Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2571/2024 22.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsi Anaşkin küçəsində yerləşən fərdi yaşayış evindən çıxarılması, vəkilə, nümayəndəyə çəkilən 330 manat xərcin və 100 manat dövlət rüsumunun cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Sabunçu Bələdiyyəsinə müraciət edərək fərdi yaşayış evin tikintisi üçün Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 200 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmasınını xahiş etmişdir. Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli 1/757 nömrəli məktubunu, "Torpaq islahatı haqqında" AR Qanununu və Bələdiyyələrin idarə edilməsi haqqında xx.xx.2005-ci il tarixli 08 nömrəli iclasını nəzərə alaraq, Sabunçu Bələdiyyəsi qərara alaraq, İddiaçı Sabunçu Bələdiyyəsinə fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi Anaşkin küçəsində 200 kv.m torpaq sahəsi alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrılmışdır. Hazırki iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı şəxsi işləri ilə əlaqədar mütamadi olaraq Rusiya Federasiyasının Moskva şəhərinə getdiyi üçün həmin fərdi yaşayış evini zəbt etmişlər. Bununla bağlı cavabdehlərdən həmin fərdi yaşayış evini tərk etmələrini xahiş etsə də, cavabdehlər buna etiraz etmişlər. Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit olunmuş mülkiyyət hüququ, mənzil hüququ və mənzil toxunulmazlığı hüququ pozulmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçıya Sabunçu Bələdiyyə iddiaçıya 200 kv.m torpaq sahəsi ayrılmışdır və əlində yalnız bu sənəd mövcuddur. İcra hakimiyyətinin məktubunu nəzərə alaraq bələdiyyə ilə müqavilə imzlanmışdır. İddiaçı Rusiyada olmuşdur, gəldiyindən torpağının zəbt edildiyini görmüşdür. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid X1 ifadəsində bildirdi ki, o, iddiaçının qonşusudur, kirayəçilərdən kirayə haqqını alıb, iddiaçıya verirdi. Ev iddiaçıya məxsusdur, cavabdehlər torpağı zəbt edib. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayonu Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 nömrəli "Fərdi yaşayış evi tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncam"dan görünür ki, İddiaçı fərdi yaşayış evi tikintisi üçün Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 200 kv.m torpaq sahəsinin alqı-satqı yolu ilə İddiaçı mülkiyyətinə ayrılmışdır. - "Torpaqların alqı-satqısına dair akt"dan görünür ki, iddiaçı tərəfindən bələdiyyə orqanına torpaq sahəsi almaq barədə müraciət edilmişdir, nəticədə Sabunçu qəsəbəsində 0,02 ha torpaq sahəsi satılması barədə xx.xx.2005-ci ildə 08 nömrəli qərar qəbul edilmişdir. - Bakı şəhəri Sabunçu RPİ-nin 12-ci PŞ-nin xx.xx.2024-cü il tarixli 49-1/2-7-1559 nömrəli məktubundan görünür ki, Sabunçu Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 175 nömrəli sərəncamı əsasında Sabunçu qəsəbəsi, Anaşkin küçəsində verdiyi torpaq sahəsində inşa etdiyi yaşayış evinin naməlum şəxslər tərəfindən zəbt edilməsi məsələsi mülki hüquqi xarakterli mübahisə olduğundan məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Müəyyən edildi ki, iddiaçıya Sabunçu qəsəbəsi, Anaşkin küçəsində 200 kv.m torpaq sahəsi Bakı Şəhəri Sabunçu Rayon Sabunçu Bələdiyyəsinin sərəncamı ilə ayrılmışdır. Sabunçu qəsəbəsi Anaşkin küçəsində 200 kv.m torpaq sahəsində yrerləşən sözügedən torpaq və üzərində inşa edilmiş tikili dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi iddiaçı torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması tələbi ilə çıxış edir və iddiasının qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə əsasən, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İstinad olunan hüquq normalarının dispozisiyasından göründüyü kimi qanunverici torpaq sahəsi üzərində hüquqların yaranmasını onun müvafiq qaydada qeydiyyata alınması ilə şərtləndirir. Bu normaların mənasına görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mübahisəli torpaq sahəsinin iddiaçının istifadəsində olması barədə işdə mötəbər hüquq müəyyənedici sənəd mövcud deyildir və nə qədər ki, iddiaçının mübahisəli torpaq sahəsinə və üzərində inşa edilmiş tikiliyə dair ehtimal olunan hüquqları lazımi qaydada dövlət qeydiyyatına alınmayıb və o, torpağın mülkiyyətçisi deyil, sonuncunun belə bir iddia elə çıxış etməsi üçün əsaslar yaranmamışdır. Beləliklə məhkəmə yuxarıda qeyd olunan halları və qanunvericiliyin normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Müəyyən edildi ki, iş üzrə məhkəmə xərcləri iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumundan, eləcə də vəkilə ödənilmiş 330 manat puldan ibarətdir. Hazırkı iddia təmin edilmədiyi üçün məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı "torpaq sahəsinin boşaldılması" tələbi təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və vəkilə ödənilmiş 330 manat pul iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №e-2(008)-2571/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2571/2024
22.05.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver