Məhkəmə qərarları › İş №e-2(008)-2522/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2522/2023

16.06.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2522/2023 16.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, Ərizəçi, onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, Ərizəçi şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : Ərizəçi ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1963-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş anası X2 heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə 1976-cı ildən Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1999-cu il tarixdə Bakı şəhərində doğulmuş və hazırda Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Sülh küçəsi 8 saylı inzibati binada qeydiyyatdadır. Atası X16 də 04 avqust 1971-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. Anası X7 22 fevral 1963-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuşdur. X18 Səfərovic anası X7 ilə 18 sentyabr 1993-cü il tarixdə rəsmi nikaha daxil olmuş, Səbail rayon VVAQ şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 210 nömrəsi ilə qeydə alınmış və Vİ-ЖГ 302933 seriyalı xx.xx.1993-cü il tarixli nikah şəhadətnaməsi verilmişdir. Bu nikahdan o və xx.xx.1995-ci il təvəllüdlü bacısı X15 doğulmuşdur. Anası X2 atası X12 nikaha girmədən öncə X9 nikahı olmuş və bu nikahdan da xx.xx.1983-cü il təvəllüdlü X6 adında bir uşaqları doğulmuşdur. Anası X7 02 mart 1979-cu ildən 04 oktyabr 1996-cı ilədək ünvan 2 ünvanında pasport qeydiyyatında olmuşdur. SSRİ dönəminin pasportunu itirdiyindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, anası X2 Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuş, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edilə bilinəcəyi qeyd edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə1 ərizəçinin izahatındakı xüsusatları təsdiq edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş X7 izahatında bildirmişdir ki, o, 22 fevral 1963-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərində doğulmuş, 1976-cı ildə təxminən 13 yaşında Bakıya anası və qardaşı ilə birlikdə köçmüşdür. Onun birinci nikahından xx.xx.1983-cü il təvəllüdlü X6 adlı bir uşağı doğulmuşdur. O, 02 mart 1979-cu ildən 04 oktyabr 1996-cı ilədək ünvan 3 ünvanında pasport qeydiyyatında olmuşdur. İkinci nikahı X16 ilə 18 sentyabr 1993-cü il tarixdə bağlanmışdır. 1996-cı ildə həmin ünvandan ikinci ərinin yaşadığı ünvana düşməsi üçün qeydiyyatdan çıxmışdır. Lakin Səbail rayonunda torpaq sürüşməsi nəticəsində o, Sovet dövründə aldığı pasportu itirmişdir. Onun ikinci nikahından xx xxxxxx 1999-cu il təvəllüdlü Ərizəçi və xx.xx.1995-ci il təvəllüdlü bacısı X15 doğulmuşdur. SSRİ dönəminin pasportunu itirdiyindən Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini ala bilməmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, onun Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən olunmuş, heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edildikdən sonra Dövlət Miqrasiya Xidmətinə müraciət edilə bilinəcəyi qeyd edilmişdir. Onun şəxsiyyət vəsiqəsi olmadığından hazırkı ərizə ilə oğlu məhkəməyə müraciət etmişdir. Bununla əlaqədar o, oğluna etibarnamə də verə bilməmiş, dövlət rüsumunu da oğlu onun əvəzinə ödəmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi Nümayəndə2 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmiş və növbəti məhkəmə iclasının Dövlət Miqrasiya Xidmətinin nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X3 ifadəsində bildirmişdir ki, X4 1980-ci ildən tanımış, o vaxtdan onunla dostluq etmişlər. O, həmin vaxt Azərbaycana təzə gəlmişdi, Moskvada doğulmuşdur. Azərbaycana nə vaxtdan gəldiyini bilmir. Onun 3 övladı var, əri Ukraynadadır, hazırda Razində yaşayır. Onun Azərbaycandan çıxması barədə məlumatı yoxdur. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X13 ifadəsində bildirmişdir ki, o, X4 1997-ci ildən tanımış, onun əri ilə biryerdə usta işləmişdir. Onlar Bayılda yaşayırdılar, qonşu olmuşlar. X11 anası ilə bir yerdə 8-9 yaşında Azərbaycana gəlmişlər, əri Ukraynadadır, 3 övladı var. Onun hansı tarixdən Azərbaycana gəldiyi haqqında dəqiq məlumatı yoxdur, sənədləri olmadığı üçün Azərbaycanı tərk etməmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X14 ifadəsində bildirmişdir ki, o, X7 ilə 1976-cı ildən bir ailə kimi yaşamış və çox yaxın qonşu olmuşlar. O, hazırda Razində yaşayır, ərinin adı Rəsuldur, soyadını bilmir. O, Azərbaycana gəldikdən sonra ölkəni tərk etməmişdir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, təqdim olunmuş sübutları araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən verilmiş 0814841-a nömrəli xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmır. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 3336 nömrəli xx.xx.2014-cü il tarixli arayışın surətindən görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X7 Azərbaycan Respublikasının vətəndaşı sayılmır. Tərcüməsi notarial qaydada təsdiq edilmiş Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş 1417 nömrəli xx.xx.2016cı il tarixli arayışdan görünür ki, X8 Rusiya Federasiyasının vətəndaşlığını əldə etməyib və Rusiya Federasiyasının vətəndaşlıq haqqında qanunvericiliyinə uyğun olaraq Rusiya Federasiyasının vətəndaşı deyildir. Vİ-ЖГ seriyalı 302933 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 X7 xx.xx.1993-cü il tarixdə Bakı şəhəri Səbail rayon VVAQ şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Əmrahova soyadı verilmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2016-cı il tarixli arayışın surətindən görünür ki, X7 xx.xx.1979-cu il tarixdən xx.xx.1996-cı il tarixə qədər Səbail rayonu Xanlar küçəsi ev 51 mənzil 10 ünvanında qeydiyyatda olmuşdur. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş 002 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X2 Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin konsulluq şöbəsində qanunla müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını almadığı, Rusiya vətəndaşının xarici pasportu ilə sənədləşdirilmədiyi müəyyən edilmişdir. X7 Rusiya Federasiyasının vətəndaşlığının olub-olmamasını göstərən halları yoxlamaq üçün X20 Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinə müraciət edilmişdir. Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyi Konsulluq şöbəsi tərəfindən verilmiş 002 nömrəli xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X20 Nazirliyinin Moskva şəhəri üzrə Baş İdarəsinin məlumatına görə xx.xx.1963-cü il təvəllüdlü X7 Rusiya Federasiyası ərazisində həmin yerdə qeydiyyatdadır (reyestrdən çıxarılmışdır). Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək, qanunla müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığından çıxmaq barədə ərizə ilə yaşayış yeri və ya olduğu yerdə gəlməməsi tətbiq edilmir. Rusiya Federasiyası vətəndaşının pasportu ilə sənədləşdirilməmişdir. Beləliklə, X1 müəyyən edilmiş qaydada Rusiya Federasiyasının vətəndaşlığını almadığı müəyyən edilib. xx.xx.1992-ci il tarixinə Rusiya Federasiyasının ərazisində yaşamaq üçün heç bir sənədli sübutu yoxdur. Səbail rayon MKTB 45 Salı MKİS tərəfindən verilmiş 796 nömrəli xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.1979-cu ildən xx.xx.1996-cı ilə qədər Xanlar küçəsi ev 51 mənzil 10 ünvanında pasport qeydiyyatında olmuşdur. Tərcüməsi notarial qaydada təsdiq edilmiş İX-МЮ seriyalı 619724 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1963-cü il tarixdə Rusiya Moskva şəhərində doğulmuşdur. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş ******* nömrəli xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, xx.xx.1963-cü il təvəllüdlü X2 Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsi tərəfindən X5 ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, 1976-cı ildən hazırkı dövrədək Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı məhkəmə qətnaməsi ilə müəyyən edildikdən sonra Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmək üçün Dövlət Miqrasiya Xidmətinə müraciət edə biləcəyi ərizəçiyə izah olunmuşdur. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1. maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1. maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.10-1. maddəsinə əsasən məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. 310.2. maddəsinə əsasən bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 nömrəli, 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il 12 aprel tarixli 3 nömrəli qərarında dəyişikliklər edilmiş və aşağıdakı redaksiyada 12.1-ci və 12.2-ci bəndlər əlavə edilmişdir: “12.1. Bu faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Belə sənədlər əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310.2-ci maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır; 12.2. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin) nümayəndəsinin iştirakı məcburidir.”. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinin 4-cü bəndinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini, eyni zamanda, məhkəmə iclasında tədqiq olunmuş digər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, iş üzrə müəyyən olunmuş hallar bir-birini tamamlayır və təsdiq olunur ki, ərizəçinin anası xx.xx.1963-cü il təvəllüdlü X7 1976-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşayır və heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Bu səbəbdən ərizə təmin edilərək, həmin fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2. maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3. maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1963-cü il təvəllüdlü X2 1976-cı ildən hal-hazıradək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar