Məhkəmə qərarları › İş №e-2(008)-3049/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(008)-3049/2022

21.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(008)-3049/2022 21.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və tələbin dəqiqləşdiriməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onunla cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) qeydiyyat şöbəsində 174 nömrə ilə rəsmiləşdirilmiş nikahın etibarsız sayılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmıdır ki, onun cavabdehlə 2021-ci il tarixdən tanışlıq və dostluq münasibətləri var. İddiaçı sosial mənzil əldə etmək istəyirdi. Bunun üçün onun ailəli olması tələb olunurdu. O, cavabdehdən xahiş etmişdir ki, formal olaraq nikah müqaviləsi bağlasınlar. Cavabdeh dostluq münasibətinə görə razılaşmış və onları formal olaraq nikahlarını bağlamışdılar. Bundan xəbər tutan cavabdehin ailəsi buna etiraz etdi. Ona görə də o, həmin imtiyazdan istifadə edə bilməmişdir. Hazırda onların formal nikahlarına heç bir zərurət qalmadan və həmin nikah ailə qurmaq niyyəti ilə bağlanılmadan etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının (vəkili) Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nikaha daxil olmaq niyyətində olmadığını bildirdi kə iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə verən iddiaçının anası X2 ifadə verərək qeyd etdi ki, uşaqlar dost olmuş, formal olaraq nikaha girmiş, nişan, toy olmamış, onların nikahı tam formal xarakter daşıyır. Məhkəmə iclasında ifadə verən cavabdehin anası X3 ifadə verərək qeyd etdi ki, uşaqlar dost olmuş, formal olaraq nikaha girmiş, nişan, toy olmamış, onların nikahı tam formal xarakter daşıyır. Məhkəmə tərəflərin izahatlarını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 174 nömrəli qeydlə nikahlarını bağlamışlar (Səadət Sarayı (Bakı Nikah Evi) tərəfindən verilmiş AZ İİ seriyalı 475748 №-li nikah haqqında şəhadətnamə). Nikah bağlandıqdan ay yarım sonra iddiaçı hazırki iddianı məhkəməyə təqdim etmişdir. Cavabdehin və iddiaçının anaları da tərəflərin nikaha girmək niyyətində olmadığını təsdiq etmişdilər. Hazırda iddiaçı nikahın etibarsız sayılması istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 25.1-ci maddəsinə əsasən tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2 -ci maddəsinə əsasən nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.4 -cü maddəsinə əsasən etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə Səadət Sarayında (Bakı Nikah Evi) 174 nömrə ilə bağlanmış nikah etibarsız sayılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar