Məhkəmə qərarları › İş №e-2(008)-2907/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2907/2023

24.06.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2907/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Vəkil oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı "yaşayış sahəsindən istifadə hüququnun itirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 (xx.xx.1975-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1971-ci il təvəllüdlü) xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan ünvan 1 ünvanında yerləşən 91 nömrəli mənzilə istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzili 13 fevral 2019-cu il tarixdə daşınmaz əmıakın alqı-satqı müqaviləsi bağlayaraq almışdır. Həmin mənzil xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Bu barədə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən **********60- 05101- 093074 nömrəli çıxarış verilmişdir. Həmin mənzildə hazırda o və ailə üzvləri yaşayırlar. Lakin onun mənzilində iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda qalmışlar. O, həmin mənzili Cavabdeh1 almış və alqı satqı olan zaman Cavabdeh2 isə qeyd olunan mənzilin satılmasına razı olması barədə notarial qaydada ərizə vermişdir. O, mənzili aldığı vaxtdan sonra onlar həmin mənzildən bütün əmlaklarını aparmışlar, başqa ünvana köçmüşər. Lakin onlar həmin mənzildən köçsələr də evində qeydiyyatda qalmışlar. Hazırda 4 il müddətdir ki, həmin evdə o və ailəsi yaşayır. Cavabdehlər 4 il əvvəldən həmin mənzili tərk edib yaşamaq üçün başqa evə getmişdir, həmin mənzildə cavabdehlərin heç bir əmlakı yoxdur, o mənzilə dair heç bir iddiaları yoxdur. Lakin iddia ərizəsinə əlavə etdiyi işdə olan “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışdan görünür ki, Cavabdeh1 (xx.xx.1975-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1971-ci il təvəllüdlü) ünvan 3 ünvanında yerləşən 91 nömrəli mənzildə qeydiyyatdadırlar. Ona görə də məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verməklə, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdilər. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AN-İ seriyalı ******* nömrəli daşınmaz əmlakın alqısatqı müqaviləsinin surətindən görünür ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev, 35, 91 nömrəli mənzilini Cavabdeh1 xx.xx.2019-cu il tarixdə 153000 manata almışdır. İşdə olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35, 91 nömrəli mənzilinin mülkiyyətçsi İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxıli İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35, 91 nömrəli mənzilində Cavabdeh1 (xx.xx.1975-ci il təvəllüdlü), Cavabdeh2 (xx.xx.1971-ci il təvəllüdlü) qızı qeydiyyatdadırlar. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, 13 fevral 2019-cu il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35, 91 nömrəli mənzili Cavabdeh1 almışdır. Həmin müqavilənin 13-cü bəndinə əsasən satıcı Cavabdeh1 xx.xx.2019-ci il tarixədək mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. İddiaçı mənzil üzərində mülkiyyət hüququnu xx.xx.2019-cu il tarixdə qeydiyyata aldıraraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestirində qeydiyyat anından keçir. Mülki Məcəllənin 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Mülki Məcəllənin 146.2-ci maddəsinə görə, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Mülki Məcəllənin 203.1-ci maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestirli qeydiyyat yazısı ləğv edildikdə, habelə daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, Cavabdeh1, Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35, 91 nömrəli mənzilində pasport qeydiyyatında olsalar da, faktiki olaraq həmin ünvanda yaşamırlar və onların mübahisəli yaşayış sahəsinə qeydiyyatları formal xarakter daşımaqla hər hansı bir hüquqi nəticəyə səbəb olmamışdır. Məhkəmə hesab edir ki, mənzilə mülkiyyət hüququnun iddiaçıya keçdiyinə, cavabdehlərin qeydiyyatda qalmaları iddiaçının mənzil üzərində mülkiyyət hüququnu pozduğuna görə cavabdehlərin iddiaçının mülkiyyətindəki mənzilindən istifadə hüququ itirilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Nəhayət, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küçəsi, ev 35 ünvanda yerləşən 91 nömrəli mənzilinə istifadə hüquq itirilmiş hesab edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, iddiaçıya qaytarılsın. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar