Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2954/2024 11.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri 17 saylı notariat ofisinə, Cavabdeh2 və Cavabdeh3 qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi və daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə qarşı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, mirasın qəbul edilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, X18 miras qalmış ünvan 2-in onun tərəfindən qəbul edilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, X35 ilə X8 nikahından doğulmuş, atası X35 xx.xx.1967-ci ildə, anası X19 isə xx.xx.1988-ci ildə vəfat etmişlər. X6, eyni zamanda, X36 olması qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi ilə təsdiq edilir. O, doğulduğu gündən ünvan 2-də yaşamış, atası vəfat edən gündən bu günə qədər də həmin evdə yaşayır. ünvan 2 daşınmaz əmlakın dövlət reyestrində atası X24 adına qeydə alınmışdır. O, həmin miras toplusuna daxil olmuş əmlakı faktiki qəbul etmişdir. Lakin o da atasının birinci dərəcəli varisi olmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixdə reyestrdə 2V-179 N-li qeyd ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” yalnız qardaşı X7 adına verilmişdir. Hesab edir ki, həmin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onun miras əmlakdan pay almaq hüququ pozulmuşdur. Onun tərəfindən miras faktiki qəbul edilmişdir, yetkinlik yaşına çatdığı vaxtdan bu günə qədər o, həmin miras əmlaka faktiki sahiblik etmiş, orada yaşamış, təmir etdirmiş, əmlakın qayğısına qalmışdır. Cavabdeh 17 saylı notariat ofisi miras əmlak üzrə vərəsələrin dairəsini müəyyən etməli olduğu və onun miras əmlakda payını açıq saxlamalı olduğu halda, bunu etməmişdir, bununla da qanunvericiliyin tələblərini pozmuşdur. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə təqdim edərək, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsi, X18 miras qalmış ünvan 2-in onun tərəfindən qəbul edilmiş hesab edilməsi, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 ilə bağlı X7 adına xx.xx.2023-cü il tarixdə aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, İddiaçı X25 və X9 nikahından doğulmuşdur. İddiaçının atası 1967-ci ildə, anası 1988-ci ildə ölmüşdür. İddiaçının X24 oğlu olması, eyni zamanda X25 oğlu olması faktı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdur. İddiaçı Murad oğlu doğulduğu gündən ünvan 1 ünvanında yaşamış, atası vəfat edəndən sonra da bu günə qədər həmin evdə yaşayır. Həmin əmlak “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Xidmətində X24 adına qeydə alınmışdır. İddiaçı atasının birinci növbə vərəsəsi olmasına baxmayaraq, cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən 2023-cü ildə qanun üzrə vərəsəlik şəhadətnaməsi verilərkən yalnız X20 nəzərə alınmışdır və bütün əmlak ilə bağlı ona vərəsəlik hüquq haqqında şəhadətnamə verilmiş, iddiaçının miras əmlakdan pay almaq hüquqları pozulmuşdur. İddiaçı notariusa şifahi müraciəti zamanı ata adında səhv olduğunu deyərək həmin sənədləri gətirdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmiş, amma notarius bunu gözləməmişdir, halbuki miras əmlakı üzrə mühafizəni təmin etməli idi. X35 vəfat edəndən sonra əmlakı həyat yoldaşı və 8 nəfər uşağına qalmışdır. Sonra uşaqların anaları vəfat edəndən sonra miras uşaqlara qalmışdır və hazırda bu uşaqlardan 4-ü sağdır. Onlardan ikisinın miras əmlakla bağlı heç bir iddiaları yoxdur və gələcəkdə də olmayacaqdır, onlar miras əmlakını faktiki olaraq da qəbul etməmişlər. Miras əmlakı faktiki qəbul edən Balabəy bəy və Əmiraslan bəy olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, mərhum Əmiraslan bəyin arvadıdır. Həmin evə gəlin gələndən bəri qaynatasının adını Bayram olaraq bilmişdir. O, gəlin gələndə Balabəy bəy də həmin ünvanda yaşayırdı, 6-7 yaşlı uşaqları var idi. Bayram bəyin 8 uşağı olub. Həmin ünvanda sadəcə bir evdir, orda eyni evdə yaşayırdılar. Həyat yoldaşı xəstə olduğu üçün etibarnamə üzrə nümayəndəsi kimi işlərini görmüşdür. Notariusda sənədlərdə atasının adının düz olmadığı, “ASAN Xidmət” Mərkəzində ünvanlarda texniki səhv olduğu üçün əmlakı birinci həyat yoldaşının bacısının, sonra da Əmiraslanın adına keçirdilər. Almaz evdən gəlin köçüb, o, öz payından imtina etdi. Onun payını istəməsi ilə bağlı hər hansı tələbi olub-olmadığını bilmir. Bacılardan Almaz, Solmaz, Gülnaz sağdır. Onların hər hansının pay istədiyini də bilmir. Qeyd olunanlara əsasən iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə baxışı iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsində notariusun hərəkətlərinin qanunsuz olduğu barədə qeyd olunub. Amma hesab edir ki, notarius həmin vaxt onda olan sənədlərə əsasən düzgün qərar qəbul edib. Hansı ki, həmin vaxt iddiaçının barəsində danışdığı İddiaçı bəyin, X25 oğlu olması faktına dair Sabunçu Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi olmayıb. Buna görə də notarius həmin faktı müəyyənləşdirə və ya imtina da verə bilməzdi. İlkin sənədlərdən də göründüyü kimi şəxs Bayram Murad oğlu olaraq qeyd olunub. Şəxsin hansı sənədlərdə Bəhram oğlu kimi qeyd olunması sual doğurur. Amma mahiyyət etibarilə bu əmlaka münasibətdə ilkin sənədlərdə Bayram Murad oğlu olaraq qeyd olunub və sonda da iki övlad Almaz və Əmiraslanın ataları Bayram olaraq qeyd olunub, onlara münasibətdə qərar qəbul olunub. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında Cavabdeh3 iddianın həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinə və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə cavabdeh Bakı şəhəri 17 saylı notariat ofisinin və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X21 ifadəsində bildirmişdir ki, Balabəy onun ana tərəfdən qohumudur, dayıoğlu-bibioğludurlar. Onlar bir həyətdə yaşayırlar. Atası Bəhram polis işləyib, qardaşı Əmiraslan keçən il vəfat edib. Dəfndə iştirak etmişdir, atasının yanında dəfn ediblər. Analarının adı Balacaxanım olub, başqa adı varsa belə, o bilmir. Atalarını da Bəhram olaraq tanıyır. Onların qaldığı yerdə köhnə hamam da var idi. Bəhram vəfat edəndən sonra evdə uşaqları Balabəy, Əmiraslan ailələri ilə birlikdə yaşayırdı. Onun evi onların evindən bir az aralıdır, qapıbir qonşu deyillər. Balabəy bəy orada doğulandan bəri yaşayır. Bayram adını heç eşitməmişdir. Bu adda başqa adam olub. 1954-cü ildən ordan köçmüşdür, kənd adamıdır, Balabəyi mütəmadi olaraq görür. Məhkəmə iclasında şahid Mehtiyev X47 ifadəsində bildirmişdir ki, X44 atasıdır, Soltanova Balacaxanım anasıdır. Onlar Balabəygillə bir məhəllədə yaşamışlar. Onların qaldığı yerdə - Bilgəhdə köhnə hamam da var idi. Hazırda ata evini satdıqları üçün həmin məhəllədə yaşamır. Əvvəl o məhəllədə yaşayanda Bilgəhdə həmin köhnə hamamın günçıxan tərəfində onlar yaşayırdılar, Gilənar tərəfdə Balabəygil yaşayırdı. Münasibətləri yaxşı idi. O, doğulandan Balabəyin atası-anası ev dəyişdirməyib, elə həmin ünvanda yaşayıblar. Əmiraslan ilə də hamısı bir evdə yaşayıblar. Əmiraslan ondan yaşca balaca olub, onun haqqında çox bilmir. Bəhramın Mehbala, Ağabəy, Balabəy, Əmiraslan adlı 4 oğlu və 4 ya 5 nəfər də qızı var idi. Ağabəy, Mehbala, Əmiraslan ölüb. Böyük qız ölüb, digər qızlar isə fərqli yerlərə ərə gediblər. Qızlardan Solmaz, Almaz sağdır. Digər qızlar barədə məlumatı yoxdur, onlar Bilgəhdə yaşamırlar. Bəhram çoxdan ölüb, o öləndən sonra onun evində Balabəy yaşadı və yaşayır. Sonradan evə söykənmiş vəziyyətdə inşa edilmiş bir otaq da əlavə etdilər və orada da Əmiraslan yaşadı. Bu iki qardaş eyni həyətdə yaşayıb, hər ikisi də Bəhram kişinin evinə sahiblik edib. Balabəy bəyin anasının adı Balacaxanım idi, başqa adı varsa, bilmir. Balabəyin atasına bəzən Bayram da deyirdilər, amma adı Bəhramdır. Məhkəmə, proses iştirakçılarının izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, «X35»nun, eyni zamanda «X36»nun ərizəçi İddiaçı atası olması faktının müəyyən edilməsi qət edilmişdir. -Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-7093/2023 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 7093/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsi xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir. -Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmiş 2V-179 nömrəli vərəsəlik işindəki: xx.xx.2023-cü il tarixli 2V-179 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1967-ci il tarixdə vəfat etmiş X24 vərəsəsi X10r və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51.6 kv.m olan fərdi yaşayış evindən ibarətdir. xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinin surətindən görünür ki, X37 xx.xx.1967-ci il tarixdə vəfat etmiş atası X18 miras qalmış əmlakdan özünə düşən vərəsəlik payını X11 bağışlamış, əgər gələcəkdə digər vərəsələr ortaya çıxarsa onlara pay verməyi öz öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 51.6 kv.m olan fərdi yaşayış evi X24 mülkiyyətindədir. AZ-İİ seriyalı 320526 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X35 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində ölmüşdür. -İİİ-ЖГ seriyalı 398626 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, dövlət notariat arxivində və “Elektron notariat” İnformasiya X1 hər hansı miras əmlakına dair vərəsəlik aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında qeydiyyatdadır. -AZ-İİ seriyalı 400805 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüşdür. -nikah haqqında akt qeydinin surətindən görünür ki, X35 ilə X22 xx.xx.1964-cü il tarixdə evlənmişlər. -AZ-T seriyalı 250839 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X38, anası X12r. -ИЕ seriyalı 921934 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X32 xx.xx.1952-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X39, anası X13r. -AZ-T seriyalı 231216 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1956-cı il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X35, anası X13r. -fərdi yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Bakı şəhəri Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsi döngə 3 ev 31-in sahibi X26r. -X33 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, atası X35 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmir və etmək fikrində də deyil. -X27 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, atası X35 xx.xx.1967-ci il tarixdə vəfat etmişdir. Ondan miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etmir və etmək fikrində də deyil. -Xİİİ-ЖГ seriyalı 343882 nömrəli nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1988-ci il tarixdə doğulmuşdur, atası X20, anası Cavabdeh2dır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, X2 Məlahət Ənvər qızının uşağıdır. -xx.xx.2023-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 2 (Yeni qaydalarla: AZ 1094, ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 51.90 kv.m olan fərdi yaşayış evi X7 mülkiyyətindədir. -xx.xx.1956-cı il tarixli müqavilənin surətindən görünür ki, Maştağa rayonu Bilgəh qəsəbəsində yerləşən 145 nömrəli ev xüsusi mülkiyyət hüququ ilə X29 məxsusdur. -1963-cü il tarixli texniki pasportun surətindən görünür ki, Bakı şəhəri Bilgəh qəsəbəsi Ü.Hacıbəyov küçəsi döngə 3 ev 31 X30 məxsusdur. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X24 adına ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.1956-cı il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 2V-179 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən həmin fərdi yaşayış evi üzərində X7 mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edildi ki, miras qoyan X35 xx.xx.1967-ci il tarixdə ölmüşdür. X3 Fatma Aqamoqlan qızı ilə xx.xx.1964-cü il tarixdə nikah bağlamışdır. Bu nikahdan onların səkkiz övladı doğulmuşdur. X19 xx.xx.1988-ci il tarixdə, X20 xx.xx.2024cü il tarixdə, həmçinin, digər vərəsələrdən Ağabəy, Şahnaz, Mehbala ölmüşlər. Hazırda mirasqoyanın sağ vərəsələri İddiaçı, X37, X33 və X23r. Miras əmlak ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ibarətdir. xx.xx.2023-cü il tarixdə miras əmlaka dair X7 adına qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmiş və həmin şəhadətnamə əsasında xx.xx.2023-cü il tarixdə sonuncunun adına çıxarış verilmişdir. xx.xx.2023-cü il tarixli miras payın bağışlanması müqaviləsinə əsasən X5 Bayram Murad oğlundan miras qalmış əmlakdan özünə düşən vərəsəlik payını X11 bağışlamışdır. Məhkəmə prosesi gedişatında X33 və X27 ərizə ilə notariat ofisinə müraciət edərək, ataları X18 miras qalmış əmlaklara dair vərəsəliyi qəbul etməmişlər. X20 xx.xx.2024-cü il tarixdə öldüyündən, onun birinci növbə vərəsələri arvadı Cavabdeh2 və qızı Cavabdeh3 cavabdeh qismində cəlb edilmişlər (mərhumun digər qızı X4 barədə məhkəməyə gec məlumat verilmişdir). İddiaçının tələbi ondan ibarətdir ki, sözügedən miras əmlak barədə X7 adına qanun üzrə vərəsəlik hüququ rəsmiləşdirilərkən maddi hüquq normalarının tələbləri pozulmuş, nəticədə isə, o, özünə çatası miras payından məhrum edilmişdir. Aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni mirasın açıldığı xx.xx.1967-ci il tarixdə qüvvədə olmuş 1964-cü il Azərbaycan SSR Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər(arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. 552-ci maddəsinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Məhkəmə qeyd edir ki, vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir. İş üzrə aparılan məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, X20, atasının özündən başqa birinci növbə vərəsələri (İddiaçı, X33 və X27) olduğunu və onların olduqları yeri bildiyi, həmçinin, İddiaçı onunla birlikdə miras əmlakda yaşadığı halda, yalnız X37 ilə birlikdə notariat ofisinə müraciət etmiş, digər vərəsələri notariusdan gizlətmişdir. X37 miras payını X11 bağışlamış, nəticədə sonuncu tam olaraq miras əmlaka yiyələnmişdir. Notariat ofisi isə qanunun tələblərini pozaraq, digər vərəsələrin müəyyənləşdirilməsi üçün hər hansı tədbir görməmiş, onları vərəsəliyə çağırmamış, X14 yeganə vərəsə kimi tanıyaraq, adına miras əmlaka dair 16.06.023-cü il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. Halbuki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 55-ci maddəsinə əsasən açılmış miras haqqında vərəsələrdən məlumat alan notarius bu barədə yaşayış və ya iş yeri ona məlum olan vərəsələrə xəbər verməlidir. Notarius həmçinin kütləvi elan verilməsi və ya mətbuatda məlumat dərc edilməsi yolu ilə vərəsələri çağıra bilər. Notariat orqanı mirasın açıldığı yerdə olmayan vərəsələrin axtarılması üçün tədbirlər görür. Həmçinin, məhkəmə araşdırması zamanı tərəflərin izahatları, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı doğulandan hal-hazıradək miras əmlakda yaşayır və həmin ünvanda qeydiyyatdadır. Göründüyü kimi iddiaçı, miras qoyan - atası X24 xx.xx.1967-ci il tarixdə ölümündən sonra qanunla nəzərdə tutulmuş qaydada mirasın qəbulu ilə bağlı notariat ofisinə ərizə ilə müraciət etməsə də, mübahisəli miras əmlak olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini miras kimi faktiki qəbul etdiyini nümayiş etdirmiş və həmin mirasın qəbulundan imtina etməmişdir. Başqa sözlə, İddiaçı mirası qəbul etməsi üçün mütləq notariat ofisinə müraciət etməsi məcburi şərt olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilməli, X18 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi döngə 3 ünvanında yerləşən 31 nömrəli fərdi yaşayış evi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilməli, Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 (Yeni qaydalarla: AZ 1094, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı X7 adına xx.xx.2023-cü il tarixdə aparılmış qeydiyyat ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə etibarsız hesab edilsin və Bakı şəhəri 17 saylı notariat ofisi tərəfindən X7 adına verilmiş xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-179 nömrəsi ilə qeydiyyata alınmış “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində ünvan 2 (Yeni qaydalarla: AZ 1094, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi ilə bağlı X7 adına xx.xx.2023-cü il tarixdə aparılmış qeydiyyat ləğv edilsin. X18 miras qalmış Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi Üzeyir Hacıbəyov küçəsi döngə 3 ünvanında yerləşən 31 nömrəli fərdi yaşayış evi İddiaçı tərəfindən qəbul edilmiş hesab edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2954/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2954/2024
11.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver