Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2462/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdeh nümayəndəsi Vəkil Vahif qızının iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsi ilə Bilgəh-Pirşağı avtomobil yolu arasında olan torpaq sahəsində Cavabdeh tərəfindən sonuncunun hesabına qanunsuz inşa edilmiş tikintinin sökülməsi, ərazinin boşaldılması, mərkəzi yola birbaşa giriş-çıxışa şərait yaradılmaqla torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsi 19 aprel 2024-cü il tarixdən rəsmi çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Cavabdeh onun xüsusi mülkiyyətində olan torpaq sahəsi ilə, mərkəzi avtomobil yolunun arasında yerləşən ərazidə qanunsuz tikinti işləri aparmaqla, konstitusiya və qanunla təsbit olunan mülkiyyət hüquqlarını kobud surətdə pozur, qanunsuz maneələr yaradır və həmin ərazidə tikinti işləri apararaq ərazini hasarlamaqla zəbt etmişdir. O, dəfələrlə cavabdehə qanunsuz hərəkətlərinin icarsını dayandırması, həmin ərazinin əvvəlki vəziyyətinin bərpa edilməsi barədə xəbərdarlıq etsə də, buna məhəl qoymamış, öz qanunsuz hərkətlərini həyata keçirməkdə davam etmişdir. Bu barədə Sabunçi RPİ-nə ərizə ilə müraciət edərək, Cavabdeh qanunsuz hərəkətlərinin dayandırılması və onun barəsində qanunamüvafiq qaydada hüquqi tədbir görüləməsini xahiş etmişdir. Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Məmmədəli Cümşüdov tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi və ona aiddiyyəti üzrə mülki icraat qaydasında məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Eyni zamanda qeyd olunmalıdır ki, “X1”-nin 03 may 2024-cü il tarixli 63 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan dəyəri mrkəzi yola birbaşa giriş-çıxışı olan ərazidə yerləşən torpaq sahəsinin bazar dəyəri 243600 (iki yüz qırx üç min manat altı yüz altmış), mərkəzi yoldan kənar ərazidə yerləşən torpaq sahəsinin bazar dəyəri 133.200 manat (bir yüz otuz üç min iki yüz) təşkil edir. Güründüyü kimi mülkiyyətində olan torpaq sahəsinin bazar dəyəri, 2 dəfəyə yaxın aşağı düşür. Bu da cavabdehin torpaq sahəsini qanunsuz zəbt etməsi nəticəsində baş vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və Vəkil iddia tələbini qəbul etməyərək, rədd edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məlumat verməmişdir. Azərbaycan Rüspublikası Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları nəzərdən keçirdərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesrtindən çıxarışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli bağ sahəsi (Yeni qaydalarla: AZ 1097, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, İstiqlaliyyət küçəsi, giriş 821) İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2024-cü il tarixdə, ********** qeydiyyat nömrəsi, **********30 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarında olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 14 oktyabr 2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh əməlində cinayət tərkibi müəyyən edilmədiyindən barəsində cinayət təqibinin başlanması rədd edilmiş, tərəflərə aralarında yaranmış məsələ mülki xarakterli olduğundan, Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olduqları izah edilmişdir. İzahatı alınmış İddiaçı bildirmişdir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinin 19 aprel 2024-cü il tarixdən onun mülkiyyətində olduğunu, bağ sahəsinin Nardaran qəsəbəsi ərazisindən keçən Bilgəh-Pirşağı avtomobil yolunun üzü Pirşağı qəsəbəsi istiqamətində yolun sol tərəf kənarında yerləşdiyini, naməlum şəxslərin yolla onun bağ sahəsi arasında olan ərazini qanunsuz olaraq zəbt etdiyini və orada qanunsuz olaraq tikinti işləri apardığını bildirmişdir. İzahatı alınmış Cavabdeh ünvan 3 ünvanında ailəsi ilə birlikdə yaşadığını, Bakı şəhəri, Sabunçu rayonu, Nararan qəsəbəsi, Ləhiş bağ massivi 4-cü dalanın girişində olan 9 sot torpaq sahəsinin ona ata-babalarından qaldığını, həmin sahəsində gül əkib-becərməklə məşğul olduqlarını və uzun illərdir torpaq sahəsi babasının, ondan sonra atasının və hazırda isə onun istifadəsində olduğunu bildirmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 05 iyul 2024-cü il tarixli məktubundan görünür ki, mübahisəli əraziyə baxış keçirildikdə 740 kv.m təşkil edən torpaq sahəsinin 6080a nömrəli bağ sahəsinin şimal hissəsinə bitişik sahə olduğu müəyyən edilmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən bağların bölgüsünə dair sxematik xəritədə 6080a nömrəli bağın şimal hissəsində bağ nömrəsi qeyd olunmamışdır. Ümumi ərazidə hasarlanma bağların bölgüsünə dair sxematik xəritəyə uyğun aparılmamışdır. Ərazinin dəqiq hansı bağ nömrələrinə uyğun gəldiyini müəyənləşdirmək mümkün olmamışdır. Tikilinin qeydiyyatı barədə məlumat yoxdur. Sahənin təxminən 10 metr yaxınlığında 530 mm-lik qaz xətti keçir. “X1”-nin 03 may 2024-cü il tarixli 63 nömrəli rəyindən görünür ki, aparılan təhlil və hesablamalar nəticəsində Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi 6080a nömrəli ünvanda 0.12 ha torpaq sahəsinin qiymətləndirmə tarixinə olan dəyəri aşağıdaki kimi müəyyən edilir: Mərkəzi yola bir-başa giriş-çıxış olan ərazidə yerləşən torpaq sahəsinin bazar dəyəri 243600, mərkəzi yoldan kənar ərazidə yerləşən torpaq sahəsinin bazar dəyəri 133200 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Torpaq Məcəlləsi: 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. 93-cü maddəsinin 1-ci və 2-ci bəndlərinə əsasən torpaq sahəsinə dair əqdlər yazılı formada, əqdləri bağlayan tərəflər və ya onların müvəkkilləri tərəfindən imzalanan sənədlərin tərtib edilməsi yolu ilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müddəalarına uyğun olaraq həyata keçirilir. Torpaq sahəsinə və ya onun üzərindəki daşınmaz əmlaka dair bağlanan əqd müqavilə ilə rəsmiləşdirilir. 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.3-cü maddəsinə əsasən torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. İddiaçı mülkiyyət hüququ əsasında ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsi ilə Bilgəh-Pirşağı avtomobil yolu arasında olan torpaq sahəsində Cavabdeh tərəfindən sonuncunun hesabına qanunsuz inşa edilmiş tikintinin sökülməsi, ərazinin boşaldılması, mərkəzi yola birbaşa giriş-çıxışa şərait yaradılmaqla torpaq sahəsinin əvvəlki vəziyyətinin bərpa olunmasını xahiş etmişdir. İş üzrə əhəmiyyət kəsb edən halların aydınlaşdırılması üçün 17 mart 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhiş bağ massivi, 6080a nömrəli ünvanda yerləşən 0,12 ha torpaq sahəsinə keçirilmiş yerli baxış protokolundan görünür ki, iddiaçı torpaq sahəsini hazırda olduğu kimi görüb bəyənib aldığını, torpaq sahəsini alarkən cavabdehə məxsus torpaq sahəsinin, hasarının və içərisində tikilinin olmasının mövcud olduğunu gördüyünü və torpaq sahəsini 1 (bir) il olar aldığını bildirmişdir. Torpaq sahəsinə baxış keçirilərkən iddiaçıya aid bağ sahəsinin ayrıca giriş-çıxış yolu olduğu müəyyən edilmişdir (bununla bağlı foto və video görüntülər iş materiallarına əlavə olunmuşdur). İşdən göründüyü kimi iddiaçıya məxsus 0,12 ha torpaq sahəsi ona verilmiş sahə hüdudları daxilində yerləşir, həmçinin iş üzrə keçirilən yerli baxış zamanı müəyyən edilmişdir ki, o xx.xx.2024-cü il tarixdə torpaq sahəsini almış və torpaq alınan zaman qonşuluqda olan cavabadehə məxsus hasar və torpaq sahəsi mövcud olmuşdur. (bu halları iddiaçı yerli baxış zamanı özü etiraf etmişdir) hazırda ona məxsus torpaq sahəsinin heç bir hissəsi cavabdeh tərəfindən zəbt olunması halı müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçının mübahisəli torpaq sahəsinin sökülməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ yoxdur. Çünki, mübahisəli torpaq sahəsinin üzərində qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüquq əldə etməsinə dair sənəd təqdim etməmişdir. İddiaçı yalnız torpaq sahəsinin məhz ona ayrıldığını və ya sahə ilə bağlı digər qaydada qanunla müdafiə olunan hüquq əldə etdiyini sübut edə bildiyi halda hazırki iddia tələbi ilə çıxış edə bilər. Hazırki halda isə sözügedən torpaq sahəsi üzərində qanunla nəzərdə tutulmuş qaydada hüquq əldə etməsini təsdiq edən hər hansı bir sübutu olmadığından, irəli sürdüyü tələbə münasibətdə ümumiyyətlə subyektiv hüquqa malik şəxs deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarında da eyni hüquqi mövqeini təkrar edərək, subyektiv hüququn nədən ibarət olmasını vurğulamışdır. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Şərh olunanlari və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “xüsusi mülkiyyətdə olan torpaq sahəsi ərazisində qanunsuz inşa edilən tikintinin sökülməsi, əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi” tələbinə dair tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №e-2(008)-2462/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2462/2025
22.04.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver