Məhkəmə qərarları › İş №e-2(008)-2999/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-2999/2024

27.09.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-2999/2024 27.09.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətini qanunsuz qəsdlərdən qorumaq məqsədilə Cavabdeh Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi 2, 739/3 saylı bağ sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ilin fevral ayının 16-da Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi 2, 739/3 saylı bağ sahəsini almışdır. Bağ sahəsini ilk dəfə anası X15 adına almış və rəsmiləşdirmişdir. 3 iyun 2020-ci il tarixində 17 saylı dövlət notariat ofisində təsdiqlənmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə X9 adı çəkilən daşınmaz əmlakı ona satmışdır. Bakı şəhəri Sabunçu rayonu Buzovna qəsəbəsi Albalılıq yaşayış massivi 2, 739/3 saylı bağ sahəsi xx.xx.2020-ci il tarixli ********** nömrəli qeydiyyat nömrəsi ilə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Çıxarışı əldə etdikdən sonra həmin bağ sahəsinə köçüb yaşamaq istəmişdir. Ancaq sonradan Kifayət adlı qadının torpaq sahəsinə hasar çəkdirdiyini və darvaza qoyduğunu müəyyən etmişdir. O, həmin qadına torpaq sahəsinin və evin onlara məxsus olduğunu dediyi zaman Kifayət adlı şəxs torpaq sahəsində tikinti işləri aparmaq üçün X2 20000 manat pul verdiyini bildirmişdir. O, Kifayət adlı şəxsə məsələni Cavanşirlə müzakirə etməli olduğunu, torpaq sahəsinin çıxarışla ona məxsus olduğunu demişdir. Belə ki, həmin torpaq sahəsi onun qanuni mülkiyyətindədir. Buna baxmayaraq, Kifayət adlı şəxs torpaq sahəsini zəbt edərək boşaltmamışdır. O, Sabunçu Rayon Polis İdarəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət işinin başlanması üçün müraciət edilmişdir. 27 oktyabr 2023-cü il tarixində Sabunçu Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X16 qərarı ilə cinayət işi başlanması rədd edilmişdir. Həmin qərara əsasən preyudusial olaraq müəyyən edilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində qeyd edilir ki, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsinə özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud torpaq sahəsini başqa üsullarla özbaşına tutma torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddəsinin tərkibini yaradır, lakin cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməsini nəzərə alaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməlidir”. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, İddiaçı mülkiyyətini qanunsuz qəsdlərdən qorumaq məqsədilə Cavabdeh və X3 ünvan ndən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə müvafiq qaydada ərizə təqdim edərək, İddiaçı mülkiyyətini qanunsuz qəsdlərdən qorumaq məqsədilə Cavabdeh ünvan ndən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 sonuncu iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı torpaq sahəsini zəbt etməsi ilə bağlı Cavabdeh barəsində etdiyi şikayət üzrə cinayət işinin başlanması rədd edilmişdir. - AN-İ ******* nömrəli xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X9 ünvan ünvanında yerləşən, ümumi sahəsi 0.032 ha olan torpaq sahəsini İddiaçı satmışdır. - xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan ünvanında yerləşən 0.0320 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsində yerləşən 0.12 hektardan ibarət olan 739/3 saylı bağ sahəsi 45 nömrəli bağ-tikinti kooperativi nəzdində 24 nömrəli order əsasında xx.xx.2014-cü il tarixdə Kasımov Ağa-Seyran Hidayət oğlunun adına ilkin qeydiyyata alınmışdır. Daha sonra sözügedən bağ sahəsi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında digər şəxsin adına özgəninkiləşdirilmiş və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 739/3 saylı bağ sahəsi 24 saylı order, eləcə də ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2014-cü il tarixdə tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədi əsasında xx.xx.2014-cü il tarixdə Kasimov Ağa-Seyran Hidayət oğlunun adına ilkin qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 2V-01 reyestr nömrəli xx.xx.2015-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında sözügedən bağ sahəsi xx.xx.2015-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-49 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Vişnyovka-2 bağ sahəsi 739/3 saylı bağ sahəsi ünvanında yerləşən, ümumi sahəsi 0.12 hektar olan torpaq sahəsinin 0.02 hektar hissəsi xx.xx.2015-ci il tarixdə X10; xx.xx.2019-cu il tarixdə X11 və xx.xx.2020-ci il tarixdə isə X1 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Həmçinin, həmin alqı-satqı müqaviləsi əsasında 0.12 hektar torpaq sahəsinin 0.04 hektar hissəsi isə xx.xx.2015-ci il tarixdə X12, xx.xx.2023-cü il tarixdə X6 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Vişnyovka-2 bağ sahəsi, 739/3 saylı bağ sahəsinin yerdə qalan 0.055 hektar hissəsi (faktiki sahə) xx.xx.2015-ci il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 17 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə-25 reyestr nömrəli xx.xx.2015-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Vişnyovka-2 bağ sahəsi 739/3 saylı bağ sahəsinin bir hissəsi ünvanında yerləşən, ümumi sahəsi 0.055 hektar olan torpaq sahəsinin 0.02 hektar hissəsi xx.xx.2015-ci il tarixdə X7, xx.xx.2017-ci il tarixdə X8 və xx.xx.2017-ci il tarixdə isə X4 adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. Bakı şəhəri Sabunçu rayonu Vişnyovka-2 bağ sahəsi 739/3 saylı bağ sahəsinin yerdə qalan 0.32 hektar hissəsi 739K (yeni ünvan) saylı bağ sahəsi kimi xx.xx.2016-cı il tarixdə X5 adına qeydiyyata alınmışdır. Bakı şəhəri 15 saylı notariat kontorunda təsdiq edilmiş 4Ə- 204 reyestr nömrəli xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında xx.xx.2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, hazırda mülkiyyətindədir. - iddia ərizəsindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada İddiaçı ünvan ünvanında yerləşən 0.0320 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarından tam şəkildə istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların tam həyata keçirilməsinə Cavabdeh torpaq sahəsindən çıxmaması maneçilik törədir. Məhkəmə hesab edir ki, qeyd edilən halda tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətlərinin qanuni əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsi tətbiq olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda, İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X22rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Cavabdeh adına isə iddiaçıya məxsus olan torpaq sahəsinə dair mülkiyyət hüququnun belə qeydiyyatı mövcud deyildir. Bundan başqa, məhkəmə araşdırması zamanı cavabdehin mübahisəli torpaq sahəsindən istifadə hüququnun olması da müəyyən edilməmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.0320 ha torpaq sahəsindən çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı mülkiyyətində olan ünvan ünvanında yerləşən 0.0320 ha torpaq sahəsindən çıxarılsın. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar