Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-270/2024 06.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Kamil oğlunun ona məxsus Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin 13.68 kv.m sahəsi olan 1 otaqlı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin 13.68 kv.m sahəsi olan 1 otağı paylı mülkiyyət hüququ ilə ona məxsusdur. X1 öz əri Cavabdeh ilə birlikdə pasport qeydiyyatında olmadan bir neçə il ərzində həmin mənzildə yaşamışlar. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X1 ilə Cavabdeh arasında olan nikaha xitam verildikdən sonra onun tərəfindən cavabdehdən mənzili boşaldaraq təhvil verilməsi tələb olunsa da Cavabdeh mənzildən çıxmaqdan imtina etmişdir və mülkiyyətçinin mülkiyyət hüquqlarını pozaraq həmin mənzildə pasport qeydiyyatı olmadan yaşamağa davam etmişdir. Cavabdeh əslində ünvan 1 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, öz qeydiyyat yeri üzrə yaşamır. İş materiallarına əlavə etdiyi sənədlərdən də göründüyü kimi mübahisəli mənzil üzərində onun mülkiyyət hüququ mövcuddur. Bü hüquq əmlaka dair maneəsiz istifadə, sahiblik və sərəncam hüquqlarını ehtiva edir. Cavabdehin qanunsuz olaraq mənzili zəbt etməsi onun mülkiyyət hüquqlarının məhdudlaşdırılması, faktiki olaraq bu hüquqlardan məhrum edilməsidir. Buna görə də hesab edir ki, onun mübahisəli mənzilə dair hüquqları qanunvericiliyin tələblərinə uyğun yaranmış, cavabdehin həmin mənzildə yaşamasının hüquqi əsasları olmaması tam sübut olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, mübahisəli mənzili özü almışdır. Lakin həmin dövrdə hərbi qulluqçu kimi ev növbəsində olduğundan mənzili keçmiş arvadı Xuraman Həsənovanın adına rəsmiləşdirmiş, o da mənzili keçmiş baldızına, yəni hazırkı iş üzrə iddiaçıya bağışlamışdır. Mübahisəli mənzil rəsmi olaraq iddiaçının adına olsa da, mənzilin əsl sahibi özüdür. Ona görə iddiaçının onu öz mənzilindən çıxarması əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. - MH seriyalı ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzil paylı mülkiyyət hüququ üzrə X6 – 1 otaq – 11.2 kv.m, İddiaçı – 1 otaq – 13.68 kv.m, X7 – 1 otaq – 13.1 kv.m adlarına xx.xx.2007-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi 2-ci mikrorayon bina 19K mənzil 28, xx.xx.2015-ci il tarixdən Cavabdeh xüsusi mülkiyyətindədir. - 73 saylı MKİS tərəfindən verilmiş 291 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Zabrat qəsəbəsi Neftçilər küçəsi ev 4 mənzil 2 ünvanında 3 nəfərin paylı mülkiyyətində olan 3 otaqlı mənzilin mülkiyyətçisi İddiaçı olan 13.68 kv.m sahəli 1 otağında qeydiyyatsız tək olmaqla Cavabdeh yaşayır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdehlər İddiaçı və X4 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyətin əvvəlki statusuna qaytarılması” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2468/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-424/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3175/2024 nömrəli xx.xx.2024cü il tarixli qərarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2468/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunan məhkəmə qərarlarından görünür ki, xx.xx.2007-ci il tarixdə Bakı şəhəri 34 sаylı notаriаt kontorundа rеyеstrdə 4Ə/4-142 № ilə qеyd еdilmiş bаğışlаmа müqаviləsinə əsasən X2 Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsi еv 4 mənzil 2-də yerləşən, ümumi sahəsi 63.0 kv.m olan 3 otaqlı mənzildən bir otağı-yаşаyış sаhəsi 13.68 kv.m. olаn bir otаğı bacısı İddiaçı Əlişan qızına bağışlamışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1986/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən X3 ilə Cavabdeh arasında xx.xx.1997-ci il tarixdə bağlanmış nikah pozulmuşdur. xx.xx.2007-ci il tarixdə, yəni onlar nikahda olan zaman X.Həsənova mülkiyyətində olan Bakı şəhəri Zabrat qəsəbəsi Neftçilər küçəsi еv 4 mənzil 2-də yerləşən, ümumi sahəsi 63.0 kv.m olan 3 otaqlı mənzildən yаşayış sаhəsi 13.68 kv.m olаn bir otаğı bаğışlаmа müqаviləsinə əsаsən bacısı İddiaçı Əlişan qızına bağışlamışdır. Mənzil Cavabdeh və X.Həsənovanın birgə nikah dövründə əldə edilən əmlak olduğundan əmlak özgəninkiləşdirilərkən Cavabdeh yazılı razılığı alınmışdır. Cavabdeh qeyd edilən müqavilənin görünüş üçün bağlandığına və yalançı əqd olduğuna istinad edərək, bağışlama müqaviləsinin etibarsız olduğuna istinad etmişdir. Məhkəmələr hesab etmişlər ki, tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və həmin münasibətlər çərçivəsində hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış daşınmaz əmlakın bağışlanmasına dair müqaviləsinin etibarlılığını şübhə altına alan hallar müəyyən edilməmiş və bağışlama müqaviləsi bu cür bir əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə özünə məxsus 13.68 kv.m-dən ibarət 1 otağına dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh həmin otaqdan çıxmaması maneçilik törədir. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh adına isə iddiaçıya məxsus olan mənzilin bir otağına dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olması da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 13.68 kv.m sahəsi olan 1 otağından çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Zabrat qəsəbəsi Neftçilər küçəsində istifadədə olan 0.0175 ha torpaq sahəsində yerləşən 4 nömrəli 1 mərtəbəli binada 63 kv.m ümumi, 38 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 2 nömrəli mənzilin paylı mülkiyyət hüququ üzrə İddiaçı məxsus 13.68 kv.m sahəsi olan 1 otağından çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-270/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-270/2024
06.11.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver