsinin müvəqqəti dayandırılması üçün yoldan kənar təhlükəsiz yer taparaq, nəqliyyat vasitəsini saxlamalı və hava şəraitinin düzəlməsini gözləyərək daşımanı davam etməli idi. Lakin baş verən hadisədə məhz cavabdehin etinasızlıqla əhatələnən hərəkəsizliyi nəqliyyat vasitəsinin aşmasına səbəb olmuşdur. Beləliklə, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli qüsur aktına əsasən Cavabdeh yol hərəkəti qaydalarına riayət etmədiyinə görə, baş vermiş hadisə nəticəsində şirkətə 1460,76 manat məbləğində ziyan vurulmuşdur. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Göründüyü kimi, Cavabdeh yol və meteroloji şəraiti nəzərə almadan, əsən şiddətli küləyin yarada biləcəyi nəticələrə etinasız yanaşaraq avtomobili idarə etmiş, nəticədə yolnəqliyyat hadisəsi baş vermiş və şirkətə maddi ziyan dəymişdir. Bununla yanaşı, baş vermiş yol-nəqliyyat hadisəsi üzrə Vİ Tağım Yol patrul xidməti baş inspektor polis kapitanı X7 tərəfindən Cavabdeh təqsirli bilinərək və İXP4552176 nömrəli, xx.xx.2022-ci il tarixli protokolla İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməklə cavabdeh 40 manat məbləğində cərimələnmişdir. Cavabdeh barəsində tərtib olunan inzibati protokol da onun yol hərəkəti qaydalarına riayət etmədiyini, baş vermiş yolnəqliyyat hadisəsində təqsirinin olduğunu sübut edir. Cavabdehin hüquqa zidd əməl törətməsi, həmin əməldə təqsirinin olması və baş vermiş hadisəylə vurulmuş ziyan arasındakı səbəb-nəticə əlaqəsi həmin hadisə nəticəsində vurulmuş ziyana görə onun mülki məsuliyyət daşıdığını sübut edir. Bu əsasla cavabdehə xx.xx.2022-ci il tarixində 3 iş günü müddətində müvafiq borc məbləğini tələb etməkləri barədə pretenziya məktubu göndərilmiş və cavabdehin yaşadığı ünvana çatdırılmışdır. Bütün yazılı və şifahi müraciətlərə baxmayaraq, cavabdeh tərəfindən vurulan zərərin əvəzi şirkətə ödənilməmişdir. Bununla yanaşı, cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir reaksiya verilməməsi səbəbindən, xx.xx.2022-ci il tarixində şirkət tərəfindən cavabdehə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsinə dair mediasiya təklifi göndərilmişdir, lakin xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində mediasiya təklifi üzrə baş tutmuş ilkin mediasiya sessiyalarında cavabdeh iştirakdan imtina etmiş və ilkin mediasiya sessiyasına gəlməmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli İlkin mediasiya sessiyasında Cavabdeh iştirak etməməsi barəsində arayış tərtib edilmişdir. Beləliklə, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində İddiaçı MMC-yə dəymiş 1460,76 manat məbləğində zərər Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Baş vermiş hadisədən sonra Cavabdehlə İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddia ərizəsinin məzmununan uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC (sonradan – MMC) xx.xx.2011-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (elektron məhkəmə sistemindən əldə edilmiş məlumat ). Elektron məhkəmə sistemindən əldə edilmiş məlumatdan görünür ki, MMC-nin mülkiyyətində digər avtomobillər yanaşı “X14” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobil var. MMC ilə X8 arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu MMC-də sürücü vəzifəsində əmək fəaliyyətinə başlamışdır. Əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında Əmək Məcəlləsinin 200.1-ci maddəsinə əsasən tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh əmək müqaviləsi qüvvədə olduğu müddət ərzində ona etibar edilmiş maddi dəyərlərin, yəni ** JR *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin dəyərlərinin qorunmasını və vəzifələrin yerinə (qayğıyla yanaşmaq, heç bir halda ziyan gətirməmək, rəhbərliyi vaxtında ona etibar edilən maddi dəyərlərin təhlükəsizliyi barədə məlumatlandırmaq və sair) yetirilməsini öz boynuna götürmüşdür. xx.xx.2022-ci il tarixdə, saat 11:30 radələrində sürücü Cavabdeh idarə etdiyi MMCyə məxsus olar “X14” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolunun 22 kilometrliyini keçən hissədə, yolun sağ zolağı ilə hərəkətdə olarkən küləkli hava şəraitində hərəkətə davam etmiş və nəticədə kəskin əsən külək nəqliyyat vasitəsini yolun sol tərəfinə sürükləyərək aşırmışdır (Cavabdeh DİN Baş DYPİ-də verdiyi izahat). Vİ Tağım Yol patrul xidməti baş inspektor polis kapitanı X7 tərəfindən qəbul edilmiş TP ******* №-li xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi («Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə”) ilə təqsirli bilinərək 40 manat məbləğində cərimələnmişdir. Həmin avtomobilin aşması nəticəsində sağ yan hissəsi zədələnmişdir (polis kapitanı X7 tərəfindən verilmiş 022940 №-li arayış). “X14” markalı, ** JR *** dövlət qeydiyyat nişanlı avtomobilə 1460,76 manat məbləğində ziyan vurulmuşdur ("xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qüsur aktı). 1460,76 manat pul vəsaiti "xxxx" MMC-yə ödənilmişdir (ƏİA/5 seriyalı 140413 №-li mədaxil qəbzi). Cavabdehlə MMC arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir (əmək müqaviləsi bildirişi). Hazırda iddiaçı 1460 manat məbləğində dəymiş zərərin cavabdehdən tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən maddi ziyanın vurulması məsələləri ilə əlaqədar ziyanın vurulmasnı aşkar etdiyi gündən 1 il müddətində məhkəməyə müraciət edə bilər. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasım 50-ci maddəsinə əsasən, sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçının qarşısında maddi məsuliyyət daşıdığı halda, iddiaçının əmlakına 1460,76 manat məbləğində ziyan vurmuş, cavabdehin təqsiri məhkəmə qərarı ilə təsdiq edilmiş, iddiaçı həmin məbləği ödəyərək öz əmlakına dəymiş ziyanı aradan qaldırmış, ziyanın vurpulmasından bir il keçmədən məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı eyni zamanda ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulmasını istəyir. Məhkəmə hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. X1 1460 manat məbləğində dəymiş zərər və ödənilmiş 60 manat məbləğində mediasiya xərci, ümumilikdə 1520 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar