Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2956/2024 26.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi X16, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) 20А saylı evdən Cavabdeh məxsus cehiz əşyalarının çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun mərhum həyat yoldaşı X4 Məmmədovun həyat yoldaşıdır. 28 iyul 2023-cü ildə Cavabdeh ona və formal olaraq həyat yoldaşı olan Həsən Məmmədova qarşı Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən 20A saylı evə istifadə hüququnun tanınmasına dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. 16 noyabr 2023-cü il tarixdə cavabdehin iddiası əsassız olduğundan rədd edilmişdir. Hal-hazırda həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh onun evinə zor gücü ilə yerləşdirdiyi cehiz əşyalarını öz xoşu ilə geri aparmaq istəmir. Bu səbəbdən də o, məcburiyyət qarşısında cavabdehə məxsus cehiz əşyalarının Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsində yerləşən 20A saylı evdən çıxarılmasına dair iddia ərizəsi ilə müraciət etməli olmuşdur. Əvvəla məhkəmənin nəzərinə çatdırır ki, hələ 20 yanvar 2020-ci ildə bu iş üzrə olan cavabdehin əri X7, onun qardaşı X8 və qardaşı arvadı X14 hər üçü iddiaçı qismində ona və mərhum həyat yoldaşı X5 qarşı Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) 20А saylı evə köçürülmək və həmin evdə yaşayış sahəsindən istifadə hüquqlarının tanınmasına dair iddia tələbi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişlər. Bakı şəhəri Sabunçu Rаyon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)- 2024/2020 saylı qətnaməsi ilə onların iddiası qismən təmin edilərək, iddiaçılardan yalnız X1 həmin evə köçürülməsi təmin edilmiş, lakin hər üç iddiaçının yaşayış sahəsinə istifadə hüquqlarının tanınması barədə iddiaları təmin edilməmişdir. Qətnamə ilə iddiaçı X7 mübahisəli evə köçürülmüşdür. Sonradan o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli qətnaməsindən apellyasiyа şikayəti vermə müddətinin buraxılmasının üzürlü hesab edilib, müddətin bərpası barədə ərizə vermişdir. Ərizəsi təmin olunandan sonra həmin qətnamədən apellyasiya şikayəti vermişdir. xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 saylı qətnaməsi ilə verdiyi apellyasiya şikayəti təmin olunaraq, Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)- 2024/2020 saylı qətnaməsi ləğv edilmiş və iddiaçıların iddiası rədd edilmişdir. Sözügedən mülki iş AR Ali Məhkəməsinin icraatında olan zaman bu iş üzrə cavabdehin əri Həsən Məmmədov zor gücü ilə evdə bəzi təmir işləri aparmış və bu iş üzrə olan cavabdehi onun evinə yaşamağa köçürmək üçün hazırlıq işləri aparmışdır. Bu səbəbdən də o, cavabdehin əri olan Həsən Məmmədovun evdən çıxarılması ilə bağlı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir və iddia təmin tədbiri kimi xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulmuşdur. Lakin bu tədbir onları saxlaya bilməmiş və Həsən Məmmədov arvadının mebellərini qardaşı Ulduz Məmmədov və başqa şəxslərin vasitəsilə evə yerləşdirmişdir. O, dəfələrlə 102 xidmətinə və icra şöbəsinə müraciət etsə də, cavabdehin cehiz əşyalarının evinə yerləşdirilməsinin qarşısını ala bilməmişdir. Hesab edir ki, iddiası əsaslıdır və təmin olunmalıdır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə hazırkı iş üzrə Cavabdeh mübahisəli evə aidiyyətinin olmaması müəyyən edilmişdir. Buna görə də hesab edir ki, heç bir qeyd-şərtsiz Cavabdeh cehiz əşyaları ona məxsus evdən çıxarılmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, İddiaçı istifadə və yaşayış hüquqları olan Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən (28 May) küçəsində yerləşən 20A saylı evdən Cavabdeh məxsus cehiz əşyalarının 2 otaqdan və mətbəxdən tam boşaldılması və iddiaçıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X17 iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, cavabdeh qeyd olunan ünvanda yerləşən iki otaqdan ibarət olan evə 2022-ci ilin noyabr ayında gəlin kimi gəlmiş, cehiz əşyaları da gəlin köçənədək həmin evə yerləşdirilmiş, hazırkı iddiaçı maneə yaradanadək, yəni təxminən 2024-cü ilin yanvar-fevral aylarınadək həmin mənzildə yaşamışdır. İddiaçı isə hal-hazırda bir neçə aydır ki, ümumiyyətlə qeyd olunan ünvanda yaşamır. Evdən çıxarkən evin giriş hissəsinin açar və kilidlərini dəyişərək, cavabdehin öz əşyaları olan evə giriş-çıxışına maneə törətmiş, halbuki iddiaçının yaşadığı qanunsuz tikili olan və neft şirkətinin ərazisində yerləşən mənzil tamamilə cavabdehin əşyaları olan evdən kənar evdə yerləşir. Ümumiyyətlə, hər iki evin yerləşdiyi torpaq sahəsi neft şirkətinə məxsus torpaq sahəsidir və həmin evi təxminən 2000-ci illərdə cavabdehin ərinin atası almışdır. İddiaçı isə cavabdehin ərinin anası öldükdən sonra atası ilə evlənmişdir. İddiaçının niyyəti həmin evləri boşaltdıqdan sonra satmaqdır. Halbuki evin yerləşdiyi torpaq sahələri X10 LTD tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) icarəyə götürdüyü torpaq sahələridir ki, bu torpaqlar da fiziki şəxslərin xüsusi mülkiyyətinə verilə bilməz. Bundan başqa, mübahisəli evə nə iddiaçının, nə də cavabdehin hüquqi statusuna görə özbaşına tikili olan ev üzərində mülkiyyət hüququnun elementləri olan sahiblik, istifadə və sərəncam vermə səlahiyyətləri mövcud deyildir. Onlar hər ikisi evə münasibətdə faktiki olaraq barabər statusdadırlar, hazırkı iddia tələbi isə bilavasitə ev üzərində sərəncam vermə və sahiblik hüququ ilə bağlıdır. Belə olan halda iddiaçı hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul oluna bilməz. Bu isə o deməkdir ki, cavabdehin həmin evdə olan əşyalarının çıxarılması barədə iddianı tələb hüququ olmayan şəxs irəli sürmüşdür. Ümumiyyətlə, iddiaçı evə sahiblik etmək hüququnun olmasını onunla əsalandırır ki, onun həmin evə pasport qeydiyyatı olduğundan, o ev ona məxsusdur. Bu əsasla da iddiaçının mübahisəli əmlaka sahiblik edən şəxs kimi qiymətləndirilməsi də mümkün deyildir. Çünki onun evdə pasport qeydiyyatında olması, evdən istifadə hüququnun tanınması ilə nəticələnmir. Evə qeydiyyata alınma “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun məqsədlərinə xidmət edir. Nəzərə alınmalıdır ki, əks yanaşma mülki qanunvericiliyin daşınmaz əmlaka hüquqların yaranmasını tənzimləyən normalarına zidd olmuş olar. İddiaçının qanunsuz olaraq qeyd edilən ünvana qeydiyyata alınması 2005-ci il tarixli məhkəmə qərarı əsasında müvafiq sübutlar əsasında yaranmışdır ki, bu sübutların mötəbərliyi və qanuniliyi faktı hal-hazırda Bakı şəhəri Sabunçu rayon Prokurorluğu və Sabunçu Rayon Polis İdarəsində araşdırılır. Məhkəməyə müraciət etmək hüququ şəxsin hüquq və vəzifələrinin müəyyən edilməsi və öz işini lazımi qaydada təqdim etməsi üçün onun işinə müstəqil və qərəzsiz məhkəmə tərəfindən baxılması hüququna malik olması deməkdir. Şəxsin məhkəməyə müraciət etmək hüququnun olmaması ədalətli məhkəmə araşdırması hüququnu mənasız edir. Hər kəs özünün subyektiv huququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Bundan əlavə, iddiaçının xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulması arqumentinə cavab olaraq qeyd etdi ki, hazırkı iddia tələbi Həsən Məmmədova deyil, Cavabdeh qarşı qaldırılmışdır. Hər hansı məhkəmə qərarı ilə Cavabdeh həmin mənzildən çıxarılması müəyyən edilməmişdir. Eyni zamanda, xx.xx.2022-ci il tarixli Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olmasına qadağa qoyulsa da, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə Həsən Məmmədovdan başqa digər şəxslərin həmin evə daxil olması barədə qoyulmuş qadağa götürülmüşdür. Bu hal da iddiaçının bu arqumentinin özlüyündə doğru olmayan fakta əsaslanmasını sübuta yetirir. Hal-hazırda cavabdehin 8 aylıq körpəsi ilə birlikdə qohumlarının evində bir neçə ay yaşaması körpənin normal həyat səviyyəsinin təmin edilməsində çətinlik yaradır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddia tələbini qəbul etmədi, digər nümayəndənin izahatındakı xüsusatları təsdiq edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2677/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X2 və İddiaçı cavabdeh X6 qarşı evdən istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki, iddiaçıların istifadə qaydalarının müəyyən edilməsini istədikləri yaşayış sahəsi (Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) 20A) özbaşına tikilidir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-5545/2023 nömrəli xx.xx.2023cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdehlər X6 və İddiaçı qarşı ünvan 1 ünvanda yerləşən yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun verilməsi və evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Qətnamədən görünür ki, mənzil və mülki qanunvericiliyin tələblərinə əsasən şəxsin digər şəxslərə məxsus yaşayış sahəsindən istifadə etməsinə (yaşaması, köçməsi) haqq qazandıran qanuni hallar mövcud olmalı, eyni zamanda həmin hallar zaman və istifadə baxımdan öz qüvvəsini itirməməlidir. Eyni zamanda, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür: iddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa və s. Mübahisəli mənzil qanunsuz tikili olduğundan, həmin mənzilə istifadə hüququnun tanınması ümumiyyətlə mübahisə predmeti ola bilməz. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddiaçılar X1, X3 və X9 cavabdehlər X5 və İddiaçı qarşı “istifadə hüququnun tanınması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)-2024/2020 saylı qətnaməsindən iddiaçı X8 və X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamış, cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)- 2024/2020 saylı qətnaməsi qismən, yəni “X1 Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi (28 May küçəsi) 20A saylı evə köçürülməsi” hissəsində ləğv edilmiş, iddia həmin hissədə təmin olunmamışdır. Qətnamədən görünür ki, işin mübahisəsiz hallarına görə mübahisə predmeti olan yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2(102)-198/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1314/2005 nömrəli xx.xx.2023cü il tarixli qərardadına əsasən ərizəçi Səfərova (Məmmədova) Leyli Əli qızının maraqlı tərəf Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair mülki iş üzrə X1 maraqlı şəxs kimi tanınması və 2-1314/2005 nömrəli mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsi ilə X15 Bakı şəhəri Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi 20 a saylı evə pasport qeydiyyatına alınması qət edilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13764/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən X15 cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 saylı işi üzrə X1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə ərizəsi təmin edilməmişdir. Qərardaddan görünür ki, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1314/2005 nömrəli xx.xx.2023- cü il tarixli qərardadı ilə Səfərova (Məmmədova) Leyli Əli qızının maraqlı tərəf Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair mülki iş üzrə X7 maraqlı şəxs kimi tanınmış və 2-1314/2005 nömrəli mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsindən X7 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Səfərova (Məmmədova) Leyli Əli qızının nümayəndəsi (vəkili) Vəkil1 şikayətlə məhkəməyə müraciət edərək xx.xx.2023-cü il tarixli qərardadın ləğv edilməsi, ərizənin təmin edilməməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1314/2005 nömrəli xx.xx.2023- cü il tarixli qərardadı ilə ərizə təmin edilməyərək, şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5258/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Sabunçu Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmiş, iş üzrə mülki məhkəmə icraatı qaydasında apellyasiya şikayəti qeyri-mümkün sayılmış, iş təqrir əsasında baxılması üçün Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3363/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı X15 cavabdeh Sabunçu Rayon Polis İdarəsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayətə dair iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-1314/2005 nömrəli xx.xx.2005-ci il tarixli qətnaməsindən iş üzrə tərəf olmayan şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin qəbulundan imtina edilməsi və işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ərizəçi Bakı şəhəri Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi ev 20 a fərdi yaşayış evinin onun atası və ailə üzvləri tərəfindən tikilməsi və əvvəllər həmin evdə yaşamaları faktından çıxış edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin işin mübahisəsiz halları ilə müəyyən edilmişdir ki, ərizəçi qeyd olunan evdə 4 ilə yaxın müddətdir yaşamır, yaşayış yeri üzrə qeydiyyatda deyil, həmin evə dair mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən hər hansı sənəd yoxdur və onun evə köçməsinə dair iddiası mülki məhkəmələr tərəfindən təmin edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizənin təmin edilməsi üçün əsaslar mövcud deyil. Odur ki, ərizə təmin edilməməlidir. - Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1277/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən ərizəçi X7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-13764/2023 saylı, 02 oktyabr 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2-1(102)-1553/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)- 1277/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından ərizəçi tərəfindən verilmiş şikayət üzrə kassasiya mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4072/2022 nömrəli xx.xx.2023-cü il tarixli qərardadına əsasən X1 ünvan 2 evə köçürülməsi ilə bağlı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 08 iyun 2020-ci il tarixli 2(008)-2024/2020 saylı qətnaməsinin icrasında dönüş edilməsi (X7 qeyd edilən yaşayış sahəsindən çıxarılsın) qərara alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi 20A ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. - SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanda yerləşən torpaq sahəsi “X10” LTD Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinə daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququn yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məhkəmə araşdırması zamanı İddiaçı ünvan 3 ünvanında yerləşən evin onun mülkiyyətində olmasına, bu hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin, iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi 20A ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və özbaşına tikilidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan başqa, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa görə iddiaçının mübahisəli evdə qeydiyyatda olması onun həmin evə mülkiyyət hüququ əldə etməsi üçün əsas deyildir. Belə ki, adı çəkilən Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Məhkəmə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, Bakı şəhəri Sabunçu rayonu Balaxanı qəsəbəsi 2-ci Mədən küçəsi 20A ünvanında yerləşən ev xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından və iddiaçının evə mülkiyyət hüququ olmadığından, Cavabdeh məxsus cehiz əşyalarının həmin evin 2 otağından və mətbəxindən tam boşaldılması və ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər(§68). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia rədd edildiyindən, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının mənzildən çıxarılması” tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №e-2(008)-2956/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2956/2024
26.08.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver