Məhkəmə qərarları › İş №e-2(008)-2828/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2828/2025

08.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2828/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sərfiyyat borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh sərfiyyat borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 2202,18 manat borcun və ödənilmiş 42,43 manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli sərəncamı ilə təsis edilmiş "xxxx" ASC istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş arayışdan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********50019 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçı "xxxx" ASC-yə cəmi 2202,18 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı Cavabdeh dəfələrlə müraciət olunmuş, lakin o, istifadə etdiyi elekrik enerjisinin haqqı olan 2202,18 manat borcu müxtəlif bəhanələrlə bu günə qədər ödəməyərək "xxxx" ASC-yə zərər vurmuşdur. "xxxx" ASC-nin əməkdaşları hər ay Cavabdeh ünvanına gələrək, sayğacın göstəricisini götürməklə ona borcu haqqında bildiriş xəbərdarlıq (hesab-faktura) təqdim etməsini tələbin irəli sürülməsi və cavabdeh tərəfindən vaxtaşırı müəyyən miqdarda ödənişlərin edilməsi onun öz öhdəliklərini etiraf etməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək izahatında bildirdi ki, uzun müddətdir ki, ailə üzvləri ilə ünvan 1 ünvanında yaşayır və həmin ünvanda elektrik enerjisindən istifadə edir. "xxxx" ASC-yə borcunun olması barədə ona bildirilsə idi, hissə-hissə olmaqla ödənişlər edə bilərdi. Maddi vəziyyətinin çətin olması ilə bağlı borcunu birdəfəyə ödəyə bilmir. Özü şəhid anasıdır. Oğlunun 2020-ci ildə Vətən Müharibəsi döyüşlərində şəhid olmasından sonra vəziyyəti daha da pisləşmişdir. O, qeyd olunanlara əsasən, məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh atası X3 arasında xx.xx.2023-cü ildə bağlanmış (abonent kodu **********50019) “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”ndən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısna dair müqavilə bağlanaraq, ünvan 1 ünvanı elektrik enerjisi ilə təchiz edilir. İş materiallarında olan "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2025-ci ildə bağlanmış (abonent kodu **********50019) Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsinin surətindən görünür ki, tərəflər arasında elektrik enerjisinin alqı-satqısna dair müqavilə bağlanmış, abonent müqaviləni imza etməkdən imtina etmişdir. İş materiallarında olan **********50019 abonent kodu üzrə abonentin hərəkət cədvəlindən müəyyən olunur ki, abonentin elektrik enerjisindən istifadəyə görə, 2020-ci il üzrə 284,78 manat, 2021-ci il üzrə 786,2 manat, 2022-ci il üzrə 669,77 manat, 2023-cü il üzrə 747,16 manat, 2024-cü il üzrə 848,14 manat olmaqla, cəmi 3336,05 manat borcu yaranmışdır. Həmin borcdan 2020-ci ildə 70 manat, 2021-ci ildə 944 manat, 2022-ci ildə 300 manat olmaqla, cəmi 1314 manat ödəniş etmişdir. Hazırda qalıq borcu 2022,05 manat təşkil edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, abonent kodu **********50019 olan Cavabdeh elektrik enerjisindən istifadə etməsi nəticəsində aktlar üzrə "xxxx" ASC-yə 2202,18 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcu barədə xəbərdarlıq olunaraq həmin borcun ödənilməsi üçün vaxt verilmiş, lakin cavabdeh ona edilmiş xəbərdarlığa baxmayaraq, borcun qaytarılması üçün tədbirlər görməmişdir. İş materiallarına əlavə edilmiş 003255 saylı Şəhid ailəsinin üzvü vəsiqəsinin surətindən görünür ki, Cavabdeh şəhid ailəsinin üzvüdür. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.14-cü bəndinə görə, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə görə, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Məhkəmə qətnaməni iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəməyə təqdim olunmuş sübutlarla əsaslandırıraq, hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (abonent kodu **********50019 olan) 2202,18 manat məbləğində borc tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər verdikləri iddialar üzrə dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə, qanunvericiliyin yuxarda qeyd olunan tələblərinə əsasən hesab edir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 42,43 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh (abonent kodu **********50019 olan) 2202,18 (iki min iki yüz iki manat, on səkkiz qəpik) manat məbləğində borc tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 42,43 (qırx iki manat, qırx üç qəpik) manat dövlət rüsumu cavabdehə aid edilərək, ondan iddiaçının xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar